Məhkəmə qərarları › İş №2(102)-4739/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4739/2019

03.07.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4739/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli 2(107)763/2019 saylı qətnaməsindən Cavabdeh2 ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki rayon məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.F.İmanov, iş № 2(075)-1999/2018) İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Cavabdeh1 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək bankla Cavabdeh1 arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.A.Mahmudov, E.Ş.Hüseynov və V.İ.Məlikov) bankın apellyasiya şikayəti təmin edilməmiş, Şəki rayon məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 01 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə 18.200 ABŞ dolları məbləğində kredit verilmiş və həmin müqavilə üzrə borclunun öhdəliklərinin təminatı kimi ona məxsus olan avtomobil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyi üçün bankın iddiası əsasında işə baxan Şəki rayon məhkəməsinin 22 may 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 kredit borcunun tutulması, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. 2018-ci ilin aprel ayında İddiaçı 18 fevral 1991-ci ildən ipoteka qoyan Cavabdeh1la rəsmi nikaha daxil olduğunu, avtomobilin onların birgə nikahda olduqları dövrdə əldə edilməklə onların ümumi birgə mülkiyyəti olmasını, lakin ərinin onun razılığı olmadan avtomobilin ipoteka qoyulmasını əsas göstərməklə ipoteka müqaviləsinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh2 ASC kassasiya şikayəti verərək iddiaçının əri Cavabdeh1 ipoteka predmeti olan avtomobilin alınması üçün 18.200 ABŞ dolları məbləğində kreditin verilməsini, avtomobilin daşınmaz əmlak olmadığı üçün onun ipoteka qoyulmasına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.4-cü maddəsinə əsasən iddiaçının razılığının tələb olunmamasını, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunun həmin normasının tələbinə əhəmiyyət verilmədən iddianın təmin olunmasının qanuni sayılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 ASC-nin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianın t əmin olunub ipoteka müqaviləsinin etibarsız sayılmasını əsaslı hesab edərkən ipoteka predmeti olan avtomobilin iddiaçının ipoteka qoyanla birgə nikahda olduğu dövrdə əldə edilməklə onların birgə mülkiyyəti olmasını ipoteka qoyulmasına onun razılığının alınmamasını əsas göstərmiş və bu zaman maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6, 337.1, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.4-cü maddələrini və s. istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. (217.1) Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (217.2) Kollegiya hesab edir ki, qətnamə mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının qüvvəsi düzgün tətbiq edilmədən çıxarıldığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar onlardan kimin adına əldə olunmasından asılı olmayaraq onların ümumi birgə mülkiyyəti hesab olunur. İşdən görünür ki, avtomobil Cavabdeh1 tərəfindən bankdan 01 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən götürülmüş kredit hesabına alınmış və elə həmin gün də avtomobil Cavabdeh1 öhdəliklərinin təminatı kimi onun tərəfindən ipoteka qoyulmaqla ipoteka müqaviləsi bağlanmış və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Belə olduqda kollegiya hesab edir ki, avtomobilin ər-arvadın ümumi gəlirləri hesabına əldə olun ub-olunmaması Ailə Məcəlləsinin 32-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməli idi. İşdən göründüyü kimi məhkəmə kollegiyası tərəfindən işin həmin halına göstərilən qaydada qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 225.6 və Ailə Məcəlləsinin 33.4-cü maddələrində yalnız daşınmaz əmlak üzərində sərəncam vermək barədə əqdin bağlanması üçün ərin (arvadın) razılığının alınması nəzərdə tutulur. İşdən görünür ki, Cavabdeh1 öhdəliklərinin təminatı kimi avtomobil, yəni daşınar əmlak ipoteka ilə yüklü edilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin maddi hüquq normalarının qüvvəsini tətbiq edərkən işin həmin halına da müvafiq hüquqi qiymət verməmişdir. Ailə Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzər ində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Qanunun həmin maddəsindən göründüyü kimi ər (arvad) onun razılığı olmadan əqdin bağlanmasından xəbər tutduğu və ya tutmalı olduğu gündən 1 il ərzində etibarsız sayılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (354.1) Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İşdən görünür ki, mübahisə predmeti olan ipoteka müqaviləsi 01 noyabr 2013-cü ildə bağlanmış, həmin müqavilənin etibarsızlığı barədə iddia isə 2018-ci ildə, təxminən 4 il 6 aydan sonra qaldırılmışdır. İddiaçının ipoteka qoyanla birgə nikahda olub bir ailədə yaşadığı vəziyyətdə ipoteka müqaviləsinin bağlanmasından xəbərsiz olması inandırıcı görünmür. İşə baxan apellyasiya instansiyası məhkəməsi müqavilənin eti barsız sayılmasını əsaslı sayarkən qanunun həmin normasının tələbini də nəzərə almamış və işin həmin halına qiymət verməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 13 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yeni dən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar