Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5552/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli 2(107)642/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Balakən rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim H.Q.Səlimov, iş № 2(019)-1765/2017) İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehdən 21.000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Balakən rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Balakən rayonunun Katex kəndində yerləşən fərdi yaşayış sahəsinə dair 1990-cı ildə verilmiş texniki pasportda evin sahibi kimi X1 göstərilmiş, lakin həmin evdə Cavabdeh və oğlu İddiaçı yaşayırlar. 13 oktyabr 2011-ci il tarixdə Cavabdeh oğlu İddiaçı adına vəsiyyətnamə qoymuş və həmin vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün əmlakını ona vəsiyyət etmişdir. Vəsiyyətnamə n otariusda təsdiq olunmuşdur. 2017-ci ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anası Cavabdeh yaşadıqları evi ona vəsiyyət edəcəyini vəd edib orada təmir işləri aparmasını təklif etməsi ilə əlaqədar 2011-ci ildə evi genişləndirməklə təmir etməsini, lakin anasının sonradan onun adına olan vəsiyyətnaməni ləğv etdirib evə dair bacısına və qardaşına vəsiyyətnamə qoymasını, evin təmirinə 35.000 manat məbləğində vəsait sərf etməsini, manatın dəyərini itirməsi ilə əlaqədar hazırda həmin məbləğin 50.000 manata bərabər olmasını əsas göstərməklə cavabdehdən onun xeyrinə 50.000 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassa siya şikayəti verərək iddiaçının onun oğlu olmaqla birgə təsərrüfat aparmalarını, evin onların ikisinin vəsaiti və təsərrüfatlarında olan meyvə və mal-qaranın satışından əldə edilmiş vəsait hesabına təmir edilməsini, vəsiyyətnamə qoymaq şərti ilə evin təmiri barədə iddiaçıya təklif etməsi barədə onun göstərdiklərinin həqiqətə uyğun olmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətin in dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunmasını əsaslı sayarkən iddiaçının mübahisəli evi cavabdehin təklifi əsasında təmir etməsini, bunun müqabilində cavabdeh evi iddiaçıya vəsiyyət etsə də sonradan vəsiyyətnamənin ləğv edilməsini, evin təmirinə 21.000 manat məbləğində vəsait sərf etməsini əsas göstərmiş və bu zaman maddi hüquq norması kimi Mülki Mə cəllənin tapşırıq müqaviləsindən törəyən münasibətləri tənzimləyən 777-ci maddəsinin qüvvəsini tətbiq etmişdir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. (217.1.) Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (217.3) Kollegiya hesab edir ki, qətnamə işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. İş materiallarından görünür ki, hər iki tərəf mübahisəli evdə yaşamaqla eyni təsərrüfatdadırlar. Evin həyətində olan meyvə ağacları və təsərrüfatdakı mal-qara cavabdehin iddia etməsinə görə onların hər ikisinə məxsusdur və evin təmiri onların ümumi birgə vəsaiti, həyətdəki məhsulun və təsər rüfatdakı mal-qaranın satışından əldə edilmiş vəsait hesabına həyata keçirilmişdir. Belə olduqda, evin yalnız iddiaçının vəsaiti hesabına təmir edilməsi barədə məhkəmənin nəticəsi əsaslı sayıla bilməz. Həmin hissədə məhkəmənin qənaəti səthi yoxlanılmış və qiymətləndirilmiş sübutlara əsaslanır. Bundan başqa, mübahisəli evin cavabdehin mülkiyyətində olması barədə işdə heç bir sübut yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Cavabdeh 13 oktyabr 2011-ci il tarixli vəsiyyətnaməsində ölən günədək ona məxsus olan bütün əmlakını iddiaçıya vəsiyyət etmişdir. Mübahisəli ev, işdən göründüyü kimi, mülkiyyət hüququ üzrə c avabdehə məxsus deyildir və belə vəziyyətdə həmin əmlak mirasın kütləsinə daxil edilə bilməzdi. İşə baxan apellyasiya instansiyası məhkəməsi həmin vəsiyyətnamənin qoyulmasına və təmirdən sonra ləğv edilməsini iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul edərkən həmin vəsiyyətnamənin göstərilən vəziyyətdə iddiaçıya gələcəkdə mübahisəli evə mülkiyyət hüququ əldə etmək üçün heç bir əsas verməməsini nəzərə almamış və işin həmin halına qiymət verməmişdir. İddia ərizəsindən görünür ki, mübahisəli ev 1971-ci ildə tikilmiş və iddiaçı həmin vaxtdan göstərilən evdə yaşayır və orada 2011-ci ildə təmir işləri aparıldıqdan sonra da yaşamaqda davam edir və onun gələcəkdə də həmin evdə yaşamasına və ondan istifadə etməsinə mane ola biləcək heç bir hal və hüquqi əsas mövcud deyildir. Cavabdeh t ərəfindən digər övladlarına vəsiyyətnamənin qoyulması sübuta yetirilmiş olsa belə, həmin hal yuxarıda göstərilən səbəblərdən iddiaçının həmin evdə yaşaması üçün heç bir təhlükə yaratmır. Müəyyən olunduğu kimi tərəflər mübahisəli evdə birlikdə yaşamaqla ondan istifadə edir və cavabdeh tərəfindən onun evdən istifadəsinə heç bir maneə yaradılmır. İddiaçının həmin evdə yaşadığı və ondan istifadə etdiyi vəziyyətdə evin təmirinə çəkilən bütün xərci anasından tələb etməsi ağlabatan mühakiməyə uyğun gəlmir, mübahisənin yuxarıda göstərilən qaydada həlli üçün əsas verməmişdir. Məhkəmə kollegiyasının maddi hüquq norması kimi istinad etdiyi Mülki Məcəllənin 777-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür (777.1). Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. (777.2.) İş üzrə tərəflər mübahisəli yaşayış sahəsində eyni hüquqla yaşamaqla eyni hüquqla istifadə etdiklərindən, onlardan biri tərəfindən evdə təmir işlərinin aparılması tapşırıq müqaviləsinin mahiyyətinə və məqsədlərinə uyğun gəlmir. Belə ki, təmiri həyata keçirən də həmin əmlakdan eyni dərəcədə istifadə edir və ondan yararlanır. Kollegiya hesab edir ki, hazırkı mübahisəyə Mülki Məcəllənin 777-ci maddəsinin qüvvəsinin tətbiq edilməsi əsaslı sayıla bilməz. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apell yasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 04 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5552/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5552/2019
08.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver