Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-383/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi, öhdəliyin icra edilməməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 2(103)4838/2024 nömrəli 7 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 28.111 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh 60 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.
2. AC 062861 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən **-SG-*** dövlət qeydiyyat nişanlı “X3 minik” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdehdır. 3. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh özünə məxsus “X3 minik” markalı avtomobili həmin tarixli kredit müqaviləsi üzrə götürdüyü 28.111 ABŞ dolları kredit məbləğinin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. 4. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqaviləyə əlavə olan xx.xx.2018-ci il tarixli akta əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmişdir.
5. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişə əsasən, o, yaranmış borcun ödənilməsi, ək s halda borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur. Bildiriş həmin tarixdə DİN BDYPİ-də qeydə alınmışdır.
6. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən "xxxx" ASC tərəfindən İddiaçı QSC-yə ötürülən məbləğ 20.220,89 ABŞ dolları olmuş (14.453 ABŞ dolları əsas, 5.767,89 ABŞ dolları faiz borcu) Cavabdeh tərəfindən İddiaçı QSC-yə 6.560 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və xx.xx.2024-cü i l tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh əsas borc üzrə 7.893 ABŞ dolları, faiz borcu üzrə 5.767,89 ABŞ dolları olmaqla, cəmi 13.660,89 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 159,67 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-SG-*** dövlət qeydiyyat nişanlı “X3 minik” markalı avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borc məbləğinin Cavabdeh t utulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün borcalana 28.111 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. “Borcalan” bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən borcalana verilən vəsaitindən istifadə müddəti 60 aydır. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 18%-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borcu 7.893 ABŞ dolları, faiz borcu üzrə 5.767,89 ABŞ dolları olmaqla, cəmi 13.660,89 ABŞ dolları təşkil etmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir.
9. Birinci instansiya məhkəməsinin qərar dadı əsasında əldə edilmiş “X1 Mərkəzi” MMC-nin xx.xx.2023-cü tarixli qiymətləndirmə hesabatından görünür ki, **-SG-*** dövlət qeydiyyat nişanlı “X3 minik” markalı avtomobilin orta bazar qiyməti 29.150 manat, likvid dəyəri 24.800 manatdır.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 9/8968 nömrəli rəyə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 01207 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh İddiaçı BOKT QSC-yə müqavilənin bitmə tarixinə, yəni xx.xx.2018-ci il tarixə olan borcu 25.764,78 ABŞ dolları məbləğində müəyyən edilmişdir, o cümlədən: əsas borc üzrə 15.236,41 ABŞ dolları və faiz borcu üzrə 10.528,36 ABŞ dolları.
11. Birinci instansiya məhkəməsinin qərardadı əsasında əldə edilmiş “X2” MMCnin xx.xx.2024-cü tarixli qiymətləndirmə hesabatına əsasən, **-SG-*** dövlət qeydiyyat nişanlı “X3 minik” markalı avtomobilin orta bazar qiyməti 30000 manatdır.
12. Birinci instansiya məhkəməsində cavabdehin vəkili və nümayəndəsi Vəkil iddianı qismən qəbul etmiş, izahatında göstərmişdir ki, onlar iddiaçı tərəflə razılıq əldə etməyə cəhd göstərmişlər. Lakin iddiaçı tərəf borc məbləğinin yalnız on iki aya bölünməsinin mümkün olacağını bildirmişdir. Səkinə xanım əsas məbləği dərhal, faiz məbləğini isə aylıq 100 dollar olmaqla, bu mümkün olmadıqda, ümumi borc üzrə aylıq 400 dollar olmaqla ödənişlər edə bilər. Hazırda da Səkinə xanım aylıq ödənişlər edir.
13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)53/2024 nömrəli qətnaməsi ilə (hakim R.T.Əhmədov) iddia qismən təmin edilmiş, Cavabdeh əsas borc üzrə 7.893 ABŞ dolları, faiz borcu 5.767,89 ABŞ dolları olmaqla, cəmi 13.660,89 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 159,67 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, tutmanın Cavabdeh məxsus olan və banka ipoteka qoyulmuş **-SG-*** dövlət qeydiyyat nişanlı “X3 minik” markalı avtomobilə yönəldilməsi, nəqliyyat vasitəsinin hərracda ilkin satış qiymətinin 30.000 manat məbləğində müəyyən edilməsi, avtomobil açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına olan borcun ödənilməsi, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsinin Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh "xxxx" ASC ilə bağladığı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etmiş, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmuşdur.
15. Birinci instansiya məhkəm əsi hesab etmişdir ki, borcalan Cavabdeh özünə məxsus avtomobili ipoteka qoyma yolu ilə təmin etdiyi kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün “İpoteka haqqında” Qanunun qeyd edilən maddəsinə və Mülki Məcəllənin 295-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC-nin tələbləri həmin ipoteka predmetinə yönəldilməli, iddia tələbi üzrə borc məbləği Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən ipoteka predmeti olan avtomobilin dəyərindən Mülki Məcəllənin 279-cu maddəsində nəzərdə tutulduğu qaydada borcun və digər xərclərin ödənilməsinə yönəldilməlidir.
16. Birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir.
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır.
18. Birinci instansiya məhkəməsi iddia tələbininin “satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə əskik qalan borc məbləğinin Cavabdeh tutulub iddiaçının hesabına ödənilməsi”nə dair hissəsini əsassız sayaraq qeyd etmişdir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi həmin tarixli ipoteka müqaviləsinə əsasən “X3 minik” markalı avtomobil ipoteka qoyulmuşdur. Həmin avtomobilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə əskik qalan borc məbləğinin cavabdehdən tutulması isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə olan halda məhkəmə iddia tələbini həmin hissədə əsassız saymışdır.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 296.1, 385.1, 448.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88 və 119.1-ci maddələri nə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin baxılmamış saxlanılması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, hazırkı işə birinci instansiya məhkəməsində baxılan zaman, tərəfindən kredit müqaviləsi üzrə borcun xeyli bir hissəsi, ayda 200 ABŞ dolları olmaqla ödənilmişdir. İddiaçı bir dəfə məhkəmə iclasında iddia tələbinin həcminin azalması ilə əlaqədar ərizə versə də, sonradan ərizə verməmiş, məhkəmə tərəfindən iddiaçının nümayəndəsinin münasibəti öyrənilməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizaların nəticəsində də avtomobilin dəyəri düzgün qiymətləndirilmişdir. Məhkəmə tərəfindən diqqət edilməmiş məqamlardan biri ondan ibarət olmuşdur. İddiaçı tərəfindən məhkəmə iddia qaldırmaq üçün, iddiaçının direktoru, iddia ərizəsini imzalayan direktor müavininə və iddiaçının hüquqlarını hazırki məhkəmə müdafiə edən nümayəndələrinə etibarnamə vermişdir. Hüquqlarını müdafiə edən vəkili və nümayəndəsi tərəfindən iş materialları ilə tanış olan zaman müəyyən etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iş materiallarında olan Məhəmməd müəllimin imza etdiyi etibarnamə kserosurət olmuşdur. Belə ki, həmin etibarnamə rəngli printer vasitəsilə çap edilərək, məhkəməyə təqdim edilmişdir. Mülki işə birinci instansiya məhkəməsində baxılan zaman işə sədrlik edən hakim tərəfi ndən diqqət yetirilməmişdir. İddiaçının subyektiv hüququnun olmasını təsdiq edən hal etibarnamə olduğu halda, həmin etibarnamənin əsli və ya qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti iddiaçı tərəfindən məhkəməyə daxil olmadığına və iş materiallarına əlavə edilmədiyinə görə iddiaçının subyektiv hüquqa malik olması sübut edilməmişdir. İddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət olunsa da, birinci instansiya məhkəmə qətnamə qəbul edərkən, bu xüsusatları nəzərə almamış, qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlməmişdir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4838/2024 nömrəli 7 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcu irəli sürülmüş tələbdən artıq olsa da, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmayaraq iddianı əsas və faiz borcunun tutulması hissəsində təmin etmişdir.
24. İddiaçı məhkəməyə müraciət edərkən cavabdeh tərəfindən müqavilə müddəti bitdikdən sonra və məhkəməyə müraciət edilməmişdən öncə həyata keçirilmiş ödənişi (6.560 ABŞ dolları) nəzərə almışdır. Belə ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş arayışa əsasən "xxxx" ASC tərəfindən İddiaçı QS C-yə ötürülən məbləğ 20.220,89 ABŞ dolları olmuş (14.453 ABŞ dolları əsas, 5.767,89 ABŞ dolları faiz borcu), hazırda isə iddiaçı cavabdehdən 14.453 ABŞ dollarından ödənilmiş 6.560 ABŞ dollarını çıxmaqla 7.893 ABŞ dolları əsas borc, 5.767,89 ABŞ dolları faiz borcunu tələb edir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəməyə iddia verildikdən sonra cavabdeh tərəfindən borcdan ödənişlərin edilməsi iddiaçı tərəfindən inkar edilmir. Həmin ödənişlərin nəzərə alınması icra mərhələsində həll olunan məsələdir. Bundan başqa, cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında ipoteka predmetinin ilkin satış qiymətinin 30.000 manat müəyyən edilməsinə etiraz etmədiyini, həmin hissədə qətnamə ilə razı olduqlarını bildirmişdir.
26. Apellyasiya instansiyasiyası məhkəməsi iddiaçı tərəfi ndən məhkəməyə etibarnamənin əsli deyil, surətinin təqdim edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin dəlil formal mülahizə olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. İşdən görünür ki, İdarə Heyəti sədrinin müavini tərəfindən məhkəmədə iştirak edən nümayəndəyə verilmiş etibarnamə imza ilə bərabər iddiaçı QSC-nin möhürü ilə də təsdiq edilmişdir. Bu isə iddiaçı QSC-nin hazırki iş üzrə iddia tələbinin irəli sürülməsinin onun iradəsinə uyğun olduğunu təsdiq etmişdir.
27. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 193.1, 193.2, 317, 319.1, 319.6, 385.1, 386.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 739-cu “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 33, 34.1.2, 36.3, 39.3.3-cü MPM-in 14.2, 77.1, 88, 2 17.2, 217.3, 217.4, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ının 49-cu bəndinə, MPM-in 259.0.3 və 387.2.8-ci maddələrinə istinad edilməklə apellyasiya şikayətinin dəlil ləri ilə eyni əsaslandırlmışdır. b)
30. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
32. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipot eka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
33. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
34. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
37. Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
38. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
39. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir.
40. Maddə 36.3. ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəs i əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir.
41. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sü rülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Kassasiya şikayətində göstərilən hüquqi dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir vı kassasiya instansiya məhkəməsi həmin hüquqi qiymətlə razılaşır və qeyd edir ki, bu dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
55. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir
56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4838/2024 nömrəli 7 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.