Məhkəmə qərarları › İş №2(103)-4199/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4199/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4199/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh açıq səhmdar cəmiyyətinin nümayəndəsi X9 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarxili 2(009)-285/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC ilə bağlanmış 15 avqust 2008-ci il tarixli 150808-19296-07/1929600/Z saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh ASC-dən maddi ziyanın əvəzi olaraq 4285 ABŞ dollarının ödəniş günü manat məzənnəsi ilə, mənəvi zərərin əvəzi olaraq 10.000 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarxili 2(009)-285/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, "xxxx" ASC ilə borclu, zamin münasibətlərində olmamış, həmin bankdan kredit almamış, kredit alan hər hansı şəxsə zamin durmamışdır. Həmçinin məhkəmə qətnaməsinin əsasını təşkil edən 15 avqust 2008-ci il tarixli 150808-192960-07/192960/Z saylı zaminlik müqaviləsini imzalamamışdır. İstinad edilən zaminlik müqaviləsindəki imza qrafasında iddiaçı "xxxx" ASC tərəfindən onun yerinə imza atılaraq etibarsız əqd tərtib edilmiş və etibarsız əqdlə ona qarşı məhkəmədə iddia qaldırılmışdır. Birinci instansiya məhkəməsinin istinad etdiyi Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1550/2012 saylı mülki işin icraatı zamanı məhkəmə iclaslarında iştirakı təmin edilmədiyindən göstərilən xüsusatları məhkəmədə bildirmək imkanından məhrum edilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinə məhkəmə xətşünaslıq ekspertizasının təyin olunması ilə bağlı vəsatət təqdim etmişdi, lakin vəsatəti təmin edilməmişdir. "xxxx" ASC tərəfindən göstərilən qanunsuzluqlara yol verməsi hüquq və azadlıqlarının pozulması ilə nəticələnib. Xüsusilə ölkə hüdudlarını tərk etməyinə qoyulan qadağa bir sıra əhəmiyyətli səfərlərinin təxirə düşməsi və maddi- mənəvi zərər çəkməyi ilə nəticələnib. Belə vəziyyət hazırda davam edir. ‘‘Bank Respublika" ASC-nin 15 avqust 2008-ci il tarixli 150808-192960- 07/192960/Z saylı zaminlik müqaviləsi adı altında yalan əqd tərtib etməsi, həmin əqddən məhkəmədə istifadə etməsi, nəticədə hüquq və azadlıqlarının pozulması bankın müştərilərə münasibətdə sui-istifadə hallarına yol verməsini təsdiq edir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 10 may 2012-ci il tarixli 2(008)- 1550/2012 saylı qətnaməsindən 2019-cu ilin iyul ayında “Həcc” ziyarətinə getmək məqsədilə Heydər Əliyev adına X5 ölkədən çıxmaq hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumat aldıqdan sonra xəbərdar olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin sorğusu əsasında iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X3, X10 və X4 qarşı kredit borcunun tutulması tələbinə dair Sabunçu Rayon Məhkəməsinin icraatında olmuş 2(008)-1550/2012 saylı mülki işə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı “Bank Respublika ASC cavabdehlər X6, X14 və X4 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1550/2012 saylı iş üzrə 10 may 2012-ci il tarixli qətnaməsinə əsasən, X2,X8 və X1 müştərək qaydada 19059,61 ABŞ dolları əsas kredit borcunun, 22600,90 ABŞ dolları faiz borcu, 939,80 ABŞ dolları məbləğində penya-cəmi 42600,31 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla) və ödənilmiş dövlət rüsumuna görə 20 manat Cavabdeh ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı X7 02.12.2019-cu il tarixdə apellyasiya şikayəti ilə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1550/2012 saylı iş üzrə 10 may 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli, 2(008)- 1550/2012 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1550/2012 saylı, 10 may 2012-ci il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayət geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh X7 şikayətlə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli. 2(008)-1550/2012 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 mart 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X7 ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1550/2012 saylı iş üzrə 10 may 2012-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(008)- 1550/2012 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh Abduilah (Abdullayev) Ceyhun Şahmar oğlu şikayət vermiş, şikayətini ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(008)- 1550/2012 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının hazırda ayrıca icraatda mübahisələndirdiyi zaminlik müqaviləsi ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Başqa sözlə bu müqavilənin qanuniliyi yuxarıda qeyd olunan Sabunçu Rayon Məhkəməsinin icraatında olmuş 2(008)-1550/2012 saylı mülki iş üzrə yoxlanılmış və 10 may 2012-ci il tarixli qətnamə qəbul edilmişdir. Həmin işdə İddiaçı cavabdeh qismində tərəf olmuş və onunla bank arasında olan 15 avqust 2008-ci il tarixli zaminlik müqaviləsi məhkəmə tədqiqatının predmeti olmuşdur. Həmin məhkəmə bu zaminlik müqaviləsinin qanuniliyini yoxlayaraq etibarlı əqd olduğu qənaətinə gəlmiş və hazırki iddiaçıdan da digər cavabdehlər kimi borcu müştərək qaydada tutmuşdur. Düzdür, hazırki işdə iddiaçı mübahisələndirdiyi həmin zaminlik müqaviləsindəki imzanın ona aid olmadığını, saxta olduğunu, çünki, heç vaxt bankla zaminlik müqaviləsi bağlamadığını, eləcə də həmin işdə iştirak etmədiyini bəyan edir. Lakin bu halların yoxlanılması, həqiqiliyinin müəyyən edilməsi yenidən ayrıca iddianın yaxud icraatın predmeti ola bilməz. Çünki, nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı bir-birini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edir ki, iddia tələbinin digər hissələri bilavasitə əsas tələbdən, yəni zaminlik müqaviləsinin etibarsızlığının təsdiq olunacağı halı ilə bağlı yaranan törəmə bir tələbdir. Başqa sözlə, hazırki iddiada müstəqil tələblər kimi çıxış etmir. Ona görə də, əsas tələb üzrə qəbul ediləcək qərar onlara da şamil olunur. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarxili 2(009)-285/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh ASC-yə qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.2, 384.0.5 -ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarxili 2(009)-285/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh ASC-yə qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar