Məhkəmə qərarları › İş №2(102)-5690/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5690/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5690/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli, 2(103)214/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 23 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasınd a açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh MTK ilə alıcı İddiaçı arasında bağlanmış 15.11.2008-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin şərtlərinə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi ünvanında yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 kv.m. olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verməyi, alıcı həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 588.000 manat təşkil edir. Qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən Cavabdeh MTK-ya tam şəkildə ödənilmiş və bu barədə 15.11.2008-ci il tarixli maliyyə arayışı tərtib olunmuşdur.

2. Cavabdeh MTK ilə alıcı X8 arasında bağlanmış 2 0.12.2010-cu il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi ünvanında yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m. olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verməyi, alıcı həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 138.000 manat təşkil edir (səh.56). X6 qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənildiyinə dair Cavabdeh MTK tərəfindən 20.12.2010-cu il tarixli maliyyə arayışı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşay ış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 420,0 kv.m. olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək məqsədilə həmin sahənin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmıdır ki, cavabdehlə bağladığı 15.11.2008-ci il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmişdir. Lakin cavabdeh öhdəliyini icra etməmiş, qeyri-yaşayış sahəsini ona təhvil verməmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-896/2018 saylı, 29.01.2018-ci il tarixli qətnaməsi ilə (hakim X1) iddia təmin edilmiş, cavabdehin ünvan 2 ünv anında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 kv.m. olan qeyri-yaşayış sahəsinin sahiblik və istifadə etmək məqsədi ilə İddiaçı təhvil verilməsi Cavabdeh MTK-ya həvalə edilmiş, iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MTK-dan alınıb İddiaçı verilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin məhkəmədə araşdırılmış halları əsasında İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 15.11.2008-ci il tarixli müqaviləyə əsasən cavabdehin Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420.0 kv.m. olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürməsi, müqavilənin şərtlərinə uyğun olaraq qeyri-yaşayış sahə sinin dəyərinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi, lakin cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsi təsdiq edildiyindən iddia tələbi təmin edilərək həmin qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi Cavabdeh MTK-ya həvalə edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 385, 425, 442, 448, 646.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 9.

13. Göstərilən qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan X8 apellyasiya şikayəti verərək, Bak ı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsinin ləğv olunaraq iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kənan Quluzadə ilə "xxxx" MTK arasında 20 dekabr 2010-cu il tarixdə bağlanmış "yaşayış binasında mənzil tikintisi haqqında" müqaviləyə əsasən Baki şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində inşa edilmiş binanın 1-ci girişi, 1-ci mərtəbəsində yerləşən 115.0 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsi ona satılmışdır. Qeyri-yaşayış sahəsinin müəyyən edilmiş 138.000 manat dəyəri tam ödənilmiş, bu barədə 20 dekabr 2010-cu il tarixli maliyyə arayışı verilmişdir. Binanın inşası tamamlandıqdan sonra Cavabdeh MTK həmin qeyri-yaşayış sahəsini K ənan Quluzadəyə təhvil vermiş və artıq həmin qeyriyaşayış sahəsi onun sahiblik və istifadəsindədir. Bu yaxınlarda məlum olmuşdur ki, ona məxsus olan qeyri-yaşayış sahəsinin heç vaxt görmədiyi İddiaçı verilməsi barədə qətnamə qəbul olunmuşdur. İddiaçı mübahisə edilən qeyri-yaşayış sahəsini hazırkı vaxta kimi istifadə etməmiş, həmin qeyri-yaşayış sahəsi 2010-ci il tarixdən onun istifadəsində olmuş və qeyri-yaşayış sahəsinə dair iddiaçı 2010-ci il tarixdən bəri hər hansı bir hərəkət etməmişdir. Bu səbəbdən iddiaçının adına verilmiş 15 noyabr 2008-ci il tarixli müqavilənin saxta olması qənaətinə gəlmək olur. Bundan əlavə, həmin müqavilədə olan MTK-nın sədrinin imzası da saxtadır.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-214/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Şirinov) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.01.2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, qətnamədə ifadə edilmiş “1ci giriş” hissəsi ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilsə də, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara tam uyğun gəlmədiyindən dəqiq olmayan nəticə hasil olunmuşdur. Belə ki, id diaçı ilə yaranmış münasibətlərin Mülki Məcəlllənin 178.8-ci maddəsinə edilmiş dəyişiklərdən öncə yaranması bu müddəanın əski məğzinin tətbiqini ehtiva edir, burada isə qeyd edilirdi ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu mənada, kooperativin sübutlar təqdim etməməsi və mübahisənin mahiyyətinə dair mövqeyini nümayiş etdirməməsi məhkəmənin faktiki əsaslarla müəyyən edilən mövcud qənaətini tam təsdiq edə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlardan qismən səhv nəticəyə gələrək iddiaçının müqaviləsində “1-ci giriş” ifadəsi olmayan məzmunu qətnamənin nəticə hissəsində qeyd etmişdir. Qeyd edilməlidir ki, müqavilələrin hər ikisinin qüvvədə olduğu və mübahisələndirilmədiyi (tələb olmadığı) prosessual vəziyyətdə onların etibarsizlığı ilə bağlı dəlillərin müzakirəsi yolverilməzdir. Hər iki müqavilə üzrə müxtəlif sahələrin verilməsini birinci mərtəbədə öhdəsinə götürmüş MTK mülki məsuliyyət daşıyır və müqavilə ilə yerləşməsi dəqiq müəyyən edilməyən sahələrlə təmin etmək və ya müqavilədən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi də məhz MTK-ya mənsubdur. Müqavilədə qeyd edilmiş ünvanla tələbdə və qətnamədə göstərilən binanın yerləşdiyi ünvanın fərqli olması ekspertiza rəyləri və digər iş materialları ilə inkar edilməyərək iş üzrə mübahisələndirilmədiyindən bu hissədə araşdırmanın aparılmasına prosessual zərurət mövcud deyildir. Qeyd edilməlidir ki, iddiaçının müqavilə üzrə hüquqlarının təsdiq edilməsini tələb etməsi məhz onun məmnunluğunun təmin edilməsinə xidmət edən vəzifələrin cavabdeh tərəfindən həyata keçirilməsinə yönəlsə də, digər maraqlarına toxunan şəxslərin hüquqlarının məhdudlaşması istisna edilməlidir. Bu mənada hazırki mübahisə üzrə münasibətlərin bütün iştirakçıları arasında razılığın - mülki dövriyyədə olan əmlakın və ona dair hüquqların təmin edilməsi cavabdehin vəzifəsidir. Bu mənada apellyasiya şikayətinin tam təmin və iddianın rədd edilməsi üçün əsaslar mövcud deyildir. Bununla bərabər, ekspertiza tədqiqatı və yerində müayinə zamanı sahələrin faktiki olaraq üst-üstə düşdüyü və şikayət verənin maraqlarına toxunması, iddiaçının təqdim etdiyi ekspert rəyi ilə isə ona verilmiş sahənin ölçüsü ilə mübahisə edilən sahənin uyğunsuzluğu müəyyən edilir. Ona go rə cavabdehin müqavilə öhdəliyi üzrə vəzifələri nəzərə alınaraq iddiaçının hüquqları təmin edilməli, lakin müqavilədə əks edilməyən “1-ci giriş” ifadəsi hissəsi çıxılmaqla qətnamə dəyişdirilməlidir. Belə ki, iddiaçının sahibliyinə verilməli olan sahənin məhz burada yerləşməsi hər hansı hüquqi sənəd və ekspert rəyləri ilə sübuta yetirilmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən hündür mərtəbəli ya şayış binasının 1-ci mərtəbəsində yerləşən 420 kv.metr qeyri-yaşayış sahəsinə MTK tərəfindən eskiz, cizgi tərtib edilmiş və maliyyə arayışı verilmişdir. Sözügedən Yasamal MTK-nın tikmiş olduğu yaşayış binasının birinci mərtəbəsində yerləşən 420 kv.metr qeyri-yaşayış sahəsinə Yasamal MTK-nın sədri X4 və təchizat üzrə icraçı direktor vəzifəsində işləyən X9 ilə birlikdə baxış keçirərək ona göstərilmişdir. X8 ilə MTK arasında bağlanan müqavilədən fərqli olaraq Cavabdeh MTK tərəfindən ona qeyri-yayşayış sahəsinin yerləşdiyi plan, "xxxx" MMC tərəfindən 2007-ci il tarixdə tərtib edilmiş eskiz layihə təqdim edilmiş, lakin X6 isə sadalanan sənədlərin heç biri təqdim edilməmişdir. Azərbaycan Respublikasının Prokurorluğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu ilə müraciə t olunmuş və sorğuya cavab olaraq bildirilmişdir ki, 19.06.2019-cu ildə istintaq edilən cinayət işində Cavabdeh MTK-nın Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi ünvanında inşa etdiyi binadan 15 noyabr 2008-ci il tarixli müqavilə və 588.000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında satılmış 420 kv.metr qeyri-yaşayış sahəsinin kooperativ tərəfindən digər şəxsə də ödəniş əsasında satılması haqqında cinayət işinin başlanması haqqında qərar mövcüd deyildir.

15. Cavabdeh MTK-nın nümayəndəsi də kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyasında çıxış edən MTK-nın sədri X11 oglu və müqavilə bağlanan zaman MTK-nın icraçı direktoru olmuş X14 oglu öz ifadələrində qeyd etmişdilər ki, məhz mübahisələndirilən qeyri-yaşayış sahəsini iddiaçıya göstərərək təqdim etmişlər, iddiaçı əmlakı bəyənərək müqavilə bağlamış və müqavilə üzrə mənzilin tam dəyərini (588.000 manat) MTK-ya ödəmişdir. 05.04.2021-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən yerində müayinə zamanı İddiaçı da eyni məzmunda ifadə vermişdir. Digər tərəfdən, MTK sədri və icraçı direktoru Nadir Feyziyev bildirmişdilər ki, maraqlarına toxunan şəxs X7 tanımırlar, lakin Cəfərzadə Cəfər adlı şəxslə binada görüləcək müəyyən tikinti işləri müqabilində 115 kv.m. sahə verilməsi ilə bağlı razılıq əldə edilmişdir və işlər görülmədən öncə həmin şəxsə maliyyə arayışı verilmişdir. Lakin həmin şəxs üzərinə g ötürdüyü işləri görməmiş və eyni zamanda ona verilmiş maliyyə arayışını MTK-ya qaytarmamışdır. Digər tərəfdən həmin 115 kv.m. sahənin iddiaçıya satılmış sahəyə heç bir aidiyyəti olmamışdır və həmin şəxs məhkəməyə 115 kv.m. sahənin yerləşməsinə dair heç bir mötəbər sübut olan cizgi-sxem təqdim etməmişdir. Çünki belə bir cizgi-sxem ümumiyyətlə mövcud olmayıb. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müvafiq sorğuya verdiyi cavab məktubunda bildirilir ki, mübahisələndirilən qeyri-yaşayış sahəsinin kooperativ tərəfindən İddiaçı başqa digər şəxsə də ödəniş əsasında satılması haqqında məlumat istintaq orqanına daxil olmamışdır. Apellyasiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuz olmaqla yanaşı anlaşılan deyil. A ydın olmur ki, məhkəmə bu qərarla mübahisə predmetinin kimə iddiaçıya və ya maraqlarına toxunan şəxsə məxsus olması fikrinə gəlib. Birinci instansiya məhkəməsinin qətnaməsindən “1-ci giriş sözünün” çıxarılması nə anlamına gəlir və bunun hüquqi nəticəsi nədən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam, hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdr. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh MTK-nın nümayəndəsi və maraqlı şəxs X8 məhkəmə iclasına gəlmədiklərinə və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə

178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əld ə edilməsi 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya). Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Madd ə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhd əliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübu tların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üz rə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət li olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

24. Qanunun tələbinə görə kassasiya inst ansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə baxmayaraq, kassasiya dəlillərindən görünür ki, kassatorlar qeyriyaşayış sahəsinin 1-ci girişdən verilməsi barədə iddianın təmin olunmayan hissəni mübahisələndiri və iddianın həmin hissədə də təmin edilməsini xahiş edirlər. Buna görə də qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsini tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən mülki-prosessual hüquq normasının tələbləri pozulduğuna görə kassasiya şikayətləri qismən təmin olunmalı, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi əsaslardan biri ondan ibarətdir ki, «kooperativin sübutlar təqdim etməməsi və mübahisənin mahiyyətinə dair mövqeyini nümayiş etdirməməsi məhkəmənin faktiki əsaslarla müəyyən edilən mövcud qənaətini tam təsdiq edə bilməz».

28. Məhkə mənin bu əsaslandırması tam deyildir. Cavabdeh tərəfindən məhz hansı faktı təsdiq edən sübutları təqdim etməli olması qeyri-müəyyəndir və məhkəmə cavabdeh tərəfindən hansı faktı təsdiq edən sübutları təqdim etməli olmasını qeyd etməmişdir. İş materiallarından görünür ki, məhkəmə cavabdehə bu barədə prosesin gedişində konkret təklif verməmişdir.

29. Nəzərə alınmalıdır ki, MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir.

30. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Əlavə sübutlar təqdim və tələb etmək zərurəti yarandıqda məhkəmə iclası təxirə salına bilər (MPM-nin 77.3 və 188.1.4-cü maddələri).

31. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, «müqavilədə qeyd edilmiş ünvanla tələbdə və qətnamədə göstərilən binanın yerləşdiyi ünvanın fərqli olması ekspertiza rəyləri və digər iş materialları ilə inkar edilməyərək iş üzrə mübahisələndirilmədiyindən bu hissədə araşdırmanın aparılmasına prosessual zərurət mövcud deyildir. Qeyd edilməlidir ki, iddiaçının müqavilə üzrə hüquqlarının təsdiq edilməsini tələb etməsi məhz onun məmnunluğunun təmin edilməsinə xidmət edən vəzifələrin cavabdeh tərəfindən həyata keçirilməsinə yönəlsə də, digər maraqlarına toxunan şəxslərin hüquqlarının məhdudlaşması istisna edilməlidir. Bu mənada hazırki mübahisə üzrə münasibətlərin bütün iştirakçıları arasında razılığın - mülki dövriyyədə olan əmlakın və ona dair hüquqların təmin edilməsi cavabdehin vəzifəsidir. Bu mənada apellyasiya şikayətinin tam təmin və iddianın rədd edilməsi üçün əsaslar mövcud deyildir».

32. Bu əsaslandırma da ziddiyyətlidir və tam deyildir. Çünki əvvəla, müqavilədə qeyd edilmiş ünvanla tələbdə və qətnamədə göstərilən binanın yerləşdiyi ünvanın fərqli olması, Məhkəmə Ekspertizası Mərkəzinin 15.01.2021-ci il tarixli rəyi ilə inkar edilməmişdir. Üçüncü şəxs K.Quluzadə ilə bağlanmış müqaviləd ə göstərilən qeyri-yaşayış sahəsinin sxemi və ya layihədən çıxarış mövcud deyil. İddiaçı isə ona verilmiş qeyri-yaşayış sahəsinə dair sxemi təqdim etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin rəyinin nəticə hissəsində göstərilmişdir ki, «İddiaçı ayrılmış sahəyə dair tərtib edilmiş sxemdə və 15 noyabr 2008-ci il tarixli müqavilədə qeyd olunan 420 kv.metr sahənin tədqiq olunan qeyriyaşayış sahəsinin yerləşdiyi sahədə mövcud olmadığını, tərtib olunmuş sxemin parametrlərinin binanın eskiz layihəsinə və mübahisəli qeyri-yaşayış sahəsinin faktiki vəziyyətinə uyğun olmadığını (həmin uyğunsuzluqlar yuxarıda qeyd edilmişdir) nəzərə alaraq, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 15.11.2008-ci il tarixli müqaviləyə əsasən, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin sərhədlərini müəyyən etmək mümkün olm amışdır. Tədqiq olunan qeyri-yaşayış sahəsinin faktiki vəziyyətdə planlı yerləşməsini nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsinin Cavabdeh MTK ilə X8 arasında bağlanmış 20.12.2010-cu il tarixli müqaviləyə əsasən, K.Quluzadəyə məxsus 115 kv.metr sahəyə uyğun olduğu müəyyən edilmişdir. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 15.11.2008-ci il tarixli müqaviləyə əsasən, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmadığından, bu suallar üzrə tədqiqat aparılması mümkün olmadı».

33. Rəyin tədqiqat hissədində isə göstərilir ki, «tədqiq olunan qeyri-yaşayış sahəsi üzrə baxış zamanı əldə edilmiş məlumatlarla, yəni qeyri-yaşayış sahəsinin faktiki vəziyyətdə planlı yerləşməsi, ölçüləri, ümumi sahəsi və s. parametrləri ilə Cavabdeh MTK ilə iddiaçının arasında bağlanm ış 15.11.2008-ci il tarixli müqavilənin və iş materiallarının 96-cı vərəqindəki sxemdə qeyd olunan məlumatlar müqayisə edilərkən, iddiaçıya ayrılmış sahəyə dair tərtib eilmiş sxemin məlumatlarının tədqiq olunan qeyri-yaşayış sahəsinin parametrlərinə uyğun olmadığı, həmin sahədə 420 kv.m. sahənin faktiki mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, sxemə əsasən iddiaçıya ayrılmış sahənin uzunluğu F-C1 oxları arasında 22,4 metr, 10-13 oxları arasında 17,2+ metr (10-9 oxları arasındakı ayrılmış sahənin ölçüsü sxemdə qeyd olunmayıb) təşkil etdiyi, giriş hissədəki sərhəd divarının isə birbaşa lift şaxtasının qapıları olan divara bitişik çəkildiyi, yəni liftlərə girişçıxışın bağlandığı göstərilmişdir. Lakin faktiki vəziyyətdə və binanın eskiz layihəsində D oxu üzrə 10-13 oxları arasında bütöv di var olduğu və eləcə də lift şaxtasının qarşı hissəsinin liftlərə giriş-çıxış məqsədi ilə açıq vəziyyətdə olduğu müəyyən olunmuşdur».

34. Göründüyü kimi ekspert tədqiqatının nəticələri baxış zamanı əldə edilmiş məlumatlara, yəni qeyri-yaşayış sahəsinin faktiki vəziyyətdə planlı yerləşməsi, ölçüləri, ümumi sahəsi və s. parametrlərinə istinadən aparılmışdır. Ekspert binanın təsdiqlənmiş layihəsi əsasında müqayisəli tədqiqat aparmamışdır. Məhkəmə tərəfindən baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi sxemin əhatə etdiyi sahədə faktiki olaraq divarlar hörülmüşdür və iddiaçı həmin divarların qeyri-yaşayış sahəsi ona təhvil veriləndən sonra hörüldüyünü bildirmişdir (səh. 140).

35. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın.

36. Həmçinin də, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 37.Eyni zamanda iddiaçının apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi “X3” MMC-nin rəyində qeyd edilir ki, rəyin tədqiqat nəticəsində qeyd olunanları, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti və təqdim olunmuş materialları nəzərə alaraq, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 15.11.2008-ci il tarixli müqaviləyə əsasən, ünvan 3 ünvanında tikilməkdə olan hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 420 kv.metrlik qeyri-yaşayış sahəsinin planda, "xxxx" MMC tərəfindən 2007-ci il tarixdə tərtib edilmiş eskiz layihəsi üzrə marketin bir hissəsində, 9,1013 rəqəm oxları ilə C1-F hərf oxları arasıda yerləşməsi müəyyən edilir. Yaşayış binasının birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin eskiz layihəsi üzrə planda yerləşməsinə görə ümumi sahəsinin 15.11.2008-ci il tarixli müqavilədə nəzərdə tuutulmuş sahədən az olduğu müəyyən edilir. Belə ki, Cavabdeh sədri X2 imzası və MTK-nın möhürü ilə təsdiq edilmiş eskiz sxemində (eskiz layihəsindən çıxarış) q ırıq xətlə işarələnmiş sahənin mövcud vəziyyətdə (baxış keçirilən dövrdə) az olmasına səbəb, qeyri-yaşayış sahəsinin bəzi hissələrinin arakəsmələr vasitəsilə hörülərək qapalı vəziyyətdə olduğu müəyyən edilir. Əlavə olaraq qeyd olunur ki, eskiz layihəsində 65,3 m² kimi nəzərdə tutulmuş pilləkən və lift qəfəsəsi İddiaçı satılmış 420,0 kv.m.-lik qeyri-yaşayış sahəsinə daxil edilmişdir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapma lıdır.

39. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

40. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır.

41. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 42.Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə ekspert rəylərini qiymətləndirməmiş, Kənan Quluzadəyə verilmiş qeyri-yaşayış sahəsinin yerini müəyyən etmək üç ün sxem olmadığı, onunla bağlanmış müqaviləyə əsasən qeyri-yaşayış sahəsini təhvil vermə öhdəliyi daşıyan Cavabdeh MTK-nın təhvil vermədiyi və bu sahənin ona verilməli olmadığını bildirdiyi halda, K.Quluzadənin iddiaçının tələb etdiyi sahəyə iddia verməyə subyektiv hüququnun olmasını kifayət qədər mötəbər əsaslarla müəyyən etmədən iddiaçının tələbini əsassız hesab etmiş, qətnamənin şikayət verənin maraqlarına toxunması barədə nəticəyə gəlmişdir.

43. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi iki fərqli ekspert rəyi olduğu halda qanunla müəyyən olunmuş əlavə və ya təkrar ekspertiza təyin olunması imkanlarını nəzərdən keçirməmişdir.

44. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin “çoxmərtəbəli yaşayış binasının 1-c i giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 kv.m. olan qeyri-yaşayış sahəsinin sahiblik və istifadə etmək məqsədi ilə İddiaçı təhvil verilməsi” barədə hissəsində ifadə edilmiş “1-ci giriş” sözünü çıxarılmaqla əslində qətnamənin icrası, iddiaçının hüququnun səmərəli təmin olunması qeyri-müəyyən vəziyyətə düşmüşdür.

45. Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə görə məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxara bilər ki, bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə və gələcəkdə icra edilməsində ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, məhkəmə qərarı birmənalı və aydın qəbul edilməlidir ki, gələcəkdə onun praktiki cəhətdən icrası mümkün olsun.

46. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, belə mübahisələrin həllində də məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.

47. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Ple numunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).

48. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Lakin qanunverici məhkəmənin prosessua l fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

50. Bundan başqa, cavabdeh iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsinin 1-c i girişdə olmasını qəbul edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, birinci instansiya məhkəməsi iddiaçının müqaviləsində “1-ci giriş” ifadəsi olmayan məzmunu qətnamənin nəticə hissəsində qeyd etməsi əsassızdır.

51. Əvvəla müqavilədə “1-ci giriş” sözünün yazılmaması, iddiaçıya verilməli olan qeyri-yaşayış sahəsinin 1-ci girişdə olmaması anlamına gəlmir. Kənan Quluzadə ilə sonradan bağlanmış müqavilədə də ona verilən qeyri-yaşayış sahəsinin hansı girişdə olması qeyd olunmamışdır. Bu halda məhkəmənin nəyə görə Kənan Quluzadənin etiraz dəlillərini üstün tutması, onun sahəsinin 1-ci girişdə olması barədə gəlinən nəticə ağlabatan dəlillərlə əsaslandırılmamışdır.

52. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsi qətnamənin qanuni və əsaslı olmasını tələb edir. Azərbaycan Respub likası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

53. Məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndir ir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

54. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hall ar başa düşülür.

55. İşin yuxarıda sadalanan halları onu deməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını sonadək tam, hərtərəfli araşdırmamış, işin hallarına bu müddəalara uyğun qiymət verməmişdir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.

56. Buna görə də apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.

57. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 - 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı və Cavabdeh MTK-nın kassasiy a şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli, 2(103)214/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar