Məhkəmə qərarları › İş №2(102)-3736/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3736/2024

29.11.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3736/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: neft kəmərinin mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının 27 may 2024-cü il tarixli, 2(103)3186/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində inşa edilmiş ev Cavabdeh istifadəsində olmaqla, üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı “Azneft” İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində, 2463 və 2141 nömrəli neft quyusunun mühafizə zonasında, 399677; ******* coğrafi koordinatlarda yerləşən “A zneft” İB-nin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, “Azneft” İB-nin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində, 2463 və 2141 nömrəli neft quyusunun mühafizə zonasında, 399677; ******* coğrafi koordinatlarda yerləşən bir hissəsi cavabdeh tərəfindən zəbt edilərək üzərində qanunsuz tikinti işləri aparılmışdır. Cavabdehin belə hüquqazidd hərəkətləri iddiaçının neft və qaz hasilatı üzrə fəaliyyətinə mane olmaqla yanaşı, göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərini kobud surətdə pozmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək, Məhkəmə Ekspertiza Mərkəzində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 12 fevral 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşunun təşkili şöbəsinin mütəxəssis rəyində göstərilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla göstərilmiş torpaq sahəsi Azərbay can Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Bibiheybət NQÇİ). Həmçinin sahədən 17 metr məsafədə ləğv edilmiş, 8-32 metr məsafədə isə işlək neft quyusu məlumatları mövcuddur. Sözügedən torpaq sahəsinə dair sənəd təqdim edilməmişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(009)52/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində, 2463 və 2141 nömrəli neft quyusunun mühafizə zonasında, 399677; ******* coğrafi koordinatlarda X1 tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin “Azneft” İB-nin isti smarında və sahibliyində olması ekspert rəyində öz əksini tapmış, lakin cavabdeh heç bir hüquqa əsaslanmadan “Azneft” İB-nin qanuni sahibliyində olan torpaq sahəsində özbaşına tikinti işləri aparmaqla sonuncunun sahiblikdən irəli gələn hüququnu pozmuşdur. Cavabdehin müvafiq tikinti işləri apararaq mübahisəli torpaq sahəsini öz təsir dairəsində saxlaması hüquqən tanınan sahiblik haqqı deyil, hüquqla qorunmayan faktiki vəziyyətdir.

7. Məhkəmə, iddia tələbinin “ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması” hissəsinin tələbin Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində, 2463 və 2141 nömrəli neft quyusunun mühafizə zonasında, 399677; ******* coğrafi koordinatlarda cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sö külməsi” hissəsi ilə birbaşa bağlı olduğunu nəzərə alaraq həmçinin hesab etmişdir ki, sahibliyin müdafiəsi çərçivəsində iddia “ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması” hissələrində də təmin edilməlidir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsi, Mülki Məcəllənin 159, 164.2, 180.1, 180.3, və 180.4-cü, Torpaq Məcəlləsinin 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti b elə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən özbaşına tikilinin kimə məxsus olması, iddiaçı tərəfindən qeyd olunan koordinatlarda yerləşib-yerləşməməsi dəqiqləşdirilməmiş və yalnız iddiaçının sözlərinə əsasən qətnamə qəbul etmişdir. Hətta cavabdehin həmin ünvanda qeydiyyatının olmaması və yaşamaması nəzərə alınmamışdır. Sökülməsi nəzərdə tutulmuş tikilinin ona heç bir aidiyyəti yoxdur. Həmin ərazidə yüzlərlə fərdi yaşayış evləri mövcuddur, lakin məhkəmənin gəldiyi nəticəyə görə məhz təhlükə mənbəyi qeyd olunan koordinatda yerləşən özbaşına tikilidir. Cavabdehin qonşuluğunda yerləşən, onun tərəfindən inşa olunmamış tikilinin sökülməsi öhdəliyi onun üzərinə qoyula bilməz.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 may 2024-cü il tarixli, 2(103)-3186/2024 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və M.A.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(009)52/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə səciyyə daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi artıq özbaşına tikintinin ona məxsus olmama sı barədə yeganə (anlaşılan) dəlilini istisna edir, bununla da apellyasiya şikayətinin hüquqlardan sui-istifadə məqsədi ilə verildiyi və əsassız olması bir daha sübut edilir.

13. Apellyasiya kollegiyası qətnaməsində Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139-180-ci, Torpaq Məcəlləsinin 48, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 385-390-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

14. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 may 2024-cü il tarixli, 2(103)-3186/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şik ayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 88, 97.1, 217.1-ci maddələrinin tələbləri pozulmuşdur.

16. Belə ki, apellyasiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini araşdırmamış, qətnamədə apellyasiya məhkəməsinin mövqeyi və dəlilləri qeyd edilməmiş, apellyasiya şikayətinin hansı səbəbdən təmin edilməməsi öz əksini tapmamışdır. Apellyasiya məhkəməsi ekspertiza və yerli baxış keçirməli olduğu halda, bunu etməmişdir.

17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

18. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

20. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübah isələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. bütövlüklə instansiya Tətbiq edilən hüquq: 21.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfin dən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübut ları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişik lik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

25. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən araşdırmanın aparılmaması və ekspertiza keçirilməməsini göstərsə də, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində müvafiq ekspertiza keçirilmiş və məhkəmə qətnamələri o cümlədən bu rəyə istinad edilməklə əsaslandırılmışdır.

26. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən iş üzrə keçirilmiş ekspert rəyinə istinad etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir. 2

7. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 may 2024-cü il tarixli, 2(103)3186/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar