Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-618/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 50 saylı Notariat ofisinə qarşı (Nümayəndə1 maraqlarına toxunan şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, etibardan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhərindəki 50 saylı Notariat Ofisinə qarşı (Nümayəndə1 maraqlarına toxunan şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehlərin barəsində xüsusi qərardad çıxarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3718/2023 nömrəli mülki iş üzrə 6 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 və maraqlı şəxs Nümayəndə1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87a, 577-ci məhəllə, 756 nömrəli mənzil (bundan sonra-mübahisəli mənzil) 13 iyun 2003-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra-iddiaçı) adına qeydiyyata alınmışdır.
2. İddiaçı 16 fevral 2017-ci il tarixli etibarnamə ilə bütün əmlakını idarə etməyi, öz mülahizəsinə görə qanunla icazə verilmiş əqdləri bağlamağı, o cümlədən almağı, sa tmağı, bağışlamağı və s. hüquqlarını 5 il müddətinə oğlu Nümayəndə1 etibar etmişdir.
3. İddiaçının arvadı X4 notarial qaydada təsdiq edilmiş xx.xx.2016-cı il tarixli ərizəsində göstərilmişdir ki, o, ərinə məxsus mübahisəli mənzilin ipoteka (girov) qoyulmasına etiraz etmir, ipoteka qoyulmuş əmlaka tələb yönəldiyi halda onu məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcək.
4. Nümayəndə1 mübahisəli mənzili notarial qaydada təsdiq olunmuş AN-İ ******* nömrəli 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 30.000 manata satmışdır.
5. Bakı şəhərinin notariusu X9 tərəfindən "xxxx" ASC-nin Qara Qarayev filialına göndərilmiş məktubda Cavabdeh2 tərəfindən notariat qaydasında təsdiq ediləcək alqısatqı müqaviləsi üzrə ödənilməli olan 30.000 manat məbləğində pulun mübahisəli mənzildə qeydiyyatda olan iddiaçının adından xx.xx.2017-ci il tarixdə 14 saylı NK tərəfindən təsdiq edilmiş 7E-2075 saylı etibarnamə əsasında çıxış edən Nümayəndə1 verilməsi üçün bankda olan depozit hesabına qəbul olunması xahiş edilmişdir.
6. Nümayəndə1 30 000 manat məbləğində pulu bankdan qəbul etmiş və bunu "xxxx" ASC tərəfindən verilmiş 18 fevral 2017-ci il tarixli çekə imza edərək təsdiq etmişdir.
7. Mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə 30 mart 2017-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. 8. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 may 2019-cu il tarixli qərara əsasən, Cavabdeh2 və X2 əməlində dələduzluq cinayətinin tərkib əlamətləri olmadığına görə onların barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci madd əsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, istintaqa məlum olmayan şəxs və Nümayəndə1 barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda göstərilmişdir ki, “məhkəmə xətşünaslıq ekspertizasının 21 may 2019-cu il tarixli 10006 nömrəli rəyindən göründüyü kimi ekspertizaya təqdim edilmiş 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı № 457000 nömrəli etibarnamədə “imza” qrafasındakı imza və “Məmmədov T” soyadı- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı № 457000 nömrəli etibarnamədə “imza” qrafasındakı imza və “Məmmədov T” soyadı-Nümayəndə1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, 16 fevral 2017-ci il tarixli AR-İ ser iyalı № 457000 nömrəli etibarnamə saxtadır. Materialla müəyyən edilmişdir ki, istintaqa məlum olmayan şəxs tərəfindən rəsmi sənədi saxtalaşdırma baş vermiş, Nümayəndə1 isə onun saxta olduğunu qabaqcadan bilə-bilə həmin sənəddən istifadə etmişdir. İstintaqa məlum olmayan şəxs və Nümayəndə1 tərəfindən nəzərdə tutulan cinayəti əməli törətmələrindən iki ildən artıq müddət keçmişdir. Belə olan halda istintaqa məlum olmayan şəxs və Nümayəndə1 barəsində cinayət işinin başlanması rədd edilməlidir”.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2019-cu tarixli qətnaməsi ilə, iddiaçının mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməklə onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq Cavabdeh2 təhvil verilməsi, iddiaçıdan əldən çıxmış fayda olaraq 720 manat məbləğində pulun tutula raq Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının Cavabdeh1na və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli çıxarışın ləğv olunması, Cavabdeh1 notariusu, Cavabdeh2 və "xxxx" ASC-nin Qarayev filialının vəzifəli şəxsi barədə xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinə xəbər verilməsi, məhkəmə xərclərinin cavabdehlərdən tutulması” tələbləri təmin edilməmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X6 və Cavabdeh2 qarşı “Bakı şəhəri 14 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2017-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhər Nizami RPİ-nin İŞ-nin X3 ərizəsi əsasında aparılmış araşdırma materialından ekspert rəyinin təsdiq olunması” barədə iddia qismən təmin edilmiş, Bakı şəhəri 14 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2017-ci il tarixli etibarnamənin etibarsız hesab olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 fevral 2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnamə ləğv edilərək iddianın qismən təmin edilməsi, iddiaçının adından etibarnamə əsasında çıxış edən Nümayəndə1 ilə Cavabdeh2 arasında bağlanmış Bakı səhəri, Yasamal rayonu, Hüs eyn Cavid prospekti, ev 87A məhəllə 577, 756 nömrəli mənzilin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli AN-İ № ******* saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi qət edilmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarı ilə apelyasiya instansiya məhkəməsinin qətnaməsi “iddiaçının adından etibarnamə əsasında çıxış edən Nümayəndə1 ilə Cavabdeh2 arasında bağlanmış Bakı səhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87A məhəllə 577, 756 nömrəli mənzilin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cav abdeh2 verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv olunması” hissəsində ləğv edilmiş və işə həmin hissədə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq yeni qətnamə çıxarılmış, iddiaçının Cavabdeh1na və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı müqavilənin saxta etibarnamə əsasında bağlandığını, həmin əqd əsasında ona və saxta etibarnamə əsasında çıxış edən oğlu Nümayəndə1 pul verilmədiyini bildirmişdir ki, həmin əsaslar da müqavilənin ləğvi yox, etibarsız hesab edilməsi üçün əsas ola bilər. İddiaçı alqı-satqı müqaviləsinin ləğvini tələb etsə də, işin müəyyən edilmiş hallarından həmin müqavilənin ləğvi üçün qanunvericilikdə göstərilən hüquqi əsasların mövcudluğu sübuta yetirilməmişdir. İddiaçının niyyəti müqavilənin etibarsızlığına nail olmaqdan ibarətdirsə, onda o, müvafiq tələblə məhkəməyə müraciət etməlidir. Hazırki işdə iddiaçının istəyi müqavilənin etibarsızlığına yönəlsə də, “İddianın dəyişdirilməsi barədə” xx.xx.2020-ci tarixli sonuncu ərizəsində o, konkret olaraq xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmənin həmin müqavilənin etibarlılıq şərtlərini yoxlamaq imkanı və səlahiyyəti yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bir inci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50 saylı Notariat ofisində bağlanmış 18 fevral 2017-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə, Cavabdeh2 və 50 saylı Notariat ofisinin notariusu barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə etibarnamə etibarsız hesab edildiyindən və Ali Məhkəmənin Mülki Kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X1 şikayəti təmin edilmədiyindən, habelə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.202 2-ci il tarixli qətnaməsində göstərilən “iddiaçının niyyəti müqavilənin etibarsızlığına nail olmaqdan ibarətdirsə, onda o, müvafiq tələbi ilə məhkəməyə müraciət etməlidir” tövsiyəsinə uyğun olaraq hazırkı iddianı qaldırmışdır. Həmin qətnamənin “Müəyyən etdi” hissəsinin 42, 43 və 44-cü bəndlərində qeyd edilib ki, apellyasiya instansiyası məhkəməsi Nizami Rayon Məhkəməsinin alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 vicdanlı sahib olduğu və hüquqlarının qorunmalı olduğu barədə mövqeyi ilə razılaşmayaraq müəyyən edib ki, iddiaçının mənzilini satmaq kimi bir niyyəti olmayıb, cavabdeh özü də həmin mənzili almaq niyyətinin olmadığını bildirib, eyni zamanda da müqavilədə mənzilin qiyməti onun real bazar qiymətindən bir neçə dəfə ucuz göstərilib, habelə mənzil heç vaxt alıcının sahibliyi və istifadəsinə verilməyib. Mülki iş materiallarında olan video diskdəki danışıqlardan məlum olur ki, Cavabdeh2 bildirir ki, "əgər bu evin altından bir şey çıxsa ona 30.000 qaytarmalıdır, notariusa da 600 manat verib” Sizin cibinizdən nə qədər pul çıxıb sualına münasibətdə isə qeyd edir ki, “cibindən 17 000 manat pul çıxıb”. Məhkəmə kollegiyası qeyd edib ki, onun oğlunun (nümayəndəsinin) mənzilin satılması kimi niyyəti və məqsədi olmayıb, o, işə düzəldilməyi barədə YYYnın vədlərinə inanmış, daha sonra Z.Paşayevanın işə düzəltmək üçün pul lazımı olduğunu bildirməsi nəticəsində ona təcili pul lazım olmuş, pulu Cavabdeh2 verməsi müqabilində həmin pulun təminatı kimi atasına məxsus evin ipotekaya qoyulması barədə razılaşmışlar. Evin satılması barədə iradələrinin olmamasını evin satılması barədə bir bəyanat v erməmələri, evin alıcıya təhvil verilməməsi, aralarında olan müqaviləyə qədər və sonrakı danışıqlar və sair təsdiq edir. Alqı-satqı müqaviləsi ilə bağlı notariusda verilməli olan rüsuma əsasən belə bir rüsum 260-280 manatdan yuxarı ola bilməz. Cavabdeh2 apellyasiya instansiyası məhkəməsində verdiyi ifadəsində notariusa 600 manat verməsini bildirməklə notariusun depozit hesabına 30.000 manat pulun qoyulmasının saxta yolla olmasını, yəni Nümayəndə1 guya bankdan 30.000 manat almasını təsdiq edən qəbzə aldatma yolu ilə imza etdirilməsini təsdiq edir. Digər tərəfdən, Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin “Sizin cibinizdən nə qədər pul çıxıb?” sualına cavabında “mənim cibimdən 17.000 manat pul çıxmışdır” deməsi, 30.000 manat pulun banka daxil edilməməsinin açıq şəkildə təzahürüdür. Bel ə olan halda necə olur ki, əgər Cavabdeh2 həmin məbləğin 17.000 manat olmasını apellyasiya instansiyası məhkəməsində verdiyi ifadəsində qeyd edirsə notariusun depozit hesabına 30.000 manat pul keçirib və aldatma yolu ilə notariusun iş otağında Nümayəndə1 banka getmədən 30.000 manat pulun alınmasına imza edib. Cavabdeh2 başçılıq etdiyi cinayətkar dəstə qrupunun üzvü X7 barəsində Bakı şəhəri Nizami RPİ-nin İŞ-də cinayət işi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar qəbul edilib və həmin cinayət işinin istintaqı bu günədək davam etdirilir.
17. Cavabdeh2 iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə təqdim edərək hazırkı iddia üzrə iddia müddətinin ötürüldüyünü bildirmişdir.
18. Cavabdeh həmçinin izahatında bildirmişdir ki, 18 fevral 2017-ci il tarixli alqısatqı müqavi ləsi üzrə onun tərəfindən ödənilməli olan 30.000 manat məbləğində pul vəsaiti iddiaçının adından etibarnamə əsasında çıxış edən oğlu Nümayəndə1 bankda olan depozit hesabına köçürülüb."xxxx" ASC tərəfindən verilən 18 fevral 2017-ci il tarixli qəbzə əsasən, Nümayəndə1 30.000 manat məbləğində pulu bankdan qəbul edib və bunu həmin qəbzə imza edərək təsdiq edib. Mənzil sənədləşdirilib və alqı-satqı baş tutub. Lakin əvvəlcədən hesablanan fırıldaqçı və məkrli plana əsasən hərəkət edən hazırkı iddiaçı, onun vəkalətli nümayəndəsi olan gəlini və məqsədli olaraq saxta etibarnamə əsasında hərəkət edən oğlu müxtəlif məzmunlu iddialar verərək əmlakı ona təhvil verməkdən yayınmaqla onu geri almağa çalışır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)883/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, "Cavabdeh2 vicdanlı əldə edən olduğundan, onunla bağlanan mübahisələndirilən alqı-satqı müqaviləsi, 16 fevral 2017-ci il tarixli etibarnamənin saxta olması əsası ilə ləğv edilə bilməz. Daşınmaz əmlakın alqı-satqısına dair müqavilə ləğv edilə bilməz, həmin əqdin ləğv edilməsi üçün əsaslar mövcud deyil, alıcı əmlakı vicdanlı əldə edəndir." Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-482/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il tarixli etibarnamə etibarsız hesab edilib, iddia tələbi qalan hissədə təmin edilməyib. Qeyd olunan hər iki iş üzrə iddiaçını onun iş üzrə müqavilə tərəfi olan oğlu Nümayəndə1 həyat yoldaşı X8 təmsil edib. Həmin şəxslər hamılıqla mənzilin satılmasında iştirak etsələr də sonradan bu oyunları başladaraq vicdansız da vranıblar. Heç bir məhkəmə prosesində o, mənzilin alıcısı qismində müqavilə tərəfi olmağından və niyyətindən imtina etməmişdir. Tərəflər bir neçə dəfə bu alqı-satqı ilə bağlı notariat orqanında olublar və özgəninkiləşmənin əsası olan etibarnamə satıcının oğlu tərəfindən tərtib olunaraq notariata təqdim edilib. Alıcı yalnız pulu və öz şəxsiyyət vəsiqəsini rəsmiləşmə üçün təqdim etməklə səlahiyyət və imkanlarının bitmiş hesab olunmasını bildirib. İş üzrə satıcı tərəfi notariatda təmsil edən onun oğlu Nümayəndə1 olub. Təqdim olunan müqavilənin imza hissəsində onun foto şəkli də qeyd olunub, müqaviləni imzalayıb.
19. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 mart 2023-cü il tarixli, 2(007)-345/2023 saylı qətnaməsi ilə (hakim F.Mirzəyev) iddia rədd o lunmuşdur.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən və qəbul olunmuş məhkəmə qərarları ilə gəlinən nəticədən görünür ki, alqı-satqı müqaviləsinin dəyəri olan 30000 manat alıcı tərəfindən "xxxx" ASC-nin Qara Qarayev filialındakı AZ49AİİB********************4 saylı depozit hesabına köçürülmüş, 18 fevral 2017-ci il tarixdə Nümayəndə1 qəbzə imza etməklə pulu qəbul etmişdir. Ona görə də iddiaçının guya alıcıdan cəmi 17000 manat pul alması barədə gətirdiyi dəlillər öz təsdiqini tapmır.
21. Məhkəmə qeyd etmişdir ki, tərəflər müqavilə azadlığı əsas tutaraq alqı-satqı müqaviləsini özləri müəyyənləşdirmişlər və iş materiallarında bunun əksini təsdiq edən sübutlar mövcud deyil.
22. Məhkəmə həmçinin qeyd etmişdir ki, bundan başqa i ş materiallarında olan məhkəmə qərarlarından görünür ki, alqı-satqının saxta etibarnamə ilə həyata keçirilməsi iddiaçının özünə əqd bağlanan andan məlum olmuş, lakin iddiaçı əqdin etibarsız hesab olunması barədə iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Alqı-satqı müqaviləsi 18 fevral 2017-ci il tarixdə rəsmiləşdirilmişdir. Lakin iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə əqdin etibarsızılığına dair iddia ilə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən bu cür iddialar üçün qanunla müəyyən olunmuş 1 illik iddia müddəti açıq-aşkar ötürülmüşdür. Cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə vermişdir. Buna görə də iddia tələbi əsassız olduğundan, eləcə də iddia ərizəsi iddia müddəti açıq-aşkar ötürülməklə verildiyindən iddia tə min olunmamalıdır.
23. Məhkəmə, cavabdehlərin barəsində xüsusi qərardad çıxarılması barədə iddia tələbini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, iddiaçı bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
24. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1, 372.1, 372.2, 373.1, 375, 354.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinı, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. İddiaçı şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, əlavə olaraq qeyd etmişdir ki, məhkəmənin süb utlara və qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilən hallara əhəmiyyət verməyərək iddia müddətinin tətbiqi ilə tamamilə əsassız nəticəyə gəlmişdir. Məhkəmə onun hüquqlarının pozulmasını Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən sonra bildiyini və bundan sonra məhkəmədə iddia qaldırdığını nəzərə almamışdır. Məhkəmə qanunsuz qərar çıxarmış, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, tətbiq edilməli olan normalar tətbiq edilməmişdir.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3718/2023 nömrəli iş üzrə 06 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və S.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edi lmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbil edilərək iddia tələbi təmin edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq, qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçının adından xx.xx.2017-ci il tarixli etibarnamə əsasında hərəkət edən Nümayəndə1 tərəfindən Cavabdeh2 satılmış, alqı-satqı zamanı alıcının notariusun depozit hesabına mədaxil etdiyi pul vəsaiti Nümayəndə1 tərəfindən hesabdan məxaric olunmuşdur.
29. Həmin etibarnamənin saxta olduğu və iddiaçı tərəfindən Nümayəndə1 müvafiq səlahiyyət verilmədiyi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir (§ 12).
30. Məhkəmə hesab etmişdir ki, iddiaçının mənzilini satmaq kimi niyyəti olmamışdır və mübah isələndirilən alqı-satqı müqaviləsi etibarlı sayıla bilməz. Tərəflər arasında əvvəllər baxılmış məhkəmə mübahisələrində cavabdeh də bildirmişdir ki, həmin mənzili almaq niyyəti olmamış, iddiaçının nümayəndəsi olan oğlu və gəlini onlara təcili pul lazım olduğundan israrla mənzilin alınmasını ondan xahiş etmiş, məhkəməyə qədər mübahisələr zamanı o, 30 000 manatının qaytarılacağı halda, mənzilin qaytarılmasının mümkünlüyünü qarşı tərəfə demiş, lakin qarşı tərəf onun pulunu qaytarmaq istəməmişdir.
31. Buna görə də iddiaçının iddia tələbi təmin olunmalı, Bakı şəhəri 50 saylı Notariat ofisində bağlanmış 18 fevral 2017-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.
32. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mə nsurovun şikayəti üzrə 05 dekabr 2011-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, əqd etibarsız hesab edildiyindən, belə bir tələbin mövcud olubolmamasından asılı olmayaraq, həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir (§ 36).
33. Belə ki, alqı-satqı müqaviləsi üzrə alıcı Cavabdeh2 ödədiyi və iddiaçının adından saxta etibarnamə əsasında hərəkət edən Nümayəndə1 tərəfindən notariusun depozit hesabından məxaric olunmuş 30 000 manat ondan alınaraq Cavabdeh2 qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, Nümayəndə1 tərəfindən həmin pul vəsaitinin notariusun bankdakı depozit hesabından məxaric olunduğu qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmişdir.
34. Kassasiya instansiyası məhkəməsi də xx.xx.2022-ci il tarixli qərarında vurğulamışdır ki, “1 8 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 tərəfindən ödənilməli olan 30 000 (otuz min) manat məbləğində pul vəsaitinin İddiaçı adından etibarnamə əsasında Nümayəndə1 bankda olan depozit hesabına köçürülməsi və sonuncunun "xxxx" ASC tərəfindən verilmiş 18 fevral 2017-ci il tarixli qəbzə əsasən 30 000 manat məbləğində pulu bankdan qəbul edərək bunu həmin qəbzə imza edib alması öz təsdiqini tapdığı halda, həmçinin Nəsimi Rayon Məhkəməsində üçüncü şəxs qismində dindirilmiş Nümayəndə1 öz izahatında Cavabdeh2 30 000 manat borc pul aldığını, Cavabdeh2 onu aldadaraq evin alqı-satqısını həyata keçirdiyi barədə izahatı olduğu halda, alqı-satqı müqaviləsinə əsasən alıcının hansı məbləğdə pulu verilməsinin dəqiq müəyyən edilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin qən aəti ilə kollegiya razılaşmır və hesab edir ki, əqdi etibarsız saydığı halda tərəflərin əvvəlki vəziyyətə qaytarılması ilə bağlı maddi hüquq normalarının tələblərinə də riayət edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin Cavabdeh2 Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbləri üzrə müvafiq iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun izahına da kollegiya tənqidi yanaşır və hesab edir ki, əqdi etibarsız hesab edən məhkəmə bu etibarsızlığın nəticələrini həmin iddia çərçivəsində həll etməli, bu zaman yaranan hər hansı qeyri-müəyyənliyə də müvafiq sübutlar araşdırılmaqla qiymət verilməlidir”.
35. İddiaçının, “Bakı şəhəri 50 saylı Notariat ofisinin notariusu və Cavabdeh2 barədə xüsusi qərardad çıxarılması” xahişi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin xahiş ayrıca tələb kimi yox, vəsatət kimi qiymətləndirilməli və nəzərə alınmalıdır ki, iş üzrə nə adı çəkilən notariat kontorunun notariusunun, nə də Cavabdeh2 əməllərində hər hansı cinayətin əlamətləri müəyyən edilməmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəllənin 14, 140, 152, 324, 337, 339, 340, 359, 362, 366, 404, 405 və 567-ci maddələri və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır.
37. Qətnamədən Nümayəndə1 kassasiya şikayəti vermiş, apelyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət iş üzrə tərəf olmadığından şikayət geri qaytarılmışdır.
38. Nümayəndə1 məhkəməyə müraciət edərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 iyul 202 3-cü il tarixli, 2(103)-3718/2023 nömrəli qətnaməsi maraqlarına toxunduğu üçün həmin qətnamədən təqdimat verilməsini xahiş etmişdir.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2023-cü il tarixli, 2(103)3718/2023 nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs Nümayəndə1 ərizəsi təmin edilmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
40. Cavabdeh (vəkili Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti iddia ərizəsinə e dilmiş etiraz ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, hazırkı işdə də iddia müddəti keçmişdir. Ona görə də, iddia müddətinin tətbiq olunması vacibdir. İş üzrə bir çox prosessual və kobud prosessual pozuntular mövcuddur. Belə ki, ilk baxışdan məhkəmə sözü gedən əqdi etibarsız hesab etdikdən sonra tərəflərin əvvəlki vəziyyətinə qaytarılmasını təmin edərək alqı-satqı nəticəsində Nümayəndə1 30000 manat pulun alınaraq Cavabdeh2 ödənilməsini qət etmişdir. Lakin bununla yanaşı qətnamənin icra üsulu müəyyən edilməmiş və ödəmə qabiliyyəti olmayan Nümayəndə1 bu pulu verə bilməyəcəyi halını diqqətdən yayındırmışdır. Prosessual baxımdan bu addımın atılması ədalətli görünsə də doğru deyildir. Cavabdeh2 aldadılmışdır və onun pul vəsaitinin qaytarılması qərara alınırdısa onu n icrası mənzilə dair sonuncuların hüquqlarının yaranması anı ilə eyni vaxtda icra olunmalı idi. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir.
42. Maraqlı şəxs (vəkili Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni “Nümayəndə1 30 000 (otuz min) manat alınaraq Cavabdeh2 ödənilsin” hissəsində təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhk əmənin qətnaməsi ona aid hissədə əsassızdır. Mülki iş materiallarında olan video diskdəki danışıqlardan məlum olur ki, Cavabdeh2 bildirir ki, "əgər bu evin altından bir şey çıxsa ona 30 000 qaytarmalıdır, notariusa da 600 manat verib” Sizin cibinizdən nə qədər pul çıxıb sualına münasibətdə isə qeyd edir ki, “cibindən 17 000 manat pul çıxıb”. Alqı-satqı müqaviləsi ilə bağlı notariusda verilməli olan rüsuma əsasən belə bir rüsum 260-280 manatdan yuxarı ola bilməz. Cavabdeh2 apellyasiya instansiyası məhkəməsində verdiyi ifadəsində notariusa 600 manat verməsini bildirməklə notariusun depozit hesabına 30 000 manat pulun qoyulmasının saxta yolla olmasını, yəni Nümayəndə1 guya bankdan 30 000 manat almasını təsdiq edən qəbzə aldatma yolu ilə imza etdirilməsini təsdiq edir. Digər tərəfdən, Cavabd eh2 apellyasiya instansiyası məhkəməsinin “Sizin cibinizdən nə qədər pul çıxıb?” sualına cavabında “mənim cibimdən 17 000 manat pul çıxmışdır” deməsi, 30 000 manat pulun banka daxil edilməməsinin açıq şəkildə təzahürüdür. Belə olan halda sual olunur, necə olur ki, əgər Cavabdeh2 həmin məbləğin 17 000 manat olmasını apellyasiya instansiyası məhkəməsində verdiyi ifadəsində qeyd edirsə notariusun depozit hesabına 30 000 manat pul keçirib və aldatma yolu ilə notariusun iş otağında Nümayəndə1 banka getmədən 30 000 manat pulun alınmasına imza edib? Bir sözlə o, Cavabdeh2 mübahisəli mənzilə görə 1 manat da olsa pul almamışdır. İşin hallarından göründüyü kimi, onunla Nizami arasında borc münasibətlərinə dair söhbətlər olmuşdur. Amma ona pul verməyib. Göründüyü kimi, 30000 manat pulun ona və ya İdd iaçı verilməsi işin halları ilə təsdiq olunmur. Ona görə də həmin pul məbləğinin ondan alınaraq Cavabdeh2 verilməsi də tam əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
45. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
46. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
47. Maddə
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).
48. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
49. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbs ayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
50. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
51. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
52. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
53. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir.
54. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
55. Maddə 359.3 Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.
56. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
57. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarn amənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.
58. Maddə
404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
59. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
60. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qər ardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam, maraqlı şəxs tərəfindən qismən, ona aid hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
70. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır.
71. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməy ə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
72. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
73. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3718/2023 nömrəli mülki iş üzrə 6 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.