Məhkəmə qərarları › İş №2(102)-3127/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3127/2022

30.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3127/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə) 30.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2(103)352/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh2 və digərlərinə qarşı iddia qaldıraraq, 09 iyun 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.B.Mehrəliyev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 09 iyun 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən, X Bakı şəhəri, Xətai rayonu, x küçəsi, 33 saylı evin 85 saylı mənzilində olan ¼ payını oğlu Cavabdeh2 vəsiyyət edib. Vəsiyyətnamə hal şahidləri X1 və X2 iştirakları ilə tərtib edilib. İddiaçı, vəsiyyətnamə anası X tərəfindən imzalanarkən onun xəstə olduğunu, anası Mirxanım İsmayılovanın öz payını ögey qardaşı Cavabdeh2 vəsiyyət etmək kimi heç vaxt niyyətinin (iradə ifadəsi) olmadığını, onun latın qrafikalı əlifbanı bilmədiyini göstərsə də, məhkəmə araşdırması zamanı onun bu dəlilləri öz təsdiqini tapmadı və iddiaçı həmin dəlilləri əsaslandıra bilmədi. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 1243.1, 1243.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 1243.1, 1243.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının iza hatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mü lki Məcəlləsi: Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.1 -ci maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədəərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1167-ci maddəsinə görə, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik y aşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1168-ci maddəsinə görə, vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1180.1-ci maddəsinə görə, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər Həmin Məcəllənin 1180.2-ci maddəsinə görə, vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Həmin Məcəllənin 1225.3-cü maddəsinə görə, əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfındən etibarsız sayıla bilər. Həmin Məcəllənin 1230-cu maddəsinə görə, qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalar ına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışını n hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqe yi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və iddiaçının kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfind ən müəyyən edilmiş hallarına görə, 09 iyun 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən, X Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 33 saylı evin 85 saylı mənzilində olan ¼ payını oğlu Cavabdeh2 vəsiyyət edib. Vəsiyyətnamə hal şahidləri X1 və X2 iştirakları ilə tərtib edilib. 38 saylı Bakı Şəhər Poliklinikasının 26 avqust 2019-cu il tarixli arayışına görə 1941 -ci ildə doğulmuş Mirixanım İsmayılova 26 noyabr 2018-ci il tarixdən poliklinikada ambulator qeydiyyatda olub və xəstəyə “Serebral ateroskleroz, psixi çatmamazlıq” diaqnozu qoyulub. 06 dekabr 2018-ci ildə xəstənin hərarəti qalxıb və ona “kəskin bronxit” diaqnozu qoyulub. 21 dekabr 2018-ci il tarixdə X ölüb və ölümə səbəb “beyin qan dövranının kəskin pozulması, beyin ödemi və serebral ateroskleroz” göstərilib. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd edir ki, Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədəərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1167-ci maddəsinə görə, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1168-ci maddəsinə görə, vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1180.1-ci maddəsinə görə, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Həmin Məcəllənin 1180.2-ci maddəsinə görə, vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında im zalamalıdır. Həmin Məcəllənin 1225.3-cü maddəsinə görə, əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfındən etibarsız sayıla bilər. Həmin Məcəllənin 1230-cu maddəsinə görə, qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mərhum Mirixanım İsmayılovanın vəsiy yətnamə qoyarkən öz hərəkətlərinin mənasını dərk etməməsi, öz hərəkətlərinə rəhbərlik etməməsi, başqa sözlə sözügedən vəsiyyətnamənin tərtib edilməsi zamanı yuxarıda göstərilən maddələrin tələblərinin pozulması halları müəyyən edilmədiyindən, iddianı sübuta yetməmə əsasına görə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Kassasiya instansiyası məhkəməsi apellyasiya itnstansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, sözügedən vəsiyyətnamənin qnunvericiliyin tələblərinə müvafiq qaydada tərtib olunaraq təsdiq edilməsi mülki iş materialları ilə istisna edilmədiyindən və kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmi n edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2(103)-352/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar