Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6214/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh3 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:etibarnamənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 avqust 2022-ci il tarixli, 2(103)5424/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxar aq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı ilə Cavabdeh3 28 iyun 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurublar və bu nikahdan iki övladları doğulub. Tərəflərin birgə nikahı dövründə Abşeron rayonu, X4 ərazisində yerləşən 0,06 ha torpaq sahəsi 17 oktyabr 2008-ci il tarixdə İddiaçı icarəsinə verilib və icarə hüququ DƏDR Xidməti tərəfindən verilmiş 02 dekabr 2013-cü il tarixli Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. 11 aprel 2017-ci il tarixdə İddiaçı X2 torpaq sahəsinin idarə olunması üçün 20 il müddətinə 639076 saylı ümumi etibarnamə verib və etibarnamənin məzmununa əsasən İddiaçı X2 adından Abşeron rayonu, X4 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin icarə hüquqlarını istifadə etməyi, idarə etməyi, vergi orqanl arında və sair idarə və təşkilatlarda onu təmsil etməyi, kassa aparatı almağı və qeydiyyata salmağı, ondan istifadə etməyi, qeydiyyatdan çıxartmağı, kassa aparatını bağlamağı, post terminal ilə bağlı onu təmsil etməyi, kodu ləğv etməyi, VÖEN-i bağlamağı, vergi ödəməyi, lazımi sənədləri verməyi, almağı, ərizə yazmağı, imza etməyi və bununla bağlı digər hərəkətləri etməyi etibar edib. Həmçinin, İddiaçı 11 aprel 2017-ci il tarixdə həmin notariat ofisində əri Cavabdeh3 adına geniş səlahiyyətləri əks etdirən 20 il müddətinə qüvvədə olan etibarnamə verib. 12 avqust 2020-ci il tarixdə Cavabdeh3 nikahın pozulması barədə iddia ilə məhkəməyə müraciət edib və Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış nikah pozulub. İddia çının adından verilmiş etibarnamə üzrə təmsil edən Cavabdeh3 ilə Cavabdeh1 arasında Abşeron rayonu, X4 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin 17 oktyabr 2008-ci ildən başlayaraq 99 il müddətinə icarə hüquqlarına dair dəyəri 5.000 manat olan 07 may 2020-ci il tarixli torpaq sahəsinin icarə hüququnun alqı-satqı müqaviləsi bağlanıb. İddiaçı adından verilmiş etibarnamə üzrə təmsil edən Cavabdeh3 və Cavabdeh1 02 iyun 2020-ci il tarixli ərizələrlə notariat ofsinə müraciət edərək, 07 may 2020-ci il tarixli müqavilənin ləğv edilməsini xahiş ediblər. İddiaçı adından verilmiş etibarnamə üzrə təmsil edən Cavabdeh3 ilə Cavabdeh1 arasında 02 iyun 2020-ci il tarixli müqavilənin ləğv edilməsinə dair müqavilə bağlanıb və həmin müqaviləyə görə, tərəflər arasında notariat ofisində 07 may 2020-ci il ta rixdə təsdiq edilmiş Abşeron rayonu, X4 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin 17 oktyabr 2008-ci il tarixdən başlayaraq 99 il müddətinə icarə hüquqlarına dair bağlanmış alqı-satqı müqaviləsi ləğv edilib. İddiaçı adından verilmiş etibarnamə üzrə təmsil edən Cavabdeh3 ilə Cavabdeh1 arasında Abşeron rayonu, X4 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin 17 oktyabr 2008-ci il tarixdən başlayaraq 99 il müddətinə icarə hüquqlarına dair dəyəri 100.000 manat olan 02 iyun 2020-ci il tarixli torpaq sahəsinin icarə hüquqlarının alqı-satqı müqaviləsi bağlanıb. Həmin müqavilə hüquqi qüvvəsini alaraq Abşeron rayonu, X4 ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində Cavabdeh1 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci in stansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə və 3-cü şəxslərə qarşı iddia ərizəsi, sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana quşçuluq sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə icarə hüququnun alqı-satqısına dair 9 saylı Notariat ofisində bağlanmış 02 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələblərini onunla əsaslandırıb ki, cavabdehlə birgə yaşadıqları dövrdə, ailələrinin maddi imkanı pis olduğundan, atası Abşeron rayonu, hazırda Sabunçu rayonuna aid olan Ramana quşçuluq sovxozu ərazisində torpaq sahəsi icarəyə götürüb orada ticarət məqsədi ilə obyek t tikib və həmin əmlakı ona verib. Həmin torpaq sahəsinin icarəsi onun adına rəsmləşdirilib və buna dair 02 dekabr 2013-cü il tarixli Çıxarış verilib. Bununla yanaşı, yaşadıqları mənzilin alınması üçün də, atası köməklik edərək mənzilin bir hissəsinin dəyərini ödəyib. 2017-ci ildə cavabdeh ondan xahiş etmişdir ki, torpaq sahəsinin idarə olunması, yəni işıq, su, qaz çəkilməsi və digər texniki məsələlərin həlli üçün X1 adına etibarnamə verib və o, 11 aprel 2017-ci il tarixdə sonuncuya torpaq sahəsinin idarə olunması üçün etibarnamə verib. Torpaq sahəsinə olan hüquqlarının satılmasından ehtiyat edərək, cavabdehə bildirib ki, torpaq sahəsinə olan hüquqlarının başqasına keçirilməsinə dair etibarnamə verməyəcək. 2020-ci ilin avqust ayında cavabdeh nikahın pozulması üçün məhkəməyə müraciət edib v ə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulub. Bundan sonra ona məlum olub ki, 11 aprel 2017-ci il tarixdə cavabdeh onu notariusa apardıqda, torpaq sahəsinin idarə olunmasına dair etibarnamə ilə yanaşı, xəbəri olmadan bütün əmlakı üzərində sərəncam verməyə dair saxta etibarnamə alıb. Qeyd etdiyi etibarnaməyə tərəfindən imza atılmayıb və o, ümumiyyətlə həmin etibarnamənin mövcud olmasından xəbərsiz olub. Bu yaxınlarda ona məlum olub ki, yaşadığı mənzildən bütün sənədlər yoxa çıxıb və o, başa düşüb ki, mənzilin qapısının açarının bir nüsxəsi cavabdehdə olduğundan bu əməli o, törədib. O, şübhələnərək 9 saylı notariat ofisinə gedib etibarnaməni ləğv elətdirmək istədikdə, onun adından həm cavabdehə, həm digər şəxslərə etibarnamələrin verildiyini və ona məxsus torpaq sahəsinə icarə hüququnun satıldığını görüb. Beləliklə, ona məlum olub ki, cavabdeh 07 may 2020-ci il tarixdə onun xəbəri olmadan, ona məxsus Sabunçu rayonu, X4 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə icarə hüququnu və orada tikilmiş ticarət obyektini bacısı Cavabdeh1 5.000 manata satıb, sonra real qiymət olmadığından, gələcəkdə bu işin saxta olmasının üzə çıxacağını düşünərək ilkin alqı-satqı müqaviləsini ləğv edib və həmin obyekti yenidən 02 iyun 2020-ci il tarixdə bacısı Cavabdeh1 100.000 manata satıb. Göründüyü kimi, cavabdeh saxtakarlıq edərək, onun əmlakını mənimsəmək üçün saxta etibarnamə əsasında yalandan bacısı ilə alqı-satqı müqaviləsi bağlayıb. Halbuki, cavabdehin bacısı Cavabdeh1 hər-hansı bir əmlak almaq üçün ümumiyyətlə vəsaiti və gəliri ol mayıb. Qeyd olunanlar onu göstərir ki, cavabdeh saxtakarlıq edərək, ona məxsus əmlakı mənimsəmək üçün adından yalan əqd bağlayıb. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilərək, Abşeron rayonu, X4 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə icarə hüququnun alqı-satqısına dair 9 saylı Notariat Kontorunda bağlanmış 02 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş Çıxarışın ləğv edilməsi və iddianın qalan hissədə rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, Abşeron rayonu, X4 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə dair əldə edilmiş 99 illik icarə hüquqları iddiaçının adına rəsmiləşdirilsə də, üzər ində tikilmiş qeyri-yaşayış sahələri sənədləşdirilməyib və təyinatı üzrə istifadə edilməyib. Həmin icarə hüquqları tərəflərin ümumi birgə mülkiyyət hüquqları kimi qiymətləndirilir. İşin araşdırılmış hallarından görünür ki, icarə hüququ əsasında əldə edilən torpaq sahəsi və onun üzərində inşa edilmiş qeyriyaşayış sahələrinin idarəçiliyi cavabdeh tərəfindən həyata keçirilsə də, 2017-ci ildə onun təşəbbüsü ilə iddiaçı 11 aprel 2017-ci il tarixdə notarial qaydada X1 adına 11 aprel 2022-ci il tarixədək qüvvədə olan etibarnamə verib. Aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əq din bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. İddiaçı icarəsinə verilmiş torpaq sahəsinə dair eyni gün, eyni vaxtda iki etibarnamə imzalayıb. Etibarnamələrdən biri X2 qeyri-yaşayış sahələrinə dair cari məsələlərin həll edilməsi üçün verilib, digəri isə cavabdehin adına verilmiş özündə geniş səlahiyyətlər əks etdirən (sərəncam vermək hüququ da daxil olmaqla) baş etibarnamə olub. İddiaçı tərəfindən baş etibarnamə 2017-ci ildə imzalansa da, onun həmin torpaq sahəsini və qeyri-yaşayış sahəsini 2020-ci ildə satmaq niyyəti olmayıb. Əksinə, müəyyən edilmişdir ki, iddiaçı ümumiyyətlə həmin torpaq sahəsindən və qeyri-yaşayış sahə sindən təyinatı üzrə istifadə etmək və bəhər əldə etmək niyyətində olub, həmin torpaq sahəsi üzərində icarə hüququnu və qeyri-yaşayış sahəsini satmaq üçün hər hansı zərurət olmayib. Başqa sözlə, cavabdeh tərəf iddiaçının belə bir niyyətinin olması və ya məhz satılma ilə bağlı razılığının və xəbərinin olmasına dair məhkəməyə mötəbər sübutlar təqdim edə bilməyiblər. Verilmiş baş etibarnaməyə əsasən bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar mövcuddur. Belə ki, iddiaçı tərəfindən alqı-satqı müqaviləsinin etibarsız olmasını təsdiq edən kifayət qədər mötəbər, tutarlı və konkret sübutlar təqdim edib. Həmin sübutlar xronoloji ardıcıllığına görə aşağıdakılardır: iddiaçıdan eyni gün eyni zaman (qısa zaman fərqi ilə) iki etibarnaməyə imza edilməsinə nail olunması (birin cisi əmlakla bağlı cari məsələlərin (qaz çəkilişi və s. kimi) həll edilməsi üçün bir şəxsə aidiyyəti səlahiyyətlərin verilməsinə dair etibarnamə, digər şəxsə isə əmlaka dair baş etibarnamə); alqı-satqı müqaviləsinin cavabdehlər (bioloji bacı-qardaş) arasında bağlanması; alqı-satqı müqaviləsinin ilk dəfə görünüş üçün bağlanması və əmlakın dəyərinin simvolik olaraq 5.000 manat göstərilməsi; birinci dəfə bağlanmış alqı-satqı müqaviləsinin görünüş üçün bağlandığı aşkar şəkildə göründüyündən, həmin müqavilənin qısa zaman kəsiyində ləğv edilməsi; ikinci dəfə bağlanmış alğı-satqı müqaviləsinin görünüş üçün bağlanması və bu dəfə əmlakın dəyərinin 100.000 manat göstərilməsi; sənəd üzrə mülkiyyət hüququ yaxın şəxsə (bacıya) məxsus olsa da, bu və ya digər şəkildə əmlakın cavabdehin faktiki sahiblik v ə istifadəsində saxlanılmasına nail olunması; cavabdehin görünüş üçün bağlanmış alğısatqı müqaviləsindən notarial qaydada əldə etdiyi bütün məbləğin (100.000 manat) öz şəxsi borclarına ödəməsini etiraf etməsi; cavabdehin görünüş üçün bağlanmış alqı-satqı müqaviləsindən sonra mülkiyyət hüququ yaxın şəxsə (bacıya) məxsus olsa da hazırki vaxta kimi həmin sahəyə gedib-gəlməyə davam etməsini etiraf etməsi və sair. Göründüyü kimi, tərəflər arasında daşınmaz əmlakın icarə hüquqlarının özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsi bağlanarkən müqavilənin şərtləri iddiaçının iradə ifadəsi ilə müəyyən edilmir, iddiaçının cavabdehin onu aldatmasına dair tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları cavabdeh tərəfin iddianın əsassız olmasına dair təqdim etdiyi sübutlardan daha mötəbər və tutarlıdır. Mubahisələndirilən muqaviləyə dair hüquqi prosedurlar barəsində iddiaçının muqavilənin tərəfi kimi müqavilə bağlamaq azadlığı olmayıb və bu hüquq mülki qanunverciliyin əsas prinsiplərindən olan “müqavilə azadlığı” prinsipinə tam ziddir. Həmin prinsip çərçivəsində iddiaçı tam sərbəst iradəsi ilə hərəkət etməyib, muqavilə şərtləri onunla qarşılıqlı surətdə müəyyənləşdirilməyib. Başqa sözlə, cavabdeh iddiaçının adından müqavilə bağlanmasından 3 il əvvəl aldığı baş etibarnamənin mövcudluğundan sui-istifadə edib. Yəni, o, əldə etdiyi gəlirdən iddiaçıya qanunla müəyyən edilmiş qaydada ½ hissəsini vermədən, özünün etirafına əsasən bütün məbləği öz borclarına verib, hətta izahatından da göründüyü kimi, borcları bağlamaq üçün bu məbləğ də yetərli olmayıb. Mübahisələndirilə n müqavilənin görünüş üçün bağlanmasının təsdiqi kimi məhkəmə cavabdehin hazırki vaxta kimi sözügedən sahə ilə əlaqəsi olması (gedib-gəlməsi) barədə etiraf xarakterli izahatıdır ki, bu da onun hazırda da həmin sahənin bacısının adına olmasına baxmayaraq, orada təyinatı üzrə istifadəyə davam etməsinə dəlalət edir. Ona görə də mübahisələndirilən, görünüş üçün bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, cavabdeh tərəf izahatında İddiaçı adından verilmiş etibarnamə üzrə təmsil edən Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 02 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında həmin əmlakın sonuncunun adına qeydiyyatdan keçməsini qeyd etsələr də, həmin qeydiyyatı təsdiq edən müvafiq Çıxarışın əsli və ya onun surətinin məhkəməyə təqdim edilməməsinə baxmayaraq sözügedən müqavil ə etibarsız sayıldığından onun əsasında yaranan bütün hüquqi nəticələr də ləğv edilməli olduğundan və bu barədə iddia tələbi olduğu üçün həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış da ləğv edilməlidir. İddia tələbinin digər 11 aprel 2017-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi hissəsinin təmin edilməməsi nəticəsinə gələrək və bunu onunla əsaslandırıb ki, əvvəla etibarnamə verilərkən mülki qanunvericiliyin tələblərinin pozulması halları öz təsdiqini tapmır. İkincisi, İddiaçı notariat ofisində ünvanladığı 29 sentyabr 2021-ci il tarixli ərizəsi əsasında Cavabdeh3 adına verdiyi etibarnaməyə artıq xitam verilib. Həmçinin, Cavabdeh3 12 avqust 2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsində də bir ilə yaxındır ki, onunla ərarvad münasibətlərinin olmadığını, ayrı-ayrı ünvanlarda yaşadıqlarını, ailənin artıq dağıldığını və bərpasının mümkün olmadığını göstərib. Yəni, mübahisələndirilən alqı-satqı müqaviləsi tərəflər arasında ailə münasibətləri faktiki pozulduqdan və onlar ayrı-ayrı ünvanlarda yaşadıqları dönəmdə rəsmiləşdirilib. Buna görə iddia bu hissədə də rədd edilməlidir. İddia müddətinin ötürülməsi ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının da izahatından göründüyü kimi, o əmlaka, yəni icarəsində olan torpaq sahəsinə dair sənədləri nəzərdən keçirməyə başlayarkən, həmin sənədlərin yerində olmadığını gördükdə, notariat ofisinə müraciət edərək, əmlakla bağlı verdiyi etibarnamələri ləğv etdirib və yalnız bundan sonra notariat ofisindən torpaq sahə sinə icarə hüququna dair alqı-satqı müqaviləsinin bağlanmasından xəbər tutub. İşin faktiki halları ilə tam təsdiq edilmişdir ki, iddiaçının mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanmasından xəbəri olmayıb, o, bu barədə məlumatlı olan kimi 1 illik müddət ərzində hazırki iddia ilə məhkəməyə müraciət edib. İddiaçı tərəfindən əqdin etibarsızlığı ilə bağlı müddət ötürülməyib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 339.2, 354.2, 359.1, 340.1, 362.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, müqavilənin etibarsız hesab edilməsi üçün nəzərdə tutulan ünsürlərdən hər hansı biri yoxdur. Belə ki, müqavilə bir tərəfdən o, digər tərəfdən isə baş etibarnamə əsasında qanuni sahib olan Cavabdeh3 tərəfindən imzalanıb. O, Cavabdeh3 bacısıdır və sonuncunun ailəsi üçün aldığı mənzilin təmir olunması, mübahisəli torpaq sahəsi üzərində obyektin inşa olunması, həmin obyektin fəaliyyəti ilə bağlı qardaşı tərəfindən borc edilməsi ona məlum olub. Həmin borcun bir qismini ataları ödəsə də bir qismi ödənilməmiş qalıb. Həmçinin bilirdi ki, qalan borcun ödənilməsi üçün atasının vəsaiti hesabına alınıb, lakin İddiaçı adına rəsmiləşdiril miş torpaq sahəsi üzərində icarə hüquqlarını satışa çıxarmaq istəyirlər. O, boşandığı üçün atası həmin əmlakı ondan almaq istəyir. Müqavilə üzrə 100.000 manat da məhz atası tərəfindən ödənilib. Müqavilə bağlanan zaman qardaşı ilə arvadının münasibətləri yaxşı olub, uşaqları ilə birlikdə eyni mənzildə yaşayıb və birgə təsərrüfat aparıb. Əmlak müqaviləsi bağlanandan sonra tərəfindən idarə olunur və gəliri də özü götürür. Digər Cavabdeh3 apellyasiya şikayətində göstərib ki, müqavilə birgə nikah dövründə bağlansa da, icarə hüququnun dəyəri atasının vəsaiti hesabına ödənilib. Özü polis işçisi olduğu üçün sənədləşdirmə İddiaçı adına aparılıb. Sonradan iddiaçı ilə aldıqları mənzilin təmiri, obyektin inşası, fəaliyyət göstərməsi və sair işlərlə bağlı yaranmış borcu ödəmək üçün 2017-ci ildə razıl ığa gəlmişlər ki, həmin torpaq sahəsi üzərində icarə hüququnu özgəninkiləşdirsinlər. Onun etibarnamə əsasında əmlakı satması formal xarakter daşımayıb. Bacısı atasının verdiyi vəsait hesabına həmin əmlakın dəyərini ödəməklə əldə edib. Müqaviləyə əsasən aldığı 100.000 manat pulu ailənin borclarının ödənilməsinə sərf edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov sədrlik edən, məruzəçi, X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və p rosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə apellyasiya şikayətlərinə əsasən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.3, 337.4, 340.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayətləri apellyasiya şikayətləri ilə eyni dəlillərlə əsaslandırmaqla, əlavə olaraq göstərilib ki, məhkəmə sübutetmə yükünü cavabdehlərin üzərinə qoyub və iddiaçının iddianı sübut etmək vəzifəsinin olması barədə deyil, cavabdehin iddianı təkzib etmək vəzifəsinin olması barədə səhv nəticəyə gəlib. Məhkəmə tərəfindən iddiaçının ikinci etibarnamədə icarə hüquqlarını satmaq hüququnun olmaması barədə necə nəticəyə gəlməsi, həmin nəticənin hansı sübutlara əsaslanması aydın deyil. İddiaçının öz tələblərini sübutetməsinə dair işdə heç bir sübut növü mövcud deyil. Məhkəmə əqdin etibarsız olması barədə səhv nəticəyə gəlib. Həmçinin, məhkəmə müqavilədə iradə ifadəsinin qüsurlu olmasını göstərib. Bununla yanaşı, məhkəmə müqaviləni etibarsız hesab etsə də, müqavilənin əsasında dayanan ikinci etibarnaməni etibarlı hesab edib. Eyni gündə bir şəxs tərəfindən bir predmet barəsində əqd bağlanması əqdin etibarsızlığına əsas verə bilməz. Etibarnamədə iradə zədələnmədiyi halda, alqı-satqı müqaviləsində iradənin zədələnməsi mümkünsüzdür. Əgər iddiaçının eyni gündə iki müxtəlif şəxsə etibarnamə verməsi iradə ifadəsinin zədələnməsi halıdırsa, onda əslində ikinci etibarnamədə iradə ifadəsinin zədələnməsi və bu səbəbdən həmin etibarnamənin etibarsızlığı nəticəsinə gəlinə bilərdi. Çünki müqavilə ikinci etibarnamə əsasında bağlanıb və müqavilədə iddiaçının iradəsi ikinci etibarnamədən irəli gələrək ifadə edilib. Əgər müqavilədə iddiaçının iradəsi zədələnmişdirsə, onda demək ki, ikinci etibarnamədə onun iradəsi zədələnib. Məhkəmə etibarnaməni etibarlı hesab edərək (həm də iradə nin zədələnməməsi barədə nəticəyə gələrək) dolayı olaraq müqavilədə də iradənin zədələnməməsi nəticəsinə gəlib. İkinci etibarnamədə iradə zədələnmədiyi halda, müqavilədə iradənin zədələnməsi mümkünsüzdür. Həmçinin, qohumlar, o cümlədən yaxın qohumlar arasında əqd (o cümlədən alğı-satqı müqaviləsi) bağlanması əqdi uydurma etmir. Müqavilənin bacı-qardaş arasında bağlanması halı əqdin uydurma olmasına əsas verən hal kimi dəyərləndirilə bilməz. Belə ki, nə qanunvericilikdə, qohumlar, o cümlədən yaxın qohumlar arasında əqd (o cümlədən alğı-satqı müqaviləsini) qadağan edən müddəa mövcuddur, nə də məhkəmə təcrübəsində belə bir hal yoxdur ki, yaxın qohumlar arasında bağlanmış müqaviləni etibarsız əqd kimi dəyərləndirsin. Bu isə məhkəmənin səhv və qanunsuz nəticəyə gəlməsinə birbaşa işarə edir. M əhkəmə əqdin uydurma olması nəticəsinə gələrkən əqd qiymətinin bazar dəyərindən ucuz, yəni 100.000 manat olması ilə əsaslandırıb. Bu isə iddiaçının əmlakın dəyərinin 380.000 manat olması barədə iddiasına əsaslanıb. Halbuki, əmlakın bazar dəyəri əslində 100.000 manat olub. Məhkəmə əmlakın dəyərinin müəyyən edilməsi üçün peşə sahələrində xüsusi biliklərdən istifadə etməli olduğu və məhkəməəmtəəşünaslıq ekspertizası təyin etməli olduğu halda, bunu etməyib və əmlakın real bazar dəyərini obyektiv sübut növü ilə müəyyən etməyib və nəticədə yalnız iddiaçının yoxlanmamış iddiası əsasında qanunsuz olaraq əmlakın bazar dəyərindən ucuz satılması nəticəsinə gəlib. Halbuki, göstərilən vəziyyətdə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi mübahisənin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edir. Müqavilə qiymətinin ucuz olması əqdin uydurma olmasının əlaməti deyil. Əmlakın dəyəri bazar dəyərindən ucuz satılsaydı belə, bu müqavilənin uydurma olmasına əsas ola bilməz. Bu səbəbdən məhkəmənin qətnaməsində qeyd etdiyi alqı-satqı müqaviləsinin eyni əmlak barədə ikinci dəfə bağlanması, birinci dəfə müqavilə qiymətinin 5.000 manat göstərilməsi, birinci müqavilənin bağlanmasından qısa müddət sonra onun ləğv edilməsi və ikinci müqavilədə əqd qiymətinin 100.000 manat göstərilməsi əqdin uydurma olmasına dəlalət edə bilməz. Bundan başqa iddiaçı əmlakla bağlı verdiyi etibarnamələri ləğv edərkən torpaq sahəsinə icarə hüququnun alqı-satqı edilməsindən necə və hansı şəraitdə xəbərdar olmasını, həmin xəbərdarlığın növbəti dəfə olmamasını və ilk dəfə olmasını, alqı-satqı tarixində, yəni 02 iyun 2020 -ci il tarixdə onun verdiyi etibarnamə əsasında müqavilə bağlanmasını bilmədiyini mötəbər dəlillərlə sübut etməli idi. Əks halda, İddiaçının izahatında qeyd etdikləri iddia səviyyəsindən qırağa çıxmamaqla sübutsuz haldadır və rədd edilməli idi. Buna baxmayaraq məhkəmə, qanunsuz və əsassız olaraq həmin halı sübut edilmiş hesab edərək kəsici müddəti səhv tətbiq edib. İddiaçı iddiada göstərdikləri ilə subyektiv hüququnun pozulması barədə tələbini irəli sürmək mərhələsindən kənara çıxmayıb, iddianın əsaslılıq mərhələsini bitirə bilməyib, yəni həqiqətən subyektiv hüququnun pozulub-pozulmamasını sübuta yetirə bilməyib. Bunlara zidd olaraq məhkəmə tərəfindən çıxarılmış qətnamə isə qanunsuz və əsassızdır. Əqd etibarsız hesab edildiyi halda, məhkəmə əqd üzrə alınanların geri qaytarılması (restitusi ya) məsələsi də həll etməli idi. Məhkəmələr əqdi etibarsız hesab etdiyi halda, onun etibarsızlığının hüquqi nəticələrini tətbiq etməyərək və əmlakın əvvəlki vəziyyətə qaytarılmasını təmin etməməklə maddi hüquq normasının tələbini pozub. Apellyasiya məhkəməsi mübahisəli mənzilə dair alqısatqı müqaviləsini etibarsız hesab edərkən, ondan irəli gələn məsələləri həll etməyib, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş ü çün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir; 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 359.2-ci maddəsinə görə, özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər; 359.3-cü maddəsinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz; 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; 405.1-ci maddəsinə görə, tərə flər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respubikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə görə, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 32.1-ci maddəsində göstərilir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2-ci maddəsinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimi n adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehlərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində iş üzrə apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdehlər kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tə ləblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 28 iyun 2006-cı il tarixdə tərəflər rəsmi nikaha daxil olaraq ailə həyatı qurublar və birgə nikahdan iki övladları doğulub. Tərəflər birgə nikah dövründə Abşeron rayonu, X4 ərazisində yerləşən 0,06 ha torpaq sahəsini 17 oktyabr 2008-ci il tarixdən başlayaraq İddiaçı icarəsinə verilib və icarə hüququ 02 dekabr 2013-cü il tarixli Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınıb. 12 avqust 2020-ci il tarixdə Cavabdeh3 nikahın pozulması barədə məhkəməyə müraciət edib və Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulub. Abşeron rayonu, X4 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə dair əldə edilmiş 99 illik icarə hüquqları iddiaçının adına rəsmiləşdirilsə də, üzərində tikilmiş qeyri-yaşayış sahələri sənədləşdirilmədən təyinatı üzrə istifadə edilib. Apellyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən haqlı olaraq qeyd edib ki, sözügedən icarə hüququ tərəflərin ümumi birgə mülkiyyət olub və Cavabdeh3 etibarnamədən istifadə edərək 07 may 2020-ci il tarixdə iddiaçını təmsil edən şəxs kimi bacısı Cavabdeh1 ilə aralarında Abşeron rayonu, X4 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin 17 oktyabr 2008-ci il tarixdən başlayaraq 99 il müddətinə icarə hüquqlarına dair dəyəri 5.000 manat olan alqı-satqı müqaviləsi bağlanıb. 02 iyun 2020-ci il tarixdə isə müqavilə tərəfləri ərizə ilə müraciət edərək həmin müqaviləni ləğv ediblər və eyni tarixdə tərəflər arasında, yeni 3M-621 saylı torpaq sahəsinin icarə hüququnun alqısatqısı müqaviləsi bağlanıb və satış dəyəri bu dəfə 100.000 manat göstərilib. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehlərin kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlillərini arışdırıb haqlı olaraq qeyd etmişdir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin, qanunverici bunun üçün müvafiq qaydalar müəyyən edib. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsi n (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilib. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə adlanır. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsindəəqdlər bağlaya bilməz. O, həmçinin, kom mersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən ümumi etibarnamə 2017-ci ildə imzalansa da, onun həmin torpaq sahəsini və qeyri-yaşayış sahəsini 2020-ci ildə satmaq niyyəti olmayıb. Əksinə, müəyyən edilmişdir ki, iddiaçı ümumiyyətlə həmin torpaq sahəsindən və qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadə etmək və bəhər əldə etmək niyyətində olub, həmin torpaq sahəsi üzərində icarə hüqu qunu və qeyri-yaşayış sahəsini satmaq üçün hər hansı zərurət olmayıb. Başqa sözlə, cavabdeh tərəf iddiaçının belə bir niyyətinin olması və ya məhz satılma ilə bağlı razılığının və xəbərinin olmasına dair mötəbər sübutlar təqdim edə bilməyib. Tərəflər arasında daşınmaz əmlakın icarə hüquqlarının özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsi bağlanarkən müqavilənin şərtləri iddiaçının iradə ifadəsi ilə müəyyən edilməyib, iddiaçının cavabdehin onu aldatmasına dair tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları cavabdeh tərəfin iddianın əsassız olmasına dair təqdim etdiyi sübutlardan daha mötəbər və tutarlı olub. Alqı-satqı müqaviləsi yalnız görünüş yaratmaq məqsədilə bağlanmaqla uydurma əqd olub. Belə ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış ə qd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (Mülki Məcəllənin 337.1-ci maddəsi). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (Mülki Məcəllənin 337.3-cü maddəsi). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4-cü maddəsi). Beləliklə, apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövc udluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və sair bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabat an mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinəəsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019 -cu il 9 dekabr tarixli Qərar). Mülki Məcəllənin 340.1-ci maddəsinin tələbinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Göründüyü kimi, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanır. Bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla hüquqi görünüş yaradaraq tamam başqa məqsəd güdürlər, özü də bu məqsəd, adətən, hüquqazidd xarakter daşıyır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, torpaq sahəsinə icarə hüququnun alqı-satqısına dair bağlanmış 02 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi uydurma əqd olmaqla əhəmiyyətsizdir. Həmin torpaq sahəsinə icarə hüququ birgə nikah dövründə əldə edilmiş və cavabdeh bu hüququ mümkün bölgüdən yayındırmaq məqsədilə iddiaçının razılığı olmadan formal olaraq bacısı Cavabdeh1 ilə müqavilə bağlayaraq sonuncunun adına özgəninkiləşdirib. Göstərilən xüsusat tərəflər arasında nikahın pozulması barədə Cavabdeh3 iddia ərizəsində göstərdiklərindən də aydın şəkildə müəyyən olunur, belə ki, 12 avqust 2020-ci il tarixli həmin iddia ərizəsində Cavabdeh3 artıq 1 ilə yaxındır İddiaçı ilə ər-arvad münasibətlərinin pozulduğunu və ayrı yaşadıqlarını bildirib. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi tərəflər arasında ailə münasibətl əri faktiki pozulduğu və onlar ayrı yaşadıqları dönəmdə rəsmiləşdirilib. Bu isə onu deməyə əsas verir ki, məqsəd iddiaçının əmlaka olan hüquqlarını aradan qaldırmaq olub. Ona görə də “satışdan əldə olunan pulun şəxsi və ya ailənin ümumi borclarına sərf olunması barədə” cavabdehin dəlillərinin, əqd üzrə pul alınıb-alınmamasından asılı olmayaraq, hazırki işin həlli baxımdan heç bir əhəmiyyəti yoxdur. Çünki cavabdeh iddiaçının adından müqavilə bağlanmasından 3 il əvvəl aldığı ümumi etibarnamənin mövcudluğundan sui-istifadə eərək, 02 iyun 2020-ci il tarixli uydurma əqdi bağlayıb. Uydurma əqd isə əhəmiyyətsiz olmaqla, hər hansı hüquqi nəticə yaratmır. Cavabdehlər kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozd uğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsələr də, etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahis ələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehlərin kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onların kassasiya şikayətləri ilə eyni məzmunlu apellyasiya şikayətlərinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmə dən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 avqust 2022-ci il tarixli, 2(103)-5424/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6214/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-6214/2022
29.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver