Məhkəmə qərarları › İş №2(102)-4429/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4429/2023

29.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4429/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Xaçmaz rayon 1 saylı notariat ofisinə, Xaçmaz Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Xaçmaz rayon 1 saylı notariat ofisinə, Xaçmaz Rayon İcra Hakimiyyətinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 2(105)-1185/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X1 yerləşən 93,5 kvadrat metr ümumi sahəsi olan evi xx.xx.2018-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda oğlu - Cavabdeh3 bağışlamışdır.

2. Xaçmaz rayonu Qaradağlı kəndində istifadəsində olan 0.41 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 36.7 kvm.yaşayış, 56.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 adına qeydiyyata alınmışdır.

3. X4 ərizəsindən müəyyən olunur ki, X10 əri X12 məxsus Xaçmaz rayonu Qaradağlı kəndində yerləşən 0.41 ha torpaq sahəsi üzərində yerləşən evin istə nilən şəxsə bağışlamasına etiraz etmir.

4. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-2108/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh3 qarşı miras əmlakdan payların müəyyən edilməsi, əmlakın qanunsuz sahiblikdən geri alınması və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

5. İddiaçı və Cavabdeh3 mərhum X9 övladlarıdır.

6. X15 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası, bağışlayan X15 ilə qardaşı, bağışlanan Cavabdeh3 arasında Xaçmaz rayon 1 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə bağlanmış, Xaçmaz rayonu Qaradağlı kəndində yerləşən, onun qeydiyyatda olduğu və yaşa dığı evin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Xaçmaz rayon 1 nömrəli Notariat kontoru, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının X21 Ərazi Dairəsi üzrə nümayəndəliyi Fərman Babayev və Cavabdeh3 barəsində xüsusi qərardad çıxarılaraq prokurora göndərilməsini xahiş etmişdir.

8. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, xx xxx 1970-ci ildə Xaçmaz rayonu Qaradağlı kəndində anadan olmuşdur. X5, anası X11r. Doğulduğu və yaşadığı ev AR Dövlət Reyestr Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsinin verdiyi qeydiyyat tarixi xx.xx.2006, qeydiyyat nömrəsi 280600141, seriya MH N ******* Çıxarışla -atası X8 adına olmuşdur. Atası və anası onun xəbəri və razılığı olmadan Qaradağlı kəndində 0,41 ha torpaq sahəsində yerləşən 93,5 k vadrat metr ümumi sahəsi olan həmin evi xx.xx.2018-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda qardaşı, Cavabdeh3 bağışlamışlar. Anası xx.xx.2020-ci il tarixdə, atası xx.xx.2020-ci il tarixdə vəfat etmişlər. Bundan sonra qardaşı onun evdə yasamağına maneələr yaratmağa başlamışdır. Bildirmişdir ki, ev onun mülkiyyətindədir, istəsə onu evdən çıxardar. O, məsələnin araşdırılması və hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağışlamışdır. Vəkili Xaçmaz rayon 1 saylı notariat kontoruna sorğu vermiş, bağışlama ilə bağlı notariat işini əldə etdikdən sonra ona məlum olmuşdur ki, atası yəni bağışlayan mərhum X15 qardaşı, bağışlanan Cavabdeh3 və cavabdehlər Xaçmaz rayon 1 nömrəli Notariat kontoru xx.xx.2018-ci il tarixdə saxta akt tərtib edərək imzalamışlar ki, guya notarius “e-Not aiat” sisteminə müraciət etmişdir ki, yaşayış evində qeydiyyatda olanlar barədə məlumat alsın, göstərilən parametlərə uyğun axtarış zamanı evdə qeydiyyatda heç bir şəxs aşkar edilmədi. Eyni zamanda digər cavabdeh Hülövlü kənd icra nümayəndəsi Fərman Babayev xx.xx.2018-ci il tarixdə X5na Xaçmaz rayon 1 saylı Notariat kontoruna təqdim etmək üçün saxta arayış vermişdir ki, guya həmin evdə qardaşı Cavabdeh3 başqa digər adam qeydiyyatda yoxdur. Nəticədə cavabdehlər onun mənzildən istifadə hüququnu, gələcəkdə miras əmlakdan pay hüququnu pozmuşlar. Cavabdeh Xaçmaz rayon 1 nömrəli Notariat kontoru bu hərəkəti ilə “Azərbaycan Respublikasında Notariat X6 haqqında Təlimatın 49-cu maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Belə ki, Təlimatın 9-cu maddəsində göstərilir ki, yaşayış sahəsinə (ev, mənzi l, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvada qeydiyyata olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Hesab edir ki, bağışlama müqaviləsi etibarsız hesab edilməlidir.

9. Birinci instansiya məhkəməsində Cavabdeh3 vəkili və nümayəndəsi izahatında göstərmişdir ki, iddianı qəbul etmirlər. 2018-ci ildə bağışlanma müqaviləsi olmuşdur. Hazırda 2023-cü ildir və 5 il müddət keçib. Bundan başqa müqavilənin etibarlı olması üçün 4 ünsür mövcuddur. Subyekt tərkibi - müqavilədə bağışlayan və bağışlanan iştirak edir. Deməli subyekt tərkibi pozulmamışdır. Əqdin məzmunlu - tamamilə bağışlanma müqaviləsidir. Forması-notarial şəkildədir. Əl yazı ilə yazılmayıb. Bu hissə də qanuna uyğundur. İradə forması-bağışlayan öz şəxsi iradəsi ilə gəlib və ifadəsini verib. Göründüyü kimi, müqavilənin etibarlı sayılması üçün 4 ünsürün 4-ü də var. Eyni zamanda qarşı tərəf qeyd edir ki, mülkiyyət hüququ olan şəxsin razılığı olmalıdır. Mülkiyyət hüququ olan şəxsin onsuz da razılığı var. Notariat ofisində həmin evdə qeydiyyatda olan şəxsin ifadəsini almayıbsa, bu etibarsızlığa səbəb ola bilmir. Bu artıq notariatın öz işidir. Müqavilənin pozulması üçün 4 ünsürdən biri pozulma lı idi. Ona görə də üzərindən xeyli zaman keçdiyi və 4 ünsürün heç biri pozulmadığı üçün müqavilə etibarsız sayılmamalıdır.

10. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli 2(067)-305/2023 nömrəli qətnaməsi ilə (hakim V.Y.Qasımova) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı mübahisələndirilən bağışlama müqaviləsi üzrə notariat əməliyyatı aparılarkən hər hansı neqativ hallara, əqdin (bağışlama müqaviləsinin) qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət edilməməklə bağlanması halına, habelə hər hansı mühüm əhəmiyyət kəsb edən digər qanun pozuntularına yol verildiyi müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmi şdir ki, hədiyyə verən tərəfindən hədiyyə edilmiş daşınmaz əşyalar hədiyyə alan tərəfindən qəbul edilmiş, bağışlama müqaviləsi notarial qaydada təsdiqlənmiş, bağışlama müqaviləsi bağlandığı zaman hədiyyə verənlə hədiyyə alan arasında hər hansı öhdəlik və şərt olmamış və sonradan həmin müqavilə əsasında ev hədiyyə alanın mülkiyyətinə keçmişdir.

12. Birinci instansiya məhkəməsi onu qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçı müvafiq bağışlama müqaviləsini mübahisələndirmək hüququna malik olmamışdır. Mülki qanunvericiliyinin təhlilindən aydın olur ki, müqavilə onun bağlanmasında iştirak edən tərəflərin razılaşmasına dair iradə ifadəsinin nəticəsi kimi ortaya çıxır, həmin müqavilə şərtləri məhz onun bağlayan tərəflər üçün məcburi davranış qaydası kimi çıxış edir və ümum i qaydaya görə müqaviləni mübahisələndirmək hüququ məhz müqavilə tərəflərinə aid olan hüquqdur.

13. Məhkəmə işin faktiki hallarına istinadənə belə qənaətə gəlmişdir ki, müqavilənin etibarsız hesab edilməsinə dair heç bir sübut məhkəməyə təqdim edilmədiyindən, həmçinin də Mülki Məcəllənin 354-cü maddəsinin tələbləri baxımından iddia təmin oluna bilməz.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 152, 152.5, 157, 337.1. 339, 354.1, 354.2, 421.1, 421.3, 422, 425.1, 427.1 və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia təl əbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını, cavabdehlərin əməllərində vəzifə saxtakarlıqları olduğuna görə xüsusi qərardad çıxararaq Xaçmaz Rayon Prokuroruna göndərilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsi göstərilən əsasları nəzərə almamış, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə belə nəticəyə gələrkən qətnamənin ləğvi üçün əsas olan və AR MPM-nin 385-386, 388, 390-cı maddələrində nəzərdə tutulma nöqsanlara yol vermişdir. Belə ki, məhkəmə qətnamədə işin mahiyyətinə aid olmayan maddi və prosessual hüquq normalarını sadalamış, lakin iddianın təmini üçün əsas olan və iddiaçı tərəfindən göstərilən AR.MM-nin 337.1, 337.2 və 355-ci maddələrinə toxunmamışdır. Hansı ki, tərəflər arasında yaşayış evinin bağışlaması zamanı həmin maddi normaların tələbləri pozulmuşdur. Bundan əlavə məhkəmə Cavabdeh2 xüsusi notariusu Firdovsi Məmmədovun, “Azərbaycan Respublikasında Notariat X6laı” haqqında Təlimatın 49-cu maddəsinin tələbini kobud surətdə pozmasına münasibət bildirməmişdir. Məhkəmə qətnamədə iddianın təmin edilməməsi səbəbindən biri kimi AR.MPM-nin 14.2, 77.1 və 78.1-ci maddələrinin tələblərinin iddiaçı tərəfindən yerinə yetirilmədiyini göstərərək qeyd edir ki, guya iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı tərəfindən bağışlama müqaviləsinə aid olan və Xaçmaz rayon 1 saylı notariat ofisində saxlanan notariat işi məhkəməyə təqdim edilmişdir. Həmin notariat işində cavabdehlərin saxtakarlıqlarını təsdiq edən yazılı sübutların heç birinə məhkəmə münasibət bildirməmiş, sübutları niyə qəbul etmədiyini əsaslandırmamışdır. Hansı ki, Məhkəmə qətnaməsi haqqında AR Ali Məhkəmənin 24.Xİ.2005-ci il tarixli 4 saylı qərarının 6.3-cü bəndində bu məsələ məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli bu və ya digər sübutun qəbul edilib edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Beləliklə hesab edir ki, məhkəmə iddia tələbini təmin etməmək barədə qətnamə çıxararkən AR MM-nin 337.1, 337.2, 355-ci maddələrinin tələbini pozmuş, AR MPM-nin 385-ci maddəsinin tələbini pozmaqla həmin maddi normaları tətbiq etməmiş, cavabdehlər tərəfindən törədilmiş saxtakarlıqlara göz yumaraq bu barədə xüsusi qərardad çıxararaq prokurora göndərməmişdir. Cavabdeh Xaçmaz rayonu İcra Hakimiyyəti Başçısının X21 Ərazi Dairəsi üzrə nüm ayəndəsi Fərman Babayev müqavilə tərəflərinə notariat ofisinə təqdim etmək üçün, 03 may 2018-ci il tarixli 277 №-li arayış vermişdir ki, guya yaşayış evində Cavabdeh3 başqa heç kim pasport qeydiyyatında yoxdur. Cavabdeh Xaçmaz rayonu 1 saylı notaiat ofisinin xüsusi notariusu X7 da bağışlayanın və bağışlananın adından xx.xx.2018-ci il tarixdə akt tərtib etdirmişdir ki, guya onlar “e-Notariat” sisteminə müraciət edərək evlərində qeydiyyatda olanlar barədə məlumat almaq istəyiblər, qeydiyyatda olan aşkarlanmayıb. Ona görə də akt tərtib edib imzaları ilə təsdiq ediblər. Beləliklə onun razılğı olmadan bağışlama müqaviləsi tərtib edilmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1185/2023 nömrəli mülki iş üzrə 05 iyu l 2023cü il tarixli qətnaməsi ilə (hakimlər L.E.Rəhimli (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov və İ.K.Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, işdən görünür ki, mübahisə predmeti olan əmlaka dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən hədiyyə verən qismində X15 tam mülkiyyət hüququ əsasında ona məxsus olan müvafiq əmlakı hədiyyə alan qismində çıxış edən Cavabdeh3 bağışlamışdır.

19. Kollegiya hesab etmişdir ki, iddiaçını hazırkı apellyasiya baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli daşınmaz əmlak (bağışlama müqaviləsinin obyekti) üzərində hər hansı hüquq əldə etməmişdir. Mülki Məcəllənin 1200-ci maddəsinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını o halda tələb edə bilərdi ki, miras açıldığı vaxtadək hədiyyənin verilməsindən 2 ildən artıq müddət keçməsin. Lakin işdən görünur ki, Hörmət Müslümov bağışlama müqaviləsini xx.xx.2018-ci il tarixdə bağladıqdan sonra xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Bununla da, miras açıldığı vaxtadək hədiyyənin verilməsindən 2 ildən artıq müddət keçdiyindən, iddiaçı hazırkı mülki iş üzrə müvafiq bağışlama müqaviləsini müb ahisələndirmək hüququnu əldə etməmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını, cavabdehlərin əməllərində vəzifə saxtakarlıqları olduğuna görə xüsusi qərardad çıxararaq Xaçmaz Rayon Prokuroruna göndərilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində heç bir maddi və prosessual normaya əsaslanmamış, iddianın təmini üçün əsas olan və iddiaçı tərəfindən göstərilən AR.MM-nin 337.1, 337.2 və 355-ci maddələrinə toxunmamışdır. Hansı ki, tərəflər arasında yaşayış evinin bağışlanması zamanı həmin maddi normaların tələbləri pozulmuşdur. Bundan əlavə məhkəmə Cavabdeh2 xüsusi notariusu Firdovsi Məmmədovun, “Azərbaycan Respublikasında Notariat X6ları” haqqında Təlimatın 49-cu maddəsinin tələbini kobud surətdə pozmasına münasibət bildirməmişdir. İddiaçı tərəfindən bağışlanma müqaviləsinə aid olan və Xaçmaz rayon 1 saylı notariat ofisində saxlanan notariat işi məhkəməyə təqdim edilmişdir. Həmin notariat işində cavabdehlərin saxtakarlıqlarını təsdiq edən yazılı sübutların heç birinə məhkəmə münasibət bildirməmiş, sübutları niyə qəbul etmədiyini əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şik ayətini təmin etməmək barədə qətnamə çıxararkən həm Mülki Məcəllənin 337.1, 337.2, 355-ci maddələrinin tələbini pozmuş, həm də MPMnin 385-ci maddəsinin tələbini pozmaqla həmin maddi normaları tətbiq etməmiş, cavabdehlər tərəfindən törədilmiş saxtakarlıqlara göz yumaraq bu barədə xüsusi qərardad çıxararaq prokurora göndərməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikit ərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

26. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

27. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

30. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

31. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi eht imal olunur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu.

32. Maddə

45. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hə rtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassas iya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. İddiaçının dəlili ilə bağlı qeyd edilməlidir ki, iddiaçını hazırkı apellyasiya baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli daşınmaz əmlak (bağışlama müqaviləsinin obyekti) üzərində hər hansı hüquq əldə etməmişdir. Mülki Məcəllənin 1200-ci maddəsinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını o halda tələb edə bilərdi ki, miras açıldığı vaxtadək hədiyyənin verilməsindən 2 ildən artıq müddət keçməsin. Lakin işdən görünur ki, Hörmət Müslümov ba ğışlama müqaviləsini xx.xx.2018-ci il tarixdə bağladıqdan sonra xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Bununla da, miras açıldığı vaxtadək hədiyyənin verilməsindən 2 ildən artıq müddət keçdiyindən, iddiaçı hazırkı mülki iş üzrə müvafiq bağışlama müqaviləsini mübahisələndirmək hüququnu əldə etməmişdir.

46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır.

49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

51. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələri ni rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1185/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar