Məhkəmə qərarları › İş №2(102)-4125/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4125/2024

26.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4125/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4125/2024 (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 qarşı “evə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddiası il ə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-877/2024 nömrəli, 04 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. X1 ilə Cavabdeh1 xx.xx.1985-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Qəbələ Rayon Məhkəməsinin 12-12 nömrəli, xx.xx.1994-cü il tarixli qətnaməsi ilə Təranə Cəbrayılova ilə Cavabdeh1 arasındakı rəsmi nikah pozulmuşdur.

2. Qəbələ rayonu, Mıxlıqovaq kəndində 0,01726 ha torpaq sahəsində yerləşən 53,6 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi Təranə Cəbrayılova tərəfindən 08 oktyabr 2019-cu il tarixli 4Ə-831 saylı Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı bağışlanmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli çıxarışa əsasən, Qəbələ rayonu, Mıxlıqovaq kəndində 0,01726 ha torpaq sahəsində yerləşən 53,6 kv.m. sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 120 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. Cavabdeh1 Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 53,6 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə istifadə hüququ vardır. İş üzrə qəbul edilmiş məhk əmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud ad, soyadları) qarşı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, Ali Məhkəmənin 2(102)3111/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsində məqsədə müvafiq sayılaraq göstərilən 7.000 manat kompensasiyanı cavabdehlərə ödəməklə onların mülkiyyətində olan Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən yaşayış evindən istifadə hüquqlarına xitam verilərək çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, bundan əvvəl də iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək 3.000 manat kompensasiya ödənilməklə cavabdehlərin onun evindən istifadə hüquqlarına xitam verilməsi və çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və Qəbələ Rayon Məhkəməsi 2(025)-1447/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə 4.000 manat kompensasiya məbləği ilə iddianı təmin etmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi 2(107)-362/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə kompensasiyanın məbləğinin iddiaçının maddi vəziyyətini nəzərə almadan 7.000 manat olmasını məqsədə müvafiq sayaraq Qəbələ Rayon Məhkəməsinin qətnaməsini ləğv etmişdir. İddiaçı həmin qətnamədən Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 2(102)-3111/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsini n qətnaməsində göstərilən 7.000 manat kompensasiya məqsədə müvafiq sayılaraq qətnaməni qüvvədə saxlanılmışdır. O, yaşayış sahəsinə olan mülkiyyət hüququndan məhrum edilmişdir. Məhkəmələr cavabdehin qalmağa başqa evinin olmadığını bildirsə də, onun evdən nə zaman çıxacağı ilə bağlı hər hansı bir yol xəritəsi təqdim etməmişdir. Hakim iddiaçının şifahi qaldırdığı vəsatəti nəzərə almayaraq cavabdehlərin hansısa müddətə evdə yaşayaraq özünə ev taparaq evdən çıxmasını təyin edərək qərar qəbul etmir. Beləcə məhkəmə hüquqi müəyyənlik prinsipini də pozmaqla cavabdehin qeyri-müəyyən müddətə həmin evdə yaşamasına yaşıl işıq yandırmışdır ki, bu da iddiaçının tamamilə öz mülkiyyətindən qeyri-müəyyən müddətə məhrum edilməsinə səbəb olmuşdur.

7. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərə k izahatında bildirmişdir ki, 1992-ci ildə mübahisəli evi tikmişdir, 1999-cu il tarixdə onun evinin yerləşdiyi torpaq sahəsi bələdiyyənin torpağı kimi qeydə alınmışdır. Cavabdehin ev üçün təklif etdiyi 7.000 manat kompensasiya ədalətsizdir.

8. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(025)-300/2024 nömrəli, 28 mart 2024-ci il tarixli qətnaməsi ilə (hakim Elman İsayev) iddia təmin olunmuş, iddiaçı tərəfindən Cavabdeh1 7.000 manat məbləğində kompensasiya verilmək şərti ilə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən DƏDRX tərəfindən **********5310301 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli çıxarışla idiaçının mülkiyyətinə verilmiş fərdi yaşayış evinə Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi v ə onların həmin fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, İddiaçı Cavabdeh1 və onun ailə üzvləri nə qarşı kompensasiya ödənilməklə fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2 və 228.5-ci maddələri təşkil edir. Cavabdeh1 mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi İddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Sadalanan məsələlər, yəni iddiaçının cavabdehin və onun ailə üzvlərinin mübahisəli fərdi yaşayış evində olan istifadə hüquqlarının qarşılığında hansı məbləği təklif etməsi araşdırılmış və iddiaçı ilkin olaraq bu hüququn xitam verilməsi qarşılığında cavabdehə 7.000 manat məbləğində t əklif etmişdir, öz növbəsində cavabdeh bu məbləğlə razı olmadığını bildirmişdir.

10. Məhkəmə hazırkı iş üzrə iddiaçının cavabdehə qarşı kompensasiya ödənilməklə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməsini və təklif olunan kompensasiya məbləğini (7.000 manatı) yetərli saymışdır.

11. Məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab etmişdir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. İddiaçının təklif etdiyi kompensasiya cavabdeh ə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə oxşar şəraitdə yaşamaq imkanı verir. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh1 və onun ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsi üçün ödəniləcək 7.000 manat məbləğində pul vəsaiti Cavabdeh1 davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə qeyd olunan evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsini təmin edə biləcək kompensasiyadır. Cavabdeh1 yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində 7.000 manat kompensasiya, ona davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli evlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sah əsi ilə təminatsız qalmayacaqdır.

12. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25, 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 153.3, 157.2, 158.1.2, 158.4 və 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 217, 218.1, 220.4-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

13. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yaşayış sahəsindən istifadə hüququna o vaxt xitam verilə bilər ki, təklif edilən kompensasiya məbləği real bazar qiymətinə uyğun olmalıdır. Buna rəğmən, iş üzrə təqdim olunan “X3” MMC-nin ekspert rəyindən də göründüyü kimi Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 138,2 kv.m. sahəsi olan fərdi yaşayış evinin bazar qiyməti 32.600 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, həmin yaşayış evinə istifadə hüququna xitam verilərkən kompensasiya məbləğinin 7.000 manat məbləğində müəyyən olunması tamamilə əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3111/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında Qəbələ Rayon Məhkəməsinin 2(025)-609/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə istinad edilsə də, həmin qətnamə qəbul ediləndən bu günə qədər ölkədə mövcud inflyasiya şəraitində qiymətlər dəfələrlə artmışdır. Bu hallar məhkəmə tərəfindən əsaslandırılmamışdır. Məhkəmə nəzərə almamışdır ki, Qəbələ rayonu, Mıxlıqovaq kəndində ona məxsus torpaq sahəsində yerləşən 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi, onun keçmiş arvadı və onunla nikahdan 4 övlad anası X1 tərəfindən, müəmmalı olaraq, daşınmaz əmlakın bağışlanması haqqında xx.xx.2019-cu il tarixli, № 4Ə-831 saylı müqaviləyə əsasən, ailəsi və övladı olmayan bacısı, İddiaçı bağışlamışdır. Eyni zamanda, həmin evdə onun ailə üzvlərinin məcburi pay hüquqları olduğu halda onlara xəbər vermədən və razılıq almadan, bağışlama əqdi bağlanılmışdır. Bu əsasla qeyd olunan bağışlama müqaviləsi ümumiyyətlə, qanunsuz tərtib olunmuşdur. Onun ailə üzvləri dedikdə, əvvəlki nikahdan 4 və sonrakı nikahdan 3 övladı vardır. Onlardan 2 övladı yetkinlik yaşına çatmamış, bir oğlu isə hərbi xidmətdədir. Lakin iddiaçı yetkinlik yaşına çatmamış ailə üzvlərini cavabdeh kimi göstərməmiş və bu əsasla onların məhkəmə müdafiə hüququ pozulmuşdur. Nəticədə Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələbini pozulmuşdur. Qəbələ Rayon Məhkəməsinin hakimi tələbin qeyrimüəyyən olması səbəbilə iddianın baxılmamış saxlanılması məsələsini müzakirə etməli olduğu halda buna əməl etməmiş, beləliklə də prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəməyə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət təqdim olunmasına baxmayaraq, məhkəmə əsassı z olaraq, həmin vəsatəti təmin etməmiş və iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarda, bunun səbəbi izah edilməmişdir. Məhkəmə mübahisə predmeti olan fərdi yaşayış evinin əvvəlki mülkiyyətçilərinin kim olması, həmin şəxslərin bağışlama müqaviləsinə razılıq verib-verməməsi məsələsini araşdırmamışdır. Bundan əlavə, məhkəmə kompensasiya məbləğinin hesablanması zamanı da ciddi və qərəzli səhvə yol vermişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin keçmiş arvadı Təranə Cəbrayılova məhkəmə qətnaməsi ilə ona verilmiş 4 uşağına baxmaqdan imtina edərək, evdən getmiş və uzun müddət övladlarından kənarda, öz həyatını yaşamışdır. Öz uşaqlarından imtina etmiş Təranə Cəbrailova məhkəmələrin ədalətsiz qərarı ilə ona verilmiş mənzili övladlarına yox, davamlı subay olan və özünə məxsus həyat tə rzi keçirən bacısına, hazırkı iddia üzrə İddiaçı bağışlaması məhkəməni maraqlandırmamış, bu məsələni araşdırmamışdır.

15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(107)-877/2024 nömrəli, 04 avqust 2024-cü il qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Elçin Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, hazırkı iddia ilə təklif olunan 7.000 manat kompensasiya məbləği Şəki Apellyasiya Məhkəməsinin 2(107)-362/2023 nömrəli mülki işi üzrə qətnaməsinə əsaslanır ki, həmin qətnamə də xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Yəni hazırkı vəziyyətdə həmin qətnamənin qəbul edilməsindən cəmi 1 il yarım müddət keçmişdir ki, bu müddət ərzində cavabdehlər həmin mülkiyyətdən ödənişsiz qaydada istifadə etməyə davam etmişlər və mübahisəli evin yaşayış şəraitinin həmin müddət inkişaf etməsi ilə bağlı da məhkəməyə heç bir sübut təqdim etməmişlər. Ona görə də, həmin qətnamə ilə müəyyən edilmiş 7.000 manat kompensasiyanın hal-hazırda ağlabatan hesab edilməməsi və yenidən hesablanması üçün əsaslar mövcud deyildir.

17. Apellyasiya şikayətində qeyd olunan bağışlama müqaviləsinin etibarlılığına dair xüsusata münasibətdə kollegiya tərəfindən bildirilmişdir ki, qeyd olunan xüsusat halhazırkı məhkəmə baxışının predmeti olmadığından həmin də lillər üzrə araşdırma aparılmamışdır.

18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı iddia tələbində iddiaçının 7.000 manat kompensasiyanı cavabdehlərdən hansına və nə şəkildə təklif etdiyini dəqiq göstərməsə də, iddia ərizəsinin ümumi məzmunundan həmin məbləğin bütün cavabdehlərə ümumilikdə nəzərdə tutulduğu anlaşılır. Birinci instansiya məhkəməsi isə hazırda mübahisələndirilən qətnamənin nəticə hissəsində Cavabdeh1 7.000 manat kompensasiya ödənilməklə cavabdehlərin hamısının evdən çıxarılmasını göstərmişdir. Həmin hal isə digər cavabdehlər tərəfindən rəsmi qaydada apellyasiya şikayəti verilməklə mübahisələndirilməmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 məhkəmə kollegiyasının iclaslarında bildirmişlər ki, onlar bir ailə olaraq, Cavabdeh1 ilə birlikdə yaşayırlar, ai lənin gəlirləri və xərcləri birlikdədir. Onlar mübahisəli evdən onlara düşən payı tələb edirlər.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 153.3, 158.4, 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarlarında və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 82.3, 88, 2 17.1, 217.3, 217.4, 218.1, 372.7, 384.0.1 və 385.2-ci maddələrinə ifadə olunmuş hüquqi mövqelərə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

20. Qətnamədən Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi idarəsindən verilmiş xx.xx.2023-cü il tarixli reyestr nömrəsi **********54 saylı çıxarışla Cavabdeh1 mülkiyyətində olmasına baxmayaraq məhkəmə qeyd olunan mülkiyyət sənədini qətnamə çıxararkən nəzərə almamışdır. Yaşa yış sahəsindən istifadə hüququna o vaxt xitam verilə bilər ki, təklif edilən kompensasiya real bazar qiymətinə uyğun olmalıdır. “X3” MMC-nin ekspert rəyindən də göründüyü kimi Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 138,2 kv.m. sahəsi olan fərdi yaşayış evinin bazar qiyməti 32.600 manat məbləğində müəyyən edilmişdir. Məhkəmələr tərəfindən yaşayış evinə istifadə hüququna xitam verilərkən kompensasiya məbləğinin 7.000 manat məbləğində müəyyən olunması ədalətsizlikdir. Həmin kompensasiya məbləği ilə heç bir otaqlı ev almaq belə mümkün deyil. Məhkəmə qətnaməsinin nəticə hissəsində cavabdehlərin neçə kv.m evdən çıxarılması göstərməmiş, apellyasiya məhkəməsi də bu fakta laqeyd yanaşmışdır. İddiaçı məhkəmədə cavabdehin və onun ailə üzvlərinin kompensasiya verilməklə istifadə hüququna xitam v erilməsini tələb etsə də, iddia dəqiqləşdirilməmişdir. Belə ki, cavabdehin ailə üzvləri dedikdə əvvəlki nikahdan 4, sonrakı nikahdan 3 övladıdır ki, onlardan 2 övlad yetkinlik yaşına çatmamış, bir oğlu isə hərbi xidmətdədir. Lakin iddiaçı yetkinlik yaşına çatmamış ailə üzvlərini cavabdeh kimi göstərməmiş və bu əsasla onların məhkəmə müdafiə hüququ pozulmuşdur. Nəticədə MPM-in 149.2.3-cü maddəsinin tələbini pozmuşdur. İşə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsilə ekspertiza təyin edə bilər. Cavabdeh tərəfindən Qəbələ Rayon Məhkəməsinə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət təqdim edilsə də, məhkəmə əsassız olaraq həmin vəsatəti təmin etməmiş, iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qəra rdadda bunun səbəbini izah etməmişdir. Qanunun tələbinə görə işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməli olduğu halda bunu etməmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:

22. İddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olmasını qeyd etmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

23. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə

29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüquq u mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

25. Maddə 6.1.4. Mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır.

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərənc am verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

29. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

30. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülk iyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

31. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

32. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarı.

33. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütü n bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı. 34. “... 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir...” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklər i sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasi ya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 417.1.1 Kassasiya in stansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutla ra və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

50. Qeyd olunmalıdır ki, “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. 51. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

52. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. 53. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsin in 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. 54. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilm əsini tələb etmək hüququnu verməsə də, o yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.

55. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.

56. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, kassasiya şikayətində qeyd olunan dəlillər apell yasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

57. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

58. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər ü zrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmam asına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

61. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Şərh olunanlara əsasən və Azərb aycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-877/2024 nömrəli, 04 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar