Məhkəmə qərarları › İş №2(102)-4153/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4153/2022

10.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4153/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" MTK-ya qarşı iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlak, ər-arvadın birgə vəsaiti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" MTK-ya qarşı protokoldan çıxarış və maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 2(105)-3388/2021 nömrəli, 29 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – ikinci cavabdeh) ilə 13 iyun 2016-cı il tarixdə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X3 doğulmuşdur. 2. xx.xx.2016-cı il tarixdə ikinci cavabdehin atası Cavabdeh1 (bundan sonra – birinci cavabdeh) özünə məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 55 saylı evin 36 saylı 4 otaqlı mənzilini 68.000 manata digər şəxsə satmışdır.

3. Tərəflər nikahda olduqları dövrdə "xxxx" Mənzil Tikinti Kooperativi (bundan sonra MTK) ilə ikinci cavabdeh ara sında Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzilinin (bundan sonra – mübahisəli mənzil) alınmasına dair müqavilə bağlanmışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4091/2019 saylı, 20 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ilə ikinci cavabdeh arasında nikah pozulmuşdur. 5. xx.xx.2019-cu il tarixdə mübahisəli mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 (bundan sonra – birinci cavabdeh) adına qeydə alınmışdır.

6. İddiaçının sorğusuna MTK-nın verdiyi xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2016-cı il tarixdə ikinci cavabdeh X1 MTK-ya məxsus binadan mənzili almışdır. Sonradan ikinci cavabdeh 13 noyabr 2019-cu il tarixdə birinci cavabdehə etibarnamə vermişdir. Etibarnamə əsasında birinci cavabdeh 22 saylı mənzili öz adına keçirərək çıxarış almışdır.

7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş 10 noyabr 2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, mübahisəli mənzil birinci cavabdehin adına MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1 nömrəli protokoldan çıxarış və xx.xx.2019-cu il tarixli maliyyə arayışı əsasında qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair MTK-nın üzvlərinin ümumi iclasının 01 nömrəli, xx.xx.2019-cu il tarixli protokoldan çıxarışın və xx.xx.2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və birinci cavabdehin adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi, iddiaçı və ikinci cavabdehin birgə nikah dövründə əldə etdikləri mübahisəli mənzilə 2/3 hissədə iddiaçının payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, nikahda olduqları müddət ərzində əri ikinci cavabdeh xx.xx.2016-cı il tarixdə X2 MTK-dan aldığı mübahisəli mənzili müqavilə əsasında əldə etmişdir. Həmin tarixdə ikinci cavabdehə MTK-nın vermiş olduğu maliyyə arayışına əsasən həmin mənzilin dəyərini tam ödəmiş və heç bir borcu qalmamışdır.

10. Birinci cavabdeh tərəfindən iddiaçının azyaşlı övladı ilə birlikdə mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə bağlı bildiriş aldıqdan sonra mübahisəli mənzilə dair birinci cavabdehin adına çıxarış verildiyi barədə məlumatlı olmuşdur.

11. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 iyul 2021-ci il tarixli, 2(060)-4226/2021 nömrəli qətnaməsi ilə (hakim E.Hüseynov) iddianın qismən təmin edilməsi, mübahisəli mənzilinə dair "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 01 nömrəli, xx.xx.2019-cu il tarixli protokolu, xx.xx.2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və Cavabdeh1 Məhəmməd oğluna verilmiş mülkiyyət hüququnun qeyd edilməsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi, mübahisəli mənzil üzərində iddiaçının ½ hissədə, ikinci cavabdehin ½ hissədə paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin olunmaması qə t edilmişdir.

12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil iddiaçı ilə ikinci cavabdehin nikahda olduğu dövrdə əvəzli olaraq əldə edilmiş, iddiaçının həmin mənzilə birgə mülkiyyət hüququnun müəyyən edilməsi tələbi üzrə qanunvericiliklə təyin edilmiş iddia müddəti keçməmiş, iddiaçının razılığı olmadan mənzil etibarnamə əsasında digər cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, birinci cavabdeh mübahisəli mənzilin nikah dövründə əldə edilməsini bilərək, ikinci cavabdeh tərəfindən verilmiş etibarnamə əsasında özü barəsində hərəkət edərək, mübahisəli mənzilin hüquq verici sənədlərini öz adına rəsmiləşdirmiş və həmin mənzilə dair mülkiyyət hüquqlarını qeydiyyata aldırmışdır.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə və 71-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 31.1, 36.9, 37.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 222.1, 222.3, 225.1, 225.6, 355.1, 157.1, 157.2, 157.4, 157.8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Birinci cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, mübahisəli mənzillə bağlı danışıqları birinci cavabdeh aparıb, iddiaçı həmin proseslərdə iştirak etməyib, mənzilin qiyməti 56000-57000 aralığında olub. Həmin vaxt birinci cavabdeh bildirib ki, özünə məxsus evi satıb, bu evi oğlu ilə birlikdə yaşamaq üçün alır.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-3388/2021 nömrəli, 29 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.A.Qafari (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddia tələbinin rədd edilməsi qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci cavabdeh xx.xx.2016cı il tarixdə özünə məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 55 saylı evin 36 saylı 4 otaqlı mənzilini 68.000 manata digər şəxsə satmış və çox keçmədən mənzil satışı ilə məşğul olan vasitəçilərlə mübahisəli mənzili taparaq 57.000 manata almışdır. Bu mənzilin alınması, pulunun məhz birinci cavabdeh tərəfindən verilməsi iş üzrə şahid qismində dindirilmiş mənzilin əvvəlki mülkiyyətçisi İradə Babayevanın verdiyi ifadə ilə təsdiq edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mənzilin məhz birinci cavabdehin vəsaiti (mənzilin satışından əldə etdiyi vəsait hesabına əldə etməsi) hesabına əldə edilməsi öz təsdiqini tapdığı halda mənzilin alınmasına sərf edilmiş pul vəsaiti iddiaçı və ikinci cavabdehin ümumi birgə gəlirləri hesabına əldə edilməsi kimi qiymətləndirilə bilməz.

20. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, sübutetm ə yükü üzərinə düşən iddiaçı MPM-in 77.1, 14.2 və 106.1-ci maddələrinin tələbləri baxımından sübut edə bilmədiyindən, həmin mənzil iddiaçı ilə ikinci cavabdehin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə və Ailə Məcəlləsinin 36.3 və 36.4-cü maddələrinə uyğun olaraq mübahisəli mənzil üzərində iddiaçının pay hüququ tanına bilməz.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil üzərində iddiaçının pay hüququ tanınmadığından, sonuncunun ümumi iclasın 01 saylı xx.xx.2019-cu il tarixli protokoldan çıxarışın, həmin tarixli maliyyə arayışının etibarsızlığını tələb etmək hüququ aradan qalxmışdır. Bu baxımdan iddia tələbi bu hissədə də təmin edilməməlidir.

22. Apellyasiya instansiyası məhkəməsi, həmçinin hesab etmişdir ki, cavabdehin adına mülkiyyət hüququnun qey d edilməsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış kooperativin ümumi iclasının 01 saylı xx.xx.2019-cu il tarixli protokoldan çıxarış əsasında verildiyindən və iddia tələbləri mübahisəli mənzil üzərində iddiaçının pay hüququ müəyyən edilməsi, o cümlədən kooperativin ümumi iclasının 01 saylı xx.xx.2019-cu il tarixli protokoldan çıxarışın, həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, iddia tələbi bu hissədə də təmin edilə bilməz.

23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 225.1, Ailə Məcəlləsinin 32-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh e dilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzili iddiaçı və ikinci cavabdehin nikahda olduqları dövrdə alınsa da, birinci cavabdeh həmin mülkiyyətə dair müstəqil hərəkət verərək onun özgəninkiləşdirilməsinə nail olmuşdur. Apellyasiya instansiya məhkəməsi işin hallarını tam hüquqlu məhkəmə kimi araşdırmamış, yalnız birinci instansiya məhkəməsinin formal mövqeyini olduğu kimi köçürmüşdür. Məhkəmə iclası zamanı mübahisəli əmlakın b irgə nikah dövründə alınmasını sübut edə biləcək şahid dairəsi və onların dindirilməsinin zəruriliyi barədə iddiaçı tərəfindən vəsatət verilmiş, lakin audio çəkiliş dayandırıldığından həmin vəsatətin mövcudluğu ümumiyyətlə məhkəmə iclas protokolunda aşkar edilməmişdir. Qeyd edilən vəsatətin təmin edilməsi iddianın perspektivliyi baxımından olduqca əhəmiyyətlidir. Apellyasiya instansiyası məhkəməsi işin mahiyyətinə, tərəflərin münasibətinə və iş materiallarında olan sübutlara diqqət yetirməmiş, işin halları və tərəflərin məhkəmə iclasında verdiyi izahatlara deyil, özünün yaratdığı xəyali bir münasibətlər haqqında fikir yürütmüşdür. b) Kassasiya şikayəti üzrə işə məhkəmə iclasında baxılmasına dair vəsatət

26. İddiaçının vəkili vəsatət verərək, kassasiya şikayətinə məhkəmə iclasında baxılması nı xahiş etmişdir.

27. Məhkəmə kollegiyası tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Birinci cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının birinci cavabdehin mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmiş mübahisəli mənzilin guya iddiaçı ilə keçmiş həyat yoldaşının birlikdə birgə nikah dövründə əldə etdikləri pul vəsaiti ilə alındığı barədə bildirdiklərini təsdiq edən hər hansı sübut onun tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin iddiaçının onun bildirdiklərini təsdiq edən şahidlərinin guya məhkəməyə dəvət edilməməsi barədə qeyd etdikləri isə həqiqəti əks etdirmir. Be lə ki, apellyasiya instansiya məhkəməsində işə baxılarkən iddiaçının vəkili və nümayəndəsi tərəfindən nə belə bir vəsatətlə məhkəməyə müraciət edilməmiş, nə də hər hansı yazılı şahid ifadələri məhkəməyə təqdim olunmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

29. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

30. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsi

31. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

32. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlaraqulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

33. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

34. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Mülki Prosessual Məcəllə

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi is tinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edi lmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

46. İddiaçı apellyasiya baxışı zamanı şahidlərin dindirilməsi barədə vəsatət verdiyini, lakin vəsatətinin əsassız təmin edilmədiyini bildirsə də, iddiaçının nə şifahi, nə də yazılı qaydada belə bir vəsatət verdiyi iş materialları və məhkəmə iclas protokolları ilə təsdiq olunmur.

47. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparıla, onlara qiymət verilə bilməz.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3388/2021 nömrəli mülki iş üzrə 29 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar