Məhkəmə qərarları › İş №2(102)-6042/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6042/2021

15.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6042/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı şəriklik müqaviləsinin etibarsız sayılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5277/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəf indən verilmiş kassasiya şikayətinə dair işə 15 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə X4 (bundan sonra – cavabdeh) arasında 10 il müddətinə bağlanmış 10 avqust 2010-cu il tarixli, 01 saylı X1 Şəriklik müqaviləsinə (bundan sonra – müqavilə) əsasən, iddiaçıya məxsus un dəyirmanı və çörək zavodunun şərikli işlədilməsi üçün ilkin dövriyyə vəsaitini cavabdeh tərəfindən qoyulmuş 108.000 manat pul təşkil etmişdir.

2. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-388 nömrəli iş üzrə 14 fevral 2011-ci il tarixli qətnaməsi ilə, "xxxx" MMC-nin direktoru olan hazırkı iş üzrə iddiaçıdan 108.000 manat pulun alınaraq hazırkı iş üzrə cavabdehə ödənilməsi qət edilmişdir. Həmin qətna mə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 avqust 2010-cu il tarixdə cavabdehlə aralarında bağlanmış müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında müqavilə bağlansa da, sonradan cavabdeh tərəfindən müqavilədə göstərilən məbləğ verilmədiyindən, yəni cavabdeh müqaviləyə uyğun olaraq müəssisəyə taxıl məhsullarının alınması üçün 150.000 manat məbləğində pul qoymalı olduğu halda bunu etmədiyindən, "xxxx" MMC-nin direktoru kimi 04 oktyabr 2010-cu il tarixli məktubla cavabdehə müraciət edərək, 04 oktyabr 2010-cu il tarixdən aralarında bağlanmış şəriklik müqaviləsinin etibarsız hesab olunmasını, onun həmin müəssisədə icraçı direktor vəzifəsinin icrasını dayandırdığını və həmin müəssisənin müflisləşdiyini bildirmişdir. Lakin bütün bunlara baxmayaraq, cavabdeh müqavilədə göstərilən məbləği ondan tələb etmişdir. Halbuki onunla müqaviləni bağlayarkən cavabdeh vicdansız davranmış, onun etimadından suiistifadə etmişdir. Buna görə də, həmin müqavilə etibarsız hesab olunmalıdır.

5. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməmiş və iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 10 avqust 2010-cu il tarixli müqavilə üzrə ilkin olaraq un dəyirmanını və çörək zavodunu işlətmək üçün 108.000 manat pul vəsaiti qoymuşdur. İddiaçıya pulun verilməsi rəsmi olaraq müqavilədə imz alarla təsdiq olunmuşdur. Bir müddət keçəndən sonra isə ona məlum olmuşdur ki, iddiaçının banklara və başqa şəxslərə külli miqdarda borcu vardır. Aldadıldığını biləndən sonra iddiaçıya qarşı məhkəmədə iddia qaldırmış, cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmışdır. Lakin bu günədək məhkəmə qətnaməsi icra olunmamışdır. İddiaçı ilə aralarında bağlanmış həmin müqavilənin etibarsız hesab olunması tələbi rədd edilməlidir. Mülki qanunvericiliyin müqavilənin etibarsızlığı barədə müddəasına əsasən, məhkəmədə iddia qaldırılması üçün müəyyən olunmuş müddət ötürülmüşdür. Ona görə də, işin hallarına iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəm əsi) 2(009)-240/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) iddia rədd olunmuşdur.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tələb üzrə qanunla müəyyən edilmiş iddia müddətini buraxdığı üçün onun iddiası təmin edilməməlidir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, iddiaçının müqavilənin mövcudluğundan müqavilə bağlandığı 10 avqust 2010-cu il tarixdə məlumatı olmuş, lakin uzun müddət həmin müqaviləni mübahisələndirməmiş və yalnız 2020-ci ilin oktyabr ayında müqavilənin etibarsız hesab edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Bununla da iddiaçı həmin tələb üzrə qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır. Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbinə qanunla müəyyən olunmuş qaydada iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 16.1, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 339, 375.2, 390.1, 405.1, 425.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı şikayətində qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, qanunu düzgün tətbiq etmədiyini, qanunsuz nəticəyə gəldiyini qeyd etmişd ir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5277/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, əslində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 fevral 2011-ci il tarixli qətnaməsi və onun dəyişdirilmədən saxlanılması barədə yuxarı instansiya məhkəmələrinin aktları ilə iddiaçının hazırda mübahisələndirdiyi müqaviləyə dolayısı ilə qiymət verilmiş və tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur.

13. Digər tərəfdən, işin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyyənləşdirilmişdir.

14. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Mülki Məcəllənin 354.2-ci maddəsinin mənasına görə, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə də zərurət yoxdur.

15. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi maddi və prosessual hüqu q normalarını pozmuş, sübutlara düzgün qiymət verməmiş, işə iddiaçının iştirakı olmadan baxmışdır.

18. Kassator göstərmişdir ki, əvvəlki mülki mübahisə üzrə hazırkı mübahisənin predmetləri ayrıdır. Əslində müqavilə bağlanan zaman cavabdeh onu aldadaraq pul öhdəliyini icra etməmişdir. Cavabdeh müqavilə barədə onda yanlış təsəvvür yaratmış, vədlər vermiş, ona görə də müqavilə bağlanan zaman onun iradəsi düzgün formalaşmamışdır. Məhkəmə isə heç bir araşdırma aparmadan, onun məhkəmə iclasında iştirakını təmin etmədən, “müqavilə azadlığı” prinsipini əsas gətirərək iddia tələbini rədd etmiş, MPM-in 9-cu maddəsinin tələbini pozmuşdur. Bundan başqa, məhkəmə Mülki Məcəllənin 354.2-ci maddəsinin tələbini hazırkı mübahisəyə düzgün tətbiq etməmişdir. Hesab edir ki, iddia müddətini ötürməmişdir. b) K assasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Cavabdeh MPM-in 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyinə görə işin kassasiya baxışında iştirak etmədi.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq kassator və vəkili hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Baxılan iş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

24. Mülki Məcəllə 24.1. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər (maddə 354.2).

25. MPM 25.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). 25.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). 25.3. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). 25.4. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). 25.5 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 25.6. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas y oxdur.

27. Kassator şikayətində məhkəmə iclasında iştirakının təmin olunmadığını qeyd etsə də, işdən gorünür ki, iddiaçı apellyasiya instansiyası məhkəməsində nümayəndəsi vasitəsi ilə təmsil olunmuşdur (§ 18).

28. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır (§§ 12-14).

29. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir (§ 25.4).

30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5277/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar