Məhkəmə qərarları › İş №2(102)-4547/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4547/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4547/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər “"xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: zaminlik müqaviləsinin etbarsız edilməsi, maddi və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1405/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" ASC ilə İddiaçı arasında 22 fevral 2014-cü il tarixdə bağlanmış Mənzilin alqısatqı müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, bina 5, blok 1, 180 saylı, mərtəbə 2, 2 otaqdan ibarət, ümumi sahəsi 103 kvadrat metr olan mənzili 120 ay müddətinə ödəmək şərti ilə 115 662,82 manata almışdır. Müqavilənin 2.1-ci bəndindən görünür ki, mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 115 662,82 manat məbləğində müəyyən olunur və Alıcı mənzilin qiymətini hər ay 783,61 manat olmaqla 120 ay müddətinə ödəməyi öhdəsinə götürür. Cavabdeh2 ASC-nin Nərimanov filialı ilə İddiaçı arasında 25 iyu l 2014-cü il tarixdə bağlanmış İ-14/152 nömrəli Kredit müqaviləsinə əsasən Bank İddiaçı 53155,32 manat məbləğində kredit xətti açır. Müqavilənin 4.1-ci bədinə əsasən, müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ipotekadır. Müqavilənin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən İ14/152 nömrəli 25 iyul 2014-cü il tarixli kredit müqaviləsinin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, bina 5, blok 1, 180 saylı, mərtəbə 2, 2 otaqdan ibarət, ümumi sahəsi 103 kvadrat metr olan mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alındıqd an sonra rəsmiləşdiriləcək. Cavabdeh2 ASC ilə "xxxx" ASC və İddiaçı arasında 25 iyul 2014-cü il tarixli İ-14/152 nömrəli Zaminlik müqaviləsinə əsasən zamin olan "xxxx" ASC borc alan İddiaçı kredit müqaviləsi əsasında üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən borclu davamlı olaraq 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə, Kreditorun ilk yazılı müraciətinə əsasən Zamin Borclunun Kreditora olan əsas və faiz borcunu 5 iş günü müddətində Kreditora ödəməyi öhdəsinə götürür. İddiaçı il ə "xxxx" ASC arasında bağlanmış 25 iyul 2014-cü il tarixli 1733 nömrəli Sazişə əsasən mənzilin alınması üçün Cavabdeh2 ASC ilə Müştəri arasında müştəriyə kredit verilməsinə dair kredit müqaviləsi, kreditin qaytarılmasının təminatı kimi müştəri ilə bank arasında bu sazişin 1.1-ci bəndində göstərilən mənzilə dair ipoteka müqaviləsi, o cümlədən bank ilə müştəri və cəmiyyət ("xxxx" ASC) arasında zaminlik müqaviləsi imzalanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 19 dekabr 2019-cu il tarixdə ünvanlanmış Məktubda qeyd edilmişdir ki, edilmiş müraciətlə əlaqədar olaraq idarənin mütəxəssisi ünvanda olarkən məlum olmuşdur ki, sözügedən mənzil 2 otaqlı, yaşayış sahəsi 39,4 kvadrat metr, köməkçi sahəsi 44,3 kvadrat metr, ümumi sahəsi 83,7 kvadrat metr sahədən ibarətdir. (eyvan sahəsi ümumi sahəyə 0;3 əmsalı ilə daxil edilmişdir (7*0,3=2,1)). Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 tərəfindən X2 ünvanlanmış 28 dekabr 2019-cu il tarixli Məktubda qeyd edilmişdir ki, edilmiş müraciətlər mütəxəssislər tərəfindən araşdırılmış və tikintinin sahibi "xxxx" ASC-yə müvafiq tapşırıq verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti 4-cü ərazi X4 İdarəsi tərəfindən Cəmilə Əliyevaya 01 iyun 2020-ci il tarixdə ünvanlanmış 37/Ə-00565 nömrəli məktubda qeyd edilmişdir ki, C.Əliyeva tərəfindən Xidmətə daxil olmuş müraciət araşdırılmış, araşdırma zamanı “Uğur-2” yaşayış kompleksində yanğın texniki müa yinə keçirilərək 22 may 2020-ci il tarixli 31/03917 saylı akt tərtib edilmişdir. Həmçinin, yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə Sabunçu rayon İcra Hakimiyyətinə, Sabunçu rayon Polis İdarəsinə və "xxxx" ASC-yə məktublar ünvanlanmışdır. Bundan əlavə yaşayış kompleksinin rəhbərliyi ilə izahedici söhbətlər aparılmış və yanğın təhlükəsizliyi tələblərinə ciddi riayət edilməsi bir daha nəzərlərinə çatdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh "xxxx" ASC tərəfindən cavabdeh "xxxx" ASC arasında bağlanmış 25 iyul 2014-cü il tarixli İ14/152 saylı Zaminlik Müqaviləsinin ləğv edilməsi, 30000 manat maddi zərərin, 3000 0 manat mənəvi zərərin və tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun, etibarnaməyə verilmiş 11,50 manat məbləğində pul vəsaitinin, vəkilə ödənilmiş 560 manat məbləğində pul alınaraq verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi haqqında Ərizə ilə müraciət edərək, onunla cavabdeh "xxxx" ASC tərəfindən cavabdeh "xxxx" ASC arasında bağlanmış 25 iyul 2014-cü il tarixli İ-14/152 saylı Zaminlik Müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh "xxxx" ASC-dən mənzilin əskik verilmiş 19,3 kvadrat metr hissəsinin dəyəri olan 26672,74 manat məbləğində pulun, 30000 manat maddi zərərin, 30000 manat mənəvi zərərin və tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun, etibarnaməyə verilmiş 11,50 manat məbləğində pul vəsaitinin, vəkilə ödənil miş 560 manat məbləğində pul alınaraq verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC onu aldatmış, ona izah etmədən, xəbəri olmadan 25 iyul 2014-cü il tarixli 3 tərəfli “Zaminlik” müqaviləsi bağlamış və 53155,32 manat məbləğində pulu "xxxx" ASC-dən almışdır. Bu pulun götürülməsindən 10 iyul 2019-cu il tarixdə məlumatı olmuşdur. Cavabdeh "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə verdiyi 53155,32 manat pulun əvəzində ondan 36 172 manat faiz ilə birlikdə ümumi 89 328 manat tələb edir. Bütün dünyada yayılmış koronavirus pandemiyasına görə hər kəsdə olduğu kimi onun da ailəsində ona kömək edən valideynləri işsiz qalmışdır. Belə ki, hər ikisinin yaşı 65-dən çox olduğuna görə karantin qaydalarına görə mənzildən çıxışlar ı qadağandır. Müqavilədə qeyd olunan fors major hadisəsi yaranmışdır. Cavabdehlərlər arasında bağlanmış 25 iyul 2014-cü il tarixli İ-14/152 saylı Zaminlik Müqaviləsinin 2.1-ci maddəsinə əsasən kreditorla borclu arasında bağlanmış 25 iyul 2014-cü il tarixli İ-14/152 saylı kredit müqaviləsinə əsasən 53 155,32 manat məbləğində 114 ay müddətinə borcluya verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Zaminborclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağa və bu borcun özünün malik olduğu əmlakı hesabına ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliyin ölçüsü 53 155,32 manat və hesablanmış faizdən ibarətdir. 25 iyul 2014-cü il tarixli ödəniş tapşırığına əsasən 53 155,32 maant pul onun adından cavabdeh "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Mənzilin alıcısı kimi bu müqavilə ilə üzərinə qoyulmuş öhdəliyi vaxtında, lazımınca və tam olaraq yerinə yetirmişdir. Lakin, bu müqavilə ilə satıcının üzərinə qoyulmuş şərtlər daxilində öhdəlikləri yerinə yetirməmişdir. Müqavilə tərəfi kimi satıcı olaraq onu aldatmışdır. Bununla bağlı onun tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXyə rəsmi müraciət edilmişdir. Mütəxəssislərin iştirakı ilə mənzili ölçülmüş və ona təhvil verilmiş mənzilin 2 otaqlı olub ümumi sahəsinin 83,7 kvadrat metr təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, müqavilənin 1.1-ci bəndinə əsasən satıcı olaraq ona 103 kvadrat metr olan mənzil əvəzinə ümumi sahəsi 83,7 kvadrat metr mənzil verilmişdir. Bu hal müqavilə şə rtlərinin pozulmasıdır. İlkin olaraq cavabdehin hesabına 21630 manat nağd, hər ay da 783 manat olmaqla 4702 manat, cəmi 26332 manat pul ödəmişdir. Bundan başqa 25 iyul 2014-cü il tarixli ödəniş tapşırığına əsasən 53155,32 manat məbləğində pul onun tərəfindən "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Ümumilikdə onunla bank tərəfindən "xxxx" ASC-ə 79487,32 manat pul ödənilmiş, onun tərəfindən isə banka 53 699 manat qaytarılmışdır ki, bu da ümumilikdə 80 034 manat aldığı mənzil üçün pul ödəmişdir. Lakin "xxxx" ASC mənzilin alqı-satqı müqaviləsinin bütün şərtlərini pozmuş, alqı-satqının predmeti olan mənzilin ümumi sahəsi 103 kvadrat metr əvəzinə 83,7 kvadrat metr təhvil vermişdir. O, artıq həmin mənzildə yaşayır və mənzilin faktiki 83,7 kvadrat metr sahəsi üçün müəyyən edilmiş 80318 manat məbl əğində pulu ödəmişdir. Çoxmənzilli binanın ilkin layihə-smeta sənədlərini əldə edən zaman ona məlum olmuşdur ki, ona aldadılaraq satılmış mənzilin ümumi sahəsi 83,7 kvadrat metr təsdiq edilmişdir. Lakin cavabdeh onu aldadaraq müqavilədə sahəni artırmış və ondan çox pul almaq niyyətində olmuşdur. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia müddətini tətbiq edərək, iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Vüqar Quliyev) 2(005)2223/2020 saylı 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında 22 fevral 2014-cü il tarixdə bağlanmış Mənzilin alqı-satqı müqaviləsinin 2.1-ci bənd inə əsasən mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 115662,82 manat məbləğində müəyyən olunmşdur. Məhkəmə tərəfindən müqavilənin tədqiq edilməsi zamanı mənzilin dəyərinin hər hansı digər kriteriya (kvadrat metr, sahə, mərtəbə, bina və sair) əsasında formalaşması aşkar edilməmiş, əksinə mənzilin məhz ümumilikdə 115662,82 manat məbləğində dəyərləndirilməsi faktı aşkarlanmışdır. Başqa sözlə tərəflər mənzilin dəyərini 1 kvadrat metr sahəyə görə hesablamamış, onun ümumi qiymətini şərtləşdirmişlər. Bu hallar ona dəlalət edir ki, iddiaçıya mənzili aldığı zaman onun sahəsi, bu sahənin hesablanma şərtləri və qiyməti məlum idi. Odur ki, müqavilə şərtləri cavabdeh tərəfindən nəinki əhəmiyyətli dərəcədə, ümumiyyətlə pozulmamışdır. Məhkəmə iddia tələbinin “cavabdeh "xxxx" ASC-dən mənzilin əski k verilmiş 19,3 kvadrat metr hissəsinin dəyəri olan 26672,74 manat məbləğində pulun alınaraq verilməsi” hissəsində araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum olmamış və şərait dəyişməmişdir. Bundan əlavə məhkəmə iddia tələbini “30000 manat maddi zərərin, 30000 manat mənəvi zərərin və etibarnaməyə verilmiş 11,50 manat məbləğində pul vəsaitinin, vəkilə ödənilmiş 560 manat məbləğində pulun alınaraq verilməsi” hissəsində araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbinin bu hissədə hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia tələbi bu hissədə də rədd edilməlidir. Bundan əlavə məhkəmə hesab etmişdir ki, iddiaçı əqdin etibarsızlığı nəzərdə tutulmuş 1 illik kəsici müddəit də ötürmüşdür. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər –Tofiq Səmədov - sədrlik edən və məruzəçi, Anar Tanrıverdiyev, İkram Şirinov) 04 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. İddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi ni və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Onun tələbinə 3 illik iddia müddəti deyil, daşınmaz əmlaklarla bağlı müqavilə tələbləri üzrə 6 illik müddət şamil edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası mə hkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozm aqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbinin faktiki əsası kimi qeyd etdiyi hallar (aldığı mənzilin sahəsinin müqavilədə göstərdiyi ölçüdə olmaması, ondan mənzilə görə artıq pul alınması) zaminlik müqaviləsinin etibarsız hesab edilməsi üçün deyil, müqavilənin ləğv edilmsi üçün əsas ola bilərdi ki, hazırkı tələbində iddiaçı həmin əsaslara istinad edərək z aminlik müqaviləsini etibarsızlığını mübahisələndirir. İşə baxan məhkəmələr isə zaminlik müqaviləsinin etibarsızlığı üçün hər hansı bir əsas müəyyən etməmişlər. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəf indən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1405/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar