Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4109/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Sığorta Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4109/22 (Açar sözlər: sığorta hadisəsi, subroqasiya qaydasında pul tələbi) Bakı şəhəri 10 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Sığorta ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8205/2021 nömrəli, 30 sentyab r 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2012-ci il tarixli, MİP120242-B23 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin surətinə əsasən, sığortalı X1 məxsus “Kia Rio” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobil 14600 manat məbləğində sığortalanmış (xx.xx.2012-xx.xx.2015), azadolma məbləği 300 manat, sığorta haqqı isə 818 manat təşkil edir. 2. xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospektində “Vaz 21074” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış avtomobillə toqquşmuşdur.
3. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tar ixli, 3(001)- 552/2012 saylı qərarına əsasən, Cavabdeh1 29 iyun 2012-ci il tarixdə idarə etdiyi “VAZ-21074” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomaşınla Azadlıq prospektində qarşısında eyni istiqamətlə hərəkət edən “Kia Rio” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomaşınla düzgün ara məsafəsi saxlamamış nəticədə onunla toqquşmuş və yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin maddə ilə ilə təqsirli bilinib 140 manat məbləğində cərimə edilmişdir. 4. “Anar-99” firmasının təqdim etdiyi xx.xx.2012-ci il tarixli aktına uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləği 8813 manat məbləğində olduğu, zərər məbləğindən sığorta müqaviləsi ndə nəzərdə tutulmuş 300 manat franşiza (azadolma məbləği) çıxılmaqla sığorta ödənişinin 8513 manata bərabər olduğu müəyyən edilmişdir. 5. xx.xx.2012-ci il tarixli 2998 saylı kassa məxaric orderinin təsdiq olunmuş surətinə əsasən, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 xx.xx.2012-ci il tarixdə 8513 manat sığorta ödənişi verilmişdir.
6. AB seriyalı 380076 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, “Vaz 21074” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsus olmuş, ƏN-İİ seriyalı 447604 nömrəli, xx.xx.2011-ci il tarixli etibarnamənin surətinə əsasən, mülkiyyətçi avtomobili idarə etməyi xx.xx.2019-cu il tarixədək Cavabdeh1 etibar etmişdir. 7. 29.01.2020-ci il pretenziya məktubuna əsasən, Cavabdeh1 sığorta ödənişini 10 gün ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödəməsi barədə xəbərdar olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Sığorta ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Kia Rio” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 8513 manat sığorta ödənişi məbləğinin və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat, cəmi 8543,40 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixdə idarə etdiyi “VAZ 21074” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Azadlıq prospekti ilə hərəkət edərkən ara məsafə saxlanılması qaydasını pozaraq qarşısında hərəkət edən X1 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Kia Rio” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Hadisədən sonra məlum olmuşdur ki, “VAZ 21074” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində icbari sığorta şəhadətnaməsi olmamışdır. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh2 mülkiyyətində olan “VAZ 21074” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Belə ki, həmin qanunun 53.2-ci maddəsinə əsasən avto nəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avto nəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avto nəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avto nəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Binəqədi rayonu DYPŞ-nin DYP 900362 saylı X3 Protokolunda öz əksini tapmışdır. Toqquşma nəticəsində avtomobilə dəymiş ziyanla bağlı “Anar-99” firmasının təqdim etdiyi xx.xx.2012-ci il tarixli Qüsur aktına uyğun olaraq həmin avtomobilə 8813 manat ziyan dəymişdir. MİP№120242-B23 saylı sığorta müqaviləsinə və №1966/2012 saylı sığorta aktına əsasən idd iaçı azadolma məbləği 300 manat çıxmaqla 8513 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya 8513 manat dəymiş zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır.
10. Birinci instansiya məhkəməsində cavabdehlər iştirak etməmiş və iddiaya etiraz verməmişlər.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/4334 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Anar-99” firması tərəfindən təqdim edilmiş xx.xx.2012-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla “Kia Rio” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 8613,00 manat müəyyən edilmişdir. (Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir).
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-308/2021 nömrəli iş üzrə 3 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.R.Mustafayeva) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 sığorta ödənişi kimi ödənilmiş 8313,00 (səkkiz min üç yüz on üç) manat məbləğində pul vəsaiti, həmçinin dövlət rüsumun və bank xidmət xərci kimi ödənilmiş 29,60 (iyirmi doqquz manat, altmış qəpik) manat pul vəsaitinin tutularaq iddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir..
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh1 qanunsuz hərək əti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Bununla da sığortalıya dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği (sığorta ödənişi məbləğində) subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır.
14. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyindəki məbləği nəzərə alaraq hesab etmişdir ki, həmin məbləğdən sığorta şəhadətnaməsində nəzərdə tutulan 300 manat azadolma məbləği çıxılmalı və sığorta ödənişi 8313,00 manat həcmində müəyyənləşdirilməlidir.
15. Məhkəmə qeyd etmişdir ki, hadisə baş verən zaman yüksək təhlükə mənbəyi sayılan avtomobil etibarnaməyə əsasən, yəni qanuni əsaslarla, Cavabdeh1 tərəfindən idarə edildiyindən və o, ha disənin baş verməsində təqsirli olduğundan, nəqliyyat vasitəsini icbari sığorta etdirmək vəzifəsini isə avtonəqliyyat vasitəsinin sahibi, yəni yol-nəqliyyat hadisəsi zamanı qanuni əsaslarla avtomobilə sahiblik edən şəxs daşıdığından, həyata keçirilmiş sığorta ödənişi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, iddia digər Cavabdeh2 aid hissədə rədd edilməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14.2.6, 21.1, 21.2, 936.1, 936.2, 936.5, 1096, 1108.1, 1108.2, 1114.1, “İcbari sığortalar haqqında” Qanunun 25.2, 53.1, 53.2, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh1 apellyasiya şikayəti verərək qə tnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsidən məlumatsız olmuş, qətnamənin mövcud olmasından yalnız icra məmuru tərəfindən məlumat verildikdən sonra xəbəri olmuş, qətnamə onun iştirakının təmin edilmədən, prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Eyni zamanda, 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Cavabdeh iddia müddətinin tətbiqi bardə ayrıca ərizə də vermişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-8205/21 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh1 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Bununla da sığortalıya dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği (sığorta ödənişi məbləğində) subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4334 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən “Kia Rio” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8613,00 manat məbləğində qiymətləndirilmişdir.
21. Hadisə baş verən zaman yüksək təhlükə mənbəyi sayılan avtomobil etibarnaməyə əsasən, yəni qanuni əsaslarla, Cavabdeh1 tərəfindən idarə edildiyindən və o, hadisənin baş verməsində təqsirli olduğundan, nəqliyyat vasitəsini icbari sığorta etdirmək vəzifəsini isə avtonəqliyyat vasitəsinin sahibi, yəni yol-nəqliyyat hadisəsi zamanı qanuni əsaslarla avtomobilə sahiblik edən şəxs daşıdığından, həyata keçirilmiş sığorta ödənişi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsini qət etməklə işə baxan birinci instansiya məhkəməsi haqlı olmuşdur.
22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 936.1, 936.2, 936.5, 1096, 1108.1, 1108.2, 1114. 1, “İcbari sığortalar haqqında” Qanunun 25.2, 53.1, 53.2, MPM-in 14.2, 77.1 və 217.4-cü maddələrinə maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv ləğv edilməsi və ona qarşı iddianın müddətin keçməsi ilə əlaqədar rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddəti tətbiq edilməli olduğu halda edilməmiş, müqavilə tələbləri üzrə 3 illik iddia müddəti nəzərə alınmamışdır. Mülki Məcəlləsinin 372.1, 373.1, 373.2, 375.2, MPM-in 9, 14.2, maddələrinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair03 iyun 2013-cü il tarixli Qərarının tələbləri pozmuşdur. b)
25. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
27. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
28. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
29. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin ke çməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbi nə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. İddia qismən təmin edildiyindən cavabdehin kassasiya şikayətinin dəlilləri çərşivəsində qətnamə iddianın ona münasibətdə təmin edilməsi hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiy ası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
42. Kassasiya şikayətinin iddiaya müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin tətbiq edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə sığorta müqaviləsi üzrə münasibətlər iddiaçı və cavabdeh arasında deyil, iddiaçı və sığortalı şəxs E. Qasımova arasında mövcud olmuşdur. İddiaçı bu müqavilə üzrə öhdəlyini icra etmiş, yəni sığorta ödənişini həyata keçirmiş və subroqasiya hüququndan istifadə edərək hazırkı iş üzrə iddianı vermişdir.
43. Sığortalı E.Qasımova və Cavabdeh1 arasında isə zərərvurmadan (deliktdən) doğan öhdəlik münasibətləri meydana gəlmişdir. İddiaçı sığorta şirkəti sığortalı ilə öz arasında olan sığorta müqaviləsi üzrə sığorta ödənişini həyata keçirdiyindən MM-in 936.1-ci ("Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.") və 936.2-ci ("Faydalanan şəxsin zərərvuran şəxsə q arşı zərərin əvəzini ödəmək tələbi iddiası ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.") maddələrinə əsasən onun subroqasiya hüququ yaranmışdır.
44. MM-in 936.1-ci maddəsində subroqasiya hüququna verilmiş anlayışdan da göründüyü kimi, sığorta şirkəti sığortalı və cavabdeh arasında mövcud olmuş zərərvurmadan irəli gələn münasibətlərdə ödədiyi sığorta məbləği həcmində tələb hüququnu əldə etmişdir.
45. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və MM-in 373.1-ci maddəsin ə görə, ümumi iddia müddəti on il təşkil edir.
46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən maddi hüquq normaları apellyasiya məhkəməsi tərəfindən pozulmamışdır. Buna görə də, kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8205/2021 nömrəli iş üzrə 30 sentyabr 20 21-ci il tarixli qətnaməsi iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.