Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4185/2021 26.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxslər Maraqlı şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi) iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X1, cavabdeh l əğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkili X3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-963/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh1 14 iyun 1979-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onlar birgə nikah dövründə, 26.09.2002-ci il tarixdə Quba rayon Alekseyevka kənd sakini xxx və onun ailə üzvlərinə məxsus olmuş Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən, ümumilikdə 1,02 ha torpaq sahəsini (bundan sonra - mübahisəli torpaq sahəsi) satın almışlar. Mübahisəli torpaq sahəsi ilə əlaqədar Cavabdeh1 adına Torpağa Mülkiyyət Hüququna Dair JN-768 seriyalı, 30304018 nömrəli Dövlət Aktı verilmişdir. Sonuncu həmin akt əsasında torpaq sahəsini "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru xxxxxxxxoğlu arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün 07 iyun 2006-cı il tarixli, 06 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi Dövlət Notariat Kontorunda təsdiq edilmiş, əmlak ipoteka ilə yüklü edildikdən sonra bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (DƏDRX) qeydiyyat aparılmışdır. "xxxx" MMC tərəfindən kredit ödənişləri həyata keçirilmədiyindən Bank tərəfindən Quba Rayon Məhkəməsinə müraciət olunmuş, Quba Rayon Məhkəməsinin 08.04.2010-cu il tarixli, 2(027)-08/2010 nömrəli qətnaməsi ilə borcun "xxxx" MMC-dən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Bundan sonra torpaq sahələri açıq hərraca çıxarılmış və Bank tərəfindən Maraqlı şəxs1nin Hərracın yekunları barədə 08.09.2011-ci il tarixli, Y-634 nömrəli protokoluna əsasən, 7803 manata hərrac vasitəsilə satın alınmışdır. Hərracın yekunları üzrə mübahisəli torpaq sahəsinə dair Bankla Quba rayon İcra Bölməsinin böyük icra məmuru Ə.Mirzəyev arasında 14.09.2011-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırda mübahisəli torpaq sahəsi Bankın mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 və Banka (bundan sonra – cavabdehlər) qarşı (üçüncü şəxslər Maraqlı şəxs1 və DƏDRX-in 5 saylı Xaçmaz Ər azi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank ilə "xxxx" MMC-nin direktoru XXX oğlu arasında bağlanmış 07.06.2006-cı il tarixli, 06 nömrəli ipoteka müqaviləsinin Cavabdeh1 aid hissədə etibarsız hesab edilməsi, hərracın yekunları barədə 08.09.2011-ci il tarixli, Y-634 nömrəli protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 14.09.2011-ci il tarixli müqavilənin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 14.06.2012-ci il tarixli, MA seriyalı, ******* saylı və ********** qeydiyyat nömrəli, 14.06.2012-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi alındığı vaxtdan bu günə qədər onların istifadəsindədir. Fasiləsiz olaraq oradan istifadə etmişlər. Lakin bir neçə ay əvvəl ona məlum olmuşdur ki, torpaq sahəsinin təzə mülkiyyətçisi vardır. Araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsi əri tərəfindən onun xəbəri olmadan ipoteka qoyulmuşdur. Halbuki həmin müqavilə bağlanarkən onun razılığı alınmalı idi. Sonradan ipoteka qoyulmuş əmlak hərrac yolu ilə Banka satılmışdır. Torpaq sahəsi hazırda da istifadələrində olduğundan və Bank tərəfindən ona əmlakın boşaldılması barədə hər hansı bir bildiriş göndərilmədiyindən, onun qeyd olunan proseslərdən xəbəri olmamışdır. Sonradan əri ona bildirmişdir ki, torpaq sahəsi artıq Bankın mülkiyyətindədir. Hesab edir ki, qeyd olunan hərəkətlərlə onun mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, ərarvadın ümumi əmlakı ü zərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və ya qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Arvadın və ya ərin bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqdlər etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı etiraf edərək bildirmişdir ki, Bank ilə "xxxx" MMC-nin direktoru XXX oğlu arasında bağlanmış kredit və ipoteka müqaviləsinə əsasən arvadından (iddiaçıdan) xəbərsiz birgə nikah dövründə əldə etdikləri torpaq sahələrini ipoteka ilə yüklü etmişdir. Bu zaman hesab etmişdir ki, dostu olmuş XXX oğlu kredit borcunu va xtlı-vaxtında ödəyəcək və qeyd olunan əmlaklarla əlaqədar heç bir problem yaranmayacaq. Arvadına bu barədə məlumat verməyə ehtiyac görməmiş, sənədləşmə zamanı da iddiaçıdan bu barədə razılıq alınması tələb olunmamışdır. Bundan sonra uzun müddət ona müqavilə öhdəlikləri ilə əlaqədar heç bir müraciət olunmamışdır. Hətta torpaq sahəsi hazırkı vaxta kimi onların istifadəsindədir. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)834/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ipoteka predmeti olan torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə iddiaçı ilə nikahda olduğu vaxt keçmişdir. Torpaq sahəsi birgə nikah dövründə əldə olunduğundan ümumi əm lak hesab edilir və həmin əmlak üzərində sərəncam vermək üçün digər payçı İddiaçı notariat qaydasında təsdiq edilmiş razılığı alınmalı idi. Lakin ipoteka müqaviləsi İddiaçı torpaq sahəsinə qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz etmişdir. Bu isə iddiaçının Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Göstərilən səbəblərə görə iddia təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 32.1, 33.4-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 225.1, 225.6, 269.4, 269.5, 337.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3, 217.4-cü, “İpoteka haqqında” Azərbay can Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 8.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Bank apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qətnaməsində yalnız tərəflərin şifahi mülahizələrinə əsaslanaraq qətnamə qəbul etmişdir. Qətnamədə məhkəmənin istinad etdiyi yeganə dəlil tərəflərin şifahi izahatları olmuşdur. Məhkəmə notariat işini Notariat Kontorundan tələb etməmiş, iddiaçının razılıq ərizəsinin notariat işində olub-olmamasını araşdırmamışdır. İddiaçının ipoteka müqaviləsinin etibarsız olması barədə dəlilinin heç bir hüquqi və faktiki əsası yoxdur. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıld ığı gündən bir il ərzində irəli sürülə bilər. Qeyd edilən müddət kəsici müddətdir və iddia müddətindən fərqli olaraq kəsici müddət qarşı tərəfin bu barədə ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilməlidir. İddiaçı məhkəmənin və hərracın keçirilməsindən xəbərdar idi və onun ipotekanın etibarsızlığı barədə iddia qaldırmaq üçün kifayət qədər vaxtı olmuşdur. Bankın hüquqlarının kobud şəkildə pozulması ilə qəbul edilən hazırkı qətnamə üzrə işə baxılan zaman cavabdehin iştirakı təmin edilməmiş və həmin qətnamədən onların xəbəri olmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-963/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia tələbi rədd edilmişdir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassızdır, işin faktiki hallarına uyğun deyildir. Məhkəmə hesab etmişdir ki, Bank ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanarkən Mülki Məcəllənin tələblərinə riayət olunmuşdur və müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının istinad etdiyi və onun mövqeyinə əsasən hüquqlarını pozan və iddia ərizəsinə əsasən müqavilənin etibarsızlığını şərtləndirən hal ona ən geci 2010-cu ildən (məhkəmə qətnaməsi qəbul olunduğu vaxtdan) artıq məlum olmuşdur. Lakin iddiaçı hüquqlarının təmin edilməsi məqsədi ilə iddia tələbini qeyd olunmuş halın ona məlum olmasından təqribən 10 il sonra irəli sürmüşdür. Belə olan halda, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisələndirməmiş, qanunda nəzərdə tutulmuş kəsici müddəti ötürmüşdür. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 139.1, 144.1, 144.2, 146.2, 271.1, 271.2, 337.1, 347.1, 351.3, 354.1, 354.2, 357-358-ci, “İpoteka haqqında” Qanunun 10.2, 10.4cü, MPM-in 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X2) kassasiya şikayətində apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Ailə Məcəlləsinin 33, Mülki Məcəllənin 225.6, “İpoteka haqqında” Qanunun 8.1-ci maddələrinin tələblərini pozmuşdur. Kassator müddətin ötürülməsi ilə bağlı qeyd etmişdir ki, müqavilə onun xəbəri olmadan bağlandığından, sonrakı məhkəmə proseslərində işə cəlb olunmadığından, hazırki vaxtadək torpaq sahəsi onların istifadəsində olduğundan, o, öz hüquqlarının pozulduğunu bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz ərizəsində Bankın vəkili qeyd etmişdir ki, məhkəmə bildirişləri və hərracların keçirilməsi barədə b ildirişlər dəfələrlə iddiaçının (ipoteka qoyan Cavabdeh1) evinə göndərilmişdir. İddiaçı məhkəmə proseslərindən və hərracın keçirilməsindən xəbərdar idi və onun ipoteka müqaviləsinin etibarlılığını mübahisələndirmək üçün kifayət qədər vaxtı olmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Bankın vəkili kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdeh və üçüncü şəxslərin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclas ına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (m addə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikay ətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2). Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir (maddə 144.1). Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdi sə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 225.6) Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər (maddələr 271.1 və 271.2). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (maddə 354.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Baxılan iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 14 il əvvəl ipoteka ilə yüklü edilmiş və 8 il əvvəl Bankın mülkiyyətinə keçmiş ipoteka predmetinə dair ipoteka müqavi ləsinin onun razılığı olmadan bağlandığı, habelə bu müddət ərzində ipoteka müqaviləsindən və əmlakın Bankın mülkiyyətinə keçdiyindən xəbərsiz olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instans iyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-963/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4185/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4185/2021
26.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver