Məhkəmə qərarları › İş №2(102)-3574/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3574/2023

25.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3574/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “qanunsuz olan tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(103)2524/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etd i: İşin halları:

1. Bakı şəhəri, Səbail rayonu, G. Əliyev (Buxta) küçəsi, 3-cü dalanda yerləşən 17 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadan İddiaçı sahibliyində və istifadəsindədir.

2. Qonşuluqda, yəni Bakı şəhəri, Səbail rayonu, G. Əliyev (Buxta) küçəsi, 3-cü dalanda yerləşən 9E saylı fərdi yaşayış evi həmçinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadan Cavabdeh sahibliyində və istifadəsindədir.

3. Cavabdeh 2021-ci ilin yay aylarında həmin evin ikinci mərtəbəsini inşa etməyə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, dalan 3-də yerləşən 9E saylı fərdi yaşayış evində ikinci mərtəbənin tikilməsi üçün aparılan tikinti işlərinin dayandırılması, həmin yerdə aparılmış tikintinin sökülməsi və əvvəlki vəziyyətə qaytarılması, iddiaçıya dəymiş mənəvi ziyana görə cavabdeh tərəfindən 1000 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia belə əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, G.Əliyev (Buxta) küçəsində, 3-cü dalanda yerləşən 17 saylı fərdi yaşayış evdə 2019-cu ildən yaşayır, cavabdeh divar qonşusudur. 2021-ci ilin yay aylarında cavabdeh tərəfindən özünə məxsus fərdi yaşayış evində ikinci mərtəbənin tikintisi başlanmışdır. Tikinti başlayarkən iddiaçı cavabdehə bildirmişdir ki, onun tikdiyi 2-ci mərtəbəsi iddiaçının fərdi yaşayış evinin divarına çox yaxın məsafədə olacaqdır, bu tikinti təhlükəsizlik qaydaları pozur, həmçinin evinin pəncərəsinə bitişərək, evinin otaqlarında baş verənlərin hamısı açıq aşkar görsənir. Lakin cavabdeh hər dəfə onu nalayiq sözlərlə təhqir edib, heç bir əhəmiyyət verməmişdir. İddiaçı DİN-in 102 xidmətinə şikayət etmiş, araşdırma aparılmış, tikinti qanunsuz olduğu üçün dayandırılmış, cavabdeh Azərbaycan Respublikasının İXMin 395.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən yenidən gizli şəkildə tikinti işləri davam etdirilir. Cavabdeh tərəfindən iddiaçının başına gətirilən oyunlar nəticəsində 1 il ərzində onun sağlamlığı və səhhəti ağır vəziyyətə düşmüşdür. Belə ki, həmin ərəfələrdə təzyiqi qalxmış, dəfələrlə tərəfindən təcili tibbi yardım çağırılmış, onda ürək xəstəliyi ilə şəkər xəstəliyi əmələ gəlmişdir. Ona dəymiş mənəvi ziyan 1000 manat məbləğindədir.

6. İş üzrə birinci instansiya məhkəməsində təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 19 dekabr 2022-ci il tarixli rəyinə əsasən: Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi (Buxta küçəsi), 3-cü dalanda yerləşən 17 saylı evin qarşısında Cavabdeh tərəfindən aparılan tikinti işləri pəncərənin qarşısında 50 sm kənarda inşa olunduğu nəzərə alınaraq, həmin tikili İddiaçı evinin yaşayış otağının pəncərəsinə düşən təbii işığının qarşısını qismən kəsir ki, bu İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.3-cü bəndinin tələblərinə uyğun deyildir. Eyni zamanda qeyd olunur ki, Cavabdeh tərəfindən inşa olunmuş tikilinin kənarları baxış zamanı açıq şəkildə olduğu müəyyən olunmuş, lakin gələcəkdə həmin tikilinin kənarları bağlandıqda İddiaçı evinin yaşayış otağının pəncərəsinə düşən təbii işığının qarşısını tam kəsilməsinə səbəb ola bilər. Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3-cü dalanda yerləşən 9E saylı yaşayış evinin 2-ci mərtəbəsində Cavabdeh tərəfindən aparılan tikinti işlərinə dair hər hansı bir icazə sənədləri olmadığından, həmin tikinti işlərinin aparılan zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 No-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılma sı Qaydaları”nın 4.1-ci və 4.2-ci bəndlərinin tələblərini riayət edilməmişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, e-2(009)-48/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, Dalan 3-də yerləşən 9E saylı fərdi yaşayış evinin ikinci mərtəbəsində aparılan tikinti işlərinin dayandırılması, aparılmış tikilinin sökülərək əvvəlki vəziyyətə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli evlər hüquqi statusuna görə özbaşına tikililər olsa da, iddiaçı cavabdeh tərəfindən inşa edilən özbaşına tikilinin onun tərəfindən inşa edilən özbaşına tikiliyə münasibətd ə hüquqlarına xələl gətirdiyi üçün hesab etdiyi pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı hesab edilməlidir.

9. Məhkəmə hesab etmişdir ki, iddia tələbi yalnız o halda əsaslı hesab edilə bilər ki, iddiaçının inşa etdiyi özbaşına tikiliyə münasibətdə cavabdeh tərəfindən inşa edilən özbaşına tikili iddiaçının öz evindən istifadə edilməsi ilə bağlı hüquqlarını məhdudlaşdırmış olsun. Məhkəmə qaldırılan tələb üzrə zəruri biliyə malik olan ekspertin müvafiq rəyini alınması zəruriliyini nəzərə alaraq həmin mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertlə mübahisəli evlərə baxış keçirilmiş və müvafiq rəy verilmişdir. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

10. Məhkəmə vurulmuş mənəvi ziyana görə 1000 manat pulun tutulması tələbinə hüquqi qiymət verərkən hesab etmişdir ki, iddiaçı bununla bağlı sübut təqdim edə bilməmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 60-cı, Mülki Məcəllənin 135.1, 135.2, 135.4, 136.2, 152.3, 180.1-ci, Mənzil Məcəlləsinin 13.2ci, Mülki Prosessual Məcəllənin 2.1, 4.1, 5.1, 77.1, 88, 101.3, 103.1, 217.4, 2 18.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları ilə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, e-2(009)-48/2023 nömrəli qətnaməsinin təmin olunan hissədə ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(103)2524/2023 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Eyvazovun sədrliyi və məruzəsi ilə, hakimlər C.C.Musayevadan və F.F.Babayevdən ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, e2(009)-4 8/2023 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, cavabdeh tərəfindən həyata keçirilən müvafiq tikinti işlərinin qanunsuz (özbaşına) olması mübahisəsizdir. Bu hal işdə olan çoxsaylı sübutlarla (inzibati xəta haqqında protokol, Səbail Rayon İcra Hakimiyyətinin məktubu, fotoşəkillər və s.) təsdiq olunmaqla yanaşı, cavabdehin özü tərəfindən də inkar edilmir.

15. Cavabdeh apellyasiya şikayətində ekspert rəyinin əsassız olmasını bildirsə də, bu istiqamətdə dəlilərini əsaslandıra bilməmiş, ümumi (formal) mülahizələrdən çıxış etmişdir.

16. Bununla yanaşı, cavabdeh tikintinin hazırki vəziyyətdə iddia çının yaşayış otağının pəncərəsinə düşən təbii işığının qarşısını tam kəsməməsini göstərmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən həyata keçirilən qanunsuz tikintinin hazırki vəziyyətdə iddiaçının yaşayış otağının pəncərəsinə düşən təbii işığının qarşısını qismən kəsməsi halı vəziyyəti dəyişdirmir. Hazırki vəziyyətdə belə, müvafiq məhdudiyyətin mövcudluğu müəyyən edilir. Bununla yanaşı, iddiaçının yaşadığı evlə, qanunsuz tikintinin arasında olan məsafənin cəmi 0,50 metr təşkil etməsi və tikintinin başa çatmaması (arakəsmələrin hörülməməsi və s.) nəzərə alınarsa, o zaman tikintinin başa çatacağı təqdirdə iddiaçının qanunla qorunan hüquqlarına müdaxilənin tam olacağı aşkardır.

17. Cavabdehin apellyasiya şikayətində əsas dəlili iddiaçının özünün də yaşadığı evin özbaşına tikili olması, bu səbəbdən də ona qarşı hazırki iddianı qaldırmaqda subyektiv hüquqlarının olmaması ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin qeyd edilən dəlili ilə də razılaşmayaraq bildirmişdir ki, yaşayış sahəsinin hər hansı əşya hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, orada yaşayan şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnə bilməz. Yaşayış sahəsi eyni zamanda fiziki obyekt kimi daşınmaz əşyadır və onun özbaşına tikili statusuna malik olması, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olmaması kimi qiymətləndirilə bilməz.

18. Həmçinin, tərəflər yaşayış sahələrinə (özbaşına tikili) münasibətdə oxşar vəziyyətdədirlər. Yəni, tərəflər müvafiq yaşayış sahələrində yaşayaraq ondan bir iqtisa di dəyər kimi də yararlanır, həmçinin orada özlərinə “mənzil” qurmuşlar. Bu səbəbdən də aralarında qonşuluq hüquq münasibətləri yaranmışdır. Belə olan halda hər bir tərəf hüquqlarından vicdanla istifadə etməli, sui-istifadəyə yol verməməlidirlər. Əks yanaşma, bərabərlik prinisipinin pozulması, yəni eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli münasibət göstərilməsi ilə nəticələnə bilər.

19. Bundan əlavə, qanunvericiliyin tələblərinə riayət olunmadan inşa edilmiş tikililərin sökülməsini tələb etmək hüququ səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) aid olsa da, həmin tikintilər nəticəsində hüquqları əsassız məhdudlaşdırılan hüquqi və fiziki şəxslərin də analoji hüquqları istisna oluna bilməz, əksinə bu hüquq qanunla müdaf iə olunur.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 5.3, 16.1, 157.4, 180.1, 180.4, 560.1, 560.2-ci, Mənzil Məcəlləsinin 13.2, 13.3, 27.1, 27.5-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4, 69.5, 69.5.1, 69.5.2-1, 69.8, 80, 80.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

21. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(103)-2524/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Ka ssasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 180.1, 180.4-cü maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının özünün tikilisi özbaşına tikili olduğu halda, halda digər özbaşına tikilinin sahibinin inşa etdiyi tikilinin sökülməsini tələb etmə hüquqdan sui-istifadədir. Həmçinin məhkəmə əsassız olaraq Mənzil Məcəlləsinin 13.2, 13.3, 27.1, 27.5-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4, 69.5, 69.8, 80-ci maddələrinə istinad etmişdir. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 88, 103.1, 217.3, 218.1, 372.6, 372.7-ci maddələrini pozaraq, apellyasiya şikayətinin dəlillərini sonadək müzakirə edib qiymət verməmiş, iş üzrə alınmış tikinti-texniki ekspertizasının rəyinin qeyri-müəyyən olmasını nəzərə almamışdır.

23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Etirazda Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 71 və 72-ci maddələrinin dispozisiyaları sadalanmışdır. Kassasiya baxışının hədləri:

26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

27. Kassator apellyasiya məhkəməsinin qətnaməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mə nsubdur. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü mad dəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

30. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sa həsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5-ci maddəsinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarda n istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edil məli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsin ə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edi lmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

34. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçının yaşadığı evin özbaşına tikili olması, onun həmin tikilidən istifadəyə maneələrin və təhlükələrin aradan qaldırılması məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Hər iki tərəfin yaşadıqları evlər özbaşına tikili olsa da, onlar qonşuluq hüququndan irəli gələrək, bir-birinə qarşılıqlı hörmət bəsləməli, qonşunun əmlakına hədsiz təsirlərdən çəkinməli, hüquqlarından sui-istifadəyə yol verməməlidirlər.

35. Həmçinin, cavabdeh kassasiya şikayətində iş üzrə keçirilmiş ekspertizanın rəyinin əsassız olmasını bildirsə də, bu mövqeyini əsaslandırmamışdır.

36. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən iş üzrə keçirilmiş ekspert rəyinə istinad etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nə ticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(103)-2524/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəti

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar