Məhkəmə qərarları › İş №2(102)-5609/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5609/2021

18.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5609/2021 18.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı Şəhəri 05 saylı Notariat Ofisinə və AR ƏMDK yanında DƏDRX-ə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı1, iddiaçının vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4679/2021 nömrəli iş üzrə 02 iyun 2021-c i il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı1 və X2 Əhmədovaya qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası Yasamal rayon Məhkəməsinin 27.11.2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Cavabdeh1 104958 manat tutularaq İddiaçı1 və Azər Lütfəliyevə ödənilməsi qət edilmişdir. Qətnamə 17.07.2019-cu il tarixdə (Ali Məhkəmənin həmin tarixli qərarı ilə) qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Həmin icra sənədi üzrə icraat çərçivəsində icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvan ında yerləşən 14 nömrəli mənzilin üzərinə həbs qoyulmuş və qərardad qanuni qüvvəyə minmişdir. Cavabdeh1, 23.08.2019-cu il tarixdə 5 saylı Bakı şəhəri Notariat Ofisində bağlanmış və qeydə alınmış bağışlama müqaviləsi əsasında ona məxsus ünvan 3ndə yerləşən 0,45074 ha torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 5 saylı Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında 5 saylı Bakı şəhəri Notariat Ofisində bağlanmış və qeydə alınmış ünvan 3ndə yerləşən 0,45074 ha torpaq sahəsinə dair bağışlam a müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 23.08.2019-cu il tarixdə ünvan 2 ünvanladığı dövlət reyestrindən yeni çıxarışın sifarişi ilə bağlı ərizəsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və X1 Cavabdeh1 qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə 27 noyabr 2018-ci il tarixdə müraciət edərək, Cavabdeh1 119.860 manatın tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Yasamal rayon Məhkəməsinin 2(004)-5483/2018 saylı 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən 104958 manat məbləğində təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2019-cu il tarixli 2(103)-2293/2019 saylı qə tnaməsi ilə Yasamal rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4975/2019 saylı 17.07.2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 01 mart 2019-cu il tarixli 2(103)-2293/2019 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. “İcra Haqqında” Qanunun tələblərinə əsasən, məhkəmə tərəfindən müəyyən edilmiş borclu, yaranmış öhdəliklərini tam şəkildə icra etməyi, icra vərəqəsinə əsasən, hərəkətləri aparmağa borcludur. Cavabdeh1 qərəzli şəkildə öz öhdəliklərindən yayınaraq, mülkiyyətində olan daşınmaz əmlakı, yəni ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0.045074 ha olan torpaq sahəsini 23 avqust 2019-cu il tarixində 5 saylı Dövlət Notariat Kontorunda reyestrdə 207 nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsinə əsasən Cavabd eh2 bağışlamışdır. Cavabdeh1 həmin müqaviləni görünüş üçün, yəni bağışlama məqsədi olmadan Ali Məhkəmənin qərarının icrasından və bu məqsədlə “İcra Haqqında" Qanunun 43-maddəsinə əsasən əmlakına həbs qoyulmasından qərəzli şəkildə yayınmaq üçün bağlamışdır. Beləliklə də, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsi bağlandığı andan məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova, iş № 2(004)-178/2021) iddianın rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıların iddia tələblərini əsaslandırdığı məhkəmə qərarı qanuni qüvvəyə minmiş və müvafiq qaydada icra edilməsi üçün göndərilmişdir. Lakin həmin mülki işə baxılarkən hər hansı iddianı tə min tədbiri görülməmiş, cavabdehə məxsus Yasamal rayonu, İ.İsmayılov küçəsində yerləşən 0,45074 ha torpaq sahəsi üzərinə həbs qoyulmamış, özgəninkiləşdirilməsi qadağan edilməmişdir. Eyni zamanda qətnamənin icrasının təmin edilməsi ilə əlaqədar da həmin tədbirlərin görülməsi barədə bağışlama müqaviləsi bağlanan anadək məhkəmə qərarı qəbul edilməmişdir. Belə olan halda Cavabdeh1 mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsinin özgəninkiləşdirməsi qanunamüvafiq olmuşdur. İş materialları ilə iddiaçıların hər hansı hüququnun pozulduğu müəyyən edilmədiyindən iddiaçıların hazırki iddianı irəli sürməsi üçün subyektiv hüququ mövcud deyil. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçılar, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şikayətin dəlilləri ondan ibarətdir ki, Cavabdeh1 104.958 manat tutularaq, iddiaçılara ödənilməsi barədə Yasamal Rayon Məhkəməsinin 27.11.2018-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə mindiyi, yəni bu iş üzrə Ali Məhkəmənin qərarının elan edildiyi 17.07.2019-cu il tarixdən 36 gün sonra Cavabdeh1 qərəzli şəkildə öz öhdəliklərindən yayınaraq, mülkiyyətində olan mübahisəli daşınmaz əmlakı 23.08.2019cu il tarixli notarial qaydada təsdiqlənmiş bağışlama müqaviləsi əsasında Cavabdeh2 bağışlamışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov, iş № 2(103)4679/2021) iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasama l Rayon Məhkəməsinin 2(004)-178/2021 saylı iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar, Cavabdeh1 bu müqaviləni bağlamaqla tələbin ona məxsus mübahisəli torpaq sahəsinə yönəldilməsindən yayınmaq məqsədi daşıdığını bildirsələr də, məhkəməyə bununla bağlı kifayət qədər mötəbər sübutlar təqdim edə bilməmişlər. Əksinə, işdən görünür ki, Cavabdeh1 mülkiyyətində həmin vaxt başqa daşınmaz əşya da (ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzil) olmuş və iddiaçıların xeyrinə qəbul edilmiş qətnamənin icrası çərçivəsində həmin əmlakın üzərinə həbs qoyulmuşdur. Bu isə o deməkdir ki, cavabdehin mübahisəli bağışlama müqaviləsini mülkiyyətində olan əşyaları sözügedən qətnamənin icrasından yayındırmaq niyyəti ilə bağlaması inandırıcı görünmür. Eyni zamanda, nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsinə dair 23.08.2019-cu il tarixdə bağışlama müqaviləsi bağlanılarkən, həmin torpaq sahəsinin üzərinə hər hansı yüklülük və ya məhkəmə tərəfindən qoyulmuş qadağa olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4679/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini x ahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı1, vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağ ı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş və qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 337.1.-ci maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 339.1.-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdi 362.2.-ci maddəsindən görünür ki, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə iztifadə edilməsi yol verilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər edibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə “Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan no rmalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir...”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasi ya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya instansiyası məhkəməsi sübutlara tam olaraq qiymət vermişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4679/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar