Məhkəmə qərarları › İş №2(103)-1405/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1405/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1405/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh “X13 İnvestisiya Korporasiyası” ASC-nin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdehlər “X13 İnvestisiya Korporasiyası” ASC-nə və “xxxx” ASC-nə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iddia üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2223/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər “X13 İnvestisiya Korporasiyası” ASC-ə və “xxxx” ASC-ə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi təmin edilməmişdir İş materiallarından görünür ki, İddiaçı cavabdehlər “X13 İnvestisiya Korporasiyası” ASC-ə və “xxxx” ASC-ə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh “xxxx” ASC tərəfindən cavabdeh “X13 İnvestisiya Korporasiyası” ASC arasında bağlanmış xx xxxx 2014-cü il tarixli İ14/152 saylı Zaminlik Müqaviləsinin ləğv edilməsi, 30 000 manat maddi zərərin, 30 000 manat mənəvi zərərin və tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun, etibarnaməyə verilmiş 11,50 manat məbləğində pul vəsaitinin, vəkilə ödənilmiş 560 manat məbləğində pul alınaraq verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi haqqında Ərizə ilə müraciət edərək, onunla cavabdeh “xxxx” ASC tərəfindən cavabdeh “X7 Korporasiyası” ASC arasında bağlanmış xx xxxx 2014-cü il tarixli İ-14/152 saylı Zaminlik Müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh “X13 İnvestisiya Korporasiyası” ASC-dən mənzilin əskik verilmiş 19,3 m² hissəsinin dəyəri olan 26 672,74 (iyirmi bir min altı yüz yetmiş iki manat 74 qəpik) manat məbləğində pulun, 30 000 manat maddi zərərin, 30 000 manat mənəvi zərərin və tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun, etibarnaməyə verilmiş 11,50 manat məbləğində pul vəsaitinin, vəkilə ödənilmiş 560 manat məbləğində pul alınaraq verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin olunmamışdır. İş üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi,iddia tələbimin təmin olunmaslna dair qanuni,əsaslı və obyektiv qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, işin hallarını tam və obyektiv araşdırmamışdır, işdə olan sübutlara düzgün və qanuni qiymət verməmişdir, nəticədə qətnamə qəbul edilərkən bizim qarşılıqlı münasibətlərimiz üzrə yanlış nəticəyə gəlmişdir. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahş edən iddiaçının nümayəndəsinin, şikayəti qəbul etməyərək, rədd olunmasını xahiş edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan “Uğur-2” Yaşayış Kompleksi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş ********* nömrəli Arayışdan görünür ki, İddiaçı “X13 İnvestisiya Korporasiyası” ASC-nin inşa etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 49 A ünvanında yerləşən “Uğur-2” yaşayış kompleksində bina 5, blok 1, mənzil 201 ünvanında 2018-ci ilin oktyabr ayından qeydiyyatsız yaşayır. İş materiallarında olan “X13 İnvestisiya Korporasiyası” ASC ilə İddiaçı arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış Mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, bina 5, blok 1, 180 saylı, mərtəbə 2, 2 otaqdan ibarət, ümumi sahəsi 103 m² olan mənzili 120 ay müddətinə ödəmək şərti ilə 115 662,82 manata almışdır. Müqavilənin 2.1-ci bəndindən görünür ki, mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 115 662,82 manat məbləğində müəyyən olunur və Alıcı mənzilin qiymətini hər ay 783,61 manat olmaqla 120 ay müddətinə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh2 X10 Nərimanov filialı ilə İddiaçı arasında xx xxxx 2014-cü il tarixdə bağlanmış İ-14/152 nömrəli Kredit müqaviləsinin surətindən görünür ki, Bank İddiaçı 53 155,32 manat məbləğində kredit xətti açır. Müqavilənin 4.1-ci maddəsindən görünür ki, Müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ipotekadır. Müqavilənin 4.3-cü maddəsindən görünür ki, Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən İ-14/152 nömrəli xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, bina 5, blok 1, 180 saylı, mərtəbə 2, 2 otaqdan ibarət, ümumi sahəsi 103 m² olan mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alındıqdan sonra rəsmiləşdiriləcək. İş materiallarında olan Cavabdeh2 ASC ilə Akkord və İddiaçı arasında xx xxxx 2014-cü il tarixli İ-14/152 nömrəli Zaminlik müqaviləsinin surətindən görünür ki, zamin olan Akkord borc alan İddiaçı kredit müqaviləsi əsasında üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndindən görünür ki, Borclu davamlı olaraq 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə, Kreditorun ilk yazılı müraciətinə əsasən X3 əsas və faiz borcunu 5 iş günü müddətində Kreditora ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ilə Akkord arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 1733 nömrəli Sazişin surətindən görünür ki, mənzilin alınması üçün Cavabdeh2 ASC ilə Müştəri arasında müştəriyə kredit verilməsinə dair kredit müqaviləsi, kreditin qaytarılmasının təminatı kimi müştəri ilə bank arasında bu sazişin 1.1-ci bəndində göstərilən mənzilə dair ipoteka müqaviləsi, o cümlədən bank ilə müştəri və cəmiyyət (Akkord) arasında zaminlik müqaviləsi imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 xx xxxxxx 2019-cu il tarixdə ünvanlanmış Məktubdan görünür ki, edilmiş müraciətlə əlaqədar olaraq idarənin mütəxəssisi ünvanda olarkən məlum olmuşdur ki, sözügedən mənzil 2 otaqlı, yaşayış sahəsi 39,4 m², köməkçi sahəsi 44,3 m², ümumi sahəsi 83,7 m² sahədən ibarətdir. (eyvan sahəsi ümumi sahəyə 0;3 əmsalı ilə daxil edilmişdir (7*0,3=2,1)) İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 tərəfindən X4 ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli Məktubun surətindən görünür ki, edilmiş müraciətlər mütəxəssislər tərəfindən araşdırılmış və tikintinin sahibi “X13 İnvestisiya Korporasiyası” ASC-ə müvafiq tapşırıq verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü ərazi Dövlət X12 tərəfindən Cəmilə Əliyevaya xx xxxx 2020-ci il tarixdə ünvanlanmış 37/Ə-00565 nömrəli məktubun surətindən görünür ki, C.Əliyeva tərəfindən Xidmətə daxil olmuş müraciət araşdırılmış, araşdırma zamanı “Uğur-2” yaşayış kompleksində yanğın texniki müayinə keçirilərək xx xxx 2020-ci il tarixli 31/03917 saylı akt tərtib edilmişdir. Həmçinin, yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə Sabunçu rayon İcra Hakimiyyətinə, Sabunçu rayon Polis İdarəsinə və “xxxx” ASC-ə məktublar ünvanlanmışdır. Bundan əlavə yaşayış kompleksinin rəhbərliyi ilə izahedici söhbətlər aparılmış və yanğın təhlükəsizliyi tələblərinə ciddi riayət edilməsi bir daha nəzərlərinə çatdırılmışdır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından aydın olur ki, Əliyeva X5 xx xxxxxx 2014-cü il tarixli 18336 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, bina 5, blok 1, 180 saylı, mərtəbə 2, 2 otaqdan ibarət, ümumi sahəsi 103 m² olan mənzili 120 ay müddətinə ödəmək şərti ilə 115 662,82 manata almışdır. Daha sonra mənzilin dəyərinin ödənilməsi məqsədilə İddiaçı ilə Cavabdeh2 ASC arasında xx xxxx 2014-cü il tarixli İ-14/152 nömrəli kredit müqaviləsi bağlanılmış və qeyd edilən mənzili Cavabdeh2 ASC-ə ipotekaya qoymuşdur. İddiaçı hazırda da banka kredit ödəyir. Kredit müqaviləsi üzrə yaranan öhdəliklərin icrasının digər təmini kimi Cavabdeh2 ASC ilə Akkord və İddiaçı arasında xx xxxx 2014-cü il tarixli 1733 nömrəli Saziş bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin olan Akkord borc alan İddiaçı kredit müqaviləsi əsasında üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. Eləcə də Əliyeva X6 aralarında bağlanmış xx xxxx 2014-cü il tarixli 1733 nömrəli Sazişlə də Zaminlik müqaviləsinin imzalanmasını təsdiq və qəbul etmişdir. İşdən görünür ki, cavabdeh “X13 İnvestisiya Korporasiyası” ASC-nin nümayəndəsi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia müddətini tətbiq edərək, iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2012-ci il tarixli 392-İVQ nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikası Qanununun 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə qüvvəsini saxlayır. Qanunun 7-ci bəndinə əsasən Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. 9cu bəndinə əsasən Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətinə qüvvədədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublika Mülki Məcəlləsinin 354-cü maddəsinin 1-ci hissəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini “iddiaçı ilə cavabdeh “xxxx” ASC tərəfindən cavabdeh “X7 Korporasiyası” ASC arasında bağlanmış xx xxxx 2014-cü il tarixli İ-14/152 saylı Zaminlik Müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixdə bağlanmış Mənzilin alqı-satqı müqaviləsinin 2.1-ci bəndindən görünür ki, mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 115 662,82 manat məbləğində müəyyən olunur. Məhkəmə tərəfindən müqavilənin tədqiq edilməsi zamanı mənzilin dəyərinin hər hansı digər kriteriya (m², sahə, mərtəbə, bina və sair) əsasında formalaşması aşkar edilməmiş, əksinə mənzilin məhz ümumilikdə 115 662,82 manat məbləğində dəyərləndirilməsi faktı aşkarlanmışdır. Başqa sözlə tərəflər mənzilin dəyərini 1 m² sahəyə görə hesablamamış, onun ümumi qiymətini şərtləşdirmişlər. Bu hallar ona dəlalət edir ki, iddiaçıya mənzili aldığı zaman onun sahəsi, bu sahənin hesablanma şərtləri və qiyməti məlum idi. Göründüyü kimi müqavilə şərtləri cavabdeh tərəfindən nəinki əhəmiyyətli dərəcədə, ümumiyyətlə pozulmamışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi “cavabdeh “X13 İnvestisiya Korporasiyası” ASC-dən mənzilin əskik verilmiş 19,3 m² hissəsinin dəyəri olan 26 672,74 (iyirmi bir min altı yüz yetmiş iki manat 74 qəpik) manat məbləğində pulun alınaraq verilməsi” hissəsində də haqlı olaraq rədd edilmişdir. Bundan əlavə məhkəmə iddia tələbini “30 000 manat maddi zərərin, 30 000 manat mənəvi zərərin və etibarnaməyə verilmiş 11,50 manat məbləğində pul vəsaitinin, vəkilə ödənilmiş 560 manat məbləğində pulun alınaraq verilməsi” hissəsində də əsassız olduğu üçün rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia tələbi bu hissədə də təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin ləğv edilməsinə heç bir hüquqi əsas vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar