Məhkəmə qərarları › İş №2(102)-3711/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3711/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3711/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin cavabdeh X1rşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 02.09.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1219/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 02 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkə mə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, İddiaçı MMC ilə şagirdlər X3 və X5 valideyni Cavabdeh arasında 97 və 98 saylı, 13 sentyabr 2019-cu il tarixli Tam orta təhsil xidməti haqqında müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən 2019-2020-ci tədris ili üçün təhsil haqqı hər bir şagird üçün 5.310 manat təşkil edir. Müqavilənin 2.1.12-ci maddəsinə əsasən qarşıalınmaz (forsmajor) hadisələr nəticəsində tədrisin pozulmasına və başqa mənfi hüquqi nəticəli hallara görə “X” məsuliyyət daşımır.

2. İddiaçı MMC tərəfindən verilmiş 30.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, hər bir şagird üçün müqavilə üzrə ödənilməli olan 5.310 manat təhsil haqqından valideyn Cavabdeh tərəfindən 2.500 manat təhsil haqqı ödənilmişdir, qalıq borcu 2.810 manat, 23.01.2020-ci il tarixdən 30.07.2020-ci il tarixədək qalıq borc məbləğinə hesablanmış cərimə 1.601,7 manat, ümumi borc 4.411,70 manat təşkil edir.

3. X 20 saylı, 04.06.2020-ci il tarixli əmrindən görünür ki, ölkə ərazisində koronovirus infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərilən bütün təhsil müəssisələrində tədris və təlim-təribyə prosesi dayandırıldığından və dərslər onlayn qaydada həyata keçirildiyindən, cari iin mart, aprel, may və iyun ayları üzrə ödənilməli təhsil haqqı məbləğlərinə valideynlərin maddi vəziyyəti nəzərə alınaraq aşağıdakı məbləğdə güzəşt tətbiq edilsin: 5-11 siniflərdə təhsil alan şagirdlərə görə (nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulduğu halda) - 450 manat. İş üzrə qəbul edilmiş məhkəmə aktl arı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC cavabdeh X1rşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 5620 manat məblğəində təhsil haqqı borcunun, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 3203,40 manat məbləğində cərimənin, ümumilikdə 8823,40 manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında cavabdehin övladları X5 və X3 təhsil almaları məqsədi ilə 2019-2020-ci tədris ili üçün 13.09.2019-cu il tarixdə Tam orta təhsil xidməti haqqında müqavilələr bağlanmışdır. Bağlanmış müqavilələr əsasında cavabdeh müqavilələrin 2.2-ci maddəsi ilə müəyyən edilmiş ümumilikdə illik 10.620 manat (5310 manat + 5310 manat) məbləğindəki təhsil haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən imzalanmış müqavilələr üzrə götürülmüş öhdəliklər icra edilməmişdir. Tərəflər arasında yaranmış bu mübahisəni məhkəmədənkənar pretenziya qaydasında dəfələrlə həll etməyə çalışlar da, lakin heç bir nəticə verməmişdir. Belə ki, İddiaçı MMC tərəfindən cavabdehlə təhsil haqqının ödənilməsi ilə əlaqədar uzun müddət şifahi və yazılı şəkildə danışıqlar aparıldıqdan sonra bu danışıqlar heç bir nəticə vermədiyindən cavabdehə birinci dəfə bildiriş göndərilərək ölkədə yaranmış vəziyyətlə əlaqədar olaraq təhsil haqqı məbləğinə güzəşt edildiyi bildirilmiş və güzəşt məbləği çıxıldıqdan sonra qalıq məbləği ödəməsi üçün imkan yaradılmışdır. Lakin, cavabdeh tərəfindən bundan sonra da öhdəliyin icrası istiqamətində hər hansı bir tədbir götürməmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə ikinci dəfə bildiriş göndərilərək təhsil haqqı məbləğinin və tərəflər arasında imzalanmış müqavilələrə əsasən gecikdirilmiş təhsil haqqı məbləğinə görə hesablanmış məbləğinin müəyyən edilmiş müddət ərzində ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən öhdəlik yenə də icra edilməmiş qalmışdır. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh 2019-2020ci il tədris ilinə görə müqavilələr ilə müəyyən edilmiş 10.620 manat məbləğindəki vəsaiti tam şəkildə müqavilələrin digər tərəfi olan və cavabdehin övladına tam orta təhsil xidməti göstərən iddiaçı məktəbə ödəməli olduğu halda həmin vəsaiti bu günədək ödəməmişdir. Hal-hazırda cavabdehin iddiaçı məktəb qarşısında ödənilməmiş 5620 manat (2810 manat+2810 manat) məbləğində təhsil haqqı borcu vardır. Tərəflər arasında imzalanmış Tam orta təhsil xidməti haqqında Müqavilələrin 2.2.3-cü maddəsinə əsasən “Şagird təhsil haqqını 2019-2020-ci dərs ilinin hər ayının sonunda mütləq ödəməlidir, bu tarixə qədər şagird təhsil haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0,3% həcmində dəbbə pulu (peniya) ödəyir”. Cavabdeh tərəfindən təhsil haqqı ödənişi ilə bağlı öhdəlik tam icra edilmədiyindən iddiaçı X tərəflər arasında imzalanmış Müqavilələrin 2.2.3-cü maddəsini rəhbər tutaraq 30.07.2010-cu il tarixədək cavabdehə ümumilikdə 3203,40 manat məbləğində cərimə hesablamışdır. Beləliklə də, cavabdehin iddiaçı qa rşısında hal-hazırda ödənilməmiş 5620 manat məbləğində təhsil haqqı borcu və təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 3203,40 manat məbləğində cərimə, ümumilikdə 8823,40 manat məbləğində borcu vardır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 13.03.2019-cu il tarixli 97 saylı və 98 saylı “Tam orta təhsil xidməti haqqında” müqavilələr üzrə ödənilməmiş 4720 manat (hər müqavilə üzrə 2360 manat) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 4750 (dörd min yeddi yüz əlli) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Tərəflər arasında bağlanılmış müqavilənin 2.1.12-ci bəndindən göründüyü kimi iddiaçı baş verən fors major hallara görə hər hansı məsuliyyət daşımır. Müqavilənin bu bəndinə şərh verərək məhkəmə qeyd edir ki, respublikada baş verən pandemiya fors major hal hesab edilir və belə halın baş verməsi məlum olduğu kimi nə iddiaçının, nə də cavabdehin iradəsindən asılı deyil. Bununla belə müqavilə şərtlərinə əsasən iddiaçı xidmət göstərən şəxs kimi fors major hallara görə məsuliyyət daşımadığı üçün, cavabdehin həmin halı əsas tutaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etməsi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən imtina kimi qəbul edilməlidir

8. Tərəflər arasında bağlanılmış 13.09.2019-cu il tarixli müqavilədə fors major ha llara görə iddiaçının məsuliyyət daşımaması müəyyən edilsə də, cavabdehin həmin əsasa görə müqavilədən birtərəfli qaydada imtina etmək hüququ nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən fors major halı əsas tutaraq müqavilənin icrasında birtərəfli qaydada imtina etməsi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir.

9. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdeh fors major halın baş verməsinə görə müqavilənin dəyişdirilməsi və ya ona xitam verilməsi ilə bağlı da iddiaçıya müraciət etməmişdir. Halbuki baş vermiş fors major hal müqavilənin dəyişdirilməsi, ona xitam verilməsi ilə bağlı xidmət göstərən məktəbə müraciət etmək üçün əsasdır.

10. Məhkəmə cavabdehin iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulması, dərslərin onlayn keçirilməsi barədə ona rəs mi məlumat verilməməsi, uşaqlarının onlayn təhsil almaması, bu səbəbdən məktəb qarşısında hər hansı öhdəliyin olmaması barədə dəlilləri üzrə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı bütün şagird valideynlərinə “Vatsap” vasitəsi ilə onalyn dərslərin keçirilməsi ilə bağlı məlumat verilməsi, cavabdehin uşaqlarının iyun ayının 14-dək onlayn qaydada dərsdə iştirak etmələri faktları təsdiq olunduğundan, cavabdehin yuxarıda qeyd edilən dəlilləri əsaslı hesab edilə bilməz.

11. Lakin məhkəmə cavabdehin uşaqlarının tədrisin onlayn qaydada keçirilməsi müddəti ərzində nəqliyyat vasitəsinin xidmətindən istifadə etməmələrini, eyni zamanda həmin müddət ərzində qida məhsulları ilə təmin olunmamalarını nəzərə alaraq hesab etmişdir ki, məktəbin 20.06.2020-ci il tarixdə qəbul etdiyi 20 saylı əmrə müvafiq hər uşağa görə 450 manat məbləğində güzəşt tətbiq olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi hər iki uşağa görə 4720 (5620- 900= 4720) manat məbləğində ödənilməmiş təhsil haqqının tutulması hissəsində qismən əsaslı hesab edilərək təmin edilməlidir.

12. Məhkəmə iddia tələbinin borcun ödənilməsinin gecikdirilməsinə görə 3203 manat cərimənin tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz.

13. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin 2.2.3-cü bəndinə əsasən şagird təhsil haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0,3% həcmində dəbbə pulu ödəyir.

14. Məhkəmə qeyd edir ki, müqavilə üzrə ödəniş o halda gecikdirilmiş hesab edilə bilər ki, cavabdeh bunu qəsdən etsin və müqavilə üzrə üzərinə götürmüş öhdəliyi icra etməkdən heç bir əsas olmadan imtina etsin. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xidmətin göstərilməsi ilə bağlı mübahisə yaranmışdır və öhdəliyin icra edilməsindən imtina yaranmış mübahisə ilə bağlı ödənilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının müqavilənin 2.2.3-cü bəndinə istinad edərək cavabdehdən cərimə tələb etməsi əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin müqavilənin icrasından birtərəfli qaydada imtina etməsi müqavilə ilə nəzərdə tutulmasa da, iddiaçı müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün cavabdehlə birgə hərəkət etməli idi. Lakin göründüyü kimi tərəflər arasında baş vermiş fors major halla bağlı razılıq əldə edilməmiş və mübahisə yaranmışdır. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında müqavilənin icrası ilə bağlı yaranmış mübahisə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icrasının gecikdirilməsi kimi qiymətləndirilə bilməz və bu səbəbdən iddia tələbi 3203,4 manat cərimənin tutulması hissəsində əsassızdır və təmin edilməməlidir

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 385.1, 404.1, 430.1, 430.2, 442, 448.1, 448.2-ci, Mülki Prossesual Məcəllənin 119.1, 216220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1219/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) C avabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)1835/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış 97 və 98 saylı, 13.09.2012-ci il tarixli müqavilələrin 2.1.12-ci bəndindən göründüyü kimi iddiaçı baş verən fors major hallara görə hər hansı məsuliyyət daşımır.

19. Məhkəmə kollegiyası, müqavilənin bu bəndinə şərh verərək qeyd etmişdir ki, respublikada baş verən pandemiya fors major hal hesab edilir və belə halın baş verməsi məlum olduğu kimi nə iddiaçının, nə də cavabdehin iradəsindən asılı deyil. Bununla belə müqavilə şərtlərinə əsasən iddiaçı xidmət göstərən şəxs kimi fors major hallara görə məsuliyyət daşımadığı üçün, cavabdehin həmin halı əsas tutaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etməsi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən imtina kimi qəbul edilməlidir.

20. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

21. Həmin Məcəllənin 430.2-ci maddəsinə əssən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir.

22. Odur ki, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq tərəflər arasında bağlanılmış 13.09.2019-cu il tarixli müqavilədə fors major hallara görə iddiaçının məsuliyyət daşımamasını müəyyən etmiş və cavabdehin fors major halını əsas tutularaq müqavilənin icrasından birtərəfli qaydada imtina etməsinin öhdəliyin pozulması kimi qiymətləndirilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.

23. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətin ə qarşı etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaç ının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

29. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

30. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

33. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

34. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (maddə 404.1)

35. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb e tdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

36. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)

37. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. (maddə 430.1)

38. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. (maddə 430.2)

39. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

40. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1).

41. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə z ərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5).

42. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

43. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1) Mülki Prossesual Məcəllə

44. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

45. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

46. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

47. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bi lər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq b elə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1219/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar