Məhkəmə qərarları › İş №2(102)-5079/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5079/2020

27.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5079/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin vəkili Vəkil, Cavabdeh iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin sökülməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasın ın 2(107)-810/2020 saylı, 03 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(025)-17/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim E.B.İsayev) iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin sökülməsi” tələbinə dair iddiası təmin edilməyərək, ekspertiza tədqiqatının dəyəri olan 86 (səksən altı) manat 60 (altmış) qəpiyin iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsindən tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak ın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş hesaba ödənilməsi, aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 (əlli) manatın iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsindən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-810/2020 saylı, 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov), iddiaçı Аzərbаycаn Respublikаsı Dövlət Neft Şirkəti «Qаz İxrаc» İdаrəsinin nümayəndəsi X1 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməyərək,Qəbələ Rayon Məhkəməsinin 14 yanvar 20 20-ci il tarixli, 2(025)-17/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral X6 balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasında, kəmərdən 41 metr məsafədə Qəbələ rayonunun Savalan kəndi ərazisində Cavabdeh tərəfindən inşa edilən yaşayış evinin cavabdehin öz vəsaiti hesabına tam sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonunun Savalan kəndi ərazisində Cavabdeh tərəfindən Az DTN 2.9-2 Magistral Boru kəməri Layihələndirmə Normalarının tələbləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 nömrəli qərarının tələbləri pozularaq, Qəbələ rayonunun, Savalan kəndi ərazisindən keçən 325 mm-lik “Qəbələ QPS” qolu yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 41 metr məsafədə qanunsuz olaraq yaşayış evi inşa olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 nömrəli qərarının 2.23-cü bəndinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlə rini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göstərilən məsafədə hər hansı bir tikinti inşa olunması qadağandır. Cavabdeh tərəfindən inşa olunan daxilində yaşayış evinin tikintisi nəzərdə tutulmuş daş hasar yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bil ər. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi və vəkili Vəkil kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işə obyektiv baxmamış, ekspertiza rəyini sübut növü ki mi qiymətləndirməməsini əsaslandırmamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegi yasından xahiş etdi. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin vəkili Vəkil izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasə n apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşdə olan 18 mart 2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinə məxsus D-325 mm-lik Qəbələ QPS qolu qaz kəmərinin Qəbələ rayonu Savalan kəndi ərazisindən keçən hissəsində kəmərin mühafizə zonasında, kəmərdən 41 metr məsafədə yaşayış evi inşa olunmuş və aktın doğruluğunu Ağdaş XİX-in rəisi Emin Mehdiyev, TİŞ-nin rəisi Azər Şavəddinov, Ağdaş XİX-in ustası Fidail Səfərov və xətt baxıcısı Fərhad Babazadə öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan 18.03.2019-cu il tarixli, 228 nömrəli xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Ağdaş Magistral X8 tərəfindən Cavabdeh magistral qaz kəmərinin yüksək təzyiqli olması, kəmərdə hər an baş verə biləcək qaz sızması zamanı yarana biləcək partlayışların nəticəsində bədbəxt hadisələrə, yəni ona aid əmlaka və həyatına dəyə biləcək ziyanların qabaqcadan aradan qaldırılması məqsədilə aparılan tikinti işlərinin dayandırılmasını, tikilinin sökülməsini və ərazinin əvvəlki vəziyyətə qaytarılması xahiş edilmiş, əks halda tikilinin sökülməsi üçün aidiyyatı orqanlara müraciət ediləcəyi bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Ağdaş Magistral X8 tərəfindən Qəbələ rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayevə və Qəbələ rayon Polis şöbəsinin rəisi, polis polkovniki Nadir Məmmədova ünvanlanan 18.03.2019-cu il tarixli, 226 və 227 nömrəli məktublardan görünür ki, bədbəxt hadisələrlə nəticələnə biləcək qəzaların vaxtında qarşısının alınması, 325 mm diametrli “Qəbələ QPS” qolu yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilməkdə olan tikililərin sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə aidiyyatı orqanlara müvafiq göstərişlər verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbay can Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Ağdaş Magistral X8 tərəfindən Qəbələ rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayevə ünvanlanan 04.04.2019-cu il tarixli məktubdan görünür ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması, magistral qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədilə tikinti işlərinin dayandırılması üçün müvafiq köməklik göstərilməsi xahiş olunmuşdur. İşdə olan JN-077A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-nın 26 may 1998-ci il tarixli qərarı ilə Cavabdeh, X5 və X3 mülkiyyətinə Qəbələ rayon Savalan kəndində 0,15 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatl ı torpaq sahəsi verilmişdir. İş materiallarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərardadı ilə iddiaçının dəlillərinə aydınlıq gətirmək məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 12 noyabr 2019-cu il tarixli, 18505 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, Qaz İxrac İdarəsinin Ağdaş Magistral X6 balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonası iddia tələbinə münasibətdə haradan başlayıb, harada qurtarması mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublika Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınma z Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Vasif Bədəllinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Qəbələ rayonu Savalan kəndi ərazisində Cavabdeh tərəfindən inşa edilən yaşayış evi Qaz İxrac İdarəsinin Ağdaş Magistral X6 balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasının hüdudları daxilindədir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrinə və 29-cu maddəsinin İV hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1, 18, 180.1, 180.2, 180.3 və 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə, «Qаz təchizаtı hаqqındа» Аzərbаycаn Respublikаsı Qа nununun 19-cu mаddəsinin 2-ci hissəsinə, “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarına və «Burdov Rusiyaya qarşı» iş üzrə qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X4 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; -13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; -29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, içtimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. -18-ci maddəsinə görə mülki hüquq ların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir -180.1-ci maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. -180.2-ci maddəsinin tələbinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. -180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyə tində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. -180.4-cü maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri istifadə zamanı çəkilən xərcdərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəliki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus yaşayış evinin əvəzi ödənilmədən öz vəsaiti hesabına sökülməsini xahiş etmiş və iddia t ələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180- ci və Torpaq Məcəlləsinin 111-ci maddələrinə, habelə «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinə istinad etmişdir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 180.1-ci maddəsinin dispozisiya şərtlərinə görə, hər hansı tikilinin özbaşına tikili hesab olunması bu tikilinin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qa ydalarını ciddi surətdə pozmaqla inşa edilməsi ilə şərtləndirilmişdir. Torpaq Məcəlləsinin 111-ci maddəsi torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) və onun hüquqi nəticələri, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsi isə mühafizə zonası dairəsində tikinti işlərinin aparılması və onun hüquqi nəticələrindən bəhs edir. İş materiallarında olan iddiaçının mübahisələndirdiyi torpaq sahəsi və onun üzərində inşa edilən tikili qanuni əsaslarla cavabdehin mülkiyyətində olan torpaq sahəsində, başqa sözlə - JN-077A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qəbələ rayon AİK-nın 26 may 1998-ci il tarixli qərarı ilə Cavabdeh Əhmədiyyə oğlu, X5 və X3 mülkiyyətinə verilmiş Qəbələ rayon Savalan kəndində 0,15 ha torpaq sahəsində inşa edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi yaşayış evini Cavabdeh mülkiyyəti sayaraq həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasını mülkiyyətin əmələ gəlməsi üçün formal maneə hesab etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh Əhmədiyyə oğluna məxsus yaşayış evinin əvəzi ödənilmədən sökülməsi yolverilməzdir. İddiaçının qaldırdığı məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə, o cümlədən qaz kəmərinin yerini dəyişmək, müvafiq kompensasiya ödəmək və s. şərtlər daxilində həll oluna bilər. İddiaçı hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan mülkiyyətçinin öz mülkiyyətində inşa etdirdiyi yaşayış binasını sökülməsi tələbi qoym aqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddiaçının tələbi təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətində birinci instansiya məhkəməsinin hazırki iş üzrə iddianı rədd etməklə qanunları kobud surətdə pozması və vətəndaşların həyatını təhlükə altında qoyması ilə bağlı göstərilənlərə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı qаz kəmərinin mühаfizə zоnаsındа inşа оlunmuş tikilinin heç bir əvəz ödənilmədən cаvаbdehin öz vəsаiti hesаbınа sökülməsini tələb etməkdə haqlı olmadığından, habelə iddia tələbinin hər-hansı digər qanuni əsasının olmaması səbəbindən iddianın rədd edilməsi qanunların kobud surətdə pozulması və vətəndaşların həyatının təhlükə altında qoyulması kimi qiymətləndirilə bilməz. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəli nmişdir. Məhkəmə Kollegiyası həmçinin işin 93-cü vərəqində olan torpaq sahəsinin yerləşmə sxeminə əsasən cavabdehə məxsus evin 325 mm-lik yüksək təzyiqli qaz xəttinin 50 metrlik qorunma zolağının bir tərəfdən yalnız 1,23 metr, digər tərəfdən isə yalnız 0,95 metr hissəsinə düşməsini nəzərə alır və buna görə apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-810/2020 saylı, 03 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar