Məhkəmə qərarları › İş №2(102)-3965/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3965/2024

12.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3965/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: uydurma əqd, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (üçüncü şəxslər Gəncə “Asan xidmət” mərkəzindəki notariat konturu, Gəncə şəhər 2 saylı notariat konturu və Gəncə şəhər 3 saylı notariat konturu cəlb edilməklə) qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın 2(104)-951/2024 nömrəli iş üzrə 28 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli 2(104)-3746/2017 nömrəli qətnaməsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli, 2(044)5584/2017 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılaraq, iddia tələbinin qismən təmin edilməsi və Cavabdeh1 53**0 (əlli üç min) ABŞ dollarının qətnamənin icra olunduğu günə olan manata məzənnəsi ilə hesablanması qaydasında pul alınaraq İddiaçı verilməsi qət edilmiş, bu qətnamə ksas siya in stansiyası məhkəməsi tərəfindən 18 may 2018-ci il tarixdə dəyişdirilmədən saxlanılmışdır.

2. Qeyd edilən qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında üç alqı-satqı müqaviləsi bağlanmışdır: -AN-İ seriyalı, ******* nömrəli, 29 may 2018-ci il tarixli, 4Ə1573 reyestr nömrəli, ünvan 1 ünvanında yerləşən mənzilin 13**0 manata alqı-satqısına dair; -AN-İ seriyalı, ******* nömrəli, 26 may 2018-ci il tarixli, 4Ə164 reyestr nömrəli, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilin 2**** manata alqı-satqısına dair; -AN-İ seriyalı, ******* nömrəli, 28 iyun 2018-ci il tarixli, 4Ə153 reyestr nömrəli, Gəncə şəhəri, Kəpəz rayonu, X6 prospekti (keçmiş H.Əliyev) 1 ünvanında yerləşən ümumi sahəsi 139,1 kv,m olan qeyri-yaşayış sahəsinin 6**** manata alqı-satqısına dai r. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (üçüncü şəxslər Gəncə “Asan xidmət” mərkəzindəki notariat konturu, Gəncə şəhər 2 saylı notariat konturu və Gəncə şəhər 3 saylı notariat konturu) qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 4 ünvandakı mənzilə dair bağlanmış xx.xx.2018 tarixli, 4Ə-1573 nömrəli, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50V/25 nömrəli mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-164 nömrəli və Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən obyektə (sabiq “Yasəmən” mağazasına) dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-153 nömrəli alqı-satqı müqavilələrinin əhəmiyyətsiz hesab edilməsi barədə qətn amə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2017-ci il tarixli 2(104)3746/2017 nömrəli qətnaməsinə əsasən iddiası təmin edilərək 53**0 (əlli üç min) ABŞ dollarının qətnamənin icra olunduğu günə manata olan məzənnəsi ilə hesablanması qaydasında borcun ödənilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin çıxartdığı qətnamədən narazı qalan Cavabdeh1 Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Lakin Ali Məhkəmənin Mülki Kollegiyası 18 may 2018-ci il tarixdə şikayəti təmin etməmiş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirmədən öz qüvvəsində saxlamışdır. Cavabdeh1 Ali Məhkəmənin 18 may 2018-ci il tarixli qərarından məlumat aldıqdan 7 gün sonra borcun ə mlaka yönəldilməməsi üçün ən azı 7 daşınmaz əmlakını uydurma alqı-satqı müqavilələri ilə arvadının və yaxın adamlarının adına keçirtmişdir. Onun uydurma alqı-satqı yolu ilə nikah bağlamadığı, lakin faktiki arvadı olan Cavabdeh2 adına keçirtdiyi daşınmaz əmlaklar aşağıdakılardır: xx.xx.2018 tarixli, 4Ə-1573 nömrəli alqı-satqı müqaviləsi ilə Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, 28/22 nömrəli mənzili satmışdır. xx.xx.2018-ci il tarixli, 4Ə-164 nömrəli alqı-satqı müqaviləsi ilə Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50V/25 nömrəli mənzili satmışdır. xx.xx.2018-ci il tarixli, 4Ə-153 nömrəli alqı-satqı müqaviləsi ilə Gəncə şəhəri, Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən obyekti (sabiq “Yasəmən” mağazasını) satmışdır. Bu iddiasında o, yalnız Cavabdeh1 öz arvadı ilə bağladığı 3 uydurma alqı-sat qı müqaviləsini mübahisələndirməyi lazım bilmişdir. Bu 3 əmlakın ümumi dəyəri Cavabdeh1 ona olan borcunu ödəmək üçün ona yetərlidir. Cavabdeh1la Cavabdeh2 bir ailədə bir evdə yaşayırlar. Onların birgə yaşayışından həddi-buluğa çatmamış bir uşaqları vardır. Qətnamə ərəfəsində Cavabdeh1 2 gün ərzində 2 daşınmaz əmlakı, 1 aydan sonra isə daha bir daşınmaz əmlakı öz arvadına satmasında məntiq yoxdur. Bu müqavilələr ona görə əhəmiyyətsizdir (etibarsızdır) ki, ailəsi rəsmiyyətdə özündən və Cavabdeh1la qeyrirəsmi yaşayışdan doğulan 13 yaşlı övladı Ayxandan ibarət olan Cavabdeh2 evdar qadındır. 15 ildir ki, işləmir, pensiya almır, biznesi yoxdur, oğru-quldur deyildir. Təxmini qiyməti 2****0 manat olan bu 3 daşınmaz əmlakı bu qadın ala bilməzdi, çünki hər hansı qazanc mənbəyi olmayan bu qadın uşağı ilə birliklə Cavabdeh1 himayəsindədir. Bu 4 ev və mənzilin ümumi bazar dəyəri təxminən 25**** manatdır.

5. Cavabdeh1 iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, onun digər cavabdeh olan Cavabdeh2 ilə aralarında ər-arvad münasibəti yoxdur. Bundan əlavə o, iddiaçıya mülkiyyətində olan Gəncə şəhəri, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evini təklif etmiş, həmin mülk qiymətləndirilmiş və açıq hərraca çıxarılmışdır. Halbuki, iddiaçı iddia ərizəsində onun iddiaçıya məhkəmə qətnaməsi ilə olan borcunu ödəməyəcəyinə dair and içdiyini yazmışdır. Bundan əlavə o, səhhətində olan problemlərlə əlaqədar dəfələrlə Gəncə şəhər Psixatriya Xəstəxanasında qalmaqla müalicə almışdır. Axırıncı dəfə o, həmin xəstəxanada 01 sentyabr 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək müalicə almışdır. O nun fəaliyyət qabiliyyətsizliyi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(104)-4**4/2019 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Hal-hazırda əlilliyinə görə aldığı müavinətin 50 faizi, yəni 135 manat pul vəsaiti İddiaçı xeyrinə tutulur. İddiaçı iddia ərizəsində DƏDRX-nin Gəncə Ərazi İdarəsinin mülklərin alqı-satqısına dair 21 dekabr 2018-ci il tarixli məktubunu əlavə etmiş və məhkəmə iclasında da bildirmişdir ki, iddia ərizəsində göstərilən mülklərin onun tərəfindən başqa adamlara satılmasına dair xəbəri 2018-ci il tarixdən məlum olmuşdur. Bundan əlavə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(044)-1101/2019 saylı qətnaməsindən maraqlı şəxs İddiaçı apellyasiya şikayəti vermiş və şikayətində həmin əmlakların başqa şəxsə satı lmasını bildirmişdir.

6. Gəncə Şəhər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(125)-736/2023 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər “Asan xidmət” mərkəzində notariat kontoru, Cavabdeh3 və Gəncə şəhər 3 saylı notariat kontoruna qarşı Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 4 ünvandakı mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1573 nömrəli, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50V/25 nömrəli mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-164 nömrəli və Gəncə şəhəri, Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən obyektə (sabiq “Yasəmən” mağazasına) dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-153 nömrəli alqı-satqı müqavilələrinin əhəmiyyətsiz hesab edilməsinə dair iddiasının rədd edilməsi, məhkəmədə iddia qaldırılma sı məqsədilə ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

8. İddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, eyni zamanda İddiaçı Cavabdeh1 ilə digər Cavabdeh2 arasında alqı-satqı müqavilələrinin bağlanmasında tərəf olmamış, mübahisəndirilən alqı-satqı müqavilələrinin bağlanması İddiaçı maraqlarına toxunmasını sübut edə bilməmiş, bununla da müəyyən olunur ki, İddiaçı subyektiv hüquqa malik olduğunu göstərə bilməmişdir.

9. Cavabdeh1 ilə digər cavabdeh olan Cavabdeh2 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, 4Ə-1573 reyestr nömrəli, AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, 4Ə-164 reyestr nömrəli və AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, 4Ə-153 reyestr nömrəli alqı-satqı müqavilələrinin etibarsızlığı üçün qanunla müəyyən edilmiş müqavilənin subyekt tərkibinə, formasına, məzmununa və iradə ifadəsinə dair halların pozulması məhkəmə tərəfindən müəyyən edilmir və iş materiallarına əlavə edilmiş sübutlarlarla da öz təsdiqini tapmır.

10. İddiaçı Cavabdeh1 fəaliyyət qabiliyyəti olmadığını bu səbəbdən də Cavabdeh1 bağladığı müqavilələrin etibarsız hesab edilməli olduğunu bildirmişdir. Məhkəmə İddiaçı bu iddiasına qiymət verərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 177 nömrəli, 16 mart 2020-ci il tarixli rəyi ilə Cavabdeh1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsə də, Azərbayca n Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin rəyinə əsasən Cavabdeh1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas olmadığı müəyyən edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 4**4/2019 nömrəli, 06 noyabr 2019-cu il tarixli qərardadına əsasən Cavabdeh1 fəaliyyət qabiliyyətsizliyi ilə əlaqədar ərizəsi baxılmamış saxlanılmışdır.

11. İddiaçı Cavabdeh1 ona olan borcunu ödəməmək üçün əmlaklarını alqı-satqı müqavilələri əsasında arvadı olan digər Cavabdeh2 adına keçirdiyini iddia etmiş, lakin Cavabdeh2 ilə Cavabdeh1 arasında nikahın bağlanması, faktiki ərarvad münasibətlərinin olması və ya birgə təsərrüfatı idarə etmələri barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

12. Bundan başqa məhkəm ə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıran zaman sonuncunun mülkiyyətində bir sıra əmlakların olmasını bilmiş, lakin iddiaçı həmin icraat zamanı məhkəməyə cavabdehin əmlaklarının üzərinə həbs qoyulması barədə ərizə verməmişdir. Cavabdeh isə hazırki iddia ərizəsində göstərilən əmlakları heç bir məhdudiyyət və qadağa (həbs) olmadığı dövrdə satmış(özgəninkiləşdirmişdir), başqa sözlə sərəncam vermişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 324.1, 324.2, 324.4, 337.1, 337.3, 337.4, 340.1, 340.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.

16. Məhkəmə cavabdeh tərəfin xeyrinə maraq göstərib, maddi hüquq normlarını aşkarcasına inkar edərək, g özdən pərdə asmaq üçün Azərbaycan Respublikası Konstitutsiyası Məhkəməsi Plenumumun “M.Bağırovun şikayəti üzrə...” 30 iyul 2**8-ci il tarixli qərarına istinad etmiş, lakin həmin qərarın müddəalarına əməl etməmişdir. Halbuki mübahisənin predmeti həmin müqavilələrin mülki qanunvericiliyə uyğun olub-olmaması və tərəflərin iradələri deyil. Həmin müqavilələr ona olan borc ödənişindən yayınmaq üçün, yəni borcu ödəməmək (ziyan çəkməyinə əsas yaratmaq) üçün bağlanmış, mülkiyyət (mülkiyyəti özgəninkiləşdirmək) hüququndan sui-istifadə edilmişdir. Ona olan borc ödənişini təmin etmək üçün həbsə alınmalı daşınmaz əmlakların və xarici avtomaşının kiçik zaman kəsiyində satılması, onlardan üçüncünün “satıcı”nın arvadının mülkiyyətinə keçməsi müqavilələrin mülki hüquqa uyğun olub-olmamasından asılı olmayar aq ona nisbətdə qanunsuzluq, ədalətsizlikdir. Bu müqavilələr hüquqdan, daha dəqiq desək, xüsusi mülkiyyətdə olan əmlaka dair müqavilə bağlamaq hüququndan suiistifadə etməklə bağlanmışdır. Cavabdeh1la və onunla bağlı qətnamənin qanuni qüvvəyə münməsindən 10 gün sonra 3 daşınmaz əmlakın satılması (onun arvadının adına keçirilməsi ilə özgəninkiləşdirilməsi) hüquqdan sui-istifadənin kvadratıdır, hədəf isə odur. Məqsəd onu borcunu həmin əmlakların hesabına almaqdan məhrum etməkdir.

17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2023-cü il tarixli 2(104)-1330/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-736/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. c)Kassasiya instansiya sı məhkəməsində birinci icraat

18. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2024-cü il tarixli 2(102)-52/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1330/2023 nömrəli mülki iş üzrə 21 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

20. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, birinci instansiya məhkəməsi alqı-satqı müqavilələrinin etibarsız sayılması barədə iddianı rədd edərkən bir tərəfdən iddiaçının bu tələbi irəli sürməy ə subyektiv hüququnun olmadığını bildirmiş, digər tərəfdən əqdlərin etibarsız sayılması üçün əsasların müəyyən edilmədiyini göstərmişdir. Apellyasiya məhkəməsi də bu mövqelərlə razılaşmışdır. Baxılan işdə İddiaçı, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız sayılması barədə tələbini onunla əsaslandırır ki, Cavabdeh1 ona 53**0 ABŞ dolları məbləğində borcu vardır. Cavabdeh1 borcun əmlakına yönəldilməsi və məcburi satılması hesabına ödənilməsinin qarşısını almaq məqsədilə formal olaraq mübahisə olunan alqı-satqı müqavilələrini rəsmiləşdirməklə əslində uydurma əqd bağlamışdır. İddiaçı ona istinad edir ki, mübahisə olunan əqdlərin rəsmiləşdirilməsində məqsəd borclunun müqavilələrin predmeti olan əşyaların mülkiyyətçisi kimi görünməməsini təmin etm əklə tələbin həmin əmlaka yönəldilmənin qarşısını almaqdır. Belə olan halda, alacağının borclunun əmlakı hesabına ödənilməsi imkanı aradan qalxır və tələbkar kimi hüquqları pozulur. Mövcud vəziyyətdə iddiaçının subyektiv hüququnun olmaması barədə mövqe məhkəmə müdafiəsi hüququna ziddir. Kassasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, kreditorun (tələbkarın) borclunun öz əmlakını icradan yayındırmaq məqsədilə bağladığı əqdlərin etibarsız sayılması barədə tələb irəli sürməyə subyektiv hüququ vardır və belə iddia uydurma əqdə dair maddi hüquq normasının dispozisiya şərtləri əsasında həll edilməlidir. Bu zaman məhkəmə məsələyə formal yanaşmamalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları, o cümlədən mübahisə olunan əqdlərin rəsmiləşdirilməsi ilə hədəflənən hüquqi nəticənin n ədən ibarət olmasını, başqa sözlə əqdin tərəflərinin müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək istədiklərini, yoxsa belə nəticə arzulamadan müqavilələrin sadəcə üçüncü şəxslərdə yalnış təsəvvür yaratmaq məqsədilə bağlanmasını, bu konteksdə müqavilələrin rəsmiləşdirildiyi dövrü, alıcının kimliyini və satıcı ilə münasibətlərinin nədən ibarət olmasını, əqdin tərəflərinin müqavilədən əvvəlki və sonrakı davranışlarını, əşyaların alıcının sahibliyinə verilibverilməməsini, müqavilə bağlandıqdan sonra satıcının bu əşyalar üzərindəki faktiki sahiblik və idarəçiliyinin davam edibetməməsini və digər xüsusatları aydınlaşdırılmaqla MM-in 340.1-ci şərtləri ilə işin müəyyən olunmuş halları arasında uyğunluğun olubolmamasına hüquqi qiymət verilməlidir. ç)Apellyasiya instansiyası məhkəməsində ik inci icraat

21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən İ.Həsənov, hakimlər R.Muradov və F.Mehtiyev) 28 iyun 2024-cü il tarixli, 2(104)-951/2024 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(125)-736/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, iddia təmin edilərək Gəncə “ASAN xidmət” mərkəzindəki notariat kontorunda cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Daşkəsən şəhəri İsmət Qayibov küçəsi ev 28-də yerləşən 22 nömrəli mənzilə dair bağlanmış 29 may 2018-ci tarixli 4Ə-1573 nömrəli, Gəncə şəhər 3 saylı notariat kontorunda cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Gəncə şəhəri, Dədə Qorqud küçəsi ev 50B-də yerləşən 25 nömrəli mə nzilə dair bağlanmış 26 may 2018-ci il tarixli 4Ə-164 nömrəli və Cavabdeh3 cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Gəncə şəhəri X6 prospekti 237, 1 nömrəli binada yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanmış 28 iyun 2018-ci il tarixli 4Ə-153 nömrəli alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir.

22. Apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişləri istiqamətində araşdırma aparılaraq müəyyən olunmuşdur ki, Cavabdeh1 ilə digər Cavabdeh2 faktiki ailə qursalar da onlar arasında nikah bağlanmamışdır. Cavabdehlərin faktiki ailə münasibətlərindən 07 fevral 2011-ci il təvəllüdlü X3 adında uşaqları anadan olmuşdur. Qeyd olunan hal tərəflərin izahatı və “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş qohumluq məlumatları, habelə iş materiallarına ə lavə edilmiş fotoşəkillərlə öz təsdiqini tapmışdır. Halbuki, Cavabdeh1 birinci instansiya məhkəməsində icraat zamanı iddiaya etiraz verərək Cavabdeh2 ilə aralarında hər hansı ailə münasibətləri olmadığını, həmin şəxsin sadəcə satdığı əmlakların alıcısı olduğunu qeyd etməklə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

23. Digər tərəfdən məhkəmə tərəfindən müxtəlif notariat ofislərində cavabdehlər Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqavilələri üzrə Cavabdeh2 satılmış daşınmaz əmlakın müqavilə bağlandıqdan sonra alıcı Cavabdeh2 sahiblik və istifadəsinə keçib-keçməməsinin müəyyən olunması üçün araşdırma aparmış və müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixli, 4Ə-153 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən digər Cavabdeh2 satılmış Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən (sabiq “Yasəmən” adlı mağaza) qeyri-yaşayış sahəsinin pəncərəsinə obyektin kirayə verilməsi barədə elan yerləşdirilmişdir. Elanda əlaqə vasitəsi olaraq isə Cavabdeh1 məxsus 05575626**0 saylı mobil nömrə göstərilmişdir. Qeyd olunan hal İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş fotoşəkillərlə öz təsdiqini tapmışdır.

24. Cavabdeh tərəf həmin fotoşəkillərin Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən (sabiq “Yasəmən” adlı mağaza) qeyri-yaşayış sahəsinə aid olmaması barədə arqument irəli sürsə də, məhkəmə kollegiyasının 28 iyun 2024-cü il tarixdə tərəflərin iştirakı ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən (sabiq “Yasəmən” adlı mağaza) qeyri yaşayış-sahəsinə yerli baxışı nəticəsində göstərilən arqument təkzib olunmuşdur.

25. Müəyyən olunmuşdur ki, tərəflər arasında daşınmaz əmlaklara dair alqı-satqı müqavilələri bağlanmış olsa da, alqı-satqı predmeti olan daşınmaz əmlak yalnız sənəd üzrə (müqavilə əsasında) satıcının adından qeydiyyatdan çıxarılmış, faktiki olaraq isə əmlak yenə də satıcı Cavabdeh1 sahiblik və istifadəsində qalmışdır.

26. Eyni zamanda müəyyən edilmişdir ki, mübahisəli alqı-satqı müqavilələrinin iştirakçıları olan satıcı Cavabdeh1 və alıcı Cavabdeh2 uzun müddət faktiki ər-arvad münasibətlərində olan şəxslərdir. Xüsusən diqqət yetirilməli haldır ki, Cavabdeh1 İddiaçı xeyrinə 53**0 (əlli üç min) ABŞ dolları vəsait tutulması barədə Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli 2(104)-3746/2017 nömrəli qətnaməsi kassasiya i nstansiyası məhkəməsinin qərarına əsasən 18 may 2018-ci il tarixdə qanuni qüvvəyə mindikdən qısa zaman sonra yəni, 26 may 2018-ci il tarixdə cavabdehlər arasında Daşkəsən şəhəri İsmət Qayibov küçəsi ev 28-də yerləşən 22 nömrəli mənzilə dair 4Ə1573 nömrəli alqı-satqı müqaviləsi (əmlakın qiyməti 13**0 manat), yenə həmin tarixdə Gəncə şəhəri, Dədə Qorqud küçəsi ev 50B-də yerləşən 25 nömrəli mənzilə dair 4Ə-164 nömrəli alqı-satqı müqaviləsi (əmlakın dəyəri 2**** manat), 28 iyun 2018-ci il tarixdə isə Gəncə şəhəri X6 prospekti 237, 1 nömrəli binada yerləşən qeyri-yaşayış sahəsinə dair 4Ə-153 nömrəli alqı-satqı müqaviləsi (əmlakın dəyəri 6**** manat) bağlanmışdır.

27. Məhkəmə kollegiyası işin yuxarıda şərh olunan hallarını ağlabatan məhkəmə mühakiməsi əsasında tədqiq edərək iddianın əsaslı old uğu qənaətinə gəlmiş və qeyd etmişdir ki, mübahisələndirilən alqı-satqı müqavilələrinin tərəfləri həmin əqdləri bağlayarkən əqd üzrə hüquq və öhdəliklər yaratmaq arzusunda olmamışlar. Həmin əqdlər həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanmışdır ki, burada məqsəd qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh1 iddiaçıya olan borcunun onun əmlakına yönəldilməsi və əmlakın məcburi satılması hesabına ödənilməsinin qarşısını almaq olmuşdur. Başqa sözlə, mübahisə olunan əqdlərin rəsmiləşdirilməsi Cavabdeh1 alqı-satqı predmeti olan əşyaların mülkiyyətçisi kimi görünməməsini təmin etməyə yönəlmişdir.

28. Mülki qanunvericiliyə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə e tibarsız olan əqddir (MM maddə 337.3). Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, həmin əqdlərin yenidən məhkəmə qaydasında əhəmiyyətsiz hesab edilməsinə zərurət yoxdur.

29. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3, 337.4, 340.1, Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

31. Cavabdeh1 kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh1 birinci instans iya məhkəməsində icraat zamanı iddiaya etiraz verərək Cavabdeh2 ilə aralarında hər hansı ailə münasibətləri olmadığını, həmin şəxsin sadəcə satdığı əmlakların alıcısı olduğunu qeyd etməklə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İşin halları ilə də müəyyən edilir ki, Cavabdeh1 həmin əmlakları Cavabdeh2 satan zaman onların nikahları olmamış və həmin əmlaklarla bağlı hər hansı icra vərəqi, və ya mübahisə olmamışdır. Həmçinin iş materiallarına nəzər yetirilsə müəyyən edilər ki, Azərbaycan Respublikası Ali Məhkəməsi 18 may 2018-ci il tarixdə qərar qəbul etmiş, Cavabdeh1 isə əmlakları 26 may 2018-ci ildə satmışdır. Həmçinin iş materiallarında olan daşınmaz əmlakdan təqdim edilmiş məktubdan da görünür ki, Cavabdeh1 Cavabdeh2 başqa xx.xx.2018-ci il tarixdə Bəxtiyar Qasımova, xx.xx.2018 -ci il tarixdə Firudin Bağırova, xx.xx.2018-ci il tarixdə Tural Topçuyevə, xx.xx.2018-ci il tarixdə Bəxtiyar Qasımova mənzillər satmışdır. İddiaçı sadəcə bir toy şəklini təqdim edərək onların ər-arvad olduğunu iddia edərək alqı-satqının uydurma olduğunu iddia etmişdir. Lakin iş materiallarından da görünür ki, Cavabdeh1la Cavabdeh2 arasında hər hansı nikah olmamışdır. Hətta Cavabdeh2 Bakı şəhərində qeydiyyatda olmaqla yaşaması ilə bağlı arayış da təqdim edilmişdir. Cavabdeh1 isə Gəncə şəhərində yaşayır və qeydiyyatı da Gəncə şəhərindədir. Bundan başqa, sözügedən elanı Cavabdeh1 yerləşdirməmişdir. Həmin pəncərə sınıq olmuş və reklamda iddiaçı tərəfindən yerləşdirilmiş və dərhalda şəklini çəkərək özündə saxlamışdır. Belə ki, həmin pəncərə ümumi yola tərəf olan pəncərə deyil, binaların arasınd a yerləşən pəncərədir. Belə bir sual çıxır ortaya əgər həqiqətən də Cavabdeh1 həmin elanı yerləşdiribsə onda niyə hər kəsin görə biləcəyi ümumi yola tərəf olan pəncərəyə yerləşdirmişdir. Bundan başqa iddiaçı ümumi görünən yerdə olmayan pəncərədə olan reklamı hardan görüb şəklini çəkdi. Həmçinin, həmin əmlakın qıfılının bir açarı da iddiaçı olmuşdur. Kassasiya şikayətində MM-nin 6-cı, 140-cı, 182-ci, 337, 340-cı maddələrinin pozulduğu göstərilmişdir.

32. Cavabdeh2 kassasiya şikayəti belə əsaslandırılmışdır ki, o, iddiaçıların qeyd etdiyi işin hallarından məlumatları olsaydı onu “vicdanlı əldə edən” hesab etmək olmazdı. Lakin işin faktiki hallarından görünür ki, mübahisəli əmlaklar daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış əsasında Cavabdeh1 mülkiyyətində olmuş və həmin əmlakla rın satılması qərarına gəlmiş, alıcı qismində Cavabdeh2 təklif göndərilmişdir. Sonuncu isə hər hansı mübahisənin olub-olmamasından xəbərdar olmamış (hansı ki, belə bir vəzifələri də yoxdur) və həmin mübahisəli əmlakların satıcı tərəfindən qoyulmuş dəyərini ödəyərək notarial qaydada alqı-satqı müqaviləsi bağlamışdır. Bu zaman o satıcının adına olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların həqiqiliyinə inanmış və dövlət orqanlarına etimad göstərmişlər. Bütün bunlar onu təsdiq edir ki, Cavabdeh2 mübahisəli daşınmaz əmlakların “vicdanlı sahibidir”, o həmin əmlakı qanuni və etibarlı əsaslarla əldə etmişdir. Beləliklə də, işin hallarından da müəyyən edilir ki, Cavabdeh2 ilə Cavabdeh1 heç vaxt rəsmi nikahı olmamış, onların arasında olan faktiki nikah münasibətləri pozulmuşdur. B elə ki, Cavabdeh2 hazırda Bakı şəhərində qeydiyyatda olmaqla yaşayır. Cavabdeh1 isə Gəncə şəhərində qeydiyyatda olmaqla yaşayır. Lakin məhkəmə kollegiyası umumiyyətlə işlə bağlı heç bir araşdırma aparmadan sadəcə olaraq bir neçə fotoşəkildə Cavabdeh1 nömrəsi olan elana əsaslanaraq iddianı təmin etmişdir. Lakin nəzərə almamışdır ki, həmin əmlakın pəncərəsi sınıq olmuş və onun nömrəsini bilərək ora yazmışlar. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, Cavabdeh2 alqı-satqı ilə əldə etdiyi əmlaklar hazırda onun mülkiyyətindədir. Bununla bağlı da hər hansı araşdırma aparılmamışdır. Göründüyü kimi məhkəmə kollegiyası yalnız bir neçə şəkildə qeyd olunan elanda Cavabdeh1 nömrəsi yazıldığı üçün iddianı təmin etmişdir. Bundan başqa iş materiallarından da müəyyən etmək olar ki, Cavabdeh1 həmin alqı-s atqı olan zaman eyni tarixlərdə müxtəlif şəxslərə başqa əmlaklarda satmışdır. Belə ki, iş materiallarında olan daşınmaz əmlakdan təqdim edilmiş məktubdan da görünür ki, Cavabdeh1 Cavabdeh2 başqa xx.xx.2018-ci il tarixdə Bəxtiyar Qasımova, xx.xx.2018-ci il tarixdə Firudin Bağırova, xx.xx.2018-ci il tarixdə Tural Topçuyevə mənzillər satmışdır. Göründüyü kimi iddiaçı sadəcə bir neçə toy şəklini təqdim edərək onların ər-arvad olduğunu iddia edərək alq-satqının uydurma olduğunu iddia etmişdir. Lakin nəzərə alınmamışdır ki, hər kəs azad surətdə müqavilə bağlaya bilər və şəxs öz əmlakını istənilən şəxsə sata bilər. Yuxarıda qeyd olunan kimi 2018-ci ilin yanvar və may aylarında müxtəlif şəxslərə, o cümlədən Cavabdeh2 əmlaklar satılmışdır. Əgər yalnız qeyd olunan tarixlərdə yalnız Cavabdeh2 ilə alq ı-satqılar olsaydı onda nəzərə almaq olardı ki, bu uydurma əqddir. Həmçinin, rəsmi nikahı olmayan şəxslər qohum hesab edilmir. Buna görə də əmlakların Cavabdeh2 satılması uydurma niyyət deyildir. Kassasiya şikayətində MM-nin 6-cı, 140-cı, 182-ci, 337, 340-cı maddələrinin pozulduğu göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ara şdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

36. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

37. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtlə ri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

39. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

40. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

41. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir.

44. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməs i ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

47. İddiaçı, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız sayılması barədə tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ona 53.**0 ABŞ dolları məbləğində borcu vardır. Cavabdeh1 borcun əmlakına yönəldilməsi və məcburi satılması hesabına ödənilməsinin qarşısını almaq məqsədilə formal olaraq mübahisə olunan alqı-satqı müqavilələrini rəsmiləşdirməklə əslində uydurma əqd bağlamışdır. İddiaçı ona istinad etmişdir ki, mübahisə olunan əqdlərin rəsmiləşdirilməsində məqsəd borclunun müqavilələrin predmeti olan əşyaların mülkiyyətçisi kimi görünməməsini təmin etməklə tələbin həmin əmlaka yönəldilmənin qarşısını almaqdır. Belə olan halda, a lacağının borclunun əmlakı hesabına ödənilməsi imkanı aradan qalxır və tələbkar kimi hüquqları pozulur.

48. Kassasiya instansiyası məhkəməsinin bu iş üzrə əvvəlki qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, kreditorun (tələbkarın) borclunun öz əmlakını icradan yayındırmaq məqsədilə bağladığı əqdlərin etibarsız sayılması barədə tələb irəli sürməyə subyektiv hüququ vardır və belə iddia uydurma əqdə dair maddi hüquq normasının dispozisiya şərtləri əsasında həll edilməlidir.

49. Mübahisələndirilən məhkəmə qətnaməsindən görünür ki, işə yenidən baxmış apellyasiya məhkəməsi mübahisəni kassasiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq şəkildə həll etmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.

50. MM-nin 340.1-ci maddəsinə əsasən əqd oz zaman uydurma hesab edilir k i, əqdi bağlayanlar ona uyğun heç bir hüquqi nəticə, yəni özləri üçün həmin əqd üzrə hüquq və öhdəlik yaratmaq niyyəti olmadan həmin əqdi bağlamış olsun və bu əqdin bağlanılmasında məqsəd başqalarını aldatmaq olsun. Hazırkı halda iddiaçı tərəfindən mübahisələndirilən alqı-satqı müqavilələri apellyasiya instansiyası məhkəməsi tərəfindən uydurma əqd hesab edilərkən bu iki şərtin mövcudluğu işin hallarına, sübutlara hüquqi qiymət verilməklə yoxlanılmış və hər iki şərtin mövcudluğu müəyyən edilmişdir.

51. Kassasiya şikayətlərinin digər dəlilləri işin faktiki halları və sübutlara dügün hüquqi qiymət verilməməsi ilə bağlı olduğundan hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyil.

52. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-951/2024 nömrəli iş üzrə 28 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar