Məhkəmə qərarları › İş №2(102)-4091/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4091/2022

03.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4091/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2022-ci il tarixli, 2(103)761/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında olan 22 saylı mənzil üzərində mülkiyyət hüququ hər birinin 1/3 hissədə payları olmaqla İddiaçı, X1 və Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, oğlu X1 və Cavabdeh hər birinin 1/3 hissədə paylı mülkiyyətçisi olduqları ünvan 1 ünvanında olan 22 saylı mənzilin naturada bölünməsi, natura qaydasında bölünməsi mümkün olmadıqda isə mübahisəli əmlakın hərrac vasitəsilə satılaraq hərracdan əldə olunmuş vəsaitin paylara mütənasib şəkildə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Da ha sonra iddiaçı (eyni zamanda digər iddiaçı X1 qanuni nümayəndəsi olan) İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı və İddiaçı qanuni nümayəndəsi olduğu X1 və Cavabdeh hər birinin 1/3 hissədə paylı mülkiyyətçisi olduqları ünvan 1 ünvanında olan 22 saylı mənzilin açıq hərrac vasitəsilə satılaraq hərracdan əldə olunmuş vəsaitin paylara mütənasib şəkildə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçılara paylı mülkiyyətlərində olan əmlakdan istifadələrinə mane olur.

5. İş üzrə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 17 avqust 2021-ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilin tərəflər arasında 1/3 hissədə b ölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(004)3722/2022 nömrəli qətnaməsi ilə (hakim F.İ.Əyyubov) iddia tələbi təmin edilmiş, İddiaçı və İddiaçı qanuni nümayəndəsi olduğu X1 və Cavabdeh hər birinin 1/3 hissədə paylı mülkiyyətçisi olduqları ünvan 1 ünvanında olan 22 saylı mənzilin açıq hərrac vasitəsilə satılması və hərracdan əldə olunmuş vəsaitin paylara mütənasib şəkildə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 220.1, 220.2, 220.3, 220.6-cı maddələri ilə əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdeh apellyasiya şikayəti v erərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(004)-3722/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2022-ci il tarixli, 2(103)761/2022 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər E.C.Kazımovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(004)3722/2022 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı iddia tə ləbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsi təşkil edir. Həmin maddədə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması ilə bağlı, eləcə də paylı mülkiyyətdən payın natura və ya kompensasiya ödənilməsi yolu ilə ayrılması mümkün olmayan halları tənzimləyir. Normanın tələbinə görə, payın naturada ayrılması mümkün olmadıqda, eləcə də paya müvafiq kompensasiyanın verilməsi barədə payçılar arasında razılıq olmadıqda, bu halda payının ayrılmasını istəyən payçının tələbi ilə əmlakın bütünlüklə açıq hərracdan satılması və əldə olunan vəsaitin mülkiyyətçilər arasında paylarına mütənasib surətdə bölüşdürülməsi nəzərdə tutulmuşdur.

11. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində qeyd etdiyi birinci dəlili, yəni mənzilin iddiaçıya məxsus olan hissəsinə dair payın dəyərinin ödənilməsi ilə bağlı müraciət olunmaması ilə bağlı qeyd etmişdir ki, bu, paylı mülkiyyətin payçılarının öz aralarında qarşılıqlı razılığa əsasən həll etməli olduğu məsələ olub, ayrıca məhkəmə mərhələsi deyildir. Hər hansı başqa yanaşma, mülki münasibətlərin iştirakçısı olan paylı mülkiyyətdəki əşyanın payçılarının iradə azadlığı prinsipinə zidd olmaqla, istəmədikləri və ya buna maddi imkanları olmadığı halda şəxsi hansısa əmlak əldə etməyə (almağa) vadar (məhkum) etmək olardı ki, bunun da yolverilməzliyi aşkardır. Həm də nəzərə almaq lazımdır ki, tərəflər buna dair razılığı istənilən mərhələdə, hətta hərracın keçirilməsi zamanı da əldə edə bilərlər.

12. Apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdehin apellyasiya şikayətinin ikinci dəl ili, yəni 1/3 payçılardan biri X3 yetkinlik yaşına çatmadığı halda müvafiq Qəyyumluq və Himayəçilik orqanının rəyi alınmaması ilə bağlıdır. Ailə Məcəlləsinin 55.5-ci, Mülki Məcəllənin 36.1 və 36.2-ci maddələrinə istinad edən məhkəmə göstərmişdir ki, Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müvafiq rəy verilməsi üçün müraciət olunmuş, Komissiya hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul ediləndən sonra 05 dekabr 2009-cu il təvəllüdlü X2 məxsus miras əmlak barəsində onun anası tərəfindən sərəncam verilməsinin azyaşlının mənafeyinə uyğunluğuna dair qərar qəbul edəcəyini bildirmişdir. Göründüyü kimi, iddiaçı qanunvericiliyin tələblərinə əsasən səlahiyyətli orqana müvafiq qaydada müraciət etmiş və istinad olunan cavabı almışdir. Bununla belə, apellyasiya məhkəməsi öz növbəsində, həm də tam əsaslandırılmış və izahlı qaydada təkrarən müraciət etsə də, müvafiq icra orqanı (çox güman ki, müvafiq qanun normalarının tam anlanılmaması səbəbindən) Məhkəməyə də eyni məzmunlu cavab ünvanlamışdır.

13. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, səlahiyyətli orqanın bu cür davranışı heç bir halda iddiaçı və xüsusən də onun qanuni təmsilçisi olduğu yetkinlik yaşına çatmayan uşağını qanunla qorunan hüquq və maraqlarını təmin etmək məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək hüququndan məhrum edə bilməz. Eyni zamanda da mülki işin faktiki hallarından da müəyyən olunur ki, iddiaçının hazırkı tələbi qanuni nümayəndəsi olduğu oğlu – 05 dekabr 2009-cu il təvəllüdlü X1 mənafeyinə uyğun olmuşdur. Belə ki, paylı əşyada (mənzildə) 1/3 paya sahib olan, lakin həmin əmlakında hər hansı qaydada bəhrələnə - faydalana bilməyən istənilən payçının, həmin əşyanın satılması nəticəsində payına müvafiq kompensasiya alaraq, ondan öz mülahizəsinə uyğun şəkildə istifadə etməsi - faydalanmasının onun mənafeyinə uyğun olması şəksizdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

14. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2022-ci il tarixli, 2(103)-761/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 39.2, 220.4 və 220.6-cı maddələri pozulmuş, mənzilin iddiaçıya məxsus olan hissəsinə dair payın dəyərinin ödənilməsi ilə bağlı ona müraciət olunmamış, X3 yetkinlik yaşına çatmadığı halda, əmlakın satılmasına dair Qəyyumluq və Himayəçilik orqanının rəyi alınmamışdır.

16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

18. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

19. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbi q edilən hüquq:

20. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.2-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini alm adan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tər əfindən tanınan və qorunan hüququdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülki yyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və sa tış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.5-ci maddəsinə əsasən uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məluma tlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən m übahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, hazırki kassasiya şikayətinə uyğun olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşır.

27. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 220 və 221-ci maddələri təşkil edir və işin faktiki hallarını araşdıran məhkəmələrin qətnamələri həmin maddi hüquq normalarına, habelə onların şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarına uyğundur. Belə ki, iddiaçılar tərəfindən mülkiyyətlərində olan mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi ilə bağlı məhkəməyə yekun iddia tələbini verməmişdən əvvəl Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydada ardıcıllıqla iddialar vermiş, hazırki iş üzrə ekspertiza keçirilmiş və əmlakın naturada bölünməsinin qeyri-mümkün olması müəyyən olunmuşdur. O cümlədən, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər paylarının dəyərinin ödənilməklə digər payçının mülkiyyət hüququna xitam verilməsi ilə bağlı qarşılıqlı razılığa gəlməmişlər. Kassator şi kayətində formal olaraq Mülki Məcəllənin 220.4-cü maddəsinin tələbinin pozulmasını qeyd etsə də, ayrılan payçıların paylarının dəyərinin ödənilməsinə razı olmasını göstərməmişdir.

28. İddiaçılardan X1 mülkiyyəti üzərində sərəncam verilməsi üçün qəyyumluq və himayəçilik orqanının razılığının olmaması ilə bağlı da məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır.

29. Belə ki, ilk olaraq Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası apellyasiya məhkəməsi tərəfindən işə cəlb olunmuş, həmin orqan iş üzrə yekun məhkəmə aktı qəbul ediləndən sonra 05 dekabr 2009-cu il təvəllüdlü X2 məxsus miras əmlak barəsində onun anası tərəfindən sərəncam verilməsinin azyaşlının mənafeyinə uyğunluğuna dair qərar qəbul edəcəyini bildirmişdir.

30. Digər t ərəfdən apellyasiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, hazırkı iddia tələbi yetkinlik yaşına çatmayan iddiaçının mənafeyinə uyğundur. Belə ki, sonuncu paylı mənzildə 1/3 paya sahib olsa da, ondan istifadə edə bilmir.

31. Nəhayət, məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin yetkinlik yaşına çatmayan uşağın üzərində hər hansı hüquq və vəzifələri olmadığından, sonuncunun qanuni nümayəndəsi (anası) İddiaçı olduğundan, cavabdeh hazırki məsələni mübahisələndirməyə də hüququ yoxdur.

32. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessu al hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2022-ci il tarixli, 2(103)-761/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar