Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-332/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(105)2277/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki i şə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 03 oktyabr 2015-ci il tarixdə notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi ilə Babayeva X2 Azər Vaqif oğluna 03 dekabr 2019-cu il tarixədək hər ay 500 manat qaytarmaq şərtilə 25000 manat məbləğində pul borc vermişdir. Quba Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Quba Regional “ASAN Xidmət” Notariat Kontoruna qarşı “Quba Regional "ASAN" Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 09 yanvar 2020-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı idd ia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında 03 oktyabr 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 03 oktyabr 2015-ci il tarixdə cavabdehlə formal olaraq kredit müqaviləsi bağlamış, həmin müqavilədə iddiaçıya 25000 manat borc pul verildiyi qeyd edilsə də, əslində həmin məbləğ verilməmişdir. Belə ki, cavabdeh Quba rayonunda iddiaçının tanıdığı şəxsə sələmə pul verdiyini, sonradan ala bilmədiyini, onu tapa bilmədiyini əsas gətirərək ondan Quba rayon Polis İdarəsinə şikayət etmiş, sonradan notariusda uydurma bir müqavilə bağlamağı təklif etmişdir ki, müqaviləni görüntü üçün pulun sahiblərinə göstərsin. O, məcburiyyət qarşısında qalaraq o ndan etdiyi şikayətlərin qarşısını almaq məqsədilə, polisə ondan edilən şikayətdən imtina etməsi üçün onunla formal kredit müqaviləsi bağlamağa məcbur olmuşdur. Quba Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(027)-551/2021 nömrəli qətnaməsi ilə (hakim S.Ə.Məmmədov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəf mübahisə predmeti sayılan müqavilənin “yalançı” əqd olduğu iddia etsə də, öz iddiasını əsaslandırdığı hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi əlyazmalardan isə aydın olur ki, iddiaçı ondan 25000 manat borc aldığını 29 sentyabr 2015-ci il tarixdə yazdığı iltizamda etiraf etmiş və sonradan borcdan hər ay 500 manat ödəməsini qəbzlərdə təsdiq etmişdir. İddiaçı tərəf həmin əlyazmaların həqiqiliyini məhkəmədə mübahisələndirmədiyindən, məhkəmə onları sübut kimi qəbul etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(027)-551/2021 nömrəli qətnaməsini ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(105)-2277/2021 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevdən və G.F.Tağızadədən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(027)-551/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi ilə razılaşan apellyasi ya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında 03 oktyabr 2015-ci il tarixdə bağlamış kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. İddiaçı tələbini əsaslandıra bilməmiş, əksinə iddiaçının dəlilləri iş materialları ilə təkzib olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(105)-2277/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasi ya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh 2015-ci ildə iddiaçıdan Quba rayon Polis İdarəsinə şikayət etdiyini, kredit müqaviləsi bağlanılarkən 25000 manat pul vermədiyini dəfələrlə etiraf etmiş və cavabdehin bu etirafı məhkəmənin audio və video çəkilişində qeydə alınmışdır. Həmçinin məhkəmələr hazırkı mübahisəyə müqavilənin etibarsızlığı ilə bağlı iddia tələbi kimi deyil, pul tələbi kimi baxmış və qətnamədə 03 oktyabr 2015-ci il tarixli kredit müqaviləsindən əvvəlki tarixə aid cavabdeh tərəfindən təqdim edilmiş və həqiqiliyi sübut edilməmiş əlyazmalara istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasında Cavabdeh vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-in 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddia tərəfinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfind ən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əh əmiyyətsiz əqdlər ola bilər. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtləri nə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarl a, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını 04020məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları s übut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən h allara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə kollegiyasın ın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin əhəmiyyətsiz (uydurma) əqd kimi tanınması üçün əsaslar mövcud deyildir. İzah olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi. İddiaçı bağışlanma müqaviləsinin görünüş üçün bağlanmasını, tərəflərin iradəsinə uyğun olmamasını bildirsə də, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, bağışlama müqaviləsinin formal xarakter daşımaqla uydurma (əhəmiyyətsiz) əqd olması sübuta yetirilmək yükü iddiaçı üzərinə düşdüyü halda, b ununla bağlı hər hansı sübut təqdim olunmamışdır. Qeyd olunmalıdır ki, yuxarıda qeyd olunan mülki prosessual normalara görə mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın və müvafiq olaraq iddiaçının şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilmiş və müəyyən etmişdir ki, müqavilənin etibarsızlığı üçün əsas ola sübutlar iş materiallarında mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(105)-2277/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-332/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-332/2022
24.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver