Məhkəmə qərarları › İş №2(102)-4428/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4428/2022

14.11.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4428/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, gecikdirilmiş əmək haqqına görə ödəncin və məzuniyyət pulunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2(103)2813/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Mə hkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 16 dekabr 2016-cı il tarixli əmək müqaviləsi ilə İddiaçı Cavabdeh MMC-yə direktor vəzifəsinə işə qəbul edilmiş, MMC-nin təsisçilərinin 07 dekabr 2020-ci il tarixli qərarı ilə həmin vəzifədən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin oktyabr ayı üçün 3435,41 manat, 2020-ci ilin noyabr ayı üçün 3263,63 manat olmaqla, cəmi 6699,04 manat məbləğində əmək haqqının, 27 noyabr 2020-ci il tarixədək istifadə edilməmiş 74 günlük əsas əmək məzuniyyətinə görə 8362,51 manat pul əvəzinin, vəkilə ödənilmiş 3750,00 manatın, 09 noyabr 2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 3435,41 manat məbləğində əmək haqqının (oktyabr 2020-ci il üçün əmək haqqı) 1 %-i məbləğində (günlük 34,35 manat) ödəncin, 07 dekabr 2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 3263,63 manat məbləğində əmək haqqının (noyabr 2020-ci il üçün əmək haqqı) 1 %-i (günlük 32,63 manat) məbləğində ödəncin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh MMC iddiaçıya 2020-ci ilin oktyabr və noyabr ayları üçün əmək haqqını, habelə istifadə edilməmiş 74 günlük əsas əmək məzuniyyətinə görə pul əvəzini ödəməmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəm əsinin 02 iyul 2021-ci il tarixli, 2(005)2930/2021 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 2020-ci ilin oktyabr ayı üçün 3435,41 manat, 2020-ci ilin noyabr ayı üçün 3263,63 manat olmaqla, cəmi 6699,04 manat məbləğində əmək haqqının tutularaq İddiaçı ödənilməsi, 09 noyabr 2020-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3435,41 manat məbləğində əmək haqqının 1 %-i məbləğində yəni, günlük 34,35 manat ödəncin, 07 dekabr 2020-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3263,63 manat məbləğində əmək haqqının 1 %-i yəni, günlük 32,63 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, hüquqi yardıma görə ödənilmiş 3750 manat pulun cavabdehdən t utularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, cavabdehdən 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 12, 35-ci maddələrinə, Əmək Məcəlləsinin 110-cu maddəsinə, 113-cü maddəsinə, 154-cü maddəsinin birinci hissəsinə, 157-ci maddəsinin birinci və üçüncü hissələrinə, 172-ci maddəsinin dördüncü və beşinci hissələrinə, 296-cı maddəsinin dördüncü hissəsinə, 301ci maddəsinin birinci və ikinci bəndlərinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad edərək göstərmişdir ki, iddiaçının hesabına sonuncu dəfə 08 oktyabr 2020-ci il tarixdə əmək haqqı ödənilmişdir. İş materiallarından göründüyü kimi iddiaçının oktyabr və noyabr ayları üzr ə əmək haqqının ödənilməməsi iddiasına qarşı cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil, iddiaçıya müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bunun əksi olaraq iddiaçı tərəfindən məhkəməyə əmək haqqı hesabının bank çıxarışı təqdim olunmuşdur. Deyilənlərlə yanaşı məhkəmə işin hallarını və bank hesabından çıxarışı əsas götürərək hesab etmişdir ki, iddia tələbi oktyabr ayı və noyabr ayları üçün cəmi 6699,04 manat ödənilməmiş əmək haqqının tutulması hissəsində əsaslıdır.

6. Məhkəmə daha sonra göstərmişdir ki, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi, bu halın fərdi əmək mübahisəsi yaratmaması ilə şərtləndirilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi 09 noyabr 2020-ci il və 07 dekabr 2020-ci il tarixindən ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün müvafiq olaraq günlük 34,35 manat və 32,63 manat məbləğində ödəncin tutulması hissəsində əsaslıdır.

7. Məhkəmə iddia tələbinin istifadə olunmamış məzuniyyət pulunun ödənilməsi hissəsinə münasibətdə müəyyən etmişdir ki, iddiaçı cavabdeh hüquqi şəxsin direktoru vəzifəsində işləməklə cəmiyyətin cari və ümumi fəaliyyətinə rəhbərliyi həyata keçirmişdir. Eyni zamanda əmək müqaviləsinin müddəalarından görünür ki, təhsil və ödənişsiz məzuniyyətlər işəgötürənlə razılıq əsasında istifadə edildiyi təsbit edilsə də, əsas əmək məzuniyyəti üçün belə bir hal müəyyən edilməmiş, digər tərəfdən iddi açıya cəmiyyətin cari və ümumi fəaliyyətinə rəhbərliyi həyata keçirməsi həvalə edildiyindən, onun tərəfindən əsas əmək məzuniyyətinin istifadə edilməsi imkanının real və mümkün olması səbəbindən məhkəmə hesab etmişdir ki, bu hissəsində iddia tələbinin hüquqi əsası yoxdur və ona görə də, həmin hissədə iddia təmin edilməməlidir.

8. Bundan başqa, məhkəmə iddia tələbi üzrə hüquqi yardıma görə ödənilmiş 3750 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını əsaslı hesab etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(005)-2930/2021 nömrəli qətnaməsinin iddianın təmin olunmaması hissəsində ləğv olunması və iddia tələbinin tam təmin olunması haqqında yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Həmçinin Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(005)-2930/2021 nömrəli qətnaməsinin iddianın təmin olunması hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2(103)-2813/2022 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(005)-2930/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi n əticə ilə və hüquqi əsaslandırması ilə razılaşmış və hesab etmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri işin halları ilə təkzib olunduğundan əsassızdır, qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

13. Cavabdeh MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2(103)-2813/2022 nömrəli qətnaməsinin iddianın təmini hissəsində ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 172-ci maddəsinin 4 və 5-ci bəndləri, Mülki Prosessual Məcəllənin 9, 88, 217-ci maddələri pozulmuşdur. Belə ki, cavabdehin məhkə mədə iştirakı təmin edilməmiş, işə cavabdehin iştirakı olmadan baxılmaqla onun məhkəmə müdafiəsi hüququ pozulmuşdur. İddiaçı MMC-nin direktoru vəzifəsində işləmişdir. O, əmək haqqının və məzuniyyətlərin vaxtında verilməsinə görə bilavasitə məsul və cavabdeh şəxsdir. Ona görə ona əmək haqqının gecikdirilməsinə görə faiz və istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiya ödənilməməlidir. Məhkəmə iddiaçının direktor olduğunu nəzərə alaraq ona məzuniyyət pulunun verilməməsi qənaətinə gəldiyi halda, nədənsə əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi qənaətinə gəlir və bunu hüquqi cəhətdən əsaslandırmır.

15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

16. Kassasiya şikayətinə qarşı yazılı eti raz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalə t etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

18. Birinci instansiya məhkəməsinin qətnaməsi həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndirilsə də, kassasiya şikayətini yalnız cavabdeh vermiş və qətnaməni iddianın təmin olunmuş hissəsində ləğv edilməsini xahiş etmişdir. Bu səbəbdən hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə - cavabdehdən iddiaçının xeyrinə əmək haqqının və gecikdirməyə görə ödəncin tutulmasının maddi və prosessual hüquq normalarına uyğun olmasının yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 154-cü maddəsinin birinci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiy asını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

21. Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəlləd ə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandı rır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçıya cavabdeh Cəmiyyətdə işlədiyi son iki ayın əmək haqqısının ödənilməməsi müəyyən olunmuş və həmin hal cavabdeh tərəfindən mübahisələndirilmir. Həmçinin həmin ayların əmək haqqısının məbləği də mübahisə predmeti deyildir.

24. Cavabdehin mübahisələndirdiyi yeganə hal ondan ibarətdir ki, iddiaçı özü cavabdeh MMC-nin qanuni təmsilçisi (direkto ru) olmaqla, əmək haqqının hesablanması və ödənilməsi üçün məsuliyyət daşımışdır.

25. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin həmin dəlili ilə razılaşmır. Belə ki, iddia tələbindən müəyyən olunur ki, iddiaçının tələbi onun MMC-yə rəhbərlik etdiyi əvvəlki dövrlər üçün əmək haqqının tutulmasından deyil, sonuncu iki ayın əmək haqqısının ödənilməsindən ibarətdir. İddiaçı ilə əmək münasibətlərinə xitam verildikdən sonra ona son haqq-hesabın (o cümlədən ödənilməli əmək haqqı və digər ödəmələrin) verilməsi məhz işəgötürənin vəzifəsi kimi Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsində və 172-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuşdur.

26. Eyni zamanda işəgötürənin təqsiri üzündən işçiyə əmək haqqının ödənilməsi gecikdirildiyi və bu hal (gecikdirmə) fərdi əmək mübahisəsi y aratmadığı halda, ona hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin dispozisiyası ilə müəyyən olunur.

27. Odur ki, cavabdehdən iddiaçının xeyrinə 2020-ci ilin oktyabr və noyabr ayları üçün əmək haqqının və gecikdirildiyi günlər üçün əmək haqqının 1% həcmində ödəncin tutulmalı olmasına dair apellyasiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.

28. Cavabdehin apellyasiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamasına dair dəlili də iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh MMC 13 aprel 2022-ci il tarixə təyin olunmuş məhkəmə iclası barədə Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə uyğun olaraq Elektron Məhkəmə İnformasiya Sistemi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi vasitəsi ilə məlumatlandırılmışdır. Belə olan halda, apellyasiya məhkəməsi əsaslı olaraq MPM-in 376.2-ci maddəsinə istinad etməklə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalı dır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2(103)-2813/2022 nömrəli qətnaməsi mübahisələndirilən, yəni cavabdehdən iddiaçının xeyrinə əmək haqqı və gecikdirməyə görə ödəncin tutulması hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar