Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4279/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi, müqavilə üzrə öhdəliyin icrası, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2022-ci il tarixli, 2(105)545/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respubl ikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 16 iyul 2018-ci il tarixli, 162 nömrəli Mənzil tikintisi haqqında müqavilə ilə İddiaçı MMC Abşeron rayon İH başçısının 14 mart 2016-cı il tarixli 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 4-cü blok, 13-cü mərtəbə, 52 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzili Cavabdeh ayırmağı, sonuncu isə mənzilin ümumi dəyəri olan 66379 manatı MMCyə ödənilməsini öhdələrinə götürmüşlər. Müqavilənin 3.4-cü bəndinə əsasən Cavabdeh mənzilin dəyərini tam ödəmişdir.
2. İddiaçı MMC tərəfindən verilmiş həmin tarixli maliyyə arayışı ilə Cavabdeh ünvan 1 ünvanında 4-cü blok, 13-cü mərtəbəsində, ümumi sahəsi 120,69 kv.m olan 3 otaqlı, 52 nömrəli mənzilin pay dəyəri olan 66379 manatın ödənilməsi təsdiq olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən 4-cü blok, 13-cü mərtəbə, 52 nömrəli mənzilə dair bağlanan 16 iyul 2018-ci il tarixli, 162 №-li müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, 16 iyul 2018-ci il tarixli müqavilənin xüsusi şərtlərində qeyd olunmuş 5.7-ci bəndinə əsasən müqavilə payçının qohumları X1 və X5 tərəfindən İddiaçınə 6637 9 manatlıq kərpic ödənildikdən sonra qüvvəyə minir. Əks təqdirdə payçı tərəfindən şirkətə pul ödənilmədiyi üçün girov qoyulmuş müqavilə etibarsız sayılır və İddiaçı tərəfindən birtərəfli qaydada ləğv olunur. Bu müqavilə 1 (bir) il müddətinə qüvvədədir. İddiaçı MMC öhdəliklərini müqavilə ilə müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və müqavilə üzrə yaranmış öhdəliyini vaxtında yerinə yetirməmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(012)-4063/2021 nömrəli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən 4-cü blok, 13-cü mərtəbə, 52 nömrəli mənzilə dair bağlanmış 16 iyul 2018-ci il tarixli, 162 nömrəli müqavilənin ləğv edilməsi, həmin mənzilin iddiaçıya qaytarılması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 421, 752.1, 759.2-ci maddələrinə istinad edərək göstərmişdir ki, tərəflərin hər ikisinin izahatından və işin materiallarından göründüyü kimi İddiaçı MMC ilə (onun hüquqi varisi olduğu "xxxx" MMC) ilə Cavabdeh arasında bağlanan 16 iyul 2018-ci il tarixli, 162 nömrəli müqavilənin qüvvədə olma müddəti və etibarlılıq şərti həmin müqavilənin 5.7-ci bəndi ilə tənzimlənir. Həmin bənd isə iddiaçının deməsinə görə cavabdeh tərəfindən icra edilməmişdir. Cavabdeh tərəf isə müqavilənin həmin bəndindən xəbərsiz olduğunu və tərəflər arasında belə bir razılaşma olmadığını, qeyd edilən m üqavilənin sonradan bağlanması və müqavilənin 5.7ci bəndinin həqiqətə uyğun olmamasını bildirir. Göründüyü kimi, müqaviləni cavabdeh mübahisələndirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmiş, müqavilənin 5.7-ci bəndində öhdəliyi icra etməli olan payçının qohumu kimi göstərilən X4 şahid qismində dindirilməsini isə təmin etməmişdir. Bununla belə, elə həmin müqavilədən göründüyü kimi müqavilənin qüvvədə olma müddəti bir ildir, yəni müqavilənin müddəti 16 iyul 2019-cu il tarixdə bitmiş və müqavilədə nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. c) Apellyasiya instansiyası məhkəməsində icraat
7. Cavabdeh X3 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(012)-4063/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2022-ci il tarixli, 2(103)-545/2022 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, T.O.Quliyevdən və G.F.Tağızadədən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(012)4063/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlə daha əvvəl müqavilə bağlanmış, həmin müqavilə üzrə 66379 manatın tam ödənilməsi barədə maliyyə arayışı verilmiş, daha sonra cavabdehlə “icraçı” İddiaçı MMC arasında eyni m ənzilə dair təkrar müqavilə bağlanmışdır. Müqavilələr üzrə yalnız mənzilin qapı nömrəsi dəyişdirilmişdir. Bununla da müəyyən edilmişdir ki, ilk müqavilə bağlanan zaman cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş və mənzilin dəyərini tam ödəmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi 16 iyul 2018-ci il tarixli, 162 saylı müqavilənin 5.7-ci bəndinə (müqavilə payçının qohumları X1 və X5 tərəfindən FAM-88” Məhdud Məsuliyyətli Cəmiyyətinə 66379 manatlıq kərpic ödənildikdən sonra qüvvəyə minir, əks təqdirdə payçı tərəfindən şirkətə pul ödənilmədiyi üçün girov qoyulmuş müqavilə etibarsız sayılır və İddiaçı tərəfindən birtərəfli qaydada ləğv olunur) münasibət bildirərək qeyd etmişdir ki, müqavilədə qeyd edilən şəxslərə dair öhdəlik göstərilsə də, iddiaçı təşkilatla həmin şəxslər arasın da hər hansı öhdəlik müqaviləsinin bağlanmasına dair müqavilə mövcud deyildir. Həmin şəxslərin cavabdehin yaxın qohumları olmasına dair də müqavilədə hər hansı məlumat mövcud deyildir. Həmçinin hazırki müqavilə imzalanan zaman həmin şəxslər hazırki müqaviləni imzalamamışdır, bu səbəbdən də cavabdeh qeyd edilən şəxslərin iddiaçı ilə aralarında olan öhdəliklərinə cavab verməli şəxs kimi qəbul edilməməlidir.
11. Eyni zamanda apellyasiya məhkəməsi qeyd etmişdir ki, həmin müqavilənin 5.7ci bəndinə payçı tərəfindən şirkətə pul ödənilmədiyi üçün girov qoyulmuş müqavilə etibarsız sayılması və İddiaçı tərəfindən birtərəfli qaydada ləğv olunması müqavilə şərtlərində göstərildiyi halda iddiaçı müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, bununla da dolayısı yolla müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməsini təsdiq etmişdir.
12. Həmçinin iddiaçı təşkilat cavabdehin qohumları tərəfindən kərpic verilməli olmasını müqavilədə qeyd etsə də, bu öhdəlik barədə onlar arasında olan hər hansı müqaviləni təqdim etməmiş, eyni zamanda həmin şifahi razılaşmanın həmin şəxslər tərəfindən yerinə yetirilməməsinə dair hər hansı sübutu da təqdim etməmişdir. Bununla da iddiaçı təşkilatla qeyd edilən şəxslər arasında sadalanan faktlara dair hər hansı başqa müqavilənin mövcud olması müəyyən edilməmişdir. Belə bir razılaşma mövcud olduğu təqdirdə isə iddiaçı onlara qarşı iddia qaldıra bilər. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı MMC kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2022-ci il tarixli, 2(103)-545/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 752.1, 759.2-ci, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 390cı maddələri pozulmuşdur. Belə ki, cavabdeh müqavilə imzalayarkən onun qohumu X5 MMC-yə kərpic verməklə öhdəlik götürmüş və tərəflər arasında razılığa gəlmişlər. Tərəflərin hər ikisinin izahatından və işin materiallarından göründüyü kimi "xxxx" MMC ilə (onun hüquqi varisi olduğu "xxxx" MMC) ilə Cavabdeh arasında bağlanan 16 iyul 2018-ci il tarixli, 162 nömrəli müqavilənin qüvvədə olma müddəti və etibarlılıq şərti həmin müqavilənin 5.7-ci bəndi ilə tənzi mlənir. Həmin bənd isə iddiaçının deməsinə görə cavabdeh tərəfindən icra edilməmişdir. Cavabdeh tərəf isə müqavilənin həmin bəndindən xəbərsiz olduğunu və tərəflər arasında belə bir razılaşma olmadığını, qeyd edilən müqavilənin sonradan bağlanması və müqavilənin 5.7-ci bəndinin həqiqətə uyğun olmamasını bildirir. Göründüyü kimi, müqaviləni cavabdeh mübahisələndirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmiş, müqavilənin 5.7-ci bəndində öhdəliyi icra etməli olan payçının qohumu kimi göstərilən X4 şahid qismində dindirilməsini isə təmin etməmişdir. Bununla belə, elə həmin müqavilədən göründüyü kimi müqavilənin qüvvədə olma müddəti bir ildir, yəni müqavilənin müddəti 16 iyul 2019-cu il tarixdə bitmiş və müqavilədə nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Ap ellyasiya instansiyası məhkəməsi sübutları düzgün qiymətləndirməmiş, müqavilənin 5.7-ci bəndinə əsasən “Payçı”nın “İcraçı” qarşısında kərpic materiallarının təqdim edilməməsi barədə öhdəlik götürməsi ilə əlaqədar iddiaçının hüquqlarının pozulması hallarına qiymət verməmişdir.
15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
18. Kassator apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsas ən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və d əlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir.
23. Kassasiya məhkəməsi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində işin hallarına və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, o cümlədən müqavilənin 5.7-cü bəndinə yuxarıda qeyd olunmuş qaydada qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi əsaslı olaraq müqavilənin ləğvi üçün hüquqi əsasların müəyyən edilməməsi nəticəsinə gəlmişdir. Bu zaman Mülki Məcəllənin 421-ci maddəsinin tələblərinin pozulmasına yol verilməmişdir.
24. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddə sinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəti cə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2022-ci il tarixli, 2(103)-545/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.