Məhkəmə qərarları › İş №2(102)-3963/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3963/2022

25.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3963/2022 25.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “çardaq tikintisinin qismən sökülməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “pəncərənin bağlanılması və kanalizasiya quyusunun yerinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2022-ci il tarixli, 2(104)906/2022 nömrəl i qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonun şimal-şərq tərəfində istifadədə olan 0,01317 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Qonşuluqda yerləşən Gəncə şəhəri, 3-cü mikrorayonun şimal-şərq hissəsində 500,0 kv.m torpaq sahəsi Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2013-cü il tarixli, 655 nömrəli sərəncamı ilə X2 ayrılmış, sonuncu 26 noyabr 2019-cu il tarixli etibarnamə ilə həmin torpaq sahəsinə və torpaq sahəsində i nşa ediləcək tikililərə dair sərəncam verməyi, sənədləşmə işlərini aparmağı və s. Cavabdeh etibar etmişdir. Cavabdeh tərəfindən torpaq sahəsində çardaq tikilisi inşa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən inşa edilmiş çardağın Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonun şimalşərq tərəfində yerləşən fərdi yaşayış evinə təbii günəş işığının düşəcəyi həddə sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan fərdi yaşayış evinin tikintisi 2015-ci il tarixdə başa çatmışdır. Fərdi yaşayış evi tikilərkən evin sol tərəfi boş bir ərazi olmuşdur. Bir neçə il ərzində orada hər hansı tikinti i şləri aparılmamışdır. Lakin 2020ci ilin əvvəllərində orada tikinti işləri aparılmağa başlanılmış, fərdi yaşayış evi tikən şəxslər iddiaçının evində bir neçə ay yaşamamağından sui-istifadə edərək sərhəd hasarının üzərində çardaq qaldıraraq 0,5 metr ərazidə onun ərazisinə keçmiş, nəticədə evinə təbii günəş işığının düşməsinə maneçilik törətmişlər. Cavabdehə bir neçə dəfə şifahi müraciət edərək çardağın tamamilə sökülməsini deyil, evinə günəş işığının düşəcəyi həddə çardağın yenidən konstruksiya edilməsini xahiş etsə də, bu heç bir nəticə verməmişdir. Cavabdehin tikdirdiyi tikili qanunsuz tikili olmaqla heç bir hüquqi sənədi yoxdur.

5. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdehə məxsus fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşən və yaşadığı evin həyətinə baxan pəncərənin bağlanması, həmçinin yaşadığı evin darvazasının qarşısında quraşdırılmış kanalizasiya quyusunun yerinin dəyişdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Gəncə şəhəri, 3-cü mikrorayonun şimal-şərq hissəsində 500 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evini etibarnamə əsasında X1 almışdır. İddiaçı yaşadığı evi tikdirən zaman evinin pəncərələrini onun həyətinə baxan tərəfə qoydurmuş, həmin vaxt qonşu ilə münasibətləri korlamamağı, özü tərəfdə çardaq düzəltməyi və həyətin görünməməsi üçün qarşısını poliplastik arakəsmə ilə bağlamağı düşünmüşdür. Həmçinin, İddiaçı kanalizasiya xətti çəkdirən zaman quyusunu düz onun qapısının qarşısında quraşdırmışdır. Cavabdeh məcbur olub evinin darvazasını arxaya çəkmişdir ki, sözügedən quyu həyətindən çöldə qalsın. Buna baxmayaraq, yenə də qonşuluq xətrinə heç nə deməmişdir. Bu yaxınlarda özü tərəfdə çardaq düzəldərək fikirləşdiyi kimi hasarının içərisindən poliplastik arakəsmə ilə bağlamışdır ki, qonşunun evindən onun həyəti və evi görünməsin. Bundan sonra, qonşu tamamilə əsassız olaraq arakəsmənin sökülməsini tələb etməyə başlamış, hazırda isə bu iddia ilə onu məhkəməyə vermişdir. Hesab edir ki, belə olan halda İddiaçı məxsus evin onun həyətinə baxan pəncərələri də bağlanmalıdır. Həmçinin, ona məxsus evin darvazasının qarşısında quraşdırılmış kanalizasiya quyusunun yeri də dəyişdirilməlidir.

7. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası M ərkəzində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 19 mart 2021-ci il tarixli rəyinə əsasən Cavabdeh istifadəsində olan Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, şimal-şərq tərəfdə yerləşən torpaq sahəsində çardaq tikilisinin inşasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından, çardaq tikilisinin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1-ci və 4.2-ci bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir. Cavabdeh tərəfindən inşa edilmiş çardaq tikilisinin hündürlüyünün təqribən 6,70 m, uzunluğunun təqribən 11 m olduğu və təqribən 1,60 m ara məsafəsində inşa olduğunu nəzərə alaraq, iddiaçıya məxsus fərdi yaşayış evinin təbii işıqlandırılmasına mənfi təsir göstərdiyi müəyyən edilir. Cavabdeh tərəfindən inşa edilmiş çardaq tikilisinin konstruksiyasının hündürlüyü təqribən 2,0-2,50 m aşağı səviyyəyə endirilməklə iddiaçıya məxsus olan fərdi yaşayış evinin 2-ci mərtəbə səviyyəsində yerləşən yaşayış otaqlarına düşən təbii işıqlanmanın qarşısının alınması aradan qaldırıla bilər. Tikinti norma və qaydalarında yaşayış evlərinin pəncərələrin qonşu torpaq sahələrinə açılması ilə bağlı normativ tələblər olmadığından bu sual üzr ə tədqiqat aparılmamışdır. İddiaçı məxsus fərdi yaşayış evinin Cavabdeh istifadə etdiyi torpaq sahəsinə baxan pəncərələrin tikinti norma və qaydaları (texniki pasport üzrə 4 saylı tikilinin yaşayış otağının) başqa yerə istiqamətə köçürülməsi mümkündür. Lakin texniki pasportun məlumatlarında göstərilən 5 saylı tikilinin (yaşayış otağının) pəncərəsinin tikinti norma və qaydalarına uyğun şəkildə başqa istiqamətə köçürülməsinin mümkün olmadığı müəyyən edilir. Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon şimal-şərq tərəf ünvanında yerləşən mübahisəli kanalizasiya quyusunu üstü bağlı olduğundan və küçədə yerləşdiyini nəzərə alaraq, Cavabdeh istifadə etdiyi torpaq sahəsinə hər hansı ziyan vurmadığı və ya torpaq sahəsinin istifadəsinə maneə yaratmadığı müəyyən edilir. Qeyd olunur ki, kanalizasiya q uyusunun yerinin dəyişdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarından icazələr (X4) aldıqdan sonra mümkündür.

8. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək, "xxxx" MMC-də keçirilmiş təkrar məhkəmə-tikinti ekspertizasının 01 noyabr 2021-ci il tarixli rəyinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon şimal-şərq tərəfdə yerləşən, Cavabdeh istifadəsində olan torpaq sahəsində çardaq tikilisinin inşasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından, çardaq tikilisinin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1. və 4.2. bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir. Mübahisəli çardaq tikilisinin hündürlüyünün 7,22 m, uzunluğunun təqribən 11 m olduğunu və eləcə də, 1,60 m ara məsafəsində inşa olunduğunu nəzərə alaraq, həmin çardaq tikilisinin İddiaçı məxsus olan fərdi yaşayış evinin təbii işıqlandırılmasına mənfi təsir göstərdiyi müəyyən edilir. Mübahisəli çardaq tikilisinin konstruksiyasının hündürlüyü təqribən 2,0-2,50 m aşağı səviyyəyə endirilməklə İddiaçı məxsus olan fərdi yaşayış evinin ikinci mərtəbə səviyyəsində yerləşən yaşayış otaqlarına düşən təbii işıqlanmanın qarşısının alınması aradan qaldırıla bilər. İddiaçı məxsus fərdi yaşayış evinin Cavabdeh istifadə etdiyi istifadə etdiyi torpaq sahəsinə baxan pəncərələrin tikinti norma və qaydaları (texniki pasport üzrə 4 saylı tikilinin yaşayış otağının) başqa yerə istiqamətə köçürülməsi mümkündür. Lakin texniki pasportun məlumatlarında göstərilən 5 saylı tikilinin (yaşayış otağının) pəncərəsinin tikinti norma və qaydalarına uyğun şəkildə başqa istiqamətə köçürülməsinin mümkün olmadığı müəyyən edilir. Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon şimal-şərq tərəf ünvanında yerləşən mübahisəli kanalizasiya quyusunu üstü bağlı olduğundan və küçədə yerləşdiyini nəzərə alaraq, Cavabdeh istifadə etdiyi torpaq sahəsinə hər hansı ziyan vurmadığı və ya torpaq sahəsinin istifadəsinə maneə yaratmadığı müəyyən edilir. Qeyd olunur ki, kanalizasiya quy usunun yerinin dəyişdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarından icazələr (X4) aldıqdan sonra mümkündür.

9. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(043)218/2021 nömrəli qətnaməsi ilə (hakim T.Ş.Qocayev) ilk iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon şimal-şərq tərəfində yerləşən fərdi yaşayış evinin sərhəd hasarında Cavabdeh istifadəsində olan torpaq sahəsində tikilmiş çardaq tikilisinin konstruksiyasının hündürlüyünün 2 metr aşağı səviyyəyə endirilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış sahəsinin qonşuluğunda yerləşən cavabdeh tərəfindən tikilmiş çardaq tikilisinin hündürlüyü 7,22 m, uzunluğu təqribən 11, metrdir və eləcə də, tikili 1,60 m ara məsafəsində inşa olunduğundan həmin çardaq tikilisi İddiaçı məxsus olan fərdi yaşayış evinin təbii işıqlandırılmasına mənfi təsir göstərir. Ekspert və mütəxəssis rəyində də həmin hal öz təsdiqini tapmışdır. Mübahisəli çardaq tikilisinin konstruksiyasının hündürlüyü təqribən 2,0-2,50 m aşağı səviyyəyə endirilməklə İddiaçı məxsus olan fərdi yaşayış evinin ikinci mərtəbə səviyyəsində yerləşən yaşayış otaqlarına düşən təbii işıqlanmanın qarşısının alınması mümkündür. Odur ki, ilk iddia tələbi təmin edilməlidir.

11. Məhkəmə, qarşılıqlı iddia tələbinin kanalizasiya quyusunun yerinin dəyişdirilməsinə münasibət bildirərək qeyd etmişdir ki, ekspert və mütəxəssis rəyindən də göründüyü kimi, mübahisəli kanalizasiya quyusunu üstü bağlı old uğundan və küçədə yerləşdiyindən cavabdehin istifadə etdiyi torpaq sahəsinə hər hansı ziyan vurmur, torpaq sahəsinin istifadəsinə maneə yaratmır.

12. Qarşılıqlı iddia tələbinin ilk iddia üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşən pəncərələrin bağlanmasına münasibət bildirən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tikinti norma və qaydalarda yaşayış evlərinin pəncərələrin qonşu torpaq sahələrinə açılması ilə bağlı normativ tələblər yoxdur. Pəncərələrin qonşu torpaq sahələrinə açılması ilə bağlı hər hansı qadağanedici normativ tələb olmadığından digər tərəfi pəncərələri müəyyən istiqamətə açmağa məcbur etmək yolverilməzdir. Eləcə də, kanalizasiya quyusu qarşılıqlı iddia üzrə iddiaçıya maneə yaratmadığından həmin quyunun yerinin dəyişdirilməsi üçün əsas yoxdu r.

13. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdehin faktiki istifadəsində olan fərdi yaşayış evi və torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və həmin torpaq sahəsində tikilən çardaq tikilisi müvafiq icazə sənədləri olmadan tikilmişdir.

14. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 170.2, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 70.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(043)-218/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2022-ci il tarixli, 2(104)-906/2022 nömrəli qətnaməsi ilə (hakim Ə.İ.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Ş.Muradovdan və F.Ə,Mehtiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(043)218/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə və əsaslandırılması ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, iddiaçının iddia tələbi onun mülkiyyətində olan daşınmaz əmlak barəsində qanunla qorunan hüquqlarının müdafiəsinə yönəlmiş iddiadır və ilk iddia üzrə cavabdehin inşa etdirdiyi çardağın qanunsuz tikili olduğu barədə onun məhkəməyə bildirdiyi faktiki hallar iş üzrə toplanmış sübutlarla təsdiqini tapır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

18. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2022-ci il tarixli, 2(104)906/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 152, 170.2-ci, Mülki Prosessual Məcəllənin 9, 14.1, 14.2, 77.1, 93-cü maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnamə ni qəbul edərək yalnız ekspert rəyinə istinad etmişdir. Lakin nə ekspert, nə də ki, məhkəmə işin faktiki hallarını, iddiaçının yaşadığı evin pəncərələrinin cavabdehin həyətinə tərəf qoyulmasını, bununla da cavabdehin mülkiyyət hüququnun pozulması, şəxsi həyatına müdaxilə olunması nəzərə almamışdır.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Konstitusiy asının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu v ə ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

26. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. 70.1-ci maddəsinə əsasən tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsasla ndıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqca dan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsin də nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

30. Məhkəmə kollegiyası bir daha da qeyd edir ki, cavabdehin inşa etdiyi çardaq tikilisinin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yaşayış otaqlarına düşən təbii işıqlanmanın qarşısını aldığından, yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun ilk iddia əsaslı olmuşdur.

31. Ekspert rəylərinin əsassız olmasına dair kassasiya şikayətinin dəlilləri bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən birinci instansiya məhkəməsi tərəfindən məhz cavabdehin vəsatəti əsasında təkrar ekspertiza keçirilmiş və yuxarıda qeyd olunan məzmunda rəy alınmışdır.

32. İzah edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

33. Odur ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyləri əsasında cavabdehin inşa etdiyi tikili ilə iddiaçının mülkiyyətində olan yaşayış evinə təbii işıqlandırmanın qarşısı alındığını müəyyən etdiyindən, məhkəmənin həmin ekspert rəylərinə əsasən nəticəyə gəlməsi Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə uyğun olmuşdur.

34. Kassasiya şikayətinin digər dəlilləri isə işin faktiki hallarının araşdırılması ilə əlaqəlidir. Konstitusiya Mə hkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya i nstansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2 022-ci il tarixli, 2(104)-906/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar