Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5518/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 “müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil3, Cavabdehin vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2021-c i il tarixli, 2(103)743/2020 nömrəli qətnaməsindən Cavabdeh və üçüncü şəxs X4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanda yaşayış binalarının tikintisi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17 avqust 2005-ci il tarixli, 220 saylı sərəncamına əsasən İddiaçı MMC tərəfindən həyata keçirilmişdir. 07 may 2012-ci il tarixli, 117 saylı müqavilə ilə “Azinteroil MMC Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli 16 küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzilləri tikilmiş halda Cavabdeh təhvil verməyi, sonun cu isə mənzillərin qiymətini “razılaşdırma yolu” şərti ilə müəyyən edilməklə, ödəməyi öhdəsinə götürmüşlər. Qeyd olunan mənzillər İddiaçı MMC tərəfindən müqavilə bağlanandan sonra Cavabdeh təhvil verilmiş, onun tərəfindən təmir edilmiş və keçən müddət ərzində orada yaşayır. Cavabdeh İddiaçı MMC-nin təsisçilərindən biri olan X2 qardaşıdır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 05 aprel 2019-cu il tarixli 40 nömrəli bildirişdə göstərilmişdir ki, 07 May 2012-ci il tarixli, 117 saylı müqaviləyə əsasən cəmiyyət tərəfindən ünvan 3 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 81,3 kv.m və 128,8 kv.m, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin dəyəri cəmiyyətin xəzinəsinə və yaxud hesablaşma hesabına ödənilmədiyi üçün cavabdehlə cəmiyyət arasın da bağlanmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilə birtərəfli qaydada xitam verilməklə ləğv ediləcəkdir. Mənzillərin dəyəri olan 110568 manat və 175168 manat (ümumilikdə 285736 manat) miqdarında məbləğ cəmiyyətin xəzinəsinə və yaxud hesablaşma hesabına ödəmək məqsədi ilə bir ay vaxt verilmişdir. Əks təqdirdə xitam verilmiş müqavilənin ləğv edilməsi bir aydan sonra tam qüvvəyə minəcəkdir və cəmiyyət tərəfindən lazımi tədbirlər görüləcəkdir. O cümlədən mənzil onun tərəfindən zəbt olunmuş kimi nəzərə alınacaq, 29 aprel 2019-cu il tarixdən etibarən mənzil boşaldılaraq geri alınmaqla təhvil-təslim aktı tərtib olunacaq və mənzil cəmiyyətin hesabına keçiriləcəkdir. “Azinteroil MMC tərəfindən Cavabdeh ünvanlanmış 02 iyul 2019-cu il tarixli 58 nömrəli təklifə əsasən 07 may 2012-ci il tarixl i, 117 saylı müqaviləyə əsasən cəmiyyət tərəfindən cavabdehə razılaşma yolu ilə ünvan 4 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 81,3 kv.m və 128,8 kv.m, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillər verilmişdir. Lakin, Cavabdeh həmin razılaşmanın şərtlərini kobudcasına pozaraq, üzərinə götürdüyü öhdəliyi ümumiyyətlə icra etməmişdir. Ona görə də, 07 May 2012-ci il tarixli 117 saylı müqavilənin ləğv edilməsi barədə razılaşmanı 5 gün müddətində bağlamaqla, ünvan 3 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən qeyd olunan mənzilləri “Azinteroil MMC-yə könüllü təhvil verməsi təklif olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəs i və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Y.V.Çəmənzəminli 16 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində, ümumi sahəsi 81,3 və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılması və həmin mənzillərin İddiaçı MMC-yə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 07 may 2012-ci il tarixli, 117 saylı müqaviləyə əsasən öhdəliyini icra edərək, Bakı şəhəri, Y.V.Çəmənzəminli 16 ünvanında tikintisi həyata keçirilmiş çoxmənzilli yaşayış binasının 2-ci blok, 13-cü mərtə bəsində olan 2 və 3 otaqlı, 97 və 98 saylı mənzilləri cavabdehə təhvil versə də, cavabdehin verilmiş mənzillərə görə ümumilikdə 285736 manat borcu mövcuddur. Cavabdeh həmin borc məbləğinin ödənilməsi dəfələrlə tələb olunsa da, o bundan imtina etmiş və bununla müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)3755/2019 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, ünvan 6 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 kv.m və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılaraq İddiaçı MMC-yə geri qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası MM-in 6.2, 14.2.1, 157.2, 385, 386.1, 389.1, 398.1, 398.3, 421.1, 421.2, 421.3, 423.2, 424.2, 425, 430.1, 442, 448.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, müqavilə üzrə alıcı olan cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə müqavilə predmeti olan mənzillərin pulunu müqavilədə göstərilən müddətdə satıcıya verməmişdir. Mənzillərin ümumi dəyəri olan 285736 manat pul məbləğindən heç bir vəsaitin ödənilməməsi halı sübut edən sənəd iddiaçının təqdim etdiyi mali yyə arayışıdır, cavabdeh tərəf isə bağlanmış müqavilə üzrə hər hansı pul vəsaiti ödəməli olmadığını, həmin mənzili cəmiyyətin təsisçilərindən biri olan - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs - X2 payına düşən hissədən əldə etdiyini bildirsə də, bu halları məhkəmədə sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi həmçinin cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək MM-in 363.1, 38.0.4, 427.1, 427.4-cü maddələrinə istinad etməklə hesab etmişdir ki, iddiaçı 27 mart 2019-cu il tarixinədək binalara aid olan mənzil və qeyri-yaşayış sahələrinə görə borcu olan sakinlərə təcili olaraq borclarını ödəmələrini bildirmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-3755/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli, 2(103)743/2020 nömrəli qətnaməsi ilə (hakimlər İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və E.C.Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-3755/2019 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bi rinci instansiya məhkəməsi iddia tələbini təmin edərək haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli, 2(102)-103/2021 nömrəli qərarı ilə (hakim V.T.Həsənovun sədrliyi və məruzəs i ilə, hakimlər Ə.A.Əhmədovdan və İ.K.Dəmirovdan ibarət tərkibdə) Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya məhkəməsi göstərmişdir ki, iddiaçı tərəfin dəlillərinə görə cavabdeh iddiaçının təsisçisi X2 qardaşı olduğundan onunla güzəştli şərtlərlə həmin binada mənzil alğı-satqısına dair müqavilə bağlamış, mənzilin dəyərinin ödənilməsinin uzun müddət ləngidilməsinin səbəbinin məhz müəssisənin təsisçisi olan X2 alıcının qardaşı olması və təsisçilər arasında müna sibətlərin yaxşı olması zəminində dözümlülüklə yanaşılmışdır. Hal-hazırda alıcının qardaşı X4 ilə digər təsisçilər arasında münasibətlər pozulmuş, onlar arasında çoxsaylı məhkəmə mübahisələri var. Bu zəmində, alıcıdan müqavilə öhdəliklərinin yerinə yetirilməsi, yəni aldığı mənzillərə görə ödəmənin həyata keçirilməsi tələb olunmuş, o isə, aldığı mənzillərin pulunu ödəməkdən imtina etmişdir. Ona görə də, iddiaçı müqavilədən imtina edərək onların ləğv edilməsini və mənzillərin boşaldılaraq MMC-yə təhvil verilməsinə dair tələb irəli sürmüşdür. Cavabdehin iddiaya etirazının dəlillərinə görə o, həmin mənzillərə görə ödəniş həyata keçirməli deyil, çünki həmin mənzillər onun qardaşı X2 MMC-də olan təsis payının müqabilində əvəzsiz olaraq qardaşına ayrılmış mənzillərdir, sadəcə olaraq, qardaşı öz p ayına düşən iki mənzili ona vermişdir. O, müqavilə bağlandıqdan bir il sonra həmin mənzilləri təmir edərək oraya köçmüş, xeyli müddət keçməsinə baxmayaraq ondan heç vaxt mənzillərə görə ödəniş tələb olunmamışdır. Bununla təsdiq edilir ki, həqiqətən də, həmin mənzillər ona əvəzsiz olaraq verilmişdir. Həmin mənzillərin onun qardaşı X2 MMC-dəki təsis payına müvafiq verilməsini təsdiq edən təsisçilərin protokol qərarı mövcuddur, lakin o, həmin sübutu əldə edə bilmədiyindən məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı MMC cavabdehin etirazına aid olan dəlilləri ilə bağlı qeyd etmişdir ki, həmin binada təsisçilərin payına müvafiq mənzillərin ayrılmasında dair bütün hallarda təsisçilərin protokol qərarları mövcuddur, cavabdehə satılmış mənzillərə dair belə protokol qərarları mövcud deyil. İkincisi, əgər həqiqətən də, həmin mənzillər alıcının qardaşı X2 təsis payına uyğun olaraq verilmiş olsaydı, onda, ən azından, müqavilədə müvafiq qaydada qeyd, yəni “təsis payının əvəzi kimi” və ya “əvəzsiz olaraq” sözləri yazılmalı idi, lakin alıcı ilə bağlanan hər iki müqavilənin qiyməti ilə bağlı hissədə belə qeydlər aparılmamış, əvəzində isə, həmin hissədə "xxxx" (müqavilənin 2.1-ci bəndi) ifadəsi qeyd edilmişdir. Kassasiya məhkəməsi qeyd etmişdir ki, işin mübahisə edilən halları mənzillərin əvəzli və ya əvəzsiz müqavilələr əsasında cavabdehə verilməsi, mənzilin dəyərinin ödənilməli olması və ödənilməli olmaması, cavabdehin mənzildən istifadə və sahibliyinin qanuni əsaslarla olub-olmaması ilə bağlıdır. İddiaçı tərəfin məhkəmələr tərəfindən müəyyən edilən mövqeyinə görə cavabdehin mənzildən ist ifadə və sahibliyi üçün qanuni əsaslar mövcud deyildir. Bu zaman isə cavabdehin üzərinə düşən öhdəliyi, yəni mənzillərin dəyərinin ödənilməməsinə istinad edilir. Bu halda məhkəmələrin müəyyən etməli olduğu hal müqavilə üzrə cavabdehin üzərinə belə bir öhdəliyin qoyulmasının müəyyən olunması ilə bağlı olmalı idi. İstinad olunan müqavilədə mənzillərin ölçüsü, sıra sayı və mərtəbəliliyi göstərilmiş olsa da, məhz mənzillərin hər kv.metrinin hansı qiymətə və cəmi olaraq hansı məbləğə satılması ilə bağlı qeyd mövcud deyildir. Müqavilədə cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulmadığı halda onun mənzillərin dəyərinin ödəməli olması nəticəsinə gəlinməsi anlaşılan hesab edilə bilməz. İşin bu halı aydınlaşdırılmadan isə cavabdehin öhdəliyinin mövcudluğunu müəyyən etmək mümkünsüzdür. Buna görə də, məhkəmələr cavabdeh tərəfin etirazındakı dəlilləri (yəni mənzillərin qardaşının MMC-də olan payının əvəzinin bir hissəsi olaraq qardaşına verilməsi ilə bağlı onunla müqavilə bağlandığının) araşdırmalı idi. Cavabdeh tərəf həmin dəlilləri ilə bağlı olaraq MMC-nin təsisçiləri arasında rəsmiləşdirilmiş və həm birinci, həm də apellyasiya instansiya məhkəməsinin istinad etdiyi protokollara istinad edir. Bu halda həm iddiaçının dəlillərinin, həm də cavabdehin dəlillərinin aydınlaşdırılması üçün apellyasiya instansiya məhkəməsi müvafiq araşdırma aparmalı və mövcud sübutlar qarşılıqlı olaraq qiymətləndirilməli, onların mübahisəyə aidiyyətinin olub-olmamasını yoxlamalı idi. Lakin məhkəmə faktiki olaraq cavabdehin dəlilləri üzrə araşdırma aparmamış, yalnız iddiaçı tərəfin izahatına və dəlillərinə is tinad edərək cavabdehin mənzildən istifadə və sahibliyi üçün qanuni əsasların mövcud olmaması nəticəsinə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, müqavilədə mənzillərinin dəyərinin hansı müddətdə və hansı məbləğdə ödənilməli olması müəyyən olunmamış, "xxxx" ifadəsi müqaviləyə hansı səbəbdən daxil edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini tənzimləyən bir sıra müddəaları (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.) nəzərdə tutmuşdur. Məhkəmə Mülki Məcəllənin 417.1 və 418.1-ci maddələrinə izah verərək göstərmişdir ki, müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə di gər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmuş və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. Müqavilənin standart şərtləri müqavilənin tərkib hissəsinə çevrildikdə, hüquqi qüvvə alır. Bunun üçün müqavilənin standart şərtlərini təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə bu barədə yazılı qeyd aparmaqla bu şərtlərə istinad etdiyini bildirməlidir. Bu, standart şərtlərin irəli sürülməsini təklif edən tərəfin iradəsinin ifadəsi olduğunu göstərir və digər tərəfin həmin şərtlərlə tanış olmasına imkan yaradır. Standart şərtlərin ünvanlandığı digər tərəf həmin şərtlərlə tanış olaraq onları qəbul edib-etmə mək haqqında qərara gəlməlidir. Mülki Məcəllənin 419.2-ci maddəsinə istinad edən kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan müqavilə mənzillərin dəyərinin "xxxx" ödənilməli olmasını müqaviləyə daxil edən MMC-nın ziyanına (əleyhinə) təfsir edilməlidir. Göstərildiyi kimi müqavilədə mənzillərin dəyəri, hissə-hissə ödənilməli idisə, hansı müddətdə və hissə-hissə olaraq hansı məbləğdə ödəməli olmasına dair hər hansı şərt yoxdur və müqaviləyə əlavə olan hər hansı razılaşma da mövcud deyildir. Cavabdeh isə əksinə müqaviləyə daxil edilmiş ifadəyə istinad edərək mənzilin dəyərinin ödəməli olmamasına və mənzilləri qardaşı X2 MMC-də payının müqabilində ona verildiyinə istinad edir. Qeyd edilməlidir ki, iddiaçı müqavilə bağlanarkən müvafiq qeydə etiraz etməmiş, onu olduğu şəkildə imzalamışdır. Bu halda isə cavabdehin iddiaçı qarşısında öhdəliyinin mövcud olması sübut olunmadan cavabdehin mənzillər üzərində sahibliyinin qanunsuz olması nəticəsinə gəlmək bağlanmış müqavilənin şərtlərinə uyğun hesab edilə bilməz. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsi ilə (hakim N.Ş.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.Baxışovadan və X.A.Cəmilovadan ibarət tərkibdə) Cavabdeh və üçüncü şəxs X2 apellyasiya şikayətləri rədd edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-3755/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilə əvəzli müqavilədir və bu onun məzmunundan görünür. Həmçinin, tərəflərin heç biri onun əvəzsiz olduğunu bildirmir. Mülki Məcəllənin 398.3-cü maddəsinə görə əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. Göründüyü kimi, qanunda “müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə” ifadəsindən istifadə olunub. Müqavilənin 2.1-ci bəndində qeyd olunub ki, qiymət razılaşma yolu ilə müəyyənləşdirilməlidir. Lakin cavabdeh iddiaçıya hər hansı qiymət ödəməkdən imtina etmiş və bunu məhkəmə iclasında bildirmişdir. Bu isə onu təsdiq edir ki, qiyməti razılaşma yolu ilə müəyyən etmək mümkün deyil. Ona görə də qanunda göstərilən “müqayisəyə gələ bilən hallarda oxşar mallar” ifadəsi əsas götürülməklə qiymət müəyyən olunmalıdır. İddiaçı cavabdehə bildiriş göndərərək özünün müəyyən etdiyi qiyməti bildirişdə göstərmişdir. Lakin cavabdeh iddiaçıya cavab verməmiş, qiymətin yüksək olduğunu bildirməmiş, özü hər hansı qiymət təklif etməmişdir. Cavabdeh hesab edir ki, iddiaçıya müqavilə üzrə hər hansı pul məbləği ödəməli deyil. Cavabdehin müqayisəyə gələ bilən oxşar mal (həmin ərazidəki eyni sahəli mənzil) üzrə qiymətin müəyyənləşdirilməsindən boyun qaçırması o deməkdir ki, cavabdeh qiyməti ödəməkdən ümumiyyətlə imtina edir. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, müqavilədə qiymətin ödənilmə müddəti göstərilməmişdir. Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müd dəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Göründüyü kimi, müddət təyin edilməmiş, habelə şəraitə görə onu təyin etmək mümkün deyil. Ona görə də iddiaçı qiymətin dərhal ödənilməsini tələb edə bilər, cavabdeh isə onu ağlabatan müddətdə ödəməyə borcludur. İddiaçı cavabdehə bildiriş göndərərək qiyməti ödəməyi tələb etmiş, 7 gün keçmiş, lakin cavabdeh qiyməti ödəməmişdir. Ona görə də belə hesab olunur ki, qiymətin ödənilməsi müddəti bitmişdir. Məhkəmə hesab etmişdir ki, qiymət və müddət məsələsinə münasibətdə iddia əsaslıdır. Cavabdehin qiyməti ödəməkdən imtina etməsi müqavilənin əhəmiyyətli dərəcədə pozulması hesab olunur. Ona görə də, Mülki Məcəllənin 421.2 və 600.4-cü maddələrinin göstərişlərinə əsasən iddiaçı müqavilənin ləğv edilməsini və mənzillərin qaytarılmasını tələb etməyə haqlıdır. Nəhayət məhkəmə qeyd etmişdir ki, mənzilin cavabdehə verilməsi üçüncü şəxsin təsisçilik hüquqları ilə əlaqələndirilsə də, bunun hazırkı mübahisənin həlli üçün əhəmiyyəti yoxdur. Belə ki, mübahisə müqavilədən əmələ gəlmiş, cavabdehin qardaşı müqavilənin tərəfi deyil, habelə müqavilədə təsisçilik hüquqları ilə bağlı hər hansı şərt qeyd olunmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın 21 may 2021-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işin halları tam araşdırılmamış, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətində qeyd edilən etirazlara və sübutlara qiymət verilməmiş, formal mülahizələr əsasında iş üzrə birinci instansiya məhkəməsinin müəyyən etdiyi halları təkrarlayaraq demək olar ki, eyni məzmunlu qətnamə qəbul edilmişdir. Üçüncü şəxs X4 təsisçi olaraq payına düşən mənzillərdən ikisini qardaşı olan cavabdehə ve rmiş və təqdim olunmuş protokollardan müəyyən olunur ki, üçüncü şəxsin təsisçi kimi binada yaşayış və qeyri-yaşayış sahələri mövcud olmuş, mülkiyyət üzərində onun sərəncam vermək hüququ olmuşdur. Cavabdeh ailəsi ilə birlikdə 2012-ci ildən qeyd olunan mənzildə yaşayır, bu müddət ərzində iddiaçı tərəfindən cavabdehə hər hansı pul ödənilməsi ilə bağlı xəbərdarlıq edilməmişdir. Həmçinin iddiaçı tələb olunan məbləğin hansı qaydada hesablandığını açıqlamamışdır. Həmçinin məhkəmə iddiaçının cavabdehdən öhdəliyini dərhal icra etməsini tələb etmədiyini və 6 il keçdikdən sonra iddia verməsini nəzərə almamışdır. Üçüncü şəxsin onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Bakı şəhəri 31 sayl ı Dövlət Notariat Kontorundan alınan İddiaçı MMC-nin təsisçilərinin birgə yığıncağının 07 may 2013-cü il tarixli 01 saylı saziş razılaşma protokolu, 26 oktyabr 2014-cü il tarixli № 04 saylı protokolu və 27 oktyabr 2014-cü il tarixli № 05 saylı protokolu ilə ünvan 6 ünvanında inşa edilmiş 1 №-li 2 bloklu yaşayış binasında və M.Əlizadə küçəsi 17 ünvanında inşa edilmiş, 2 №-li 2 bloklu yaşayış binasında İddiaçı MMC-nin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri təsisçilər, habelə inşaat qrupunun rəhbəri X1 arasında bölünmüşdür. X4 öz payına düşən mənzillərdən ikisini qardaşı Cavabdeh vermişdir. Məhkəmə tərəfindən iddia müddətinin tətbiqi barədə cavabdehin ərizə verməsinə baxmayaraq, iddia müddətinin tətbiq edilməməsi ilə prosessual hüquq pozuntusuna yol vermişdir. Analogiya tətbiq e dilməklə 07 may 2012-ci il tarixli 117 saylı müqavilənin sonuncu icra müddəti 07 may 2013-cü il tarixi hesab edilməli və altı illik iddia müddəti 07 may 2019-cu il tarixi sonuncu tələb etmə müddəti hesab edilməlidir. Hazırki mübahisə üzrə tələb hüququ tərəflər arasında bağlanmış müqavilə əsasında meydana gəldiyindən həmin münasibətlərə daşınmaz əşyalarla bağlı müqavilədən irəli gələn tələbələrə dair iddia müddəti, yəni 6 il şamil olunmalı və iddia tələbi iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməli idi. Həmçinin Cavabdeh tərəfindən hər hansı bir pul vəsaitini ödəmək öhdəliyi üzərinə götürülmədiyi halda ondan həmin öhdəliyinin icrasını tələb etmək maddi hüquq pozuntusudur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil1 kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının vəkili Vəkil3 kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab et mişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübah isənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatorlar tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv ed ilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.4-ci maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcə llədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə i ştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəmə sinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassatorların eyni məzmunlu apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin əvvəlki göstərişləri üzrə tam dəyərləndirmə aparmasa da, müəyyən etdiyi hallar iddianı n təmin edilməsi üçün əsas olmuş və göstərişlərin tam icrası apellyasiya şikayəti üzrə başqa qərarın qəbul edilməsinə səbəb ola bilməz. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi ilə tam razılaşır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq müqavilə şərtlərini şərh edərək müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə əvəzli əqd olmuş və cavabdeh tərəf həmin əqd üzrə ödəniş etməsini sübut edə bilməmişdir. Həmçinin apellyasiya məhkəməsi düzgün olaraq MM-in 427.2 və 427.4-cü maddələrini tətbiq etməklə hesab etmişdir ki, mübahisələndirilən müqavilə icra müddəti təyin edilmədən bağlanmış və iddiaçının mənzillərin dəyərini tələb etmək hüququ olmuşdur. Cavabde h isə tələb olunan məbləği ödəməkdən imtina etdiyindən MM-in 421.2-ci maddəsinə əsasən iddiaçının müqavilənin ləğv edilərək, verilmiş mənzilləri geri tələb etmək hüququ olmuşdur. Üçüncü şəxsin kassasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası həmçinin apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı və cavabdeh arasında bağlanmış müqavilədə mübahisələndirilən mənzillərin X2 MMC-nin təsis payına ona düşən hissəsi hesabına verilməsi qeyd olunmamışdır. Müqavilə İddiaçı MMC və Cavabdeh arasında bağlanmış, hər iki tərəf üzərinə öhdəliklər götürmüşlər. Məhz mübahisələndirilən mənzillərin üçüncü şəxsin təsis payına aid olmasına dair sübutlar işin faktiki hallarını araşdıran məhkəmələrə verilməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5518/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5518/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mən
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver