Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3656/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, iddia müddəti, öhdəliyin icrası müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-396/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus 120 baş ana qoyunun dəyəri 30.000 manat, 10 baş damazlıq keçinin dəyəri 1600 manat, quzuların dəyəri 37.460 manat, 800 manat taxıl pulunun, nəğd borc aldığı 7000 manat pulun, 6000 ABŞ dollar borcun və dəymiş zərərin əvəzi olaraq 4000 manat məbləğində pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsalandırmışdır ki, o, cavabdehi 2000-ci ildən tanıyır. Münasibətləri hər zaman yaxşı olmuşdur. 2011-ci ilin se ntyabr ayından cavabdehə 10 il müddətinə saxlamaq üçün 100 baş ana qoyun, 20 baş damazlıq dişi quzu, 6 baş damazlıq keçi və 3 il sonra daha 4 baş keçi, 2 ton taxıl vermişdir. Aralarında şifahi əqd bağlamışlar ki, hər il 100 baş ana qoyunun bəhəri olan 100 quzunun 60% cavabdehin, 40% isə onun olacaqdır. Sonda heyvanlarını təhvil verdiyi sayda sürüdən ayırıb aparmalıdır. 2013-cü ildən 20 baş damazlıq quzu ana qrupuna daxil olduğundan cavabdehin öhdəliyində 120 baş ana qoyun olmuşdur. 2013-cü ildən 2019-cu il daxil olmaqla cəmi 7 ildə 20 baş ana qoyunun bəhəri 140 baş quzu olmuşdur. Bunun 60%, yəni 84 baş quzu cavabdehin haqqı, qalan 40% yəni 56 baş quzu isə onun payına düşmüşdür. Yetişmiş quzular hər ilin avqust ayında 16, 18, 20 kiloqram ət verir. 16 kq olmaqla və hər kilo 10 manat hesabı i lə 1 quzunun dəyəri 160 manat etmişdir. Bu hesabla cavabdehə çatan pul 84 quzu x 160 manat olmaqla 13.440 manat 7 ildə 20 başa qoyundan gəlirdi. Ona çatmalı pul isə 7 ildə 8 quzu olmaqla (7x8 baş quzu) 56 quzu x 160 manat olmaqla 8960 manat quzuların puludur. Ona çatmalı olan 40960 manat quzu pulundan cavabdeh 2016-cı ildə 1500 manat, 2017-ci ildə xəstəxanadan çıxıb gələndən sonra öz həyat yoldaşına gətirdərək şahidlərin yanında 2000 manat pul vermişdir. Eyni zamanda 2019-cu ilin iyun ayında toy məclisindən 1 həftə sonra cavabdeh ona zəng edərək ona təcili 2000 manat pul lazım olduğunu bildirmiş və 5 günə qaytaracağını demişdir. O, həyat yoldaşının etirazına baxmayaraq ondan 2000 manat pul alıb tanıdığı sürücü ilə evinə gələn cavabdehə borc vermişdir. Bundan əlavə, Hacıqabuldakı təsərrüfat işləri ilə əlaqədar 5000 manat, 05.03.2011-ci il tarixdə evində 2000 ABŞ dolları, və daha sonra 4000 ABŞ dollar pulu ondan borc almışdır. Cavabdeh aralarındakı bütün razılaşmalara əməl etməyərək bu günə qədər ona məxsus qoyunları, borclu olduğu pulu qaytarmaqdan boyun qaçırmışdır. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehdən ona məxsus 120 baş ana qoyunun və ya onların dəyəri olan 30.000 manat pulun, 10 baş damazlıq keçinin və ya onların dəyəri olan 1600 manat pulun, nəğd borc aldığı 7000 manat və 6000 ABŞ dolları məbləğində pulun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sübut qismində məhkəməyə cavabdehin iddiaçıya 5000 manat borcunun olduğunu etiraf etməsi və həmin pulu qaytarmağa söz verdiyi barədə 11 dekabr 2008-ci il t arixli ərizəni təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, cavabdehə qardaşıxxxx(iddiaçı) tərəfindən borc pul verilməsini təsdiq edir. Qoyunları isə o, özü Qırız kəndinə aparıb cavabdehə təhvil vermiş və sürüyə qatmışdır. Şahid qismində dindirilən X1 həm məhkəməyə təqdim etdiyi ərizəsində, həm də ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyun ayında övladının toyundan bir həftə sonra həyat yoldaşı İddiaçı onun etirazına baxmayaraq 2000 manat pulu 5 gün müddətində qaytarmaq şərti ilə ondan alıb, dostu, Qırız kənd sakini olan cavabdehə vermişdir. Bundan başqa, 05.03.2011-ci il tarixdə həyat yoldaşı evin büdcəsindəki puldan 2000 ABŞ dolları və 21.05.2011-ci il tarixdə isə 4000 ABŞ dolları pulu alıb cavabdehə borc vermişdir. Ailələrinin yeganə g əlir mənbəyi olan 120 baş damazlıq qoyunları və 4 baş iri buynuzlu mal-qaraları cavabdehin sürüsündə və qanunsuz olaraq sahibliyindədir. İş materiallarında olan cavabdehə məxsus 2008-ci il tarixli əlyazmaya əsasən, o, iddiaçıdan torpaq məsələləri ilə bağlı 5.000 manat pul almasını etiraf etmiş və həmin ərizəni öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin məhkəmə iclaslarında iştirak etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)551/2020 nömrəli iş üzrə 13 fevral 2020-ci il tarixli qiyabi qətnaməsi ilə (hakim R.Həsənov) iddia təmin edilmişdir. Daha sonra, cavabdeh ərizə verərək, qiyabi qətnamənin ləğvini və işin təzələnər ək mahiyyəti üzrə baxılması haqqında qərardad çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin 17 mart 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh, həmçinin yazılı ərizə verərək iddianı qəbul etmədiyini, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 2(027)-551/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı, aralarındakı şifahi razılıq əsasında 10 il müddətinə saxlamaq üçün 100 baş ana qoyun, 20 baş damazlıq dişi quzu, 6 baş damazlıq keçi və 3 il sonra daha 4 baş keçi, 2 ton taxıl aldığını iddia etsə də, ş ahidlərin ifadələrindən görünür ki, həmin əmlaklar cavabdehə verilməmişdir. Bundan başqa, iddiaçı əmlak tələbinə dair iddia müddətini ötürdüyündən iddia təmin edilə bilməz. Məhkəmə, həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçıdan müxtəlif tarixlərdə 2000 manat, 5000 manat, 2000 ABŞ dolları və 4000 ABŞ dolları almışdır. Lakin, iddiaçı pul tələbi hissəsində də iddia müddətini ötürdüyündən iddia təmin edilə bilməz. Belə ki, qanunvericiliyin tələblərinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 367.1, 368, 372, 374.1, 375, 377-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddia çı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Mülki Məcəllənin 367.1, 367.3, 368-ci maddələrinin tələbləri pozmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya baxışı zamanı şahid qismində yenidən dindirilən X2 ifadəsində bildirmişdir ki, qoyunları Qırız kəndinə aparıb cavabdehin oğluna təhvil vermiş və sürüyə qatmışdır. Digər şahid X3 da eyni məzmunlu ifadə vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-396/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhk əməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia müddətini tətbiq etməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə iddiaçın ın öz hüququnun pozulduğunu bildiyi günü, beləliklə, iddia müddətinin axımının başlandığı günü müəyyən etməmiş, Mülki Məcəllənin 377.1, 377.3-cü maddələrinin tələblərini nəzərə almamışdır. Kassator göstərmişdir ki, mal-qaranı cavabdehə 2011-ci ildə 10 il müddətinə vermişdir və həmin malları tələb etmək hüququ 2021-ci ildə yaranmışdır. Odur ki, iddia müddətinin ötürülməsi barədə məhkəmənin gəldiyi nəticə qanunsuzdur. Bunda başqa, onun tələbi əmlak xarakterli mülkiyyət tələbinə, eləcə də pul tələbinə dair olduğuna görə, bu cür tələblərə Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, ümumiyyətlə iddia müddəti tətbiq edilmir. Qeyd olunanları apellyasiya şikayətində qeyd etsə də, məhkəmə həmin halları müzakirə etməmişdir. Bundan başqa, iddia tələbində qeyd olunanlarla bağlı tərəfindən sübutlar t əqdim olunsa da (şahid ifadələri, cavabdehin şəxsi izahatı), məhkəmə sübutları qəbul etməmiş, səbəbini isə açıqlamamışdır. Kassasiya şikayətinin əsası kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 76.1, 76.2, 88, 217.1-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kasatorun vəkili şikayətin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin halla rının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə b ilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetir məkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddələr 375.1 və 375.2. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştir akçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli qərarı... iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. MPM Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nə zərə alınmalıdır ki, məhkəmələr tərəfindən iddia həm tələbi təsdiq edən sübutların təqdim olunmaması əsası ilə, həm də iddia müddətinin keçməsi əsası ilə rədd olunmuşdur. Bu baxımdan Məhkəmə kollegiyası cavabdehin iddiaçıdan borc alması faktını etiraf etdiyi hissə istisna olmaqla, qalan hissələrdə iddia müddəti ilə bağlı maddi hüquq normalarının düzgün tətbiq edilibedilmədiyi ilə bağlı hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür. Cavabdeh tərəfindən 11.12.2008-ci il tarixdə iddiaçıya 5000 manat borcun etiraf edilməsi barədə ərizəyə münasibətdə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məcəllənin 377.3-cü maddəsinə əsasən belə öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Bu baxımdan icra müddəti göstərilməyən öhdəliklər üzrə iddia müddətinin axımı borcun etiraf edildiyi gündən, yaxud borcun qaytarılması üçün nəzərdə tutulan ağlabatan müddət keçdikdən sonra başlanır. Əgər kreditor dərhal icranı tələb etməyibsə, onda borcun ödənilməsi üçün gözlədiyi müddətin ağlabatan müddət olduğunu, bu müddəti nə üçün gözlədiyini və ya borclunun davranışlarının buna əsas verdiyini əsaslandırmalıdır. Baxılan iş üzrə cavabdehin iddiaçıya 5000 manat borcunun olduğunu etiraf etdikdən sonra iddia qaldırılanadək keçən təxminən 12 il müddət oxşar münasibətlər üçün xarakterik ol an ağlabatan müddət hesab oluna və iddianın həmin hissəsinə müqavilə tələblərindən irəli gələn 3 illik iddia müddətinin tətbiqindən imtina üçün əsas ola bilməz. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 2(105)-396/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3656/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3656/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver