Məhkəmə qərarları › İş №2(102)-54/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-54/2025

10.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-54/2025 10.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 7 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, vərəsəliyin açılması, mirasın qəbulu müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyul 2024-cü il tarixli 2(103)-4339/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh ögey bacı-qardaşdırlar. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tərəflərin anası X3 məxsus olmuşdur. X5 xx.xx.1999-cu il tarixdə vəfat etmiş və qeyd edilən ev miras qalmışdır.

2. Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Nüsrət Məmmədov küçəsində yerləşən 5A nömrəli fərdi yaşayış evi və 0.0944 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X2 adına qeydiyyata alınmışdır.

3. Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisində açılmış vərəsəlik işi xx.xx.2019cu il tarixdə başlanmış və xx.xx.2019-cu il tarixdə qurtarmışdır.

4. Cavabde hin verdiyi xx.xx.2019-cu il tarixli etibarnaməyə əsasən, X6 cavabdehin adından sənədləşdirmə işlərini aparmaq, torpaq sahəsinin, tikilinin özgəninkiləşdirilməsi ilə bağlı bütün hüquqi hərəkətləri və sairə hərəkətləri etmək üçün səlahiyyətli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 7 saylı Notariat ofisində Xəzər rayonu, Şağan qəsəbəsi, N.Məmmədov küçəsi, ev 5A Cavabdeh adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, N.Məmmədov küçəsi, ev 5A Azərbaycan Respublikasının Mülki Məcəllənin 1268-ci maddəsinə yəni, mirasdan imtina hüququ və həmin ərizənin geri götürülməsi məhkəmə səlahiyyətində olduğuna məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 7 saylı notariusda vərəsəlik işi aparılan zaman gözləri zəif olduğundan, qulağı ağır eşitdiyindən qardaşı Cavabdeh etibarından sui-istifadə edərək, onu aldadaraq ona düşən payı özününkiləşdirmişdir. Ona vəd vermişdir ki, fərdi yaşayış evinə müştəri var, dərhal sənəd hazır olan kimi, evi və torpağı müştəri istəyir. Pulu da onunla tən yarıya bölməyə vəd vermişdir. Buna baxmayaraq qardaşı Nazim onu aldadaraq tək özünə sənədləşmə aparmışdır. Onun yanında etibarnamə ilə iştirak edən X6 bu işin sənədləşməsini aparmışdır. İddiaçı ailə qurduqdan sonra Mərdəkan qəsəbəsi, Ş.İskəndərov küçəsi, ev 48 ünvanında, miras qalmış əmlakda isə iş üzrə cavabdeh yaşamış, hazırda da ailəsi ilə birlikdə cavabdeh yaşayır. 2019-cu ilin sentyabr ayında iddiaçının oğlu ölmüş, 2020-ci ilin sentyabr ayında oğlunun “il” yas mərasimində iddiaçı cavabdehdən analarından qalmış miras əmlakla bağlı soruşanda, cavabdeh bildirmişdir ki, ona pay düşmür. İddiaçı notariusda imzaladığı sənədlə bağlı soruşanda isə cavabdeh ona onun öz payından imtina etməsini və evi yalnız öz adına rəsmiləşdirdiyini bildirmişdir. Daha sonra isə cavabdeh ona evi satdıqdan sonra ona çatası paya uyğun pul verəcəyinə söz versə də, hal-hazıradək vədinə əməl etməmişdir.

7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddiaya etiraz edərək göstərmişdir ki, iddia ərizəsində göstərilən hallar həqiqəti əks etdirmir. Belə ki, iddiaçı könüllü olaraq özünün yaşamadığı, cavabdehin faktiki qəbul etdiyi miras əmlakdan cavabdehin xeyrinə imtina etmiş, xx.xx.2019-cu il tarixdən hazırkı dövrə qədər bu halı mübahisələndirməmişdir. İddiaçının iddia tələbində qeyd etdiyi hallar sübut edilmədiyindən mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən uzun müddət ərzində (4 ilə yaxın) bununla bağlı mübahisə açmayaraq bu hüququ itirdiyindən, hərəkətsizliyi ilə bu hüququn vaxtından əvvəl xitamına səbəb olduğundan, həmçinin əmlaka sahiblik etmə və ya əmlakı idarə etməyə faktiki başlama iddiaçı tərəfindən deyil, cavabdeh tərəfindən olduğundan iddia tələbi təmin olunmamalıdır. İddiaçı öz payından cavabdehin xeyrinə imtina etmiş və onlar arasında hər hansı bir razılaşma olmamışdır. Vərəsəliklə bağlı sənədləşmə işlərinin aparılması ilə bağlı iş üzrə d indirilmiş şahid Ədalət Məmmədov cavabdehə köməklik etmiş və cavabdeh bu gördüyü bu işlərə görə Ədalət Məmmədova borclu qalmışdır. Həmin borcu verə bilmədiyinə görə Ədalət Məmmədovun təkidi ilə iddiaçı tərəfindən hazırkı iddia qaldırılmışdır. Hətta miras qalmış əmlaka dair cavabdehin adına verilmiş çıxarışı Ədalət Məmmədov özündə saxlamaqla cavabdehə verməmişdir. Bundan başqa məhkəmə iclasında iddiaçı özü 2020-ci ilin sentyabr ayında oğlunun yas mərasimində demişdir ki, o, notariusda öz payından imtina etmişdir.

8. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir.

9. Məhkəmə iclasında şahid X6 bildirmişdir ki, o, iş üzrə tərəfləri tanımış, iddiaçı ilə cavabdehin Nazimin ataları ayrı olmuş, onlar ögey bacı-qardaşdırlar və onlarla qonşu olmuşdur. O, tərəflərin anası Sayaddan qalmış əmlakın cavabdehin adına rəsmiləşdirilməsinə kömək etmişdir. Belə ki, cavabdeh ona anasından qalmış əmlaka müştəri olduğunu demiş və əmlakın sənədləşdirilməsində kömək etməsini xahiş etmişdir. Onun miras qalmış əmlakın sənədləşdirmə işləri ilə bağlı rüsumların ödənilməsi üçün 1000 manat xərci çıxmış, cavabdeh isə ona 3000 manat pul verəcəyinə söz vermişdir. O, miras qalmış əmlakın Nazimin adına sənədləşdirilməsi işlərini görmüş, çıxarış və texniki pasport almışdır. Hazırda da həmin sənədlər onda olmuşdur. Bir müddət əvvəl isə iddiaçı ona yaxınlaşaraq bildirmişdir ki, cavabdeh ona pul verməmişdir. Bundan sonra bilmişdir ki, cavabdeh iddiaçını aldatmışdır. Cavabdeh ondan köməklik istəyəndə o, cavabdehə izah etmişdir ki, miras əmlak bütün vərəsələrin adına rəsmiləşdirilməlidir, lakin miras əmlak bir şəxsin adına rəsmiləşdirildiyi halda həmin əmlakın satılması daha asan olacaqdır. Bir müddətdən sonra cavabdeh ona evdə iddiaçı ilə danışaraq məsələni həll etdiyini və iddiaçının miras qalmış əmlakın onun adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh ona miras qalmış əmlakı satdıqdan sonra iddiaçıya çatası paya görə pul verəcəyini demişdir. Daha sonra notariusda olan zaman miras qoyan Sayadın ailə tərkibi ilə bağlı arayış əldə edildikdə müəyyən olunmuşdur ki, Sayadın Əliyoldaş adlı bir uşağı da var. Bundan sonra o, çöldə gözləmiş və notarius ilə cavabdeh təklikdə danışdıqdan sonra cavabdeh çölə çıxmış, bu məsələni də həll etdiyini bildirmiş və Əliyoldaş vərəsələr sırasından çıxarılmışdır. Cavabdeh ona bildirmişdir ki, Əliyoldaş adlı qardaşları o lmuş, lakin ölmüşdür. Cavabdehin notariusla təklikdə nə haqqında danışmaları barədə məlumatı olmamışdır. Daha sonra iddiaçı notarius orqanına gəlmişdir. İddiaçı gələndən sonra notariusun kabinetinə daxil olmazdan əvvəllər koridorda cavabdehlə söhbət etmişdir. İddiaçı onun yanında cavabdehdən onu aldatmayacağı, sənədləri imzalaması üçün cavabdehin ona pul verəcəyi barədə soruşmuş, cavabdeh də iddiaçıya narahat olmamasını və torpağı satdıqdan sonra ona pul verəcəyini bildirmişdir. Bundan sonra iddiaçı gedib sənədləri imzalamışdır. İddiaçı şəxsən notariusun yanında olmamış, notariat orqanının Səbinə adlı işçisinin yanında olmuş və həmin işçi tərəfindən təqdim olunmuş jurnalı və sənədləri imzalamışdır. İddiaçının gözləri pis gördüyündən notariat orqanın işçisi tərəfindən əlindən tutularaq sənə dlərə imza atdırılmışdır. İddiaçı həmin zaman hansı sənədlərə imza atdığını bilməmişdir. Notariat orqanının əməkdaşı iddiaçıya hüquq və vəzifələrini izah etməmişdir. İddiaçının sənədləri imzaladığı vaxtda koridorda gözləmiş, iddiaçının yanında olmamışdır. Daha sonra cavabdeh ona etibarnamə vermiş, o da miras əmlaka dair cavabdehin adına çıxarış və texniki pasport almışdır. Cavabdeh son vaxtlara kimi iddiaçıya pul verəcəyini bildirmiş, lakin verməmişdir.

10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(003)1227/2023 nömrəli qətnaməsi ilə (hakim İlham Cəfərzadə) iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, miras qoyanın 3 uşağı olmuş, İddiaçı, X4 və Cavabdeh. Miras qoyanın ölümündən sonra iş üzrə Cavabdeh miras əmlakı faktiki qəbul etmişdir. İşin müəyyə n edilmiş hallarına əsasən isə iş üzrə iddiaçı tərəfindən miras əmlakın açıldığı vaxtdan faktiki qəbul edilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Mirasın açıldığı yerin notariusu tərəfindən Cavabdeh müraciəti əsasında vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin vərəsəlik işindən görünür ki, iş üzrə iddiaçı anası X1 qalmış bütün daşınar və daşınmaz əmlakdan imtina etməsi barədə notariusa ərizə vermiş və həmin ərizə notarius tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən mirasın açıldığı yerin notariusuna mirasın qəbul edilməsi barədə müraciəti isə yalnız 23 il sonra olmuşdur. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən vərəsəlik formal qaydada da qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qəbul edilməmişdir. Qanunvericiliyə əsasən isə miras açıldığı gü ndən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

12. Məhkəmə iddiaçının notariat orqanı tərəfindən təsdiq edilmiş miras əmlakdan imtina etməsi barədə ərizəni oxumadan imzalamasına dair dəlili ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən notariat ofisinə müraciət edilməzdən əvvəl iddiaçı ilə onun arasında miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı danışıqlar aparılmış və həmin danışıqlar əsasında iddiaçı notariat ofisinə getmiş və həmin ərizəni imzalamışdır. Həmin ərizənin iddiaçı tərəfindən imzalanması işin mübahisə edilməyən halıdır. İddiaçının özünün izahatından və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahidin ifadəsindən müəyyən olunmuşdur ki, iddiaçının notariat ofisinə hansı məqsədlə getməsi ona qabaqcadan məlum olmuşdur. Belə ki, iddiaçı miras əmlakın gələcə kdə cavabdeh tərəfindən satıldıqdan sonra əldə edilən pul məbləğindən ona da veriləcəyi təqdirdə özgəninkiləşdirilməsinə razılıq verdiyini bildirməklə dolayısı ilə miras əmlakdan məhrum olacağını anladığını etiraf etmiş, eyni zamanda iş üzrə şahid qismində dindirilmiş və həmin ərizənin imzalandığı vaxtı iş üzrə tərəflərlə birlikdə notariat ofisində olmuş Ədalət Məmmədovun ifadəsindən də məlum olmuşdur ki, notariat ofisində iddiaçı cavabdehdən sənədləri imzalaması üçün onu aldatmadığına dair sualına cavab aldıqdan sonra ərizəni imzalamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi iddiaçı tərəfindən mirasdan imtina

13. Məhkəmə həmçinin iddiaçının cavabdehə vərəsəlik haqqında şəhadətnamə verildiyi zaman miras qoyanın onlardan başqa da vərəsəsi olması və həmin vərəsənin nəzərə alınmamasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, yalnız həmin vərəsənin və ya həmin vərəsənin vərəsələri tərəfindən (irsi transmissiya qaydasında) bu halın mübahisələndirilməsi hüquqları vardır ki, iddiaçının başqa vərəsə əvəzinə çıxış etməklə bu halı mübahisələndirməsi istisna edilir.

14. Məhkəmə öz mövqeyinin hüquqi əsası kimi Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1146, 1151.1, 1151.2, 1252, 1159.1, 1243, 1246, 1256, 1257, 1262, 1268, 1272, 1321.1, 1322-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 57-59-cu maddələri və “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına u yğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş edilmişdir.

16. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın rədd edilməsi barədə əsassız qətnamə qəbul etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-477/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov sədrlik edən və məru zəçi, Fuad Talışinski, Azad İmanov) apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin olunaraq Bakı Şəhəri 7 saylı xüsusi Notariat Ofisi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, N.Məmmədov küçəsində yerləşən 5 “A” saylı evdən ibarət miras əmlaka dair Cavabdeh adına 18 iyun 2019-cu il tarixdə verilmiş və reyestrdə 2V-254 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mirasın yeni Mülki Məcəllə qüvvəyə minməzdən əvvəl açılması, iddiaçı tərəfindən mirasın qəbulundan imtina müdd ətinin buraxılmasını nəzərə almamış, işə baxarkən maddi və prossesual hüquq normalarının tələblərini pozmuş, bu da düzgün olmayan qətnamənin qəbuluna səbəb olmuşdur.

19. İşin hallarını nəzərə alan apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, hazırkı iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibəti, 1999-cu ildə, yəni iş üzrə tərəflərin anası Sayad Dadaşovanın xx.xx.1999-cu il tarixdə ölməsindən sonra yaranmışdır. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən həmin dövr üçün Azərbaycan Respublikasında qüvvədə olmuş Azərbaycan Respubli kası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mirasdan imtina müddəti şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan xüsusi müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Artıq xitam verilmiş hüququn sonradan həyata keçirilməsi isə əhəmiyyətsiz olmaqla etibarsız sayılır. Belə olan halda iddiaçının mirasın qəbulundan imtina edilməsi müddətin bitməsindən təxminən 20 il sonra – xx.xx.2019-cu il tarixdə ərizə ilə 7 saylı Notariat Ofisinə müraciət edərək mirasın qəbulundan imtina etməsi əhəmiyyətsiz hesab edilməlidir.

21. Bu baxımdan, iddiaç ı tərəfindən mirasın qəbul edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə də düzgün deyildir. Belə ki, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinin tələbinə görə vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya baxışında iddiaçının 1972-ci ildə ailə quraraq ər evinə köçdüyünü bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şağa n qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 397 nömrəli arayışına əsasən onu da müəyyən etmişdir ki, miras qoyan Sayad Dadaşova ölən günədək, yəni xx.xx.1999-cu il tarixinədək onun ailə üzvü kimi iddiaçı miras qalmış və ünvan 2 ünvanında yerləşən evdə yaşamışdır. İddiaçı miras qoyanın öldüyü məqamda mübahisəli evdə faktiki yaşamaqla mirası qəbul etmişdir. Bu fakt vərəsəlik açılan gündən (yəni altı ay müddətin daxilində) baş vermiş olduğu üçün onun tərəfindən miras artıq faktiki qəbul edilmiş hesab edilməlidir. Necə ki, vərəsəlik açılan gündən altı ay müddət keçdikdən sonra mirasın faktiki qəbul edilməsi artıq öz əhəmiyyətini itirdiyi kimi, sonradan iddiaçının hansısa səbəbdən yaşayış yerini dəyişməsi, ərinin evinə köçməsi də artıq mirasın onun tərəfindən qəbul edilməsi faktını dəyişd irmir. İddiaçı tərəfindən mirasın faktiki qəbul edilməsi cavabdeh tərəfindən də qəbul edilmiş və mirasa yeganə vərəsə kimi yiyələnə bilməsi üçün iddiaçının notariat ofisinə mirasdan imtina ərizəsi verilməsinə istinad edərək notariat ofisi tərəfindən mirasdan yeganə irs alan vərəsə kimi tanınması barədə vərəsəlik şəhadətnaməsi almağa nail olmuşdur. Notariat ofisi də öz növbəsində iddiaçının mirası faktiki qəbul etmiş vərəsə kimi mirasdan imtina etməsi barədə ərizəsinə istinad etmişdir. Sadəcə olaraq həm cavabdeh, həm də notariat ofisi tərəfindən mirası faktiki qəbul etmiş vərəsə olan iddiaçının müddətin keçməsi ilə əlaqədar mirasdan imtina etmək hüququnu itirməsi nəzərə alınmamışdır. Həmin imtinanın əhəmiyyətsiz olması isə iddiaçının mirası faktiki qəbul etməsi faktını aradan qaldırmır. 2

3. Artıq iddiaçının mirası faktiki qəbul etmiş vərəsə olduğunu müəyyən etmiş apellyasiya instansiyası məhkəməsi həmçinin onu vurğulamışdır ki, iddiaçı vərəsə kimi mirası faktiki qəbul etmiş olmasaydı belə, o, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiyi üçün bu əsasla da mirası qəbul etmiş vərəsə hesab edilməli idi. Çünki vərəsəlik hüququ məhz mirasın açılması ilə yaranır və qəbulla şərtləndirilə bilməz. Vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Belə olan halda, vərəsənin qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməməsi və ya mirası faktiki qəbul edəcək hərəkətlər etməməsi onun öz subyektiv vərəsəlik hüququnu həyata keçirməməsi kimi qiymətləndirilə bilməz. Qeyd edilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, hər bir halda miras əmlak iddiaçı tərəfindən qəbul edilmişdir. Buna görə də iddiaçının əhəmiyyətsiz olan mirasdan imtinası notariat orqanı tərəfindən nəzərə alınmaqla miras əmlakda cavabdehin tam payı müəyyən edilərkən iddiaçının payı nəzərə alınmadığından iddia əsaslı hesab edilməlidir. İddiaçı mirası qəbul etmiş sayıldığından qeyd olunan halların mübahisələndirilməsinə onun subyektiv hüququ vardır.

24. İddiaçının tələbinə 2 aylıq xüsusi müddəti tətbiq etmiş birinci instansiya məhkəməsi mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddətin iddiaçı tərəfindən ötürülməsi ilə bağlı yanlış nəticəyə gəlmişdir.

25. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin (xx.xx.2000-ci il tarixədək qüvvədə olan) 527, 528, 529, 532, 533, 552, 553 və 556-cı maddələri ilə əsaslandrımışdır. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat

26. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianının rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsində iddiaçının özü şəxsən məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, o, ailə qurdu qdan sonra ünvan 3 ünvanında yaşamış, miras qalmış əmlakda isə iş üzrə cavabdeh yaşamış, hazırda da ailəsi ilə birlikdə yaşayır. Lakin buna baxmayaraq apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya baxışında iddiaçının 1972-ci ildə ailə quraraq ər evinə köçdüyünü bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir” Halbuki cavabdehin nümayəndəsi və vəkili bunu özündən deyil, hər iki instansiya məhkəməsində iddiaçı tərəfin verdiyi izahatlara əsasən bildirmiş və bu 31 may 2023-cü il tarixli qətnamədə öz əksini tapdığından, həmçinin audio və video yazı və protokollarda öz əksini tapdığından sübut edilməyə ehtiyac da yoxdur. Bundan başqa iş üzrə iddiaçı tərəfindən şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, “Həqiqət onun yanında Nazimdən onu aldatmayacağı, sənədləri imzalaması üçün Nazimin ona pul verəcəyi barədə soruşmuş, Nazim də Həqiqətə narahat olmamasını və torpağı satdıqdan sonra ona pul verəcəyini bildirmişdir. Bundan sonra Həqiqət gedib sənədləri imzalamışdır”. Göründüyü kimi iddiçının nədən imtina etdiyi, nəyə imza etdiyi ona məlum olmuş, o isə 4 ildən sonra iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, cavabdehin vəkili izahatında bildirmişdir ki, “İddiaçı könüllü olaraq ailə qurduqdan sonra 20 ildən çoxdur ki, özünün yaşamadığı, cavabdehin faktiki qəbul etdiyi miras əmlakdan onun xeyrinə imtina etmişdir”. Halbuki cavabdehin vəkili izahatını yazılı mülahizə formasında bildirmiş və oradan da göründüyü k imi 20 il deyil, 1974-cü ildən iddiaçının ər evinə köçərək evi tərk etməsini bildirmişdir. Bundan başqa, apellyasiya məhkəmə iddiaçının nə zaman nikaha daxil olub ər evinə getdiyini video qeydiyyatla həyata keçirilən iclasda soruşmuş, cavabında isə iddiaçının qızı anasının 1972-ci ildə ərə gedərək hazırkı evdə yaşadıqlarını bir daha qeyd etmişdir. Apellyasiya məhkəməsi öz təşəbbüsü ilə işin obyektiv aparılması üçün mübahisənin həlli üçün lazımı sorğuları da verməyərək işi hər tərəfli araşdırmamışdır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)2045/2024 nömrəli 13 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər A.Abbasov-məruzəçi, V.Həsənov və Ə.Nurməmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-477/2024 n ömrəli, 6 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

29. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi müəyyən edilməmişdir. Belə olan halda, imtinanın əhəmiyyətsiz hesab edilməsi üçün iddiaçının mirası faktik qəbul edib-etməməsi halını aydınlaşdırmaq lazımdır.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəla, mirası faktiki qəbul etməsi halını sübut etmək vəzifəsi bunu iddia edən tərəfin üzərinə düşür. İşdən iddiaçının buna dair hər hansı sübut təqdim etməsi görünmür, əksinə, iddiaçı birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinin sualına cavab olaraq ərinə məxsus evdə yaşadığını bildirmişdir. Üstəlik, apellyasiya baxışında (i.v.171) iddiaçının nümayəndəsi (qızı) iddiaçının 1972-ci ildən – ailə qurduqdan sonra miras əmlak olan evdən çıxmasını bildirmişdir. İddiaçının 1972-ci ildən miras əmlak olan evdən çıxaraq ər evində yaşamasını iddiaçının özü və nümayəndəsi bildirdiyi halda, həmin halın təkzib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması MPM-in 106.3- cü maddəsinin tələblərinə zidd olmuşdur. Yəni iddiaçı nəinki mirası faktiki qəbul etməsinə dair sübut təqdim etmiş, hətta mirası qəbul etməməsinə yönəlik izahat versə də, apellyasiya instansiyası məhkəməsi olmayan faktın təsdiq edilməsi yükünü cavabdehin üzərinə qoymaqla sübutetmə yükünü düzgün bölməmişdir. Bundan əlavə, mirasın faktiki qəbul edilməsi ilə bağlı istinad edilən Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şağan qəsəbəsi üzrə nümayəndəliyi tərəfi ndən verilmiş 397 nömrəli arayışa gəldikdə, həmin arayışda apellyasiya instansiyası məhkəməsin qeyd etdiyi kimi iddiaçının miras qoyanla sonuncunun öldüyü günədək miras əmlakda yaşadığı deyil, miras qoyanının ailə üzvü olması qeyd edilmişdir. Buna görə də həmin arayışın iddiaçının mirası faktik qəbul edib-etməməsi baxmından nə kimi əhəmiyyətli olması qətnamədən görünmür. Həmin arayışa yalnız istinad edilib, başqa hər hansı qiymət verilməyib. Halbuki işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçı vərəsə kimi mirası faktiki qəbul etmiş olmasaydı belə, o, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiyi üçün bu əsasla da mirası qəbul etmiş vərəsə hesab edilməli idi. Çünki vərəsəlik hüququ məhz mirasın açılması ilə yaranır və qəbulla şərtləndirilə bilməz.

31. Məhkəmə kollegiyası hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və hazırkı işin hallarına tətbiq edilən Mülki Məcəllənin normalarına istinadən qeyd etmişdir ki, mirasdan imtina edilmədiyi halda, mirasın qəbul edilməsi prezumpsiyasını nəzərdə tutmurdu. Ümumiyyətlə, həmin Məcəllə mirası əldə etmək üçün yalnız mirasın qəbulu institutunu tanıyırdı, vərəsənin susmasını mirasın qəbul edilməsi prezumpsiyası kimi qəbul etmirdi.

32. Kassasiya instansiyası məhkəməsi g əldiyi nəticəni Mülki Məcəlləsinin (xx.xx.2000-ci il tarixədək qüvvədə olan) 527, 528, 529, 532, 533, 552, 553 və 556-cı maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4339/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsi qət edilmişdir.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsinə dair düzgün nəticəyə gəlsə də, maddi hüquq normaları düzgün tətbiq edilmədiyi üçün apellyasiya ş ikayətinin dəlillərindən asılı olmayaraq qətnamə ləğv edilməlidir. Belə ki, hazırkı mübahisəyə qanunvericiliyin tələbinə əsasən tərəflər arasında mübahisəli hüquq münasibəti yarandığı vaxt qüvvədə olan, yəni 1964-cü il tarixli Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Göründüyü kimi, X2 xx.xx.1999-cu il ildə ölməsi ilə mübahisəli ev üzrə miras açılmışdır. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Mirasdan imtina isə yalnız vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə realizə edilir.

35. İşdən də görünür ki, iddiaçının vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barə də ərizə verməsi müəyyən edilməyib. Belə olan halda, imtinanın əhəmiyyətsiz hesab edilməsi üçün iddiaçının mirası faktik qəbul edib-etməməsi halı müəyyənləşdirilməlidir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsivəkilinin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, “mən ərimə məxsus Mərdəkan qəsəbəsi, Ş.İskəndərov küçəsində yerləşən 48 nömrəli evdə yaşayıram”. Əvvəlki apellyasiya baxışında iddiaçının nümayəndəsi (qızı) iddiaçının 1972-ci ildən – ailə qurduqdan sonra miras əmlak olan evdən çıxmasını bildirmişdir (i.v.171). Hazırkı apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi (qızı) bildirmişdir ki, anası ailə qurduqdan sonra atasına məxsus Mərdəkanda olan evdə yaşamışdır, mübahisəli evdə isə Nazim yaşamışdır. Bununla belə anası həmin evə gedib-gəlmiş, nənəsinə, hətta Na zimin ailəsinə də anası baxmışdır.

36. Beləliklə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, iddiaçı 1972-ci ildən, yəni ailə qurduqdan sonra miras qalmış evdə yaşamamışdır, həmin evdə cavabdeh yaşamışdır. İddiaçı tərəfindən miras faktiki olaraq da qəbul edilməmişdir. İddiaçının nümayəndəsi-qızı anasının həmin evə gedib-gəldiyinə, nənəsinə baxdığına istinad etsə də, bu hallar mirasın faktiki qəbul edilməsi qəanətinə gəlməyə əsas verməmişdir. Miras əmlakda cavabdeh ailəsi ilə birlikdə yaşamış, mirası faktiki qəbul etmişdir. Mirasın açıldığı yerin notariusu tərəfindən Cavabdeh müraciəti əsasında vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin vərəsəlik işindən görünür ki, iş üzrə iddiaçı anası X1 qalmış bütün daşınar və daşınmaz əmlakdan imtina etməsi barədə notariusa ərizə vermiş və həmin ərizə no tarius tərəfindən təsdiq edilmişdir.

37. Məhkəmə kollegiyası, iddiaçının imzaladığı sənədin mirasdan imtina etməsi barədə ərizədən ibarət olmasına dair məlumatının olmaması barədə dəlilləri inandırıcı hesab edilməmişdir. Cavabdeh tərəfindən notariat ofisinə müraciət edilməzdən əvvəl iddiaçı ilə onun arasında miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı danışıqlar aparılmış və həmin danışıqlar əsasında iddiaçı notariat ofisinə getmiş və həmin ərizəni imzalamışdır. İddiaçının notariat ofisinə hansı məqsədlə getməsi ona qabaqcadan məlum olmuşdur. Belə ki, iddiaçı miras əmlakın gələcəkdə cavabdeh tərəfindən satıldıqdan sonra əldə edilən pul məbləğindən ona da veriləcəyi təqdirdə özgəninkiləşdirilməsinə razılıq verdiyini bildirməklə dolayısı ilə miras əmlakdan məhrum olacağını anladığını et iraf etmişdir.

38. Məhkəmə kollegiyası cavabdehin iddia müddəti ilə bağlı ərizəsinə münasibətdə qeyd etmişddir ki, iddia müddətinin tətbiqi əsaslı iddialar üzrə yolverilən olduğundan, hazırkı işdə isə iddia əsaslı sayılmadığından, iddia müddətinin tətbiqinə ehtiyac qalmamışdır.

39. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin (1964-cü ildə qəbul edilmiş) 527, 528, 529, 532, 533, 552, 553, 556, 561 və 562-ci maddələri ilə əsaslandrımışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

40. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamə ”Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarın” da göstərilən tövsiyyələrə uygun tərtib olunmamışdır. Hazırkı mübahisə üzrə məhkəmə qətnaməsi mülki mübahisə üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Hazırkı mübahisə üzrə məhkəmə qətnaməsi mülki mübahisə üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Cavabdeh kassasiya şikayətinə q arşı etiraz ünvanlayaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4339/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi (1964-cü ildə qəbul edilmiş)

43. Maddə

527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.

44. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərə səliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

45. Maddə

529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.

46. Maddə

532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

47. Maddə

533. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir.

48. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

49. Maddə

553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı ol duqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir.

50. Maddə

556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir.

51. Maddə

561. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Miras əmlakı dövlətə keçdikdə də vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qaydada verilir.

52. Maddə

562. Vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə məlumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Dövlətin miras hüququ haqqında şəhadətnamə bütün hallarda vərəsəlik açıldığı gündən altı aydan tez verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edil məli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması h alları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

66. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə g əlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

67. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

68. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

69. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2024-cü il tarixli, 2(103)4339/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar