Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5569/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 6 saylı DNK-nun xüsusi notariusu X5 İddia tələbi: Müqavilənin etibarsız hesab edilməsi Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, ər-arvadın birgə mülkiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili Vəkil1, Cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3002/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Cavabdeh1 ilə X2 xx xxxxx 2007-ci il tarixdə rəsmi nikah bağlamış, xx xxxxxx 2008-ci il təvəllüdlü Ayan və xx xxxxxx 2013-cü il təvəllüdlü Aişə adlı uşaqları doğulmuşdur. Birgə nikah dövründə xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh1 adına qeydə alınan mənzil əldə edilmişdir. xx xxxx 2019-cu il tarixdə Cavabdeh1 həmin mənzili qardaşı Cavabdeh2 bağışlamış, X2 buna yazılı razılıq vermişdir. xx xxxx 2019-cu il tarixdə Cavabdeh1 nikahın pozulması barədə iddia vermişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 6 sayli DNK-nun xüsusi notariusu X3 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair bağlanmış xx xxxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair onun ½ payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı əqd bağlanarkən aldadıldığına istinad edərək nikahın pozulması barədə iddia qaldırıldıqdan sonra bunu başa düşdüyünə, ərinin qaynı ilə əlbir olub onu aldadaraq müqavilənin bağlanmasına razılıq aldıqlarını və onu birgə nikah dövründə əldə etdikləri əmlakdan məhrum etdiklərini göstərmişdir. Cavabdeh1 yazılı etiraz verərək bağışlanma müqaviləsi bağlandıqdan sonra arvadının əxlaqa zidd hərəkətləri etdiyi barədə xx.xx.2019-cu il tarixdə ona məlum olan hadisəyə qədər həmin mənzildə xoşbəxt ailə kimi yaşadıqlarını, bundan xəbər tutan kimi xx.xx.2019-cu il tarixdə nikahın pozulması barədə iddia qaldırdığını bağışlanmanın nikahın pozulması ilə əlaqədar olmadığını göstərmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2847/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim B.N.Qasımov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 339.3-cü maddəsinə istinad edərək araşdırılmış sübutlar məcmusu ilə belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 Elifağa oğlu iddiaçını inandıraraq birgə mülkiyyətlərində olan mənzilin bağışlanmasına nail olmuşdur. Bağışlama müqaviləsindən dərhal sonra məhkəmədə nikahın pozulması haqqında iddia qaldırılması əqdin aldatma yolu ilə bağlandığını bir daha təsdiq edir. Cavabdehin əsas məqsədi nikah pozulduqdan sonra birgə mülkiyyətlərində olan əmlak üzrərində ər-arvadın paylarının müəyyən edilməsinin qarşısını almaq olmuşdur. Bunun üçün o, əvvəl mübahisəli məzilin qardaşı Cavabdeh2 bağışlanmasına nail olmuş daha sonra işə nikahın pozulmasına dair iddia ilə məhkəməyə müarciət etmişdir. Bağışlama müqaviləsindən dərhal sonra nihakın pozulması haqqında iddia verildikdə iddiaçı aldadıldığını başa düşərək dərhal məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddiaçının nikahın pozulması haqqında iddiadan xəbardar olsaydı, bağışlama müqaviləsinin bağlanmasında razılıq verməyəcəyinə dair münasibətini haqlı hesab etmişdir. Bundan başqa, məhkəmə vurğulamışdır ki, məhkəmə iclasında cavabdeh tərəf iddiaçı barəsində Cinayət Məclləsinin 243.1-ci maddəsinə əsasən cinayət işin ə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıldığını 2019-cu ilin iyun ayında öyrəndiyini bildirmişdir. Cavabdeh nikahın pozulması haqqında iddianı bağışlanma müqaviləsindən sonra iddiaçı barəsində qeyd edilən məlumatları əldə etdikdən sonra verdiyini qeyd etmişdir. Lakin bu barədə cavabdeh tərəfin irəli sürdüyü dəlillər əsassızdır. Çünki cavabdeh tərəf özü etiraf etmişdir ki, böyük qızı anasının yad kişilərlə görüşdüyünü ona demiş və o, da bu məlumatın həqiqət olduğunun şahidi olmuşdur. Bundan başqa onlar iddiaçı haqqında olan məhkəmə prosesi barəsində mediadan məlumat aldıqlarını bildirmişlər. Buna görə də, mövcud məsələ ona bağışlama müqaviləsinin bağlanmasından əvvəl məlum olmuşdur. Cavabdeh həmin qətnamədən verdiyi apelyasiya şikayətini birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, mübahisələndirilən bağışlama müqaviləsinin qanuni olması, etibarsızlığına hər hansı əsasın olmaması, iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübutun təqdim olunmaması, mübahisəli yaşayış evinin həqiqətdə qardaşı Cavabdeh2 məxsus olması, mənzilin formal olaraq onun adına qeydə alınması, bundan iddiaçının da məlumatının olması, bu səbəbdən də qarşılıqlı razılıq əsasında mənzili qardaşına bağışlaması, iddiaçının da notariusa gedərək əqdin bağlanmasına yazılı razılığını bildirməsi, lakin sonradan iddiaçının əxlaqsız həyat tərzi keçirməsini, ona dəfələrlə xəyanət etməsini öyrənməsi, xx xxxx 2019-cu il tarixdə iddiaçının Binəqədi Rayon Məhkəməsinə getməsini bilməsi, s əbəbini araşdırdıqda iddiaçı barəsində CM-nin 243.1-ci maddəsi ilə (faişəliyə cəlb etmə) cinayət işinin olmasını bilməsi, iddiaçının bu halı ondan gizlətməsi, bu səbəbdən də iddiaçı ilə ailə münasibətlərinin pozulması, nikahlarının pozulması üçün məhkəməyə müraciət etməsi ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3002/2019 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Eyvazov, Z.Ə.Əliyev, E.C.Kazımov) apelyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı sübutetmə yükünü həyata keçirə bilməmiş, əqdin aldatma yolu ilə bağlanmasına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, iddiaçı bağışlama müqaviləsinin bağlanmas ından dərhal sonra, cavabdehin nikahın pozulmasına dair məhkəməyə müraciət etməsini göstərmişdir. Cavabdeh isə nikahın pozulmasına əsas olan halın ona sonradan (əqd bağlandıqdan sonra) məlum olmasını, iddiaçının barəsində CM-nin 243.1ci maddəsi ilə olan cinayət işindən Binəqədi Rayon Məhkəməsində keçirilmiş hazırlıq iclası zamanı məlumatlı olmasını, iddiaçının əxlaqsız həyat tərzi keçirməsini, ona xəyanət etməsini və s. bildirmişdir. İşdən görünür ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası xx xxxx 2019-cu il tarixdə, yəni mübahisələndirilən əqd bağlandıqdan sonra keçirilmişdir İşdə olan sübutlarla tərəflər arasında ailə münasibətlərinin pozulmasının səbəbləri ilə, əmlakın özgəninikləşdirilməsi arasında səbəbli əlaqə müəyyən olunmur. İddiaçı əmlakın özgəninkiləşdirilməsinə razılığını s ərbəst və könüllü iradə ifadəsi əsasında həyata keçirmişdir. Beləliklə, işdə olan sübutlardan görünür ki, mübahisələndirilən əqd üzrə qanunvericiliklə nəzərdə tutulmuş tələblərə riayət edilmiş, iddiaçının irəli sürdüyü əsaslar üzrə əqdin etibarlılığına şübhə yaranmamışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçını aldadaraq razılıq ərizəsini imzalatdırmaqla, iddiaçı cavabdehin iş yerində problemlərinin olmasına bu səbəbdən əmlakına həbs qoyulmasına təhlükə yarandığına, bunun qarşısının alınmas ı üçün mənzilin başqa adamın adına keçirilməli olmasına razılıq vermişdir. Həmin razılıq ərizəsi isə əslində aralarındakı nikahın pozulmasından sonra əmlakdan iddiaçıya pay verilməsinin qarşısını almaq məqsədi daşımışdır. Lakin apelyasiya məhkəməsi işin qeyd edilən hallarına düzgün hüquqi qiymət verməməklə həmin razılıq ərizəsini iddiaçının iradə ifadəsinə uyğun olması barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəti cələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçı və cavabdehlərdən Cavabdeh1 birgə nikah dovründə əldə etdikləri mənzil sonuncunun iddiaçı ilə nikahının pozulmasına dair iddia qaldırmamışdan 7 gün əvvəl qardaşı olan digər cavabdeh Cavabdeh2 bağışlanılmışdır. İddiaçı mübahisəli mənzilin özgəninkiləşdirilməsi üçün cavabdehlər tərəfindən aldadılmaqla ondan razılıq ərizəsi alındığına istinad edərək həmin əqdin etibarsız hesab edilməsini tələb edir. Mülki Məcəllənin 339-cu maddəsi ilə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayənd əsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddənin məzmunundan göründüyü kimi, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yan lış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Yuxarıda qeyd edildiyi kimi, mənzilin bağışlanılmasına dair əqd xx xxxx 2019-cu il tarixdə bağlanmış, xx xxxx 2019-cu il tarixdə isə cavabdeh iddiaçı ilə nikahının pozulmasına dair iddia qaldırmış, iddiaçı isə xx xxxx 2019-cu il tarixdə mənzilin bağışlanılmasına dair əqdin etibarsız sayılmasına dair hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür b ağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Bağışlama müqaviləsinin etibarlı əqd sayılması üçün hədiyyə verənin buna səlahiyyətli olması, əqdin iradə ifadələri əsasında bağlanması, yəni tərəflərin arzuladıqları nəticə ilə bağlanan əqddən yaranacaq hüquqi nəticənin üst-üstə düşməsi zəruridir. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, həmin mənzil birgə nikah dövründə əvəzli əqd əsasında onun adına əldə edilsə də, əslində qardaşına məxsus olduğuna görə ona bağışlanmış, həmin müqavilənin nikahın pozulması ilə əlaqəsi yoxdur. Halbuki, daşınmaz əmlak əldə etmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə, əqd üzrə əldə edilmiş əmlakın digər şəxsə məxs us olması anlayışı ümumiyyətlə yoxdur. Ailə qanunvericiliyin tələblərinə görə, birgə nikah dövründə əldə edilən, lakin ərə (arvada) məxsus əmlak anlayışı vardır. Bu halda cavabdehin iddia tələbinə etirazının ümumiyyətlə maddi hüquqi əsası yoxdur. Digər tərəfdən, işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmiş hallarından görünür ki, bağışlama müqaviləsi məhz tərəflərin nikahının pozulması arasında səbəbli əlaqə vardır. Apellyasiya məhkəməsi tərəfindən tərəflər arasında nikah pozulduğu halda iddiaçının birgə nikah dövründə əldə etdikləri yeganə mənzilə olan payından əvəzsiz surətdə imtina etməklə bağışlama müqaviləsinə razılıq verməsinin onun sərbəst iradə ifadəsini əks etdirməsi barədə gəlinən nəticənin əsası müəyyən edilməmişdir. Apelyasiya məhkəməsi Cavabdeh1 iddiaçı ilə nikahının pozulması ərəfəsində birgə nikah dövründə əldə etdikləri əmlakı qardaşının xeyrinə əvəzsiz qaydada özgəninkiləşdirməklə iddiaçının həmin əmlaka dair hüquqlarından məhrum olmasına dair dəlillərinə əqdin etibarsızlığı əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, nikahın pozulması ilə həmin əqdin bağlanması arasında səbəbli əlaqənin olmaması barədə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası mülki işin faktiki halları barədə iddiaçı tərəfindən irəli sürülmüş dəlillərin mahiyyətinə toxunmayaraq qeyd edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üç ün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5569/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5569/2020
11.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver