Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-309/2023 09.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icraata xitam, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, əşya hüququna əsaslanan iddialar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5698/20 22 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 09 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" X1 Açıq Səhmdar Cəmiyyəti (yeni adı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti, bundan sonra – cavabdeh və ya Bank) İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli 6-G-1-0-2454-14 nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan (borcalan) İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və 0,04 ha torpaq sahəsini 18 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin təminatı kimi Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti tərəflərin razılaşmasına əsasən 195.000 manat qiy mətləndirilmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçıdan 70.445,24 manat əsas, 59.513,77 manat faiz, 200 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1.067,2 manat borc olmaqla, cəmi 131.226,21 manatın Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 200.000 manat müəyyən edilməsi, evin hərracda satılması və əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, evə tutma yönəldikdən və o satıldıqdan ən geci 01 ay ərzində iddiaçının evdən çıxarılması qət edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)1561/2020 nöm rəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-13/2020 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə dəyişdirilmiş və ilkin satış qiyməti 210.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3234/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Banka qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Bankla aralarında bağla nmış 18 dekabr 2014-cü il tarixli 6-G-1-0-2454-14 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, kredit müqaviləsi bağlanan zaman ona məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə dair razılığı olmamışdır.
7. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçı borcunu ödəmədiyi üçün məhkəməyə müraciət edilmiş, Bankın iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. İddia tələbi əsasızdır. Həmçinin iddiaçı müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə iddia müddətini ötürmə klə müraciət etmişdir. Odur ki, 01 illik iddia müddəti tətbiq edilməklə, iddia rədd olunmalıdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1894/2022 nömrəli iş üzrə 05 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.B.Əkbərli) iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır, ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, hərtərəfli, tam, obyektiv araşdırma aparmamışdır.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5698/2022 nömrəli mülki iş üzrə 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 261.0.2, 262.4, 384.0.4, 391 və Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadına istinadla hesab etmişdir ki, iddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi əqdlə bağlı qanuni qüvvəsini almış məhkəmə aktı olduğundan, ipoteka müqaviləsinin etibarsızlığı məsələsinə hüquqi qiymət verildiyindən və hazırkı işə ayrıca tələb kimi məhkəmədə baxılması yolverilməz olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı heç bir xüsusat araşdırılmamış, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri iş üzrə qətnamə qəbul edərkən, qətnamədə yalnız iddia predmeti olan fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsini qeyd etməklə kifayətlənmişlər. Belə olan halda apellyasiya instansiyası məhkəməsi tərəfindən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə iş üzrə icraata xitam verilməsi qanunsuz və əsassız olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
16. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
17. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
18. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı 21. “müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsasla ndırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadı
22. Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır (Qərardadın nəticə hissəsi).
23. O da vurğulanmalıdır ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər (bənd 54).
24. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyy əti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı (bənd 55).
25. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir (bənd 54). Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndi rildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
28. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı Bankın kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi barədə mülki iş üzrə tərəf olduğu və həmin iş üzrə qəbul edilmiş məhkəmə aktları qanuni qüvvəyə mindiyi üçün hazırkı işə baxılması yolverilməzdir. Əvvəl baxılmış iş üzrə ipoteka müqaviləsinin etibarlılığı barədə məsələyə məhkəmələr tərəfindən qiymət verildiyindən hazırkı iş eyni tərəflər arasında eyni predmeti barəsində eyni əsaslarla qaldırılmış iddiadır.
29. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin iş üzrə yuxarıda gəldiyi nəticə əqdə əsaslanan iddialar üçün tamamilə qanuni və əsaslıdır. Lakin məhkəmələr nəzər ə almamışdır ki, əqdə əsaslanan tələblər əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Belə ki, əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər.
30. Odur ki, əşya hüququnun, o cümlədən ipoteka hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə MPM-in 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı.
31. Hazırkı iş üzrə icraata xitam verilməsi üçün əsas götürülmüş məhkəmə aktları üzrə ipoteka predmetinə tutma yönəldilməsi tələbi əşya hüququna əsaslanan iddia olduğu üçün və işə baxılması zamanı hazırkı iş üzrə iddiaçı tərəfindən ipoteka hüququnun əsaslandığı qeydin mötəbərliyinə yazılı tələb (o cümlədən qarşılıqlı iddia) irəli sürülməklə etiraz edilmədiyi üçün həmin işə baxmış məhkəmələrin ipoteka qeydinin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi də yaranmamışdır.
32. Bu baxımdan hazırkı iş üzrə icraata MPM-i 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi üçün əsas mövcud olmamışdır.
33. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5698/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.