Məhkəmə qərarları › İş №2(102)-4504/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4504/2019

01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4504/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli 2(103)-9105/2018 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 X4 rayon şöbəsinin nümayəndəsi X3 və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 X4 rayon şöbəsinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və reyestr çıxarışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X6 YYY"nə hərrac vasitəsi ilə satılmış 111 ünvanında yerləşən 15 sot torpaq sahəsi barədə bütün alqı-satqı sənədlərinin etibarsız hesab edilməsi və Bakı şəhər Ərazi İdarəsi tərəfindən mübahisələndirilən sahəyə dair verilmiş çıxarış və digər sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Leyla Talıbova) 11 may 2018-ci il tarixli 2(011)-3104 /2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Vüqar Həsənov) 19 sentyabr 2018-ci il tarixli 2(103)9105/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia rədd olunmuşdur. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsindən kassasiya şikayəti və ona dövlət hesabına vəkil təyin edilməsi barədə ərizə vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 yanvar 2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti, ona vəkilin orderi əlavə edilməməsi və şikayətin vəkil tərəfindən imzalanmaması əsası ilə geri qaytarılmışdır. Eyni zamanda, eyni tarixli qərardadla iddiaçının ərizəsi təmin edilərək, ona dövlət hesabına vəkil təyin edilməsi qərara alınmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 sentyabr 2018-ci il tarixli, 2(103)-9105/2018 saylı qətnaməsindən yenidən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29 mart 2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti qanunla müəyyən edilmiş 2 aylıq müddət ötürülməklə verildiyindən və ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatət əlavə edilmədiyindən geri qaytarılmışdır. İddiaçı və vəkili kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli 2(103)-9105/2018 nömrəli qərardadının ləğv edilməsi və tərəflərindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edil məsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə prosessual normalara istinad etsə də prosessual müddətlərin başlanğıcı və dayandırılması kimi müddətlərin hesablanmasına əhəmiyyət verməmişdir. Qətnamədən kassasiya şikayəti verə bilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması üçün ərizə verilərkən müddət axını dayandırılmalı idi. Qətnamənin surəti iddiaçıya 19.10.2018-ci il tarixində verilsə də iddiaçı kassasiya şikayətini və qətnamədən kassasiya şikayəti verə bilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəsini MPM-nin 405.0.2 maddəsi ilə müəyyən edilən 2 ay müddətin bitməsinə 2 gün qalmış Bakı Apellyasiya məhkəməsinə təqdim etmişdir. Apellyasiya məhkəməsi bu tarixd ən 3 həftə sonra hazırki mülki iş üzrə kassasiya şikayətinin tərtib edilməsi və kassasiya qaydasında işə baxılarkən məhkəmə iclasında iştirak edə bilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə ərizənin təmin olunması barədə 09.01.19-cu il tarixdə qəbul etdiyi bu qərardadı iki həftə sonra icra olunması üçün Vəkillər Kollegiyasına göndərmişdir. Qəbul olunduğu gündən 1 ay sonra isə həmin qərardadın faktiki icrasına başlanmışdır, yəni 08.02.19-cu il tarixdən vəkil təyin edilmiş və ona müvafiq Order verilməklə iddiaçıya hazırki mülki iş üzrə kassasiya şikayətinin tərtib edilməsi və kassasiya qaydasında işə baxılarkən məhkəmə iclasında iştirak edə bilməsi üçün müvafiq hüquqi yardım göstərilməsi tapşırılmışdır. Bundan sonra iddiaçı vəkillə birlikdə tər tib edib imzaladıqları kassasiya şikayətini 28.03.19 tarixində apellyasiya instansiyası məhkəməsinə təqdim etmişlər. İddiaçının ərizəsi təmin edildiyindən müddət axını kassasiya şikayətinin verildiyi günə kimi məhkəmə tərəfindən dayandırılmalı idi. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkü n hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamənin surəti iddiaçıya 19.10.2018-ci il tarixində təqdim edilsə də, kassasiya şikayəti 28.03.2019-cı il tarixində, yəni 5 ay 9 gün sonra verildiyindən kassasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəx slər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. - 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. - 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1—408.1.6-cı maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. İş materiallarında olan poçt qəbzindən (xəbərnamədən) görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 19.09.2018-ci il tarixli 2(103)-9105/2018 saylı qətnaməsi 19.10.2018-ci il tarixdə iddiaçıya xəbərnaməyə imza edilməklə təqdim edilmiş, iddiaçı ilkin kassasiya şikayətini və ona dövlət hesabına vəkil təyin edilməsi barədə ərizəsini məhkəməyə 2 aylıq müddət bitmədən 17.12.2018-ci il tarixdə təqdim etmişdir. Məhkəmə tərəfindən iddiaçının ərizəsi 09.01.2019-cu il tarixli qərardadla təmin edilmişdir. İş materiallarında olan vəkil orderindən görünür ki, Vəkillər Kollegiyası tərəfindən 08.02.2019-cu il tarixdə iddiaçıya vəkil təyin edilmiş, həmin vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayəti 28.03.2019-cu il tarixdə məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi öz qərardadı ilə iddiaçıya kassasiya şikayətinin tərtib edilməsi üçün dövlət hesabına vəkil təyin etsə də, həmin vəkil tərəfindən tərtib edilməklə təqdim edilmiş kassasiya şikayətini müddət buraxılmaqla verilmiş hesab etməklə, şəxsin keyfiyyətli hüquqi yardı m almaq barədə konstitusion hüququnu və məhkəməyə müraciət hüququnu pozmuşdur. Halbuki məhkəməyə müraciət hüququ məhkəmə müdafiə hüququnun tərkib hissəsi olmaqla yanaşı, bu və ya digər məhkəmə instansiyasına münasibətdə nəinki formal, həm də real olmalıdır. Ədalət mühakiməsinin maraqları tələb etdikdə, aztəminatlı şəxslərin ödənişsiz hüquqi yardım almaq hüququ öz mövqeyini müdafiə etmək hüququna alternativ olmayan müstəqil hüquqdur. Hər hansı bir iş üzrə müəyyən peşə bilikləri tələb edən hüquqi problemlər qaldırıldıqda, dövlət nəinki keyfiyyətli hüquqi yardım almaq barədə konstitusion hüququnu, həmçinin belə hüququ real şəraitdə aztəminatlı şəxslərə də təmin etməlidir. Aydındır ki, qanunla müəyyən edilmiş müddət buraxılmadan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkil təyin edi lməsi üçün müraciət etmiş şəxsin ərizəsi təmin edildikdən sonra həmin hüquqi yardımın real olaraq göstərilməsi və müvafiq qaydada vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayətinin məhkəməyə təqdim edilməsi üçün müəyyən vaxt tələb olunur. Həmin vaxtın ağlabatan olub-olmaması, müddətin uzanmasının iddiaçının iradəsindən asılı olub-olmaması araşdırılmadan və gəlinən nəticə əsaslandırılmadan müddətin ötürülməsinə istinad edilməsi və tərəfin buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verməyə məcbur edilməsi düzgün deyildir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və qətnamədən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 402 -407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 X4 rayon şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.03.2019-cu il tarixli 2(103)-9105/2018 nömrəli qərardadı ləğv edilsin və qətnamədən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 402-407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar