Məhkəmə qərarları › İş №2(102)-4524/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4524/2020

15.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4524/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(006)4421/2019 saylı qətnaməsi ilə (hakim C.Musayeva) ilkin iddia təmin, qarş ılıqlı iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən, məruzəçi), Z.Əliyev və F.Talışinski, 2(103)-883/2020 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4421/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi və əmlakların çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, X-də yerləşən, 2 otaqlı, 57 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və cehiz əşyalarının cavabdehin hesabına mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddi a onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx xxxx 2012-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş və cavabdeh iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, X-də yerləşən, 2 otaqlı,57 saylı mənzilə gəlin köçmüş, cehiz əşyalarını da həmin məzildə yerləşdirmişdir. Nikahlarından iki övladları - xx xxxxxx 2013cü il təvəllüdlü qızları N və xx xxxx 2014-cü il təvəllüdlü oğlanları A anadan olmuşdur. Cavabdeh xx xxxx 2014-cü il tarixədək birgə təsərrüfat aparmış, həmin tarixdən yaşadıqları mənzili tərk etmiş, valideynlərinə məxsus Gəncə şəhəri, XX saylı evə çıxıb getmiş və hazırda da həmin ünvanda yaşayır. xx xxxx 2014-cü ildən hal-hazıradək iddiaçıya məxsus mənzilə qayıtmamış, nəticədə mübahisələr daha da dərinləşmişdir. Cavabdeh qohum olduğuna görə, iddiaçı bu mübah isələrin qarşısını dəfələrlə almağa cəhd göstərsə də, nəticəsi olmamışdır. Bundan sonra cavabdehlə bir ailədə yaşamağın daha mümkün olmayacağını başa düşüb, nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-1712/2019 saylı qətnməsi ilə nikahları pozulmuşdur. Cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə ünvan üzrə qeydiyyata alınmışdır. Məqsəd, yalnız uşaqların ananın rəsmi yaşayış yeri üzrə qeydiyyata alınması ilə əlaqədar olmuşdur. Cavabdehin əmlakı, özünə məxsus cehiz əşyaları (geyim əşyaları) mülkiyyət hüququ ilə iddiaçıya məxsus mənzildə qalmışdır. Onlar tamamilə bir-birlərinə yad olan şəxslər olduqlarına görə, cavabdehə məxsus əşyaların iddiaçının mənzilində qalması mülkiyyət hüququnu məhdudlaşdırır, m ülkiyyətə dair sərbəst şəkildə sərəncam vermək hüququna mane olur. Əşyaların məhkəmədən kənar şəkildə götürülməsi barədə təklifi qəbul etmədiyindən, iddiaçı hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 2014-cü il tarixdən hal-hazıradək yaşayış sahəsini tərk edib daimi yaşamaq üçün valideynlərinin yaşadığı Gəncə şəhərinə getdiyindən, onun keçmiş ailə üzvü kimi yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab olunmalıdır. Cavabdeh qarşılıqlı iddia verərək, ünvan 2 ünvanda yerləşən mənzilin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınması və azyaşlı uşaqları xx xxxxxx 2013-cü il təvəllüdlü X1 və xx xxxx 2014-cü il təvəllüdlü X2 ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmı şdır ki, mübahisəli mənzil birgə nikahdan əvvəl iddiaçının mülkiyyətinə keçsə də, birgə nikah dövründə (birgə yaşadıqları dövrdə) mənzilin kredit ödənişləri onların birgə vəsaitləri hesabına həyata keçirilmişdir. Bu səbəbdən də, cavabdehin mübahisəli mənzil üzərində birgə mülkiyyət hüququ yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İş üzrə kassasiya şikayəti qarşılıqlı iddia ərizəsində qeyd olunan hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil3 kassasiya şikayət inə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsini n qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Tərəflərin xx xxxx 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmaları, birgə nikahdan iki yetkinlik yaşına çatmayan uşaqlarının (xx xxxxxx 2013-cü il təvəllüdlü X1 və xx xxxx 2014-cü il təvəllüdlü X2) olması, nikahlarının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə pozulması işin mübahisə olunmayan hallarıdır. İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, X, mənzil 57 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınm az əmlakın dövlət reyestrində xx xxxx 2010-cu il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Təsərrüfatı birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 413 və 414 saylı və xx.xx.2019-cu il tarixli, 463 saylı arayışlardan görünür ki, tərəflər Bakı şəhəri, X, mənzil 57-də qeydiyyatdadır, lakin 2013-cü il tarixdən hazıradək göstərilən ünvanda yaşamır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ünvan 3 ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********41 saylı məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, X, 57 saylı mənzil Bakı şəhəri 9 saylı Notariat Kontorunun təsdiq etdiyi xx.xx.2010-cu il tarixli 4-Ə-51-664 sayl ı alqı-satqı və ipoteka müqaviləsinə əsasən İddiaçı adına qeydiyyata alınmışdır və ona xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Mənzil hal-hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə yüklüdür. İddiaçı adına qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı məhkəmələrin gəldiyi nəticə ilə razılaşır. Əvvəla, cavabdeh mübahisəli mənzil üzərində birgə mülkiyyət hüququnun yaranmasını Ailə Məcəlləsinin 35-ci maddəsi ilə əsaslandırır. Həmin normaya və analoji norma olan Mülki Məcəllənin 225.4-cü maddəsinə əsasən, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına hə min əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu müəyyən olunsun. Bunlara, əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və s. bu istiqamətdə digər halları aid etmək olar. Belə ki, birgə nikah dövründə ər-arvadın hər birinin özünə məxsus əmlakının saxlanılmasına, cari təmir edilməsinə və s. bu kimi hallarla bağlı pul vəsaitlərin sərf edilməsi həmin əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün yetərli deyildir. Qanunvericilik yalnız əhəmiyyətli, yəni əmlakın dəyərini xeyli artıran vəsaitin qoyulması halının mövcudluğu qeyd edir. Cavabdeh isə mənzilin dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulması ilə bağlı (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İkincisi, cavabdehin birgə nik ah dövründə borcların ödənilməsini (kreditin qaytarılması) daşınmaz əmlaka birgə mülkiyyət hüququnun yaranmasını iddia etməsinin hüquqi əsası yoxdur. İşdə olan sənədlərdən (xx.xx.2010-cu il tarixli «Yaşayış mənzilinin alqı-satqı və ipoteka müqaviləsi, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi, bank arayışı və s.) görünür ki, mübahisəli mənzilin alqı-satqı qiyməti 52000 manat müəyyən olunmuş, həmin məbləğin 8000 manat hissəsi iddiaçı tərəfindən, 44000 manat hissəsi isə verilmiş kredit hesabına ödənilmişdir. «xxxx» ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 8 faiz dərəcəsi ilə 300 ay müddətinə 44000 manat ipoteka krediti verilmişdir. İddiaçı banka xx xxxxxx 2020-ci il tarixə35939,63 manat əsas, 40,54 manat faiz borcu vardır. B eləliklə, mənzilin alınmasına görə verilmiş kredit məbləğinin yalnız kiçik hissəsi tərəflərin birgə yaşadıqları müddətdə ödənilmişdir. Üçüncüsü, cavabdeh mənzil üzərində istifadə hüququnun mövcud olub-olmamasını mübahisələndirir. Məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sübütlardan müəyyən edilmişdir ki, cavabdeh 2014-cü ildən etibarən mübahisəli mənzildə yaşamır. Belə ki, 77 saylı MKİS-in arayışlarından və xx xxxx 2019-cu il tarixli aktdan (akt qonşular tərəfindən tərtib olunmuşdur) görünür ki, cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, təqribən 2013-cü ildən etibarən orada yaşamır. Həmçinin, 12 saylı Uşaq Poliklinikasının xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, mübahisəli mənzildə qeydiyyatda olmuş uşaqlar xx xxxxxx 2013-cü il təvəllüdlü X1 və xx xxxx 2014-cü il tə vəllüdlü X2 xx xxxxxx 2018-ci ildə tərtib edilmiş akta əsasən həmin ünvanda yaşamadıqlarına görə poliklinikadan qeydiyyatdan çıxarılmışlar. Axırıncı dəfə N xx xxxx 2014-cü il tarixdə peyvəndlə əlaqədar poliklinikada qəbulda olmuş, A isə xx xxxx 2014-cü il tarixdə sahə həkimi tərəfindən evdə patronaj olunmuşdur. Birinci instansiya və apelyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdirlər ki, tərəflərin ailə münasibətlərinə xitam verildiyindən, onlar arasında hər hangi razılaşmanın olmamasından, hazırda cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ mövcud deyildir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tari xli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Beləliklə, cavabdehin mübahisəli yaşayış sahəsinə istifadə hüququ mövcud o lmadığı halda onun «mənzilə köçürülməsi» və «kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməli olması» tələbləri təmin oluna bilməz. Bundan əlavə, cavabdeh Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən mübahisəli evdən müvəqqəti istifadə hüququnun mövcudluğuna istinad edir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsas ında saxlanıla bilər. Göründüyü kimi, qanunverici yalnız müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılması imkanını müəyyən etmişdir. Yəni, istifadə etmək hüququ aradan qalxmış şəxsin mənzildən çıxarılması anında, məhkəmə keçmiş ailə üzvünün başqa yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsaslarının olub-olmaması baxımından məsələyə hüquqi qiymət verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh uzun müddətdir mübahisəli mənzildən çıxaraq başqa yaşayış sahəsində yaşayır və keçən müddət ərzində mənzilə qayıtmamışdır. Beləliklə, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə etmək zərurəti olmayıb və bu səbəbdən onun müəyyən müddətə istifadə hüququnun saxlanılmasına da ehtiyac yoxdur. Qeyd olunanlara əsasə n məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar