Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3183/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) 30.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2021-ci il tarixli, 2(104)-3374/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı4, X1, İddiaçı3 və İddiaçı2 kassasiya şikayəti üzrə işə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı1 və digərləri məhkəmədə Cavabdeh və digərlərinə qarşı iddia qaldıraraq, notarial qaydada bağlanmış 17 fevral 2012-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilə əsasında Reyestr Xidməti tərəfindən cavabdehin adına verilmiş 27 mart 2012-ci il tarixli Çıxarışın ləğv edilməsi; ünvan 1 ünvanda yerləşən mərhum atası X adına olan daşınmaz əmlakın mərhum anası və atasının ümumi əmlakı hesab edilərək, mirası qanun üzrə vərəsə kimi qəbul etdikləri üçün mülkün anasına məxsus miras hissəsinin üzərində, yəni mülkün 1\2 hissəsinə onların, yerdə qalan atasına məxsus mirasın 1/2 hissəsi üzərində isə qanun üzrə vərəsə kimi onların və cavabdehin mülkiyyət hüquqlarının tanınmas barədə qətnamə çıxarılmasını x ahiş ediblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim G.Ə.Şirinov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 21 iyun 2021-ci il tarixli Çıxarışa əsasən, Gəncə şəhəri, X küçəsi, 0,0352 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X mülkiyyətində olub və o, 17 fevral 2012-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən həmin evi arvadı Cavabdeh bağlayıb. 27 mart 2021-ci il tarixli Çıxarışa əsasən ev daşınmaz əmlakın dövlət reyestində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. 11 dekabr 2020-ci il tarixdə X ölüb. İddiaçı1 valideynləri atası X və anası X 19 mart 1963-cü il tarixdə rəsmi nikah əsasında ailə qurublar və 09 dekabr 2006-cı il tarixdə sonuncu ölüb. Mülki qanunvericiliyə görə, hər bir əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırki halda sözügedən bağışlama müqaviləsi Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmamaqla bağlanıb və həmin müqavilənin etibarsızılığı üçün əsaslar yoxdur. Həmçinin, iddia tələbində bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas kimi göstərilmiş dəlillər mülki iş materialları ilə təkzib edilir. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 666.1, 668.1.1- ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçılar apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov sədrlik edən, məruzəçi, Ə.İ.Məmmədov və F.Ə.Mehtiyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və proses sual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 334, 666, 668-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçılar kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş ediblər. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələbləri ni pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxıl olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 666-cı maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. Həmin Məcəllənin 668-ci maddəsinə əsasən, bağışlama aşağıdakı hallarda etibarlıdır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlə rdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara o byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçılar kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiklərindən, qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və iddiaçının kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçılar kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsələr də kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 21 iyun 2021-ci il tarixli Çıxarışa əsasən, Gəncə şəhəri, E.T.Qurbanov küçəsi, 0,0352 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Teymur Həsənovun mülkiyyətində olub və o, 17 fevral 2012-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən həmin evi arvadı Cavabdeh bağlayıb. 27 mart 2021-ci il tarixli Çıxarışa əsasən ev daşınmaz əmlakın dövlət reyestində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. 11 dekabr 2020-ci il tarixdə X ölüb. İddiaçı1 valideynləri atası X və anası X 19 mart 1963-cü il tarixdə rəsmi nikah əsasında ailə qurublar və 09 dekabr 2006-cı il tarixdə sonuncu ölüb. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 666.1-ci maddəsində göstərilir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kassas iya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli evə dair mərhum Teymur Həsənovla cavabdeh arasında bağışlama müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanıb. Belə ki, bağışlama müqaviləsi üzrə X öz sağlığında mülkiyyətində olan evi arvadı Cavabdeh bağışlamaqla sonuncunu zənginləşdirib və bağışlama müqaviləsi hədiyyə alan cavabdeh tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyib. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, sözügedən bağışlama müqaviləsinin etibarsızlığı üçün heç bir əsas yoxdur, yəni həmin müqavilə bilavasitə lazımi subyektlərin, hədiyyəni verən X və hədiyyəni alan Cavabdeh iştirakları ilə bağlınıb, həmin müqavilə onların iradələrini ifadə etməklə, əqdin forma və məzmununa dair qanunvericiliyin tələblərinə tam əməl olunub. Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən, müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Bağışlama müqaviləsi yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şər h edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarında göstərmişdir ki, mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslə rin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. İddiaçılar kassasiya şikayətində mübahisəli evdə qeydiyyatda olmaqla yaşadıqlarını, bağışlama müqaviləsi bağlanarkən onlardan yazılı razılıq alınmadığı üçün bağışlama müqaviləsinin etibarsız sayıldığını və sair göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılışmır. Belə ki, işin mübahisə olunmayan hallarına görə mübahisəli ev İddiaçı1 xüsusi mülkiyyətində olub və Evlər İdarəsinin 19 fevral 2012-ci il tarixli arayşına görə mübahisəli evdə mərhum Teymur Həsənov yaşayıb və evdə pasport qeydiyyatında heç kəs olmayıb. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalar ının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçıların kassasiya şikayətinin digər dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməs i Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı4, X1, İddiaçı3 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 dekabr 2021-ci il tarixli, 2(104)-3374/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3183/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3183/2022
30.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver