Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4109/2021 17.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: beh müqaviləsi üzrə ödənilmiş pul tələbi, iddia tələbinin əsası kimi çıxış etmiş müqavilələrin etibarsızlılığının mübahisələndirilməsindən asılı olmayaraq məhkəmənin xidməti vəzifəsinə görə həmin müqavilənin etibarlılığını yoxlaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2( 103)-4731/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun olaraq verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanmış 24.09.2016-cı il tarixli “Beh müqaviləsi” üzrə cavabdehin ondan aldığı 150000 manat məbləğində behin ikiqat mislinin, yəni 300000 manat məbləğində pulun, həmin m üqavilə üzrə cavabdehin onun qarşısında götürdüyü öhdəliyin yerinə yetirilməməsi səbəbindən cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh beh müqaviləsi bağladığı tarixdən, yəni 24.09.2016-cı il tarixdən 25.02.2017-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, bina № 72-də yerləşən 101 saylı mənzilin (bundan sonra – mübahisəli mənzil) sənədlərini hüquqi baxımdan hazır edərək alğı-satqı müqaviləsi bağlamalı idi. Lakin cavabdeh müqavilədə göstərilən vaxt tamam olanda, alğı-satqıya getmələri üçün nə əlaqə saxlamış, nə də telefon zənglərinə cavab vermişdir. Sonradan məlum olmuşdur ki, cavabdehin ailə üzvləri mənzilin satılmasına etiraz edirlər. Belə olduğu halda, iddiaçı, cavabdehdən be h müqaviləsi üzrə verdiyi pulları geri tələb etmişdir. Cavabdeh isə pulunun olmadığını, iddiaçıdan aldığı pul hesabına başqa şəxsə olan borcunu bağladığını bildirmişdir. Cavabdehlə öhdəliklərinə əməl edilməsi üçün ona əlavə 1 ay vaxt vermiş, buna baxmayaraq cavabdeh nə ailə üzvlərinin razılığı almış, nədəki ondan aldığı pulu qaytarmamışdır. Məhkəməyə təqdim edilmiş iddiaçı (beh verən) ilə cavabdeh (beh alan) arasında bağlanmış və Bakı Şəhəri 38 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək qeydə alınmış 24.09.2016-cı tarixli “Beh müqavilələrin”ə əsasən cavabdeh mülkiyyətində olan və mübahisəli mənzilin iddiaçıya satmaq barədə üzərinə öhdəlik götürmüş və bu məqsədlə iddiaçıdan bir müqavilə üzrə 100000 manat və digər müqavilə üzrə 50000 manat olmaqla, cəmi 150000 manat məbləğində beh a lmışdır. Nəsimi Rayon Məhkəməsinin (hakim Ceyhun Tağıyev) 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan öz mənzilini 200000 manata satışına görə iki dəfəyə 150000 manat beh almış, beləliklə də iddiaçı qarşısında beh müqavilələri üzrə öhdəlik götürmüş, lakin mənzili iddiaçıya satmayaraq öhdəliklərini icra etməmişdir. Cavabdeh müqavilənin icra edilməməsində məhz iddiaçının məsuliyyət daşımasına dair sübutları məhkəməyə təqdim etməmiş, əksinə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatətlə müraciət edərək göstərmişdir ki, təqdim edilmiş 24.09.2016-cı il tarixli beh müqavilələri üzrə onun adının yanında atılmış imza onun deyil və bu beh müqaviləsinin bağlanması üçün 38 saylı Notariat Kontoruna getməmişdir. Məhkəmə dəftərxana vasitəsilə təqdim edilmiş vəsatətə qiymət verərək qeyd etmişdir ki, onun təmin edilməsi üçün heç bir əsas olmamışdır. Belə ki, iş materiallarında olan 24 sentyabr 2016-cı tarixdə notarial qaydada təsdiq olunmuş, tərəflər arasında bağlanmış beh müqavilələrində tərəflərin notariata gəlmə tarixləri, saatı və olduqları anı əks etdirən şəkillərinin mövcudluğu cavabdehin vəsatətində göstərilənləri tam təkzib edir. Məhkəmə verilən vəsatəti cavabdehin iddiaçı qarşısında beh müqaviləsi üzrə götürdüyü öhdəliyin icrasından, mülki məsuliyyətdən yayınması üçün atılmış addım və hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdr ki, behin məbləği cüzi deyil, küllü miqdarda, yəni 150000 manat məbləğində olması və bir mənzillə bağlı 2 “Beh müqaviləsinin” bağlanması onunla iddiaçı arasında bağlanmış həmin müqavilələrin etibarsız olduğunu göstərir. Bundan başqa iddiaçının iddia ərizəsində mənzilin sənədlərinin qaydasında olmadığını bildirsə də, mənzilə aid sənədlər qaydasında olmuşdur. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa Rayon Məhkəməsi iş üzrə xətşünaslıq ekspertizası təyin etməmiş, müqavilələrdəki imzaların ona məxsus olmasını araşdırmamışdır. Halbuki, cavabdeh Notariat Kontoruna getməmiş və müqavilələri imzalamamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 30 oktyabr 2020-c i il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə onun arasında bağlanmış “Beh müqavilələrinin” etibarsız hesab edilməsini bildirən cavabdeh 3 dəlilə istinad edir: birincisi - behin məbləği cüzi deyil, küllü miqdarda, yəni 150000 manat məbləğindədir; ikincisi - bir mənzillə bağlı 2 “Beh müqaviləsinin” bağlanmışdır; üçüncüsü- müqavilədəki imza ona məxsus deyil. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, müqaviləni etibarsız adlandıran cavabdeh həmin müqavilənin etibarlı olmasını şübhə altına ala biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa işə apellyasiya qaydasında baxılan zaman cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək hazırki mülki iş üzrə mübahisənin predmetini təşkil edən və iddiaçı ilə onun arasında 24.09.2016-cı tarixdə notarial qaydada bağlanmış “Beh müqavilələrinin” etibarsız hesab edilməsi barədə onun tərəfindən verilmiş iddia üzrə Xətai Rayon Məhkəməsi tərəfindən icraatı başlanmış mülki iş üzrə qəbul ediləcək yekun qərarın qanuni qüvvəsini alanadək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə həmin iş üzrə qəbul edilə biləcək məhkəm ə aktının hazırki işin nəticələrinə təsir göstərə biləcəyini nəzərə alaraq 29.07.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraatı dayandırmışdır. Sözügedən iş üzrə qəbul edilmiş Xətai Rayon Məhkəməsinin 12.08.2020-ci il tarixli qərardadı (İş № 2(011)-4353/2020) ilə hazırki iş üzrə cavabdehin hazırki iş üzrə iddiaçıya qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” iddia ərizəsi, ərizəsinin imzalanmaması əsası ilə geri qaytarılmışdır. Qeyd edilən həmin qərardad qüvvəyə minmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış müqavilələrin etibarlığını şübhə altına ala biləcək halları təsdiq edə biləcək sübutlara malik deyil. Cavabdeh beh müqavilələrindəki imzanın onun tərəfindən icra olunmadığını, notariat ofisinə heç vaxt getmədiyini bildi rsə də, notarial qaydada tərtib olunmuş müqavilələrdən görünür ki, həmin müqavilələrdə tərəflərin müqavilələr bağlandığı anda çəkilmiş şəkilləri əks olunmuşdur. Bu baxımdan məhkəmə hesab etmişdir ki, müqavilədəki imzanın ona məxsus olmaması barədə cavabdehin dəlili əsassızdır. Cavabdehin digər dəlili ondan ibarətdir ki, behin məbləği cüzi deyil, küllü miqdarda, yəni 150000 manat məbləğindədir. Bu hal təsdiq edir ki, onunla iddiaçı arasında bağlanmış “Beh müqavilələri” etibarsızdır. Bu dəlil ilə bağlı məhkəmə qeyd etmişdir ki, qüvvədə olan Mülki Məcəllədə, notariat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı təlimat və qaydalarda behin məbləği ilə bağlı göstərişlər mövcud deyil. Beh barədə razılığa gəlmiş tərəflər behin məbləğini Mülki Məcəllənin 390-cı maddəsinə uyğun olaraq öz iradə ifadəl ərinə uyğun ümumi razılığa əsasən müəyyən edirlər. Bu baxımdan behin məbləği ilə bağlı cavabdehin dəlili əsassızdır. Cavabdehin başqa bir dəlili isə ondan ibarətdir ki, bir mənzillə dair 2 “Beh müqaviləsinin” bağlanması ağlabatan deyil və bu hal ona dəlalət edir ki, onunla iddiaçı arasında bağlanmış “Beh müqavilələri” etibarsızdır. Məhkəmə cavabdehin bu dəlilini də, əsassız hesab edərək qeyd etmişdir ki, qüvvədə olan Mülki Məcəllədə, notariat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı təlimat və qaydalarda beh ilə bağlı bir neçə müqavilənin bağlanmasını istisna edən göstərişlər mövcud deyil. Odur ki, göstərilənləri nəzərə alan məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “Beh müqavilələrinin” şərtləri beh alan olan cavabdeh tərəfindən pozulmuşdur. Belə olan halda cavabdeh aldığı behi, iki qat miqdarda, iddiaçıya ödəməlidir. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) M əhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPMnin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlillər i üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı ins tansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə: Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yara ndıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Maddə
492. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Kassasiya insta nsiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddiaçı 24.09.2016-cı il tarixli beh müqavilələrinə istinad edərək cavabdehdən mübahisəli mənzilin alğı-satqısı ilə bağlı ödədiyi beh məbləğinin iki qatını cavabdehdən tələb edərək müqavilənin cavabdehin təqsiri üzündən icra edilməməsini iddia edir. Cavabdeh isə ümumiyyətlə tərəflər arasında beh müqaviləsinin bağlanmadığını, onun notariat orqanına getmədiyini, behin məbləğinin külli miqdarda olduğunu, mübahisəli mənzilin satışı ilə bağlı iki beh müqaviləsinin bağlanmasını göstərərək həmin müqavilələrin etibarsız olduğunu bildirir və iddia tələbinə etiraz edir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş beh müqavilələrində mübahisəli mənzilin dəyərinin 200000 manat müəyyən edilməsi, bir müqavilə üzrə 50000 manat, digər müqavilə üzrə isə 100000 manat, ümumilikdə 150000 manat behin ödənilməsi göstərilmişdir. İşə baxan məhkəmələr dəyəri 200000 manat müəyyən edilmiş mənzilə görə ödənilmiş 150000 manat məbləğin beh olmasını işin mübahisəsiz halı kimi qiymətləndirmiş, lakin həmin məbləğin beh olmasına şübhə ilə yanaşmamışdır. 200000 manat dəyərində mənzilin alqı-satqısına görə 150000 manat, yəni dəyərinin dörddə üçü məbləğində pul ödənilməsi, həmin məbləğin birdəfəlik deyil, eyni gündə iki saat fərqi ilə verilməsi, b u barədə iki müqavilə bağlanması əsas verir ki, ödənilmiş məbləğin beh olması kifayət qədər şübhə yaradır. Mülki Məcəllənin 491.3-cü maddəsinə görə isə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası xatırladır ki, təqdim edilmiş müqavilələrin tərəflər arasındakı münasibətləri əks etdirməsini yoxlamaq həmin müqavilələrin mübahisələndirilibmübahisələndirilməməsindən asılı deyildir. İddia tələbinin faktiki əsası kimi istinad edilmiş müqavilələrinin etibarlılığını məhkəmə xidməti vəzifəsinə görə yoxlamalıdır. Xüsusilə qeyd edilməlidir ki, cavabdehin etirazının əsas dəlilləri də bağlanmış müqavilələrin beh ilə bağlı olmaması ilə əlaqədardır. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Mə hkəməsi mülki kollegiyasının 2(103)-4731/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.