Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4549/2021 30.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsinə xitam verilməsi, icarə haqqı və icarə obyektinə çəkilmiş xərcin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili X2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2451/2020 nömrəli iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə da ir işə 30 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bərdə rayonu Qaradağlı bələdiyyəsi tərəfindən verilmiş 25.10.2018-ci il tarixli, 239 nömrəli arayışdan görünür ki, Cavabdeh X bələdiyyəsi ərazisində 0.08 ha torpaq sahəsi və içərisində evi olan həyəti var. Həmin evə işıq, qaz və su ilə təmin olunmuşdur.
2. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh (icarəyə verən) və İddiaçı (icarəçi) arasında ünvan 1i ünvanında yerləşən 200 kvadratmetr olan yaşayış sahəsinin bir il müddət icarəyə verilməsi barədə 01 yanvar 2019-cu il tarixli müqavilə bağlanmışdır. İddiaçı əvvəlcədən icarə haqqı kimi cavabdehə 2000 (iki min) manat məbləğində pul vermiş, bundan əlavə icarə obyektinin müqavilənin təyinatına uyğun istifadə edilməsi üçün 290 manat xərc çəkmişdir.
3. İş materiallarında olan 22 ədəd fotoşəkildən görünür ki, icarə obyektində təmirtikinti işləri aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə 24 yanvar 2019-cu il tarixdə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 01 yanvar 2019-cu il tarixli icarə müqaviləsinə xitam verilməsini, müqaviləyə əsasən ilkin olaraq ödənilmiş 2000 manat icarə haqqının, icarə obyektinin istifadəyə hazırlanması üçün çəkilmiş olan 290 manat əlavə xərcin və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 2320 manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla ə saslandırmışdır ki, “X” Uşaq və İnkişaf Mərkəzinin həyata keçirdiyi proqram çərçivəsində X şəhərində təşkil edilməsi nəzərdə tutulan kurs üçün cavabdehə məxsus olan xxx kəndində yerləşən 200 m2 yaşayış sahəsini cavabdehlə aralarında bağlanmış olan 01 yanvar 2019-cu il tarixli icarə müqaviləsinə əsasən 1 il müddətinə icarəyə götürmüşdür. İcarə müqaviləsinin 5.1-ci maddəsinə əsasən, icarəçi icarə obyektindən istifadəyə görə müqavilə imzalandığı tarixdən sonrakı müddət ərzində icarəyə verənə hər ay 400 manat həcmində icarə haqqı ödəyir. İcarəçi bir illik icarə haqqının 40 faizini, yəni 2000 manatı əvvəlcədən ödəyir, yerdə qalan icarə haqqını isə hər ay müvafiq olaraq 233 manat olmaqla, icarəyə verənə ödəyir. Müqavilənin bu şərtinə uyğun olaraq müqavilə imzalanan zaman o, 2000 manatı cavabde hə ödəmiş, icarə obyektini təyinatına uyğunlaşdırmaq məqsədilə 290 manat əlavə xərc çəkməli olmuşdur. O, 2m x 1.5m ölçüdə lambirindən hazırlanmış qapı üçün 120 manat, 7m x 10m ölçüdə rilenium örtük üçün 70 manat, dik və taxtadan arakəsmə zəhmət haqqı ilə 100 manat olmaqla, cəmi 290 manat xərc çəkmişdir. Ümumi razılığa əsasən, onlar icarə obyektini təyinatına uyğun hazırlayıb qurtardıqdan sonra icarəyə verən icarə obyektini ailə üzvləri ilə birlikdə tərk edib icarə obyektini onlara təhvil verməli idi. Ancaq icarəyə verən müqavilənin şərtini pozaraq müqaviləni imzalayıb ilkin ödənişi aldıqdan sonra icarə obyektini tam olaraq tərk etməyi ləngitməyə başlamışdır. Onların təkidlərindən sonra yenə razılşmaların əksinə olaraq ev əşyalarını icarə obyektinin birinci mərtəbəsinə köçürərək orada yaşay acaqlarını bildirmişdir. Bununla da icarəyə verən 3.2.4-cü bəndində nəzərdə tutulan öhdəlikləri vaxtında və lazımi qaydada həyata keçirmək vəzifəsini pozmuş və onların icarə obyektindən təyinatı üzrə istifadə etmələrini faktiki olaraq mümkünsüz etmişdir. Bundan sonra onlar icarə obyektini təyinatı üzrə istifadə etməyə başlamadan tərk etmiş və ilkin olaraq ödənilmiş olan icarə haqqının geri qaytarılmasını tələb etmiş, ancaq cavabdeh ödənilmiş ilkin icarə haqqını və çəkilmiş əlavə xərci ödəməkdən imtina etmişdir.
6. Bərdə Rayon Məhkəməsinin 2(021)-1169/2020 saylı mülki iş üzrə 26 fevral 2020ci il tarixli qətnaməsi ilə (hakim Ə.Kərimov) iddia tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni Cavabdeh icarə müqaviləsinin şərtlərini pozduğunu, onun icarə obyektindən sərbəst istifadəsinə mane olduğunu sübut etməlidir. Lakin iddiaçı həmin halları sübut edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən icarə obyektinin təyinatına uyğun istifadəsi üçün obyektdə müəyyən təmir-tikinti işləri aparıldığı görünür. Həmçinin, cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş etirazdan da görünür ki, icarəyə verən Cavabdeh icarə müqaviləsinin ppzulmasının tərəfdarı olmadığını, icarəçi İddiaçı istənilən vaxt qayıdıb icarə obyektindən sərbəst şəkildə istifadə edə biləcəyini bildirmişdir. Məhkəmə hər bir halda iddiaçının nəzərinə çatdırır ki, cavabdehin icarə müqaviləsinin şərtlərini pozub-pozmamas ını, əgər pozubsa hansı formada pozmasını sübut etmək iddiaçının vəzifəsidir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh icarə müqaviləsinin şərtlərini qəsdən pozduğu, icarəçinin icarə obyektindən sərbəst istifadəsinə mane olduğu iş materialları ilə sübut olunmadığından iddia əsassızdır və təmin edilməməlidir
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 700.1, 700.2, 704.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
10. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2451/2020 nömrəli iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məmmədov (sədrlik edən və məruzəçi), F.M ehtiyev və Ə.Abdullayev) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-1169/2020 saylı mülki iş üzrə 26 fevral 2020-ci il tarixli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2019-cu il tarixli icarə müqaviləsinə əsasən ilkin olaraq icarə haqqı kimi ödənilmiş 2000 manat məbləğində pulun əvəzinin və icarə obyektinin istifadəyə hazırlanması üçün İddiaçı tərəfindən çəkilmiş olan 290 manat xərclərin əvəzinin, cəmi 2290 (iki min iki yüz doxsan) manat məbləğində pulun və bundan əlavə, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəm əsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında icarə obyektinin bir il müddət icarəyə verilməsi barədə müqavilə bağlanmış, iddiaçı əvvəlcədən icarə haqqı kimi cavabdehə 2000 (iki min) manat məbləğində pul vermiş, bundan əlavə icarə obyektinin müqavilənin təyinatına uyğun istifadə edilməsi üçün 290 manat xərc çəkmiş, bundan sonra cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və məhz bu səbəbdən də iddiaçının icarə obyektindən təyinatı üzrə istifadə etməsi mümkün olmamış və müqavilənin müddəti 01.01.2020-ci il tarixdə bitmiş, cavabdeh isə iddiaçının çəkdiyi xərclərin və məruz qaldığı 2000 manat məbləğində maddi zərərin əvəzini iddiaçıya ödəməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassas iya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
16. Məhkəmə iclasının ye ri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
17. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
18. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
21. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. (maddə 389.1)
22. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. (maddə 389.2)
23. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. (maddə 389.3)
24. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. (maddə 399.4)
25. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. (maddə 421.2)
26. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. (maddə 424.2)
27. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. (maddə 424.5)
28. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
29. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borc ludur. (maddə 700.1)
30. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. (maddə 700.2) Mülki Prossesual Məcəllə
31. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
32. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
33. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
34. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş ü zrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2451/2020 nömrəli iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.