Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4876/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə akta əsasən hesablanmış borcun silinməsi, aktın tərtib olunmasında hal şahidlərinin iştirakı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2021-ci il tarix li, 2(103)2442/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin əməkdaşları tərəfindən Bakı şəhəri Mərdəkan qəsəbəsi Mərdəkan bağları 1094 ünvanında abonent İddiaçı məxsus olan evdə elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə qaydaları”na riayət olunması yoxlanılarkən, sayğacın dövlət və alt qapaq möhürlərinin pozulması aşkar edilmiş, buna görə də itirilmiş enerjinin bərpası məqsədi ilə abonentə 4808,65 manat məbləğində borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona hesablanmış borcun əsassız və qanunsuz hesab edilərək həmin borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin oktyabr ayından 2020-ci ilin mart ayına qədər Bakı şəhəri Mərdəkan qəsəbəsi Mərdəkan bağları 1094 ünvanında yaşamadığı dövr üçün ona 5000 manat məbləğində qanunsuz və əsassız borc hesablanmışdır. Cavabdeh təşkilatın nümayəndələri onun sayğaca müdaxilə edildiyini əsas gətirərək nə onun, nə də hal şahidlərinin iştirakı olmadan akt tərtib etmişlər. Sayğac cavabdeh tərəfindən ondan xəbərsiz sökülmüşdür. Sayğac onun mənzilindən 200 metr uzaqlıqda, transformatorun çəpərinin içində quraşdırılmışdır. Buna görə də, həmin sayğaca kənar müdaxiləni n olub-olmamasından xəbərsiz olmuşdur.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia tələbi ilə razı ilmaığını bildirərək göstərmişdir ki, akt tərtib edilən zaman abonent yaşadığı mənzilin qapısını açmadığından həmin aktın tərtib edilməsində iştirak etməmişdir. "xxxx" ASCnin akt komissiyasının qərarına əsasən itirilmiş elektrik enejisinin dəyəri 4.808 manat 65 qəpik məbləğində müəyyən edilməklə abonentin abunə haqqında məlumatına daxil edilmiş və ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Həmçinin, iddiaçının hal-hazırkı tarixədək limitdən artıq elektrik enerjisi sərfiyyatına görə olan borcunu da nəzərə aldıqda onun 28.09.2020-ci il tarixə olan ümumi borcu 5.100 manat təşkil edir.
5. Nəsimi Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli, 2(021)-4381/ 2020 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Mərdəkan qəsəbəsi Mərdəkan bağları 1094 ünvanı üzrə abunəçi İddiaçı adına olan **********80000 saylı abunə koduna hesablanmış 4808,65 manat elektrik enerjisi borcunun əsassız sayılaraq silinməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, akt tərtib edilərkən qanunvericiliyin tələblərinə riayət olunmamış, istehlakçının hüquqları pozulmuşdur. Belə ki, sayğac iddiaçının mənzilindən 200 metr uzaqlıqda, transformatorun çəpərinin içində quraşdırıldığından həmin sayğaca kənar müdaxilənin olmasına nəzarət etməsi yaxud onu qoruması iddiaçının imkanı xaricindədir. Belə olduğu təqdirdə o, sayğacla bağlı hər hansı məsuliyyət daşıya bilməzdi. Həmçinin yuxarıda qeyd olunan akt tərtib ed ilərkən nə iddiaçının, nə də şahidlərin iştirakı təmin edilməmiş və onlar tərəfindən müvafiq qaydada imzalanmamışdır. Buna görə də İddiaçı adına hesablanmış 4.808 manat 65 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir.
7. Məhkəmə öz mövqeyini «Elektroenergetika haqqında» qanunun 11-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17, 8.32, 8.33-cü bəndlərinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh "xxxx" ASC qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(103)-2442/2021 saylı qətnaməsi ilə (ha kimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, aktın tərtib edilməsi zamanı hal şahidlərinin olmaması kimi formal çatışmazlıqlar heç bir halda abonent tərəfindən sayğaca müdaxilə faktı nı inkar etməyə əsas vermir. Məhkəmələr iddiaçı tərəfindən təqdim edilmiş sübutların qiymətləndirilməsini düzgün aparmamış və bununla da maddi və prossesual hüquq normalarının pozuntusuna yol vermişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
15. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hü quq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu Maddə
17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
18. Azərbaycan Respublikası Nazir lər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları» Bənd 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sa yğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Bənd 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Bənd 8.32. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltm aq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bənd 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmam asına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
21. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının iddianın tam təmin olunması hissəsində ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüqu q normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kassasiya kollegiyası kassatorun kassasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə qeyd edir ki, həmin dəlillər işə baxmış məhkəmələr tərəfindən araşdırılmış və qiymət verilmişdir. Məhkəmələr gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sayğac iddiaçının mənzilindən 200 metr uzaqlıqda, transformatorun çəpərinin içində quraşdırıldığından həmin sayğaca kənar müdaxilənin olmasına nəzarət etməsi, yaxud onu qoruması iddiaçının imkanı xaricindədir, belə olduğu təqdirdə o, sayğacla bağlı hər hansı məsuliyyət daşıya bilməzdi. Həmçinin yuxarıda qeyd olunan akt tərtib edilərkən nə iddiaçının, nə də hal şahidlərinin iştirakı təmin edilməmişdir.
26. Kassasiya kollegiyası bu əsaslandırma ilə razılaşır.
27. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qaydaların 8.33-cü bəndi akt tərtib olunarkən hal şahidlərinin iştirakını məcburi hal kimi nəzərdə tutduğundan, bu qaydaya riayət olunmaması həmin aktın etibarsız hesab edilməsinə və akt əsasında hesablanmış borcun silinməsinə əsas verir.
28. Kassatorun “aktın tərtib edilməsi zamanı hal şahidlərinin olmaması kimi formal çatışmazlıqlar heç bir halda abonent tərəfindən sayğaca müdaxilə faktını inkar etməyə əsas vermir” dəlili qətnamənin ləğvinə əsas vermir. Çünki enerji təchizatı müəssis əsinin abonentin üzərinə pulun ödənilməsi öhdəliyini qoyan aktı, kifayət qədər mötəbər əsaslara söykənməli, şübhə doğuran hallara istinad olunmamalı, yoxlamanın obyektiv və qərəzsiz aparılmasına şərait yaradılmalıdır. Qanunvericilikdə elektrik enerjisindən istifadə qaydalarının pozulması faktlarının aşkar olunub rəsmiləşdirilməsinin obyektiv və qərəzsiz aparılmasına təminat verən qaydaları dəqiq müəyyən edilmişdir. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması faktı rəsmiləşdirilərkən aktın tərtib olunmasında iki nəfər hal şahidinin iştirakı barədə “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.33-cü bəndinin göstərişi imperativ xarakterlidir. Cavabdeh tərəfindən tərtib olunmuş akt, müvafiq münasibətləri tənzimləyən normativhüququ aktarla müəyyən olunmuş qaydada tərtib edilməmişdir. Akt qanunvericiliyə zidd olduğuna görə, etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hər hansı hüquqi nəticə törədə bilməz.
29. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır
31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavab deh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(103)2442/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.