Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3373/2024 10.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh (maraqlı şəxslər Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi cəlb edilməklə) qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və bunun nəticəsində alınmış daşınmaz əmlaka dair verilmiş hüquqmüəyyənedici sənəd olan çıxarışın ləğv edilməsi və miras əmlakdan paylarının müəyyən olunması” tələbinə dair iş üzrə QƏRARDADİ İş № 2(102)-3373/2024 (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanma ması) 11 sentyabr 2024-cü il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh (maraqlı şəxslər Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi cəlb edilməklə) qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və bunun nəticəsində alınmış daşınmaz əmlaka dair verilmiş hüquqmüəyyənedici sənəd olan çıxarışın ləğv edilməsi və miras əmlakdan paylarının müəyyən olunması”tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1304/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçılar İddiaçı1 (o, həm də, digər iddiaçılar olan bacıları İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndəsidir), İddiaçı2, İddiaçı3, İddiaçı4 məhkəmədə Cavabdeh və maraqlı şəxslər Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, mərhum X1 miras qalmış mülkiyyətə dair cavabdehə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bunun nəticəsində alınmış daşınmaz əmlaka dair verilmiş hüquqmüəyyənedici sənəd olan çıxarışın ləğv edilməsi və miras əmlakdan paylarının müəyyən olunmasını xahiş etmişdir. İş üzrə qəbul edil miş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-40/2024 saylı qətnaməsi ilə (hakim Q. Baxşıyev ) xx.xx.2003-cü il tarixli 2Vİ-188 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş və onun əsasında verilmiş xx.xx.2013-cü il tarixli ******* saylı Çıxarış ləğv edilmiş, Tovuz rayonu Abulbəyli kəndində bir mərtəbəli, üç otaqlı, yaşayış sahəsi 87,9 kv. m, köməkçi sahəsi 91,5 kv.m olan fərdi yaşayış evindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 hər birinin onda bir (1/10) hissə payı, Cavabdeh isə onda altı (6/10) hissə payının müəyyən olunması, JN1178A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verilmiş torpaq sahəsinin mirasın kütləsinə daxil olan 1/5 hissədən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh hər birinin beşdə bir (1/5) hissə (ümumi əmlakın beşdə birinin beşdə biri həddində, yəni ümumi əmlakın iyirmi beşdə bir hissəsi) paylarının müəyyən olunması, iddianın qalan hissəsi təmin olunmaması qət edilmişdir.
3. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-40/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1304/2024 nömrəli qətnaməsi ilə (hakimlər – L.S.Süleymanov (sədrlik edən və məruzəçi), İ. T. Həsənov, Ş. Q. Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-40/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri:
5. Qətnamədən narazı qalan Cavabdeh (onun vəkili Vəkil) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin 2(104)-1304/2024 saylı, 20 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işə Gəncə Apellyasiya məhkəməsində yenidən baxılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
6. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.
7. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
8. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
9. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəb ul edilir.
10. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
11. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;
12. Maddə 409 apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələb lərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
13. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
14. Belə ki, iş materiallarından müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1304/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti sadəcə Vəkil tərəfindən elektron imza ilə imzalanıb və kassasiya şikayətinə Cavabdeh adından kassasiya şikayəti vermək səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilməmişdir.Kassasiya şikayətinə əlavə edilmiş etibarnamə X2 tərəfindən verilmiş etibarnamədir, həmin etibarnamə səlahiyyətlərin Ş.İsmayılovanın adından həyata keçirilməsi üçündür.Digər tərəfdən Ş.İsmayılovanın Cavabdeh nümayəndəsi olmasını təsdiq edən etibarnamə də iş materiallarında mövcud deyil.
15. Belə olan təqdirdə kassasiya şikayəti onu cavabdehin adından imzalamağa hüququ olmayan vəkil tərəfindən imzalanmış, cavabdeh isə kassasiya şikayətini imzalamamışdır.
16. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının MPM-in 407.3-cü maddəsinin tələblərinə tam cavab verməyən kassasiya şikayətini həm in Məcəllənin 409-cu maddəsinin tələbinə zidd olaraq mülki işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərmişdir.
17. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə kassasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiy a instansiyası məhkəməsinə göndərilməlidir.
18. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1304/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.