Məhkəmə qərarları › İş №2(102)-3978/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3978/2023

31.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3978/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikilinin sökülməsi, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qanunsuz inşa edilən tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-538/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şik ayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0315 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. 2. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evinin yerləşdiyi 0.00971 ha torpaq sahəsi Bələdiyyə mülkiyyətində olmaqla, istifadədir.

3. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən İddiaçı (bundan sonra – iddiaçı) ünvanlanmış xx.xx.2022-ci il tarixli, MİHO/2.1-2-20223371 nömrəl i məktubda qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində özbaşına tikinti işlərinin aparılması barədə Tikintilərin Dövlət reyestrində məlumat yoxdur. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən yerli səviyyədə şəhərsalma nəzarətinin aparılması məqsədi ilə zəruri tədbirlərin görülməsi üçün məktub Abşeron Rayon İcra Hakimiyyətinə göndərilmişdir.

4. Masazır kənd İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəsi X5, Masazır kənd İƏD üzrə nümayəndə müavini X2, nümayəndəliyinin baş mütəxəssis sürücüsü X6 və iddiaçı tərəfindən tərtib edilmiş 20 iyun 2022-ci il tarixli aktda qey d olunmuşdur ki, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən tikintiyə baxış keçirilmişdir. İddiaçının iştirakı ilə tikinti tam dayandırılmışdır.

5. Abşeron Rayon İcra Hakimiyyəti başçısının (İHB) Masazır kənd İƏD nümayəndəliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 152 nömrəli məktubda qeyd olunmuşdur ki, iddiaçının müraciətinə əsasən, Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən tikintiyə sonuncu ilə birlikdə baxış keçirilmiş və tikinti tam dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində cavabdehlər tərəfindən inşa edilən özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yaşayır. Evin arxa tərəfində, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra - Şəhərsalma və Tikinti Məcəlləsi) tələbləri kobud şəkildə pozulmaqla 0.06 ha torpaq sahəsinin bütün hissəsini əhatə edən qeyri-yaşayış obyektinin inşası həyata keçirilir. Sözügedən tikiliyə dair tikinti niyyəti ilə bağlı aidiyyəti qurumlara müraciət olunmamış, tikintiyə icazə icraatı həyata keçirilməmiş, aparılan işlərə dair heç bir hüquqi sənəd bu günə kimi ona təqdim olunmamışdır. Bundan əlavə, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.3-cü maddəsinə əsasən yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qədər ara məsafəsinin gözlənilməsi tələb olunsa da, hər mərtəbəsinin hündürlüyü 4 metrdən artıq olacaq tikilidə heç bir ara məsafəsi gözlənilməmiş, tikili tamamilə torpaq sahəsinin perimetr boyu sərhədlərinin üzərində inşa edilməkdədir. Bu isə tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməməsi deməkdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 saylı qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4-cü maddəsinin 4.13-cü bəndinə əsasən ərazinin tikinti əmsalı 80%-dən çox olmamalıdı r. Lakin bu tələblərin heç biri gözlənilməmişdir. Aparılan qanunsuz tikinti işləri ilə bağlı Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə, Abşeron Rayon İcra Hakimiyyətinə bir neçə dəfə müraciət etməsinə baxmayaraq, bu günə kimi hər hansı tədbir həyata keçirilməmişdir.

8. İddia məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, hazırda ailə üzvləri ilə birlikdə yaşadığı evin mülkiyyətçisi kimi göstərilən Emil Əhmədov qardaşı oğludur, lakin evə uzun müddətdir özü yaşayır, Emil orada yaşamır. İddiaçı qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir.

9. Cavabdeh1 iddia tələbini ona aid hissədə qəbul etməyərək izahatında bildirmişdir ki, onun hazırkı məhkəmə mübahisəsinə heç bir aidiyyəti, sözügedən aparılan tikinti işlərindən xəbəri və tikinti işləri ilə heç bir əlaqəsi yoxdur. Tikinti işləri onun bilmədiyi və məşğul olmadığı sahə və işdir. Göstərilənlərə əsasən iddianın ona aid hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

10. Cavabdeh2 iddia tələbini ona aid hissədə qəbul etməyərək izahatında bildirmişdir ki, sözügedən tikinti işlərinə heç bir aidiyyəti yoxdur. O, vasitəçidir. Belə ki, iddiaçı öz evini satmaq istəmiş, başqa bir şəxs, yəni mübahisəli tikintinin sahibi Faiq adlı şəxs onun evini almaq istəmişdir. Bu işdə o, vasitəçilik etmişdir ki, tərəflər arasında sülh olsun, iddiaçı da özünə məxsus evi sata bilsin. Lakin iddiaçı evin dəyərini həddindən artıq yüksək dediyinə görə alqı-satqı baş tutmamışdır. Başqa bir şəxs də iddiaçıya məxsus evi almaq istəmişdir. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq, iddiaçı evin dəyərindən aşağı düşmədiyinə görə alqı-satqı baş tutmamışdır. İddiaçının məqsədi evi dəyərindən çox baha qiymətə kiməsə satmaqdır. Hazırkı mülki iş üzrə iddiaçının onu cavabdeh qismində göstərməsinin səbəbi isə ona məlum deyildir. O, sadəcə köməklik göstərməklə evin alqısatqısının baş tutmasını istəmişdir.

11. Cavabdeh3 izahatında iddia tələbini ona aid hissədə qəbul etməyərək, iddianın ona aid hissədə təmin edilməməsini xahiş etmişdir.

12. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-4120/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddia təmin edilməmişdir.

13. Məhkəmə müəyyən etmişdir ki, ünvan 3 ünvanında yerləşən fər di yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.0315 ha torpaq sahəsi X4 mülkiyyətindədir. İddiaçı həmin fərdi yaşayış evi və evin yerləşdiyi 0.0315 ha torpaq sahəsinin ona məxsus olması, onun həmin fərdi yaşayış evinə və torpaq sahəsinə sahiblik və istifadə hüququnun olması, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olması, cavabdehlər tərəfindən həmin hüququn pozulması barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

14. Məhkəmə hesab etmişdir ki, ünvan 4 ünvanında inşa edilən tikilinin sökülməsini tələb etmək üçün iddiaçı subyektiv hüquqa malik olmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir.

15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152, 170.1, 170.2, 178.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 80, 81, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı şikayətini onunla əsaslandırılmışdır ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Əgər tikintinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki ş əxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmənin onun və ailə üzvlərinin qeyd edilən ünvanda yaşamağını və həmin ünvanda pasport qeydiyyatında olmasını nəzərə almayaraq onun subyektiv hüququnun olmaması qənaətinə gəlməsi tamamilə qanunsuzdur. Onun yaşamaq hüququ məhdudlaşdırılır. İnşa edilən qanunsuz tikili yaşadığı evə birləşdirilir. Məhkəmə isə əsassız olaraq təqdim edilmiş sübutların heç birini araşdırmamış və işdə cavabdeh olan şəxslərin həmin tikili ilə əlaqələri olması faktını ört-basdır etməyə çalışmışdır. Məhkəmə mübahisəni həll edərkən formal mülahizələrdən çıxış etmiş, işin əhəmiyyətli hallarını araşdırmamışdır.

18. İşin apellyasiya icraatı zamanı əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi tarixdən (01 yanvar 2013-cü il) öncə inşa olunduğu nəzərə alınaraq, Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu bəndinin tələblərinin, S.Vurğun küçəsi ev 4c ünvanında yerləşən fərdi yaşayış evinə şamil olunmadığı müəyyən edilmişdir. ünvan 6 ünvanda inşa edilmiş qeyri-yaşayış tikilisinin xarici divarlarından ərazinin sərhədi nə qədər ara məsafəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsi 69.5.3. bəndinin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. S.Vurğun küçəsi ev 4c ünvanında yerləşən tikili ilə qonşuluqda yerləşən, Ə.Vahid küçəsi 109 saylı ünvanda inşa edilmiş tikili arasında ara məsafəsinin 3,37 metr olduğu müəyyən edilmişdir. Həmçinin, qanunvericilikdə tikililər arasındakı məsafə deyil, tikililər ilə həmin tikililərin inşa olunduğu torpaq sahəsinin sərhədinə qədər olan məsafənin tənzimlənməsi nəzərdə tutulmuşdur ki, bununla da Masazır kəndi, Ə.Vahid küçəsi 109 saylı ünvanda inşa edilmiş qeyri-yaşayış sahəsinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsi 69.5.3. bəndinin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. S.Vurğun küçəsi ev 4c ünvanında yerləşən fərdi yaşayış evinin Ə.Vahid küçəsi 109 saylı ünvanda inşa edilmiş qeyri-yaşayış tikilisi istiqamətində hasar tikilisinin və fərdi yaşayış evinin divarının üzərində nəmlənmə və çatlama izlərinin olduğu müəyyən olundu. Nəmlənmə izlərinin, qeyri-yaşayış tikilisinin inşa olunması nəticəsində həmin hissəyə günəş şüalarının və havanın daxil olmasına məhdudiyyətlər yaranması səbəbindən baş verməsi xarakterikdir. S.Vurğun küçəsi ev 4 c ünvanında yerləşən fərdi yaşayış evinin Ə.Vahid küçəsi 109 saylı ünvanda inşa edilmiş qeyri-yaşayış tikilisi istiqamətində 3 pəncərənin və 2 nəfəsliyin olduğu müəyyən edilmişdir. Ə.Vahid küçəsi 109 saylı ünvanda inşa edilmiş qeyri-yaşayış tikilisinin hündürlüyünün (8,7 metr), S.Vurğun küçəsi ev 4c ünvanında yerləşən fərdi yaşayış evinin hü ndürlüyündən (7.1 metr) çox olduğunu və qeyri-yaşayış sahəsinin inşası zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsi 69.5.3. bəndinin tələbinin pozulduğunu nəzərə alaraq, cavabdeh tərəfindən inşa olunan qeyri-yaşayış tikilisinin, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin təbii işıqlanmasına və havalanmasına məhdudiyyət yaratdığı müəyyən olunur. Lakin yaranan məhdudiyyətin hansı dərəcədə olması həmin sahə üzrə müvafiq mütəxəssislər cəlb edilməklə müəyyən oluna bilər.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-538/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.Süleymanova (sədrlik edən və məruzəçi), G.Cabbarova və S.Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının müvafiq subyektiv hüquqa malik olduğu ehtimal olunsa belə işin hərtərəfli, obyektiv və tam araşdırılmasının təmin edilməsi məqsədi ilə təyin edilmiş məhkəmə tikinti- texniki ekspertizanın yuxarıda şərh olunmuş rəyi ilə cavabdeh tərəfindən mübahisəli tikintinin aparılması nəticəsində qonşu sahənin mülkiyyətçisinin hüquqlarının əhəmiyyətli dərəcədə pozulması müəyyən edilməmişdir. Fərdi yaşayış evinin təbii işıqlanmasına və havalanmasına məhdudiyyət yaranması, nəm izlərinin və çatların olması mülkiyyətçinin hüquqlarının əhəmiyyətli dərəcədə pozulması kimi qiym ətləndirilə bilməz.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152, 170.1, 170.2, 171.1, 172.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Şikayətin dəlilləri apellyasiya şikayətinin məzmunu ilə eyniyyət təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz ist ədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

27. Maddə 170.2 Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titr əyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

28. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

29. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

30. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqların ı və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

31. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Şəhərsalma və Tikinti Məcəlləsi

32. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir.

33. Maddə 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır.

34. Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.

35. Maddə 69.5.2-1. Bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi ölçüsündə müəyyən olunur.

36. Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur.

37. Maddə 74.2. Bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir.

38. Maddə 7 6.3. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Mülki Prosessual Məcəllə

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olun an nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. İddiaçının subyektiv hüququ ilə bağlı kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.

49. Kassasiya şikayətinin bu məsələ ilə bağlı digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

50. İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ olmaması iddianın rədd edilməsi üçün birmənalı əsas olduğundan Məhkəmə kollegiyası şikayətin digər dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Nəzərə alınmalıdır ki, baxılan iş üzrə iddianın rədd olunması müvafiq subyektiv hüquqa malik səlahiyyətli şəxs tərəfindən eyni iddia tələbi ilə həmin tələbə cavab verməli olan şəxslərə qarşı iddia irəli sürməyə mane olmur.

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-538/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar