Məhkəmə qərarları › İş №2(102)-5258/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5258/2021

26.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5258/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 46 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan məhkəmə üçün məcburiliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı, vəkili Nümayəndə2, Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2916/2021 saylı, 28.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 iddiaçının qardaşı Cavabdeh3 keçmiş arvadıdır. Cavabdeh3lə Cavabdeh1 20.11.2009-cu il tarixdə nikaha daxil olmuş, həmın nikahlarından 17.12.2012ci il tarixdə Elif, 23.12.2014-cü il tarixdə Uğur adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.04.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası qismən təmin olunaraq Cavabdeh3lə nikahlarının pozulması, uşaqların analarının yanında qalmaları, yetkinlik yaşına çatanadək onların saxlanılmaları üçün Cavabdeh3 hər ay sabit pul məbləğində (hər uşaq üçün 117 manat) alimentin tutulması, habelə Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 3484C saylı bağ evinin üzərində Cavabdeh1 1/2 hissədə pay hüququnun müəyyən olunması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 108 ünvanında yerləşən 71 saylı mənzilin cavabdehə bağışlanması barədə 27.11.2018-ci il tarixdə bağladıqları bağışlama müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 71 üvanında yerləşən 3 otaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olmuşdur. Qardaşı Cavabdeh3 ilə Cavabdeh1 arasında mütəmadi olar aq Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 3484C saylı bağ evi və uşaqların alimenti ilə bağlı mübahisə yarandığından, bu mübahisələrə birdəfəlik son qoymaq qərarına gəlmiş, bu niyyətlə cavabdehlə görüşəndə, cavabdeh Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 3484C saylı bağ evi və uşaqların alimenti müqabilində ünvan 2ədiyini bildirmişdir. Cavabdehlə Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 3484C saylı bağ evini iddiaçının mülkiyyətinə verilməsi və Cavabdeh3 tutulan alimentin birdəfəlik ödənişi müqabilində mülkiyyətində olan ünvan 3 ünvanında yerlşən mənzili Cavabdeh1 verməyə razılaşmışdır. Buna görə də 27.11.2018-ci il tarixdə o, 46 saylı Notariat Kontorunda mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 108 ünvanında yerləşən 71 saylı mənzili bağışlama müqaviləsi əsasında cavabdehə bağışlamış, cavabdeh isə Yasamal rayon icra və probasiya şöbəsində alimentdən imtina etmişdir. Müqavilə bağlandıqdan sonra cavabdeh vədinə əməl etməmiş, bağ evini onun adına rəsmiləşdirməmişdir. Cavabdeh3 ona bildirmişdir ki, cavabdeh icra şöbəsinə müraciət edib aliment tələb edir. Bundan sonra o, Nigar ilə əlaqə saxlayaraq məsələni aydınlaşdırmağa çalışmış, Nigarı görüşməyə dəvət etmiş, alimentdən imtina və bağ evinin onun adına rəsmiləşdirilməsi barədə saziş bağlamağı təklif etmişdir. Lakin Nigar görüşməkdən və saziş yazmaqdan yayınmışdır. Bundan sonra o, cavabdehin onu aldatmasını bilmişdir.

4. Birinci instansiya məhkəməsində cavabdeh tərəf izahatında göstərmişdir ki, iddiaçının heç bir sübutu yoxdur. Tərəflər arasında e tibarlı münasibət olub, yazılı müqavilə olmayıb. Tərəflər qohumdurlar, 2 uşaq var. Ona görə də evin bağışlanması normaldır. Həm də uşaqların qalması üçün yer olmayıb, bu səbəbdən mənzili cavabdehə bağışlayıblar. Bağışlama tərəfin öz iradə ifadəsi olub. Bağışlama müqaviləsi birtərəfli əqddir. Müqavilə şərt əsasında bağlanmayıb. Cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli, 2(009)2886/2019 saylı qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “mənzilə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiasının rədd olunması qət edilmişdir.

6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağışlama müqaviləsi bağlanarkə n həmin müqavilədə hər hansı qeyd-şərt, yaxud öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulmamış, həmçinin bağışlama heç bir şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh tərəfindən bağışlama müqaviləsinin şərtlə bağışlanmasını, həmçinin bağışlamanın müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı olmasını qeyd etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 27.11.2018-ci il tarixdə bağlanmış bağışlama müqaviləsi tərəflərin iradə ifadəsinə uyğun olmuşdur və həmin əqd bağlanarkən hər hansı qanunsuzluğa yol verilməsi müəyyən edilməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3 37, 666 və 670-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qardaşının keçmiş arvadına dəyəri 100.000 manat olan mənzili bağışladığının səbəbinin məhkəmə tərəfindən araşdırılmaması, sübutlara, xüsusilə tərəflər arasındakı “Whatsapp” yazışmalarına düzgün hüquqi qiymət verilməməsi ilə əsaslandırmışdır.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2(103)-1725/2020 saylı qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə, iddianın təmin edilməsi və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 108 saylı evin 71-ci mənzilinə dair tərəflər arasında notarial qaydada bağlanmış 27 noyabr 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış 27 noyabr 2018-ci il tarixli müqavilədə hər hansı bir qeyd-şərt nəzərdə tutulmuş olmasa belə, bir şəxsin öz əmlakını qardaşının əvvəlki (boşanmış olduğu) arvadına bağışlaması məntiqli deyildir; əksinə tərəflər arasında həmin müqaviləyə qədərki danışıqlar və yazışmalar, onların qarşılıqlı münasibətləri və tərəflərin sonrakı hərəkətləri təh lil edildikdə mənzilin şərtə (öhdəliyə) bağlı olaraq bağışlandığı və məhz həmin şərtin iddiaçının iradəsinin formalaşmasına təsir etdiyi, başqa sözlə onu yanıltdığı nəticəsinə gəlmək mümkündür. Mübahisələndirilən bağışlama müqaviləsinin bağlandığı notariat kontorunun notariusu Tamilla Kərimova da apellyasiya icraatı zamanı vermiş olduğu izahatında, iddiaçının ona müraciət edərək iki şərtin (bağ evinin cavabdehə məxsus 1/2 hissəsinin iddiaçıya verilməsi müqabilində sonuncunun mülkiyyətçisi olduğu mənzilin qarşı tərəfə bağışlanması şərtinin) bir müqavilədə əks olunmasını istədiyini, lakin bunun mümkün olmadığını bildirdiyini və onlara iki ayrı müqavilə rəsmiləşdirməyi təklif etdiyini söylədiyini, tərəflərin bununla razılaşdıqlarını, bağ evi ilə bağlı sənədlərin tam olmaması, həmçinin əmlak v ergisinin ödənilməsinin tələb olunması səbəbilə sadəcə mənzilin bağışlanmasının rəsmiləşdirildiyini, bağ evindəki hissənin bağışlanmasının isə daha sonraya qaldığını qeyd etmiş, həmin dövrdə sözügedən notariusda çalışmış Aygün Əliyeva da məhkəməyə ünvanladığı ərizəsində “...müqavilələrin rəsmiləşdirilməsi üçün əmlak vergisinin ödənilməsi tələb olunduğundan tərəflərin əvvəlcə iddiaçıya məxsus mənzilin, əmlak vergisi hazır olduqdan sonra isə bağ evinin 1/2 hissəsinin bağışlanması müqaviləsini imzalamaq barədə razılığa gəldiklərini” göstərmişdir. Həmçinin “Whatsapp” şəbəkəsi üzərindən tərəflər arasında aparılan yazışmalar və səs yazıları ilə cavabdehin “bağda gözüm yoxdur”, “mən sənə söz vermişəm bağı verəcəm sizə”, “Allah da bilir mən bağ istəmirəm, mənim niyyətim qardaşını cəzalandırmaqdır” yazmış olduğu, onun (Cavabdeh1) anasının iddiaçıya göndərdiyi “Whatsapp” mesajından isə mənzilin Nigarın bağ evindən imtina qarşılığında bağışlandığı və bu şəkildə hərəkət etməsinin doğru olmadığını Nigara bildirdiyini ifadə etdiyi müəyyən edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehin bağ evi üzərindəki payını ona hədiyyə etməyəcəyini bilsə idi, 27.11.2018-ci il tarixli bağışlama müqaviləsini bağlamayacağından Mülki Məcəllənin 339.2-ci maddəsinə görə həmin əqdi mübahisələndirməkdə haqlı olmuşdur. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

15. Azərb aycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4643/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.A.Əhmədov sədrlik edən, məruzəçi V.T.Həsənov və A.Ə.Abbasov) Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2(103)1725/2020 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

16. Kassasiya kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 337.1, 404.1 və 404.2-ci maddələrinin təfsirində səhvə yol verərək, bağışlama müqaviləsinin etibarlılığı şərtlərini tam, hərtəfli və obyektiv araşdırmadan, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, eləcə də tərəflər arasındaki müqaviləyə qədərki danışıqları, yazışmaları nəzərə almadan, yalnız sözügedən müqavilənin bağlanmasından xeyli sonra tərəflər arasında və ya iddiaçı ilə cavabdehin anası arasında olan “Whatsapp” yazışmalarını, səs yazısını, şahid ifadələrini və sair əsas tutub 10 aydan sonra iddiaçının əqd bağlanması məqsədilə cavabdeh tərəfindən aldadılması nəticəsinə gəlmişdir. Halbuki, bağışlama müqaviləsi o vaxt etibarsız sayıla bilər ki, həmin müqavilənin etibarlılığı şərtləri, yəni müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması mülki iş materialları ilə istisna edilməsin. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyas ının 28.04.2021-ci il tarixli, 2(103)2916/2021 saylı qətnaməsi ilə (hakimlər Z.A.Şirinov sədrlik edən, məruzəçi, F.Ş.Talışinski və H.H.Əhmədov) İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2886/2019 saylı iş üzrə 21 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin olunması, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 108 ünvanında yerləşən, ümumi sahəsi 63.73 m² olan mənzilə dair İddiaçı ilə Cavabdeh1 arasında 27 noyabr 2018-ci il tarixində bağlanmış, reyestrdə 4Ə-522 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 27.11.2018-ci il tarixli müqavilədə hər hansı bir qeyd-şərt nəzərdə tutulmuş olmasa belə, bir şəxsin öz əmlakını qardaşının əvvəlki (boşanmış olduğu) arvadına bağışlaması məntiqli deyildir; əksinə tərəflər arasında həmin müqaviləyə qədərki danışıqlar və yazışmalar, onların qarşılıqlı münasibətləri və tərəflərin sonrakı hərəkətləri təhlil edildikdə mənzilin şərtə (öhdəliyə) bağlı olaraq bağışlandığı və məhz həmin şərtin iddiaçının iradəsinin formalaşmasına təsir etdiyi, başqa sözlə onu yanıltdığı nəticəsinə gəlmək mümkündür.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehin bağ evi üzərindəki payını ona hədiyyə etməyəcəyini bilsə idi, 27.11.2018-ci il tarixli bağışlama müqaviləsini bağlamayacağından Mülki Məcəllənin 339.2-ci maddəsinə görə həmin əqdi mübahisələndirməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının bağışlama müqaviləsi bağlanması məqsədilə cavabdeh tərəfindən aldadıldığını göstərsə də, gəldiyi nəticəni qətnamədə kifayət qədər əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 337.1, 404.1 və 404.2-ci maddələrinin təfsirində səhvə yol verərək, bağışlama müqaviləsinin etibarlılığı şərtlərini tam, hərtərəfli və o byektiv araşdırmadan, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, eləcə də tərəflər arasındakı müqaviləyə qədərki danışıqları, yazışmaları nəzərə almadan, yalnız sözügedən müqavilənin bağlanmasından xeyli sonra tərəflər arasında və ya iddiaçı ilə cavabdehin anası arasında olan “Whatsapp” yazışmalarını, səs yazısını, şahid ifadələrini və sair əsas tutub 10 aydan sonra iddiaçının əqd bağlanması məqsədilə cavabdeh tərəfindən aldadılması nəticəsinə gəlmişdir. Halbuki, bağışlama müqaviləsi o, vaxt etibarsız sayıla bilər ki, həmin müqavilənin etibarlılığı şərtləri, yəni müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması mülki iş materialları ilə istisna edilməsin. Apellyasiya instansiyası məhkəmə si işin həqiqi hallarına deyil, təhrif olunmuş ifadələrə və iddiaçının diqtə etdiyi ifadələrə istinad edərək qətnamə qəbul etmişdir. Tərəflər arasında bağışlama müqaviləsi bağlanarkən həmin müqavilədə hər hansı qeyri-şərt, yaxud öhdəliyin yerinə yetirilməməsi nəzərdə tutulmamış, həmçinin bağışlama heç bir şərtlərin və ya öhdəliklərin yerinə yetirilməməsindən asılı edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Nümayəndə2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

24. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 vəkili V əkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

25. Cavabdeh Bakı şəhəri 46 saylı Notariat Kontoru məktubla müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs Cavabdeh3 məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyy ənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayı bsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və on lardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüv vəsi yoxdur. Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

29. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nə ticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

30. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmam ışdır. Buna görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

34. Belə ki, əqdlərin etibarsız sayılmasının əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin XİV fəslində müəyyən edilmişdir. Həmin fəslə aid olan 337.1-ci maddədə göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

35. Lakin bu norma ümumi normadır və qeyd olunan fəslə aid sonrakı normalarda etibarsız və əhəmiyyətsiz əqdlərin mahiyyəti, etibarsız sayılmanın əsasları və hüquqi nəticələri müəyyən olunur.

36. Bu əsaslar Mülki Məcəllənin 339-cu maddəsində hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, 340-cı maddədə uydurma və yalan əqdlərin etibarsızlığı, 341-ci maddəsində qeyri-ciddi əqdin etibarsızlığı, 342-ci maddədə fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, 343-cü maddədə fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, 344-cü maddədə on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı və s. kimi sadalanmışdır.

37. Əqdlərin etibarsız sayılması barədə qərar çıxarılarkən məhkəmə, əqdin etibarsızlığına dəlalət edən hüquqi faktları və qanunda nəzərdə tutulmuş hüquqi əsası (normanı) konkret olaraq b ildirməlidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

38. İşə əvvəlki kassasiya icraatında baxılarkən Ali Məhkəmənin Mülki Kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi, bir tərəfdən bağışlama müqaviləsinin hər hansı bir şərtlə bağlanmadığını qeyd etdiyi halda, digər tərəfdən iddiaçının mülkiyyətçisi olduğu mənzili məhz Novxanı bağ massivində yerləşən 3484 “C” saylı bağ evinin cavabdehə məxsus 1/2 hissəsini ona bağışlaması, habelə alimentdən imtinanın qarşılığında cavabdehə hədiyyə etdiyi ni qeyd etməklə sadalanan maddələrin tələblərini pozub və işin halları barədə ziddiyyətli nətcəyə gəlib.

39. Ali Məhkəmənin həmin qərarında daha sonra göstərilmişdir ki, hazırki halda, cavabdehin bağışlama müqaviləsinə əsasən üzərinə hər hansı öhdəlik götürməsi, habelə iddiaçının sözügedən mənzili cavabdehə məhz Novxanı bağ massivində yerləşən 3484 “C” saylı bağ evinin ona məxsus olan 1/2 hissəsini ona bağışlaması, habelə qardaşı Cavabdeh3 qarşı olan “aliment tələbindən” imtina etməsi şərti ilə bağışlaması açıq-aşkar mülki iş materialları ilə təsdiq olunmur. Belə ki, cavabdeh 23 oktyabr 2017-ci il tarixdə Yasamal rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, aliment tələbinə dair icra sənədi üzrə icraata xitam verilməsini xahiş etdiyi halda, iddiaçı mənzili 27 noyabr 2018-ci il tarixdə, yəni sözügedən ərizənin verilməsindən 1 il 1 ay sonra cavabdehə bağışlamışdır. Digər tərəfdən, mənzil cavabdehə bağışladığı halda, iddiaçının ötən 10 ay müddət ərzində Novxanı bağ massivində yerləşən 3484 “C” saylı bağ evinin cavabdehə məxsus olan 1/2 hissəsini onun adına keçirməsi barədə məhkəmədə hər hansı mübahisə açmaması, hazırki iddia tələbi ilə məhkəməyə yalnız 30 sentyabr 2019-cu il tarixdə müraciət etməsi də iddianın əsaslı olması qənaətinə gəlməyə əsas vermir.

40. Lakin işə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi yenə də iddia tələbini rədd etmişdir. İş materiallarında işin faktik hallarının əvvəlkindən fərqli olması müəyyən edilməmişdir. Bu zaman əvvəlkindən hər hansı fərqli araşdırma aparmamışdır. Hətta qətnamənin əsaslandırılması da apellyasiya instansiyası məhkə məsinin əvvəlki qətnaməsində olan əsaslandırma ilə demək olar ki, hərfən eyni olmuş, bildirmişdir ki, «baxılan işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 27.11.2018-ci il tarixli müqavilədə hər hansı bir qeyd-şərt nəzərdə tutulmuş olmasa belə, bir şəxsin öz əmlakını qardaşının əvvəlki (boşanmış olduğu) arvadına bağışlaması məntiqli deyildir; əksinə tərəflər arasında həmin müqaviləyə qədərki danışıqlar və yazışmalar, onların qarşılıqlı münasibətləri və tərəflərin sonrakı hərəkətləri təhlil edildikdə mənzilin şərtə (öhdəliyə) bağlı olaraq bağışlandığı və məhz həmin şərtin iddiaçının iradəsinin formalaşmasına təsir etdiyi, başqa sözlə onu yanıltdığı nəticəsinə gəlmək mümkündür».

41. Bundan başqa, Ali Məhkəmənin əvvəlki qərarında məhkəmə kollegiyasının qənaəti ondan ibarə t olmuşdur ki, tərəflər arasındakı hazırki mübahisə daşınmaz əmlaka dair bağlanmış bağışlama müqaviləsinin etibarlılığı ilə bağlı yarandığından, MPM-nin 81-ci maddəsinin tələbinə əsasən, hazırki işin halları başqa sübutlarla, o cümlədən məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tərəflərin “Whatsapp” şəbəkəsi üzərindən apardıqları yazışmalar, səs yazıları və sair ilə təsdiq oluna bilməz. Çünki qeyd olunan maddənin mənasına görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə, məsələn: notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsi; hüquqların dövlət qeydiyyatı haqqında çıxarışla təsdiq edilməli olan hazırki işin halları başqa sübutlarla, o cümlədən şahid ifadələri, “Whatsapp” yazışmaları, səs yazıları və sair ilə təsdiq oluna bilməz.

42. İ şə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin bu mövqeyini də nəzərə almamış, apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsində olduğu kimi bildirmişdir ki, “Whatsapp” şəbəkəsi üzərindən tərəflər arasında aparılan yazışmalar və səs yazıları ilə cavabdehin “bağda gözüm yoxdur”, “mən sənə söz vermişəm bağı verəcəm sizə”, “Allah da bilir mən bağ istəmirəm, mənim niyyətim qardaşını cəzalandırmaqdır” yazmış olduğu, onun (Cavabdeh1) anasının iddiaçıya göndərdiyi “Whatsapp” mesajından isə mənzilin Nigarın bağ evindən imtina qarşılığında bağışlandığı və bu şəkildə hərəkət etməsinin doğru olmadığını Nigara bildirdiyini ifadə etdiyi müəyyən edilmişdir.

43. Halbuki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

44. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının 2(103)-2916/2021 saylı, 28.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar