Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4749/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 5 saylı Notariat Ofisi, Bakı şəhəri 12 saylı Notariat Ofisi, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: etibarnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 5 saylı Notariat Ofisi, Bakı şəhəri 12 saylı Notariat Ofisi, Cavabdeh3 və Cavabdeh4 qarşı “etibarnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3405/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzil X2 mülkiyyətində olmuşdur, o, xx.xx.2021-ci ildə vəfat etmişdir.
2. X2 qanun üzrə birinci növbə vərəsələri – İddiaçı1, İddiaçı2 və Cavabdeh3 hesab olunmuş, miras əmlaka dair vərəsələrin hər birinin payı 1/3 hissədə müəyyən edilməklə, mülkiyyət hüquqları daşınmaz əmlakı n dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 5 saylı Notariat Ofisi, Bakı şəhəri 12 saylı Notariat Ofisi, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 5 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə Cavabdeh3 tərəfindən Cavabdeh4 verilmiş 7E reyestrində 3806 sıra nömrəsi ilə qeydə alınmış etibarnamənin və həmin etibarnamə əsasında Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxa rışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 4 saylı mənzil xx.xx.1996cı il tarixdə anaları X3 mülkiyyəti kimi qeydiyyatdan keçmiş, xx.xx.2021-ci ildə İradə Əliyeva vəfat etmişdir. Bundan sonra xalaları Cavabdeh4 88 yaşlı “alzheimer” xəstəsi olan, nənələri Cavabdeh3 5 saylı DNK-da baş etibarnamə almış, sonra 12 saylı DNK-ya Cavabdeh3 adından müraciət edərək onun adına xx.xx.2021-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Vərəsəlik şəhadətnaməsinin alınmasından sonra isə Cavabdeh4 Cavabdeh3 tərəfindən verilmiş etibarnamə ilə mübahisə edilən mənzilin 1/3 hissəsinə çıxarış almışdır. Cavabdeh4 etibarnaməni 5 saylı DNK-da almış, sonradan 12 saylı DNK-dan etibarnamə əsasında yalnız özünün iştirakı ilə vərəsəlik şəhadətnaməsini almışdır. Onun bunu etməklə məqsədi o olmuşdur ki, 12 saylı DNK-da Cavabdeh3 ümumiyyətlə görməsinlər və onun hansı halda olduğunu bilməsinlər. Cavabdeh4 məqsədi onların nənəsinin yeganə birinci dərəcəli qanun üzrə vərəsəsi kimi nənələri öldükdən sonra onun mirasını ələ keçirməkdir. Cavabdeh3 uzun illərdir yaddaş pozuntusundan əziyyət çəkir, hətta ən yaxın qohumlarını tanımır, xəstədir, mübahisə edilən mənzilin harda yerləşməsindən belə xəbəri yoxdur.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim: G.Axundova) 2(004)-837/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə i ddia rədd edilmişdir.
6. Məhkəmə iş üzrə qənaətini onunla əsaslandırmışdır ki, iddiaçılar, Cavabdeh3 xəstə olmasını, baş verənləri anlamamasını qeyd etsələr də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişlər.
7. Həmçinin etibarnamədə “bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər” bəndinin qeyd edilməsi, etibarnamənin və etibarnamə əsasında vərəsəlik hüququ haqqında şəhadətnamənin başqa-başqa notariat ofisində təsdiqlənməsi etibarnamənin etibarsız hesab edilməsi üçün əsas deyil.
8. Məhkəmə həmçinin iddianın digər hissələri olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbi etibarnamənin etibarsız hesab edilməsi hissəsində rədd olunduğundan və digər tələblər ilkin tələblə bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla iddia tələbi digər hissələrdə də təmin oluna bilməz.
9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 324, 337, 346 və 362-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14 və 77-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə aktı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə “tibb arayış”la kifayətlənərək işə Cavabdeh3 iştirakı olmadan baxaraq, eyni zamanda iş üçün həlledici sayılacaq onun ifadəsin i almadan formal mülahizələrə söykənərək qərar qəbul etmişdir. 5 saylı Notarius qanunun tələblərinə məhəl qoymayaraq, Cavabdeh3 savadsız olduğunu nəzərə almamışdır. Belə ki, sözügedən vərəsəlik işini nəzərdən keçirdikdə notariusun yazmağı və oxumağı bacarmayan Cavabdeh3 etibarnamənin mətnini oxumadığı və bu barədə heç bir qeyd yazmadığı məlum olur. Bundan başqa, etibarnamələrin, özəlliklə də baş etibarnamələrin imza hissəsində vətəndaşlar imza çəkdikdən sonra notariuslar tərəfindən həmin hissədə ən azından vətəndaşa öz soyadını yazmağa, bir çox hallarda isə yalnız soyadın yazılması ilə kifayətlənməyərək həmçinin adın və ata adının yazılması tələb olunur. Mübahisə olunan etibarnamədə bu tələb də pozulmuşdur. Belə ki, imza hissəsinə imza çəkildikdən sonra soyad və ad yazılmamışdır. Etibarnam ənin verilməsi ilə bağlı daha bir pozuntu notariat işində fotoşəkillərin çəkilməməsidir. İşin ədalətli həlli Cavabdeh3 dindirilməsindən asılıdır. Yalnız bu halda onun iradə ifadəsini müəyyən etməklə ədalət bərqərar olmalıdır. Məhkəmə isə cavabdehin dindirilməsi üçün faktiki heç bir hərəkət etməmiş, mübahisənin düzgün həlli üçün nə ekspertiza keçirib, nə də Cavabdeh3 dindirib. Cavabdeh3 barəsində məhkəmə-psixiatrik ekspertiza təyin etməli idi.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Q.A.Əsgərov - sədrlik edən və məruzəçi, A.N.İmanov və F.Ş.Talışinski) 17 may 2022-ci il tarixli, 2(103)3405/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin 88 yaşlı Cavabdeh3 “alzheimer” xəstəsi olması, qohumlarını tanımaması, deyilənləri dərk elməməsi, fikrini izah edə bilməməsi barədə dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, Cavabdeh3 tərəfindən Cavabdeh4 etibarnamə verilən zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları iddiaçılar nə birinci instansiya məhkəməsinə, nədə ki, apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişlər.
14. Məhkəmə kollegiyası həmçinin İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayətinin Cavabdeh3 dindirilməsi, barəsində məhkəmə-psixiatrik ekspertizasının təyin etməli olması barədə dəlili ilə bağlı qeyd etmişdir ki, Cavabdeh3 10 aprel 2022-ci il tari xdə öldüyündən onun apellyasiya icraatında dindirilməsi mümkün olmamışdır.
15. Beləliklə də, İddiaçı1 apellyasiya şikayətində istinad etdiyi hallarla bağlı apellyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apellyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir
16. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 324, 337, 346 və 362-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77 və 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarının 3-cü bəndinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı1 (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə əsaslandırılaraq qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi işdəki sübutları tam və hərtərəfli araşdırmamış, onlara lazımi hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Həmçinin Cavabdeh3 barəsində məhkəmə-psixiatrik ekspertiza təyin edilməsini xahiş edilmiş, lakin məhkəmələr iş üçün əhəmiyyətli olan bu xüsusata münasibət bildirməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh4 kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək apellyasiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
20. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələblərinin heç bir hüquqi əsası yoxdur. Vərəsəliklə bağlı bütün rəsmiləşdirmələr qanun çərçivəsində olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
22. Maddə 337.1. Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
23. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağla ndığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
24. Maddə 346.2. Sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
25. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
26. Maddə. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qan un üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
27. Maddə. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
28. Maddə. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
29. Maddə. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
30. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol ve rilmir.
31. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilən “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat 32. 22-ci bənd. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs savadsız və kordursa, notarius ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur. Mülki Prosessual Məcəllə
33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət verm ir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətl əndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, mübahisə ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
41. Baxılan iş üzrə mübahisə vərəsəlik münasibətləri ilə bağlı olmaqla, iddia tələbinin əsasını Cavabdeh3 adından verilmiş etibarnamənin, həmin etibarnamə əsasında verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və müvafiq olaraq miras əmlak üzərində cavabdehin mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi təşkil edir.
42. Tərəflər miras qoyanın qanun üzrə birinci növbə vərəsələridir. İddiaçılar miras qoyanın övladları, Cavabdeh3 isə anasıdır.
43. Miras qoyan 12 fevral 2021-ci il tarixdə vəfat etmişdir. 44. xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh3 onun adından mirası qəbul etməyi və ya imtina etməyi, ərizə imzalamaq, vərəsəlik haqqında şəhadətnaməni almaq və digər hərəkətləri yerinə yetirmək barədə digər Cavabdeh4 iki il müddətinə səlahiyyət verilmişdir.
45. Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi Cavabdeh4 tərəfindən 07 sentyabr 2021-ci il tarixdə notariat orqanına ünvanlanmış müraciətdə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair 1/3 hissədə payı üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi xahiş edilmişdir. 46. 07.09.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi anası Cavabdeh3 müəyyən edilərək ona miras əmlakdan 1/3 hissədə pay verilmişdir.
47. Məhkəmə kollegiyas ı xatırlatmağı zəruri hesab edir ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir.
48. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hü quqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
49. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı).
50. Mülki Məcəllənin mirasın qəbul edilməsi müddətlərini müəyyən edən 1246-cı maddəsinin tələblərinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzin də mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
51. İşdən mübahisəsiz qaydada görünən odur ki, cavabdeh miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etmişdir, yəni mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddət ötürülmüşdür.
52. Mülki Məcəllənin mirasın qəbul edilməsi vaxtının uzadılması əsaslarını müəyyən edən 1248-ci maddəsinin tələblərinə görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.
53. İstinad edilən normanın məzmunundan göründüyü kimi, mirasın qəbul edilməsi vaxtının uzadılması ilə bağlı vərəsələr arasında mübahisənin yarana biləcəyi nəzərə alınmaqla, qanunverici həmin mə sələ üzrə qiymətləndirməni məhkəmənin mülahizəsinə buraxmışdır.
54. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarında da göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər.
55. Apellyasiya məhkəməsi hazırki mübahisəyə mülki qanunvericiliyin sadalanan n ormalarının tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, göstərilən xüsusatları nəzərə almadan iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qanuni və əsaslı olmayan nəticə ilə razılaşmışdır.
56. Bundan əlavə, iddiaçılar cavabdehin adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələblərini həm də onun verilməsinə əsas olmuş etibarnamənin qanunvericiliyin tələblərinə uyğun olmaması ilə əsaslandırırlar.
57. İddiaçılar bildirirlər ki, Cavabdeh3 1934-cü il təvəllüdlü (88 yaşlı) olmaqla, savadı olmamış, “alzheimer” xəstəliyindən əziyyət çəkmiş, yaddaşı və digər intelektual qabiliyyətləri əhəmiyyətli dərəcədə pozulmuşdur. 58. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 22-ci bəndində göstərilmişdir ki, əgər notari at hərəkətinin aparılması üçün müraciət etmiş şəxs savadsız və kordursa, notarius ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur.
59. Apellyasiya məhkəməsi tərəfindən göstərilən dəlillər üzrə ümumiyyətlə araşdırma aparılmamışdır.
60. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən işin müəyyən edilən faktiki hallarına qanunvericiliyin yuxarıda sadalanan müddəalarının tələbləri baxımından düzgün qiymət verməmiş, nəticə etibarilə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da qətnamənin ləğv edilməsi üçün əsasdır.
61. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 2(103)-3405/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.