Məhkəmə qərarları › İş №2(102)-5455/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5455/2022

19.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5455/2022 19.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(004)-1255/2022 saylı məhkəmə aidiyyəti haqqında qərardadından Cavabdeh şikayəti üzrə işə kassasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələblərinin artırılması və dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət ed ərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə bitişik ərazidə cavabdeh tərəfindən aparılan tikilinin onun hesabına sökülməsi, iddiaçının mülkiyyətində olan həmin ünvandakı fərdi yaşayış evindən və torpaq sahəsindən cavabdehin çıxırılması,evin və torpaq sahəsinin boşaldılması, iddiaçıya vurulmuş 20 000 manat maddi ziyanın (10 000 manat fərdi yaşayış evinin icarəsinə görə, 10 000 manat fərdi yaşayış evinə vurulmuş ziyana görə) və 30 000 manat mənəvi ziyan, cəmi 50 000 manat pulun, istifadə olunmuş elektrik enerjisinə görə 1353,40 manat, suya görə 606,17 manat olmaqla, cəmi 1960 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1625/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə cavabdeh X1 nümayəndəsi, vəkil X2 ərizəsi təmin edilməmiş, mülki işə mahiyyəti üzrə baxılmasının davam edirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh xx.xx.2022-ci il tarixində elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1255/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə Cavabdeh vəsatəti rədd edilmişdir. Cavabdeh qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla ə saslandırılmışdır ki, iş üzrə hər iki tərəf mübahisələndirilən əmlakdan sahibkarlıq fəaliyyəti ilə istifadə etmişdir. Tərəflər arasında olan mübahisənin mahiyyəti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir və iddianın predmetini sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş əmlakın mübahisələndirilməsi təşkil edir. Bu səbəbdən də hesab edir ki, işə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1255/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2022-ci il t arixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, tərəflər fərdi sahibkar olsa da, onlar arasında olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyildir. Azərbaycan Respublikası MPM-nin 403-1.7-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalı olduğundan, birinci instansiya məhkəməsi Cavabdeh ərizəsini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci m addəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Belə ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. Məhkəmə aidiyyəti dedikdə - mülki hüquqi münasibətlərindən irəli gələn mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkə məsinin səlahiyyətinə aid olması başa düşülür. İşlərin kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümumi məhkəmənin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə şəxsin bilavasitə sah ibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmamış olsun. Eyni hüquqi mövqe “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında da təsbit etmişdir. Həmin Qərarın 11-ci bəndinə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar hesab edilir. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də pre dmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarın 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur. Bu baxımdan məhkəmə tərkibi cavabdehin şikayətinin dəlilləri ilə razılaşmır və tərəflər arasında əmələ gəlmiş hüquq münasibətinin xarakterini nəzərə alıb hesab edir ki, tərəflər arasındakı hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyil, cavabdeh tərəfindən qanunsuz tikililərin sökülməsi, mənzilin və torpaq sahəsinin zəbtdən azad edilməsi ilə bağlı olduğundan işə məhkəmə aidiyyəti qaydasında kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 403-1.2-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.6-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətl ərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Həmin Məcəllənin 403-1.8.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin edilmədən saxlaya bilər. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələbl ərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(004)1255/2022 saylı məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar