Məhkəmə qərarları › İş №2(102)-627/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-627/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-627/2024 26.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-627/2024 (Açar sözlər: mənzilə dair bağlanmış müqavilə ilə naturadakı sahə fərqinə görə artıq ödənilmiş məbləğin kompensassiyası, müqavilə azadlığı, sübutetmə vəzifəsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə şərtlərinin dəyişdirilməsi və artıq ödəni lmiş pulun qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4162/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 26 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Cavabdeh MTK ilə aralarında 19 iyul 2006-cı il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, sahəsi 118,94 kvadrat metr olan 26 saylı mənzili əldə etmişdir.

2. Mənzilin qiyməti hər bir kvadrat metr üçün 340 ABŞ dolları olmaqla, cəmi 40.412 ABŞ dolları razılaşdırılmış, İddiaçı tərəfindən mənzilin dəyəri tam olaraq ödənilmişdir.

3. Müqavilədə mənzilin ümumi sahəsi gös tərilərkən “Brutto” ifadəsi qeyd edilmişdir.

4. Sözügedən mənzil 19 noyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmış, bu barədə verilən çıxarışda mənzilin ümumi sahəsi 96,6 kvadrat metr göstərilmişdir.. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MTK-dan 7.595,60 ABŞ dolları məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Daha sonra iddiaçı tərəf Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməy ə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19 iyul 2006-cı il tarixli müqavilənin 2-ci bəndində olan “ümumi sahəsi 118,94 kvadrat metr” sözlərinin “ümumi sahəsi 96,6 kvadrat metr” sözləri ilə, həmçinin həmin bənddə “cəmi 40.412 ABŞ dolları” sözlərinin “cəmi 32.844 ABŞ dolları” sözləri ilə əvəz edilməklə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və iddiaçı tərəfindən artıq ödənilmiş 7.595,6 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, 19 iyul 2006-cı il tarixdə iddiaçı və cavabdeh arasında mənzil alğı-satqısına dair müqavilə imzalanmış, cavabdeh Bakı şəhəri, Xətai rayonu, M.H adi küçəsi, 2945-ci məhəllədə inşa etdiyi binanın 11-ci blokunun 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 118,94 kvadrat metr olan mənzilin alğı-satqısına dair 19 iyul 2006-cı il tarixli müqaviləyə uyğun olaraq iddiaçı 40.412 ABŞ dolları pul məbləğini cavabdeh şirkətə ödəmiş, lakin təmir işləri aparılan zaman evin 118,94 kvadrat metr deyil, 96,6 kvadrat metr olduğu aşkar edilmişdir. Göründüyü kimi cavabdeh iddiaçıya müqavilədə göstərdiyindən 22,34 kvadrat metr az sahədən ibarət mənzil satmışdır. Bu da o deməkdir ki, müqavilə bağlanan vaxtın məzənnəsinə görə şirkət iddiaçıdan 7.595,6 dollar məbləğində artıq pul almışdır.

8. Cavabdeh olan Cavabdeh MTK məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

9. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 sentyabr 2022-ci il tarixli rəyinə əsasən mübahisəli mənzilin çöl divarının çöl hissəsindən ölçülməklə, mənzildəki arakəsmələr nəzərə alınmadan ümumi sahəsinin 118,94 kvadrat metr təşkil etdiyi müəyyən edilmişdir.

10. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 fevral 2023-cü il tarixli rəyinə əsasən mübahisəli mənzilin (DƏDRX-nin çıxarışı ilə Bakı şəhəri, Xətai rayonu, 2945-2946-cı məhəllə, M.Hadi küçəsi, ev 68A, mənzil 26) ümumi sahəsi 96,6 kvadrat metr, faktiki ümumi sahəsinin isə (azaltma əmsalları tətbiq olunmadan) 102,9 kvadrat metr təşkil etdiyi müəyyən edilmişdir.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(011)-62/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həsən ova) iddia tələbinin rədd edilməsi, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pul vəsaitinin iddiaçıdan tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, ödənilmiş 130 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, 19 iyul 2006-cı il tarixli müqaviləyə əsasən Cavabdeh MTK İddiaçı ümumi sahəsi 118,94 kvadrat metr olan mənzil verməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşdırılmış sahədə mənzilin ona verilmədiyini iddia edir ki, cavabdeh MTK isə bu xüsusat üzrə müqavilə öhdəliyini lazımınca yerinə yetirdiyini bildirərək mənzilin ümumi sahəsinin “Brutto”, yəni ölçü divarlarının çöl tərəfindən aparılması ilə hesablandığına və bu şərtin MTK-nın iddiaçı ilə bağladığı 19 i yul 2006-cı il tarixli müqavilədə nəzərdə tutulduğuna istinad edir.

13. Məhkəmə qeyd etmişdir ki, tərəflər müqaviləni bağlayarkən müqavilə azadlığı prizmasından iradələrini ifadə etməkdə müstəqildirlər. Müqavilə azadlığı Konstitusiya ilə təminat verilən mülkiyyət və azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki Məcəllənin 390.1-ci maddəsində təsbit olunmuş müqavilə azadlığı, mülki hüquq subyektlərinin seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək imkanlarını təmin edir. İstinad olunanlardan belə qənaətə gəlmək olur ki, cavabdeh olan MTK müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etmişdir. Həmçinin, 28 sentyab r 2022-ci il tarixli ekspert rəyindən görünür ki, arakəsmələr nəzərə alınmadan mənzilin ümumi sahəsi 118,94 kvadrat metr təşkil edir.

14. Məhkəmə iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışı 19 noyabr 2018-ci il tarixdə əldə etmiş, həmin çıxarışa əsasən MTK-dan aldığı mənzilin ümumi sahəsinin 96,6 kvadrat metr olduğunu, yəni ona məxsus mənzilin sahəsinin müqavilədə nəzərdə tutulmuş sahədən az göstərildiyini öyrənmişdir. İddiaçı hazırkı iddia tələbi ilə 21 aprel 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

15. Məhkəmə hesab etmişdir ki, hazırkı işə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə 6 illik iddia müddəti tətbiq olunmalıdır. İş materiallarından da göründüyü kimi, hazırkı iş üzrə iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 385.1, 390.1, 752.1 və 752.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 119.1, 124.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia ərizəsi ilə anoloji məzmunda əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmışdır. Belə ki, tərəflərin razılaşmasına əsasən mənzilin ümumi sahəsi hansısa norma və əmsalların tətbiqi ilə deyil, faktiki ölçülər əsasında aparılmalı idi. Lakin müqavilədə razılaşdırılmış sahələrin ölçüləri ilə yerində təhvil verilmiş faktiki ölçülər arasında fərq olmuşdur. Mənzilin ümumi sahəsinin içəri arakəsmələr nəzərə alınmadan çöl divarlardan hesablanması düzgün deyil. Müqavilədə qeyd edilmiş “Brutto” sözünün hansı anlama gəlməsini başa düşməmiş, şifahi olaraq soruşduqda isə ona əhəmiyyət verilməməsi bildirilmiş və müqavilənin imzalanması tələb olunmuşdur.

19. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, mənzili 2008-ci ildə təhvil almış, bundan sonra orada təmir işlərinə başlamışdır. Təmir zamanı ustalar ölçm ə işləri aparmış, mənzilin sahəsinin müqavilədə göstəriləndən az olması aşkar olunmuş, bu barədə cavabdeh təşkilatın rəhbərliyinə məlumat vermiş, hər dəfə ona məsələnin həll olunacağı bildirilmişdir. Təmir işləri tam başa çatmış, orada yaşamış, nəhayət 2018-ci ildə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 96,6 kvadrat metr göstərilmişdir. Bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsində və apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, iddiaçı yaşlı olduğundan izahatında müəyyən məsələləri tam dəqiqlikdə bildirə bilməmişdir. Mübahisəli mənzil həqiqətən 2008-ci ildə təhvil verilmiş, həmin vaxtı orada müəyyən təmir işlərinə (işıq çəkilməsi, malyar işlərinin aparılması və sair) başlanılmış, 2011-ci ildə isə mənzil tam təmir olunmuş, yaşayış üçün yararlı hala salınmışdır. Həmin vaxt mənzilin sahəsinin az olmasını bilməmişlər. Bundan sonra iddiaçı və ailə üzvləri orada yaşamağa başlamış, 2022-ci ilədək mənzildə yaşayış olmuşdur. 2018-ci il tarixdə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 96,6 kvadrat metr göstərilmiş, bununla da mənzilin sahəsinin müqavilədə göstəriləndən az olması onlara məlum olmuşdur.

21. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində iddiaya qarşı verilmiş etiraza və izahatlarına uyğun izahat vermiş, əlavə olaraq 2008-ci ildə mənzilin iddiaçıya təhvil verildiyini, orada təmir işlərinin aparıldığını, təqribən bir neçə il sonra iddiaçının orada yaşadığını, həmin vaxt sahənin az olması barədə heç bir müraciətin onlara ünvanlanmadığını, ümumilikdə isə “Brutto” sahə barədə həmin vaxt müraciət edən vətəndaşlara müvafiq izahların verildiyini, iddiaçının mənzili təhvil alaraq orda uzun müddət yaşamasına baxmayaraq, indi bu cür iddia verməsinin heç bir əsasının olmadığını, iddia müddətinin keçdiyini, bu səbəbdən də apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-4162/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Günay Axundova və Cəmilə Musayeva) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia təmin olunmamış, məhkəmə xərcinin iddiaçıya aid edilməsi və aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pulun iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət olunmuşdur.

23. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbini dəyişdirmiş, lakin məhkəmə dəyişdirilmiş tələbə (tələbin birinci hissəsinə) ümumiyyətlə hüquqi qiymət verməmişdir. Halbuki, iddiaçı dəyişdirilmiş tələbi üzrə ilk öncə müqavilənin mü əyyən bəndlərinin dəyişdirilməsini tələb etmişdir.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin hallarından göründüyü kimi 19 iyul 2006-cı il tarixli müqavilənin bəzi bəndlərinin iddiaçının iddia etdiyi formada dəyişdirilməsi istiqamətində tərəflər arasında qarşılıqlı razılaşma mövcud deyildir. İşin müəyyən olunmuş hallarına əsasən tərəflər 19 iyul 2006-cı il tarixli müqavilədə mübahisə predmeti olan mənzilin ümumi sahəsini “Brutto” 118,94 kvadrat metr müəyyən etmişlər. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, müqavilə bağlanılan zaman sahənin “Brutto” olaraq müəyyən edilməsi istiqamətində danışıqlar olmuş, buna baxmayaraq daha sonra müqaviləni imzalamışdır. Göründüyü kimi, iddiaçı müqavilə bağlanan zaman bu hala diqqət yetirmiş, həmin şərtin dəyişdirilməsi və ya ləğv edilməsi, m ənzilin ümumi sahəsinin digər formada hesablanması ilə bağlı şərtlərini irəli sürmək imkanına malik olmuş, lakin bunu etməmiş və müqaviləni mövcud şərtlərlə imzalamışdır.

25. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan 28 sentyabr 2022-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945 saylı məhəllədə yerləşən binanın 11-ci blok 6-cı mərtəbəsində 3 otaqlı 26 nömrəli mənzilin çöl divarının çöl hissəsindən ölçülməklə, mənzildəki arakəsmələr nəzərə alınmadan ümumi sahəsinin 118.94 kvadrat metr təşkil etdiyi müəyyən edilmişdir. Ekspert qeyd etmişdir ki, “brutto” sahəsi balkonlar, divarlar, üst-üstə düşən otaqlar da daxil olmaqla, mənzildə olan bütün otaqların ümumi sahəsini nəzərdə tutur və ölçü divarların çöl tərəfindən aparılır. Əgər alıcının “ne tto” sahəsini öyrənmək istəyi yaranarsa, onda mənzillərin plan sənədləri tələb edilir. Memar tərəfindən tərtib edilmiş planda hər bir otağın (tikilinin) netto sahəsi göstərilir. Ümumilikdə tikinti obyektinin “brutto” sahəsinə bütün tikinti ərazisi daxildir. Göründüyü kimi, müqavilənin iddia olunan şərtləri baxımından onun cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilmir. Tədqiq olunmuş sübutlardan da göründüyü kimi, cavabdeh müqavilənin mübahisə predmeti olan hissəsi üzrə iddiaçı qarşısında öhdəliklərini lazımi qaydada icra etmişdir. Ona görə də, iddiaçının bu müqavilədən irəli gələn hazırkı iddia tələbi əsassızdır və təmin olunmamalıdır.

26. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı iddia müddətini də ötürmüşdür. Bu hal isə iddianın mahiyyəti üzrə əsaslı olub-olmamasından asılı olmayaraq, iddianın rəddi üçün müstəqil əsasdır. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Yuxarıda da qeyd edildiyi kimi, mübahisə predmeti olan yaşayış sahəsi hələ 2008-ci il tarixdə faktiki olaraq iddiaçıya təhvil verilmiş, sonuncu, mənzil üzərində müstəqil sahibliyə və isti fadəyə malik olmuş, 2008-ci ildə mənzildə təmir işlərinə başlamış, 2011-ci ildə təmir tam başa çatmışdır. Bu hal isə özü-özlüyündə şəxsin öz hüququnun pozulduğunu bilməli olduğu anlamına gəlir. Eyni zamanda, iddiaçının özü də bildirmişdir ki, təmir zamanı ustalar tərəfindən müvafiq ölçmə işlərində mənzilin sahəsinin az olmasını bilmiş, bu barədə cavabdehin səlahiyyəti şəxslərinə bildirmişdir. Belə olan halda isə iddiaçının məhz müvafiq çıxarış alandan sonra (2018-ci ildə) hüquqlarının pozulmasını bilməsi barədə mövqe əsassız olmaqla, işin halları ilə uzlaşmır. İş materiallarından isə görünür ki, iddiaçının iddia ərizəsi 2022-ci ilin aprel ayında, yəni bütün iddia müddətlərinin (hətta ümumi iddia müddətinin) bitməsindən sonra verilmişdir.

28. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. İddiaçının və onun nümayəndələrinin izahatları isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 152.1, 372.1, 372.2, 375.1, 375.2, 377.1, 377.2, 373, 385.1, 390, 399.1, 405.2, 407.2, 421.1, 421.2, 423.1, 752.1, 752.2, 762.2, 773 və 776.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli, “Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli və “Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü i l tarixli Qərarlarına, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” 7 iyul 2009-cu il tarixli və “Qavazov Bolqarıstana qarşı” iş üzrə 6 mart 2008-ci il tarixli qərarlarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 107, 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

30. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd etmişdir ki, cavbdehdən müqavilə ilə aldığı mənzilə mülkiyyət hüququ 2018-ci il tarixdə onu n həmin mənzilə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.Həmin tarixdən o, mənzilin mülkiyyətçisi sayılır. Həmin tarixdə mənzilin ölçüləri rəsmi ona məlum olmuşdur. Həmin tarixdən sonra da o, öz narazılığını bildirmişdir. Bu halı cavabdehin nümayəndəsi özü də məhkəmə zalında etiraf etmişdir. Mənzilə çıxarış alana qədər mənzilini ölçüləri barədə onlara şikayət etmədiyini, çıxarış aldıqdan sonra onlara şikayət etdiyini və artıq ödənilən pulu tələb etdiyini məhkəmədə təsdiq etmişdir. Yəni hüquqlarının pozulması ona 2018-ci ildə məlum olmuşdur. 2022-ci ildə o, məhkəməyə müraciət etmişdir. Odur ki, hər hansı bir iddia müddətini ötürməmişdir. Cavabdeh şirkət müqavilədə ona sahəsi 118,94 kv. M. mənzil satdığını qeyd etsə də, əslində sahəsi 96,6 kv m. olan mənzil satmışdır. 118,94 kv.m. sahə mənzilin çöl divarının çöl hissəsindən ölçülməklə, mənzildəki arakəsmələr nəzərə alınmadan olan ölçüdür. Həmin qayda ilə mənzilin sahəsinin hesablanması yuxarıda qeyd edilən qanunların tələbinə ziddir. Digər tərəfdən cavabdeh müqavilədə mənzilinin sahəsinin qarşısında tikinti normalarında nəzərdə tutulmayan “brutto” terminini qeyd etməklə kifayətlənmiş, həmin termininin başa düşülən şəkildə izahını yazmamışdır ki, bu hal da onun cavabdeh tərəfindən aldadılmasına sübutdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

32. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

33. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

34. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

35. Maddə

373. Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

36. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

37. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

38. Madə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır.

39. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır.

40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

41. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi ol ur.

42. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

43. Maddə 405.2.Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

44. Maddə 421.1. Ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur.

45. Maddə 42 1.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

46. Maddə 423.1. Məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

47. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə t utulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

48. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

49. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

50. Maddə

773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

51. Maddə 776.1. Sifarişç i icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 8 may 2008-ci il tarixli Qərarı.

52. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449- cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarı.

53. Azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyriəmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edi lməsi ilə nəticələnir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı.

54. İddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarı.

55. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin t ətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli Qərarı.

56. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 6 mart 2008-ci il tarixli Qərarı.

57. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikasının Mül ki Prosessual Məcəlləsi.

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

61. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

62. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

67. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

69. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

70. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütünlüklə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

72. Kassasiya şikayətinə Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu, iddia müddətinin ötürülməməsi barədə dəlilləri əsassızdır.

73. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

74. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamas ına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

75. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 76. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həm in Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

77. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

78. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəmə sinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4162/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar