Məhkəmə qərarları › İş №2(103)-6067/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6067/2025

19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6067/2025 19.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X15 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi X1 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı “X15 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4, Cavabdeh2, Cavabdeh1 iştirakı ilə, İddiaçı “X15 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-645/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC (bundan sonra iddiaçı) ilə Cavabdeh2 (bundan sonra 1-ci cavabdeh) arasında bağlanmış xx.xx.2021-cı il tarixli, 2021/00847 saylı kredit müqaviləsinə əsasən iddiaçı 36 ay müddətində qaytarmaq və illik 32 % (müqavilə üzrə faktik illik faiz dərəcəsi 43,31%) dərəcəsi ilə faiz ödəmək şərti ilə cavabdehə 10.000 manat məbləğində kredit verməyi, 1-ci cavabdeh isə krediti qəbul etməyi və müəyyən edilmiş müddətlərdə və məbləğlərdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faizləri və gecikməyə yol verdiyi təqdirdə hesablanmış dəbbə pulunu ödəməyi barədə üzərlərinə öhdəlik götürmüşlər. Qeyd edilən məbləğ iddiaçı tərəfindən 1-ci cavabdehə verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq Cavabdeh1 (bundan sonra 2-ci cavabdeh) mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 199,9 kv.m. ümumi, 120,8 kv.m. yaşayış sahəsindən ibarət 8 otaqlı fərdi yaşayış evi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı cavabdehlərə xx.xx.2024-cü il tarixdə bildiriş göndərərək kredit müqaviləsi üzrə öhdəliklərin icra edilmədiyini, nəticədə həmin müqavilə üzrə göstərilən tarixə 9.107,17 manat əsas, 6.254,76 manat faiz, 5.900 manat cərimə borcunun yarandığını bildirmiş və 7 gün ərzində borcun ödənilməsinin təmin edilməsini tələb etmiş, əks halda borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılması barədə xəbərdarlıq etmişdir. Lakin bunun bir nəticəsi olmamış, kredit müqaviləsi üzrə yaranmış borc məbləği ödənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2194 saylı ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 00847/2021 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq 1-ci cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixə 13.048,99 manat, o cümlədən 7.898,50 manat əsas, 5.150,49 manat faiz borcu yaranmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02/ME/002 saylı mənzilin qiymətləndirilməsinə dair ekspert rəyinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, Əsas küçə, 5-ci döngə ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində yerləşən 200 kv.m sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinin xx.xx.2025-ci il tarixinə bazar dəyəri 193.600 manat, likvid dəyəri isə 183.900 manat müəyyən edilir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-cü il tarixli, 847/2021 saylı kredit müqaviləsi üzrə ümumilikdə 21.261,93 manat (əsas borc üzrə 9.107,17 manat, faiz borcu üzrə 6.254,76 manat, dəbbə pulu üzrə 5.900 manat məbləğinin Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilməsi, tələbin Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, Əsas küçə, 5ci döngə ünvanında olan 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 199.9 kv.m ümumi sahədən ibarət 5 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" MMC-yə 21.261,93 manat məbləğində borcun, bildirişin qeydə alınması ilə əlaqədar 51 manat və 153,78 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia işin faktiki hallarına istinad edilməklə əsaslandırılmışdır.

4. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, onun rəsmi iş yeri və qazanc mənbəyi olmayıb, qazancı sadəcə taksi xidməti göstərməkdən əldə edibdir. Bununla belə ölkə ərazisində yayılmış pandemiya səbəbindən işləri dayanmış və öz qazancından məhrum olmuşdur. Bundan sonra kredit üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Lakin hazırkı şəraitdə iddiaçının əsaslandığı kredit müqaviləsinin şərtləri heç də ağlabatan deyildir. Həmin müqavilənin 1.5-ci maddəsinə əsasən kreditdən istifadəyə görə faiz dərəcəsi verilmiş məbləğin illik 32%-ni təşkil edir. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 43,31% təşkil edir. Müqavilənin 1.9-cu maddəsinə əsasən borc alan borc verənə müqavilə məbləğinin 13% həcmində birdəfəlik komisyon haqqı ödəyir. Komisyon haqqı kredit verərkən ödənilir. 3.2-ci maddəsinə əsasən müqavilənin müddəti bitdikdən sonra borc alan kredit faizlərini vaxtında ödəmədikdə ödənilməyən kredit üçün faiz dərəcəsi illik 2 qat artırılaraq 64% dərəcəsi ilə hesablanır. Məhz bu cür şərtlərə görə keçən müddət ərzində ödədiyi kredit ödənişlərinə baxmayaraq, onun borcu hazırda qalıq borcdan 21.261,93 manat məbləğə qədər hesablanaraq böyüdülüb. Göstərilən faizlər AR Mərkəzi Bankının 2021-ci il 31 mart, həmçinin 2024-cü il tarixinə olan “Bank kapitalının və onun adekvatlığının hesablanması” Qaydalarının tələblərindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair Məlumatında göstərilən istehlak kreditləri üzrə orta faizdən dəfələrlə çoxdur. Əslində müqavilə üzrə öhdəliklər çox hissədə yerinə yetirilmişdir. Ödənişlərin qalan hissədə gecikməsi iddiaçının nümayəndəsi ilə dəfələrlə müzakirə edilib, gecikmə səbəbləri diqqətinə çatdırılıb. İddiaçı tərəfindən müqavilə üzrə qalan borc və hesablanmış faizlər həddindən artıq şişirdilibdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-645/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 847/2021 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 7.898,50 manat, faiz borcu üzrə 5.150,49 manat, 400 manat məbləğində dəbbə pulu, cəmi 13.448,99 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 51 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 manatın alınaraq “X15 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, tələbin Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, Əsas küçə, 5-ci döngə ünvanında olan 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 199.9 kv.m ümumi sahədən ibarət 5 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın dəyərinin 183.900 manat müəyyən edilməsi, həmin yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində evin boşaldılması və alıcıya təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi, məhkəmə-muhasibat ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat pulun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, qiymətləndirməyə dair ekspertizası tədqiqatının dəyərini təşkil edən 600 manat pul məbləğinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. (hakim X5)

6. Məhkəmə iddia tələbinin kredit borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə üzrə kreditor üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Hazırda Cavabdeh2 banka ödənilməmiş əsas və faiz borcu qalmışdır, bu barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Bununla belə, Cavabdeh2 müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.

7. Məhkəmə, tələb edilən əsas borc və faiz məbləğini müəyyən edərkən məhkəmə mühasibatlıq ekspertinin rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab etmişdir ki, həmin rəy sübut kimi qəbul edilməli, əsas və faiz borcu ekspertin gəldiyi nəticəyə uyğun olaraq, yəni əsas borc 7.898,50 manat, faiz borcu 5.150,49 manat həddində müəyyən edilməlidir. Məhkəmə, kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 400 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq saymışdır.

8. Məhkəmə iddia tələbinin borcun ipoteka predmetini təşkil edən əmlaka yönəldilməsi hissəsində mənzilin hazırkı bazar qiymətinə uyğun olaraq satış məbləğini müəyyən edərkən "xxxx" MMC-nin rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab etmişdir ki, bu rəy sübut kimi qəbul edilməli, yaşayış evinin likvid dəyəri 183.900 manat məbləğində müəyyən edilməlidir.

9. Məhkəmə xərclərinin bölüşdürlməsinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 manat Cavabdeh2 aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat, əmlak qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyərini təşkil edən 600 manat cavabdehlərə aid edilməli, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 100 manat alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə, 600 manat isə alınaraq "xxxx" MMC-yə ödənilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci, 309.1-ci, 317.1-ci, 318.1-ci, 319.1-ci, 385.1-ci, 442-ci, 443.1-ci, 448.1-ci, 462.1-ci, 467-ci, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci, 37.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 107-ci, 119.1-ci, 217-218-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

12. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun tərəfindən banka ödənilmiş məbləğlər məhkəmə tərəfindən nəzərə alınmamış, məhkəmə isə bununla bağlı heç bir araşdırma aparmamış, məhkəmə-mühasibat ekspertizası təyin etməmişdir, əmlakın dəyərinin 183.900 manat deyil, bundan qat-qat artıq olaraq 400.000 manat olmasını araşdırmamış, tələm – tələsik qətnamə qəbul etmişdir. Onun rəsmi iş yeri və qazanc mənbəyi olmayıb, qazancı sadəcə taksi xidməti göstərməkdən çıxıb. Bununla belə ölkə ərazisində yayılmış pandemiya səbəbindən işləri dayanmış və öz qazancından məhrum olmuşdur. Bundan sonra kredit üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Lakin hazırkı şəraitdə iddiaçının əsaslandığı kredit müqaviləsinin şərtləri heç də ağlabatan deyildir. Həmin müqavilənin 1.5-ci maddəsinə əsasən kreditdən istifadəyə görə faiz dərəcəsi verilmiş məbləğin illik 32%-ni təşkil edir. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 43,31% təşkil edir. Müqavilənin 1.9-cu maddəsinə əsasən borc alan borc verənə müqavilə məbləğinin 13% həcmində birdəfəlik komisyon haqqı ödəyir. Komisyon haqqı kredit verərkən ödənilir. 3.2-ci maddəsinə əsasən müqavilənin müddəti bitdikdən sonra borc alan kredit faizlərini vaxtında ödəmədikdə ödənilməyən kredit üçün faiz dərəcəsi illik 2 qat artırılaraq 64% dərəcəsi ilə hesablanır. Məhz bu cür şərtlərə görə keçən müddət ərzində ödədiyi kredit ödənişlərinə baxmayaraq, onun borcu hazırda qalıq borcdan 21.261,93 manat məbləğə qədər hesablanaraq böyüdülüb. Göstərilmiş faizlər AR Mərkəzi Bankının 2021-ci il 31 mart, həmçinin 2024-cü il tarixinə olan “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair Məlumatında göstərilən istehlak kreditləri üzrə orta faizdən dəfələrlə çoxdur. Əslində müqavilə üzrə öhdəliklər çox hissədə yerinə yetirilmişdir. Ödənişlərin qalan hissədə gecikməsi iddiaçının nümayəndəsi ilə dəfələrlə müzakirə edilib, gecikmə səbəbləri diqqətinə çatdırılıb. İddiaçı tərəfindən müqavilə üzrə qalan borc və hesablanmış faizlər həddindən artıq şişirdilib. Bununla belə qalıq borc məbləği ilə bağlı ekspertin gəldiyi nəticə ilə razıdır, lakin iddia tələbi ilə razı deyil. İpoteka predmetinin hal-hazırda real bazar qiymətinin müəyyən etmək üçün təkrar məhkəmə qiymətləndirmə ekspertizası təyin edilməli, həll edilməsi üçün ekspertin qarşısında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, Əsas küçə, 5-ci döngə ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində yerləşən 200 kv.m sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinin hal-hazırda real bazar qiyməti nə qədər təşkil edir? sualları, habelə məhkəmə-mühasibat еkspеrtizаsı təyin edilməli, ekspert qarşısında indiyənədək ümümilikdə banka nə qədər pul vəsaitinin ödənilməsi və kredit müqaviləsinin qüvvədə olma müddətində əsas və faiz borcunun nə qədər təşkil etməsi ilə bağlı suallar qoyulmalıdır. Bu kredit məsələsi koronavirus dövründə olmuş, bütün ödədiyi pullar dəbbəyə və faizə hesablanmışdır. Həmçinin evi girov qoyanda evdə kimlər qeydiyyatdadırsa, onlar icazə verməlidir. Ev girov qoyulanda evdə qeydiyyatda olan - oğlu Cavabdeh1 Zauroviç, qızı Məmmədova (Quliyeva) Fidan Zaur qızı və qardaşı X2 icazəsi alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə etmiş və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayəti ilə razılaşaraq apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında iddiaçı “X15 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün penyaödəyəcəyini vəd etmişdirsə, kreditor penyanin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

18. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, habelə ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aid edilmişdir; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 39.3-cü və 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırki apellyasiya şikayətində hüquqi nəticə etibarı ilə qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə də iddianın rədd edilməsi xahiş edildiyindən, habelə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6067/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə iş üzrə icraata “ipoteka qoyulmuş əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində boşaldılması” hissəsində xitam verildiyindən, qətnamə iddianın Cavabdeh2 münasibətdə təmin edilən qalan hissələrində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, tutulmalı olan faiz borcunu düzgün hesablamamışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh2 tutulan faiz borcunun, buna uyğun olaraq ümumi borcun, habelə dövlət rüsumunun məbləği” hissəsində dəyişdirilməlidir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ilə 1-ci cavabdeh arasında bağlanmış xx.xx.2021-cı il tarixli kredit müqaviləsinə əsasən iddiaçı 36 ay müddətində qaytarmaq və illik 32 % (müqavilə üzrə faktik illik faiz dərəcəsi 43,31%) dərəcəsi ilə faiz hesablamaq şərti ilə 1-ci cavabdehə 10.000 manat məbləğində kredit verməyi, sonuncu isə krediti qəbul etməyi və müəyyən edilmiş müddətlərdə və məbləğlərdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faizləri və gecikməyə yol verdiyi təqdirdə hesablanmış dəbbə pulunu ödəməyi barədə üzərlərinə öhdəlik götürmüşlər. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq 2-ci cavabdehə məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 199,9 kv.m. ümumi, 120,8 kv.m. yaşayış sahəsindən ibarət 8 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı da cavabdehlərə xx.xx.2024-cü il tarixdə bildiriş göndərərək kredit müqaviləsi üzrə öhdəliklərin icra edilmədiyini, nəticədə müqavilə üzrə borcun yarandığını bildirmiş və 7 gün ərzində borcun ödənilməsinin təmin edilməsini tələb etmiş, əks halda borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılması barədə xəbərdarlıq etmişdir. Lakin bunun bir nəticəsi olmamış, kredit müqaviləsi üzrə yaranmış borc məbləği bundan sonra da ödənilməmişdir.

26. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1-ci cavabdehin 9.107,17 manat əsas, 6.254,76 manat faiz, 5.900 manat cərimə, cəmi 21.261,93 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləğin ondan tutulmasını, tutmanın 2-ci cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş əmlaka (torpaq sahəsi və fərdi yaşayış evi) yönəldilməsini, əmlakın açıq hərracdan satılmasını və satışdan əldə olunan vəsait hesabına həmin borcun, bildirişin qeydə alınması ilə əlaqədar ödənilmiş pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsini tələb edir.

27. 1-ci cavabdeh iddiaçıya kredit müqaviləsindən irəli gələn borcunun mövcud olduğunu qəbul etsə də, borcun məbləği ilə razı deyil və taksi fəaliyyəti ilə məşğul olduğuna, pandemiya başlayana qədər kredit borcunu mütəmadi olaraq ödədiyinə, bu tarixdən sonra ödənişi həyata keçirə bilmədiyindən borcunun yarandığına, etdiyi ödənişlərin isə faizlərə hesablandığına istinad edərək borc məbləğinin şişirdildiyini, o cümlədən faiz dərəcəsinin yüksək müəyyən edildiyini, həmçinin ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin də əmlakın real bazar dəyərindən qat-qat aşağı olduğunu bildirir və həmin hallara istinad edərək borc məbləğinin müəyyən edilməsi üçün təkrar məhkəmə-mühasibat ekspertizasının, habelə ipoteka predmetini təşkil edən əmlakın təkrar qiymətləndirirlməsinin keçirilməsini tələb edir.

28. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində 1-ci cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində 1-ci cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu səbəbdən 1ci cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.

29. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əsas borc məbləğinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə-muhasibat ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 9/2194 saylı ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixli, 00847/2021 saylı kredit müqaviləsinə əsasən 1-ci cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixə 7.898,50 manat məbləğində əsas borcu yaranmışdır. Birinci instansiya məhkəməsi də haqlı olaraq əsas borc məbləğini müəyyən edərkən məhkəmə ekspertinin rəyini mötəbər sübut kimi qəbul etmiş və cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 7.898,50 manat məbləğində pulun tutulması qənaətinə gəlmişdir. Hazırda iddiaçı əsas borc məbləğinin real borc məbləğindən çox hesablanması, daha az əsas borcunun qalması mövqeyindən çıxış etsə də, bu halı təsdiqləyən heç bir sübut təqdim edə bilmir. Təqdim edilən mədaxil qəbzlərindən də belə bir halın mövcud olması müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iş üzrə təkrar və ya əlavə məhkəmə-muhasibat ekspertizasının keçirilməsinə hər hansı əsas yoxdur. Qeyd edilənlər nəinki iddia tələbinin bu hissədə rədd edilməsini, hətta birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş əsas borc məbləğinin azaldılmasını istisna edir. Nəticə etibarı ilə apellyasiya şikayətinin bu qəbildən olan dəlilləri əsassızdır, bu səbəbdən təmin edilə bilməz.

30. Məhkəmə kollegyası iddia tələbinin faiz borcunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı 1-ci cavabdehdən 6.254,76 manat məbləğində faiz borcunu kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsini xx.xx.2024-cü il tarixədək hesablanmaqla tələb edir. Halbuki, qeyd edilən müqavilə 36 ay müddətinə bağlanmış və bu baxımdan kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir.

31. Məhkəmə kollegiyası iddiaçı tərəfindən kredit müqaviləsi üzrə faizlərin kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə hesablanmasını əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmişöhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir.

32. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MMnin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Ən nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsinigecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

33. Bu səbəbdən iddiaçının xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə faizlərin kredit tam qaytarılan günədək hesablanıb tutulması barədə iddiaları, kredit müqaviləsində nəzərdə tutulmuş bank uçot faiz dərəcəsi ilə deyil, mülki məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulmuş bank uçot faiz dərəcəsi ilə pulun tutulmasını ehtiva edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin öz təşəbbüsü ilə iddiaçının tələb etdiyi kimi kredit müqaviləsində nəzərdə tutulmuş faizlə deyil, 449.1-ci maddəsinə uyğun olaraq bank uçot faiz dərəcəsi ilə faizlərin tutulması gələcəkdə iddiaçının daha böyük zərərə görə pul tələbi ilə çıxış etməsinin qarşısını aldığından iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməklə yolverilməzdir. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş edilmiş hüquqi mövqe baxımından məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində kreditin vaxtında qaytarılmaması ilə bağlı kredit müddətindən sonra borclunun kredit müqaviləsi üzrə faiz dərəcəsi ilə gecikdirmə faizlərinin ödənilməsi üzrə hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi faiz məbləği yalnız kredit müqaviləsinin bitdiyi tarixədək (xx.xx.2024-cü il) hesablanmalıdır. Bu baxımdan iddia tələbi faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, 1-ci cavabdehdən xx.xx.2024-cü il tarixə yaranmış faiz borcu tutulmalıdır.

34. Məhkəmə kollegiyası mötəbər sübut kimi qiymətləndirilmiş ekspert rəyi üzrə xx.xx.2024-cü il tarixə 5.150,49 manat faiz borcunun yaranmasını qəbul edib (birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-muhasibat ekspertizası təyin edilərkən bu barədə qərardadda borcun məhz xx.xx.2024-cü il tarixə hesablanması tapşırılmışdır.), cavabdehin banka yaranmış əsas borcunun məbləğini və illik faiz dərəcəsini, habelə kredit müqaviləsinin qüvvədə olma müddəti bitdiyi tarixdən sonra hər hansı məbləğdə ödənişin edilməməsini nəzərə alıb, qeyd edir ki, cavabdehin mövcud olan 7.898,50 manat əsas borc məbləğinə illik 32 % hesablandığı təqdirdə 1 il üzrə onun faiz borcu (7.898,50 x 32 % / 100 = 2.527,52) 2.527,52 manat, 1 ay üzrə isə (2.527,52/12=210,63) 210,63 manat, 1 gün üzrə (210,63 / 30 = 7,02) 7,02 manat təşkil etmiş olacaqdır. İddiaçı isə kredit müqavilənin qüvvədə olma müddəti xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq, faiz borcunu xx.xx.2024-cü il tarixədək, yəni əlavə olaraq 4 ay 13 gün üçün də eyni faiz dərəcəsi ilə hesablamışdır. Bununla belə, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyi əsas götürüb, belə qənaətə gəlir ki, iddiaçı qeyd edilən 4 ay 13 gün üzrə cavabdehin faiz borcunun müqavilə üzrə müəyyən edilmiş faiz dərəcəsi ilə hesablamaqda haqlı olmamışdır. Bu səbəbdən bu günlər (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr) üzrə illik 32% dərəcəsi ilə hesablanmış faiz məbləği, yəni (210,63 x 4 ay + 7,02 x 13 gün = 842,52 + 91,26 = 933,78) 933,78 manat məbləğində pul tələb edilən 5.150,49 manat məbləğində faiz borcundan silinməli (5.150,49 - 933,78 = 4.216,71), qalan 4.216,71 manat məbləğində faiz borcu tərəflər arasında bağlanmış kredit müqaviləsinin qüvvədə olma müddətinin sonuna hesablanmış faiz borcu məbləği qismində müəyyən edilməli və 1-ci cavabdehən iddiaçının xeyrinə tutulmalıdır.

35. Məhkəmə kollegiyası dəbbə pulunun tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı ilə 1-ci cavabdeh arasında cərimə məbləğinin hesablanması haqqında yazılı formada razılaşma olmuş, yəni 1-ci cavabdeh ödənişlərin gecikdirilməsi nəticəsində cərimə ödəyəcəyini vəd etmişdir. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən 1-ci cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə kollegiyası kreditin, habelə aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cərimə məbləğinin azaldılması üçün də hər hansı əsas yoxdur.

36. Məhkəmə kollegiyası tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən ipoteka predmetini təşkil edən əmlakın ilkin satış qiyməti (likvid dəyəri) məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Birinci instansiya məhkəməsi də qanunvericiliyin həmin tələbini rəhbər tutaraq ipoteka predmetini təşkil edən əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə təşkil etmiş və bu işi həyata keçirmiş "xxxx" MMCnin xx.xx.2025-ci il tarixli, 02/ME/002 saylı rəyinə əsasən ipoteka predmetini təşkil edən əmlakın (torpaq sahəsi və fərdi yaşayış evi) xx.xx.2025-ci il tarixinə bazar dəyəri 193.600 manat, likvid dəyəri isə 183.900 manat müəyyən edilmişdir. 1-ci cavabdeh əmlakın real dəyərinin daha çox olması mövqeyindən çıxış etsə də, bu halı təsdiq edən, habelə qiymətləndirmə hesabatının mötəbər hesab edilməməsinə əsas olan hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsində əmlakın dəyəri 82.000 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası əmlakın yenidən qiymətləndirilməsinə də hər hansı zərurət görmür və 1-ci cavabdehin bu qəbildən olan dəlillərini də əsassız hesab edərək, onların da təmin edilməməsi qənaətinə gəlir.

37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ümumilikdə (7.898,50 + 4.216,71 + 400 = 12.515,21) 12.515,21 manat məbləğində borcun tutulması qənaətinə gəlindiyindən cavabdehdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni 127,55 manat məbləğində dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan, yəni (153,78 - 127,55 = 26,23) 26,23 manat hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə xərcləri ilə bağlı digər hissələrdə isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh2 tutulan faiz borcunun, ümumi borcun, habelə dövlət rüsumunun məbləği” hissəsində dəyişdirilməli, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 2021/00847 saylı kredit müqaviləsi üzrə 4.216,71 manat məbləğində faiz borcu, buna müvafiq olaraq ümumilikdə 12.515,21 manat (əsas, faiz, dəbbə pulu) məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun 127,55 manat hissəsinin əvəzi tutularaq iddiaçı “X15 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-645/2025 saylı qətnaməsi “Cavabdeh2 tutulan faiz borcunun, ümumi borcun, habelə dövlət rüsumunun məbləği” hissəsində dəyişdirilsin. Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 2021/00847 saylı kredit müqaviləsi üzrə 4.216,71 (dörd min iki yüz on altı manat, yetmiş bir qəpik) manat məbləğində faiz borcu, buna müvafiq olaraq ümumilikdə 12.515,21 (on iki min beş yüz on beş manat, iyirmi bir qəpik) manat (əsas, faiz, dəbbə pulu) məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun 127,55 (bir yüz iyirmi yeddi manat, əlli beş qəpik) manat hissəsinin əvəzi tutularaq iddiaçı “X15 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar