Məhkəmə qərarları › İş №2(102)-3138/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3138/2019

01.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3138/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2018-ci il tarixli 2(103)13270/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova, iş № 2(005)-2372/2018) İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 ASC-yə və Cavabdeh3nə qarşı daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəyin, “hərracın nəticələri haqqında” protokolun və hərracın yekunu üzrə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: Z.Ə.Əliyev, F.Ş.Talışinski və R.Ə.Eyvazov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 10 mart 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı cəmi 225.664,78 manat məbləğində pulun tutulması, tutmanın ipoteka predmetlərinə, o cümlədən N məxsus N saylı evin 22 saylı mənzilinə yönəldilməsi, mənzilin 85.000 manat ilkin s atış qiyməti ilə açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi və s. qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. 09 mart 2018-ci il tarixdə keçirilmiş hərracda mənzil N 72.250 manata satılmışdır. 2018-ci ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərracın keçirildiyi gün hərrac təşkilatına gəldikdə ona təşkilatdan hərracın başqa vaxta keçirilməsi barədə məlumat verilsə də həmin gün hərrac protokolu tərtib edilməklə real bazar dəyəri 120.000 manat təşkil edən mənzilin 85.000 manata satılmasına və s. əsas göstərməklə mənzilin qiymətləndirilməsi barədə ekspert rəyinin, hərracın nəticələri haqqında 09 mart 2018-ci il tarixli yekun protokolunun və daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsı z hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 MMC-nin vəkili və Cavabdeh2 ASC-nin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlm əmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını əsaslı sayarkən ipoteka predmetinin ilkin satış qiymətinin Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 10 mart 2015-ci il tarixli qətnaməsi əsasında müəyyən olunmasını və onun yenidən qiymətləndirilməsinin aparılm asına ehtiyacın olmamasını, hərracın qanunun tələblərinə uyğun keçirilməsini, hərracda iddiaçının qanuna uyğun qaydada iştirakının təmin olunmamasınının sübuta yetirilməməsini əsas göstərmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tələbinin əsaslı olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, q ətnamə sübutlara düzgün qiymət verilməklə, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 19 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar