Məhkəmə qərarları › İş №2(102)-6327/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6327/2021

30.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6327/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X2 və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqı, boşdayanma vaxtı əməyin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Səfərov Elşən Zakir oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2021-ci il tarixli, 2(103)5701/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı fərdi sahibkar X1 məxsus “Gənclik Mall” Ticarət mərkəzində yerləşən “Koton” mağazasında 27.12.2019-cu il tarixdən satış məsləhətçisi vəzifəsində işləməyə başlamış, aylıq əmək haqqı 250 manat müəyyən edilmişdir. İddiaçı ilə əmək müqaviləsinə işəgötürənin 25.11.2020-ci il tarixli, 176 №-li əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər X2 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1237,30 m anat məbləğində əmək haqqının, 1000 manat məbləğində mənəvi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona rəsmi olaraq maaş kartı fevral ayının sonunda təqdim edilmişdir. 13 avqust 2020-ci il tarixdə X3 Xidmətinə əmək haqqının ödənilməsi üçün həm yazılı, həm elektron qaydada müraciət etmişdir. Bir müddət araşdırma aparılmış, həm onu, həm də Cavabdeh2 MMC-nin əməkdaşlarını dəvət edib dinləmişlər. Bundan sonra avqust ayının sonunda ona fəaliyyətinə icazə verilmiş mağazalardan birində satış məsləhətçisi işi təklif edilmışdır. O, keçən ayların ödənilməmiş əmək haqlarının ödənilməsi şərtilə bu təklifi qəbul edəcəyini bildirsə də, şirkət ödənilməmiş əmək haqlarının bundan sonra da ödənilməyəcəyini bildirmişdir. Bir neçə dəfə fasilələrlə cavabdehlərə müraciət etsə də, əmək haqqının ödənilməsi, həmçinin yeni işlə təmin edilməsi mümkün olmamışdır. 13.10.2020-ci il tarixdə işdən imtina etmişdir. Uzun müddət (oktyabr, noyabr) gözləsə də konkret tədbirlər görülməmişdir. Yekunda məcbur qalıb başqa iş tapmaq üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini və son haqqhesabın edilməsini xahiş etmişdir. Bu müddətdə əmək haqqının ödənilməməsi ilə yanaşı ona cavabdehlər tərəfindən mənəvi sarsıntılar keçirməyinə səbəb olacaq hərəkətlər də edilmişdir. Mənəvi ziyanı əmək haqqına münasibətdə 1000 manat məbləğində qiymətləndirir.

4. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsindən də göründüyü kimi iddia edilən əmək haqqı dövrü xüsusi k arantin rejiminin qüvvədə olduğu müddətləri əhatə edir. Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 nömrəli qərarı ilə Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi tətbiq edilmişdir. Həmin qərarla iri ticarət obyektlərinin fəaliyyətinə, o cümlədən orada yerləşən obyektlərin fəaliyyətinə məhdudiyyət tətbiq edilmişdir, karantin rejimi işçilərdən daha çox sahibkarlara təsirsiz keçməyib. Həmin qərarın 1.4-cü bəndi ilə eyni zamanda fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə tövsiyə edilmişdir. Göründüyü kimi həmin qərarın tələblərinə uyğun olaraq cavabdeh öz fəal iyyətini iradəsindən asılı olmayan səbəbdən faktiki olaraq dayandırmış, hər hansı dövriyyəsi, fəaliyyəti və gəliri olmamışdır. Bundan başqa iddiaçı işləmədiyi günlərə görə əmək haqqı tələb edir. Onun işə çıxmasına tərəflərindən hər hansı məhdudiyyət qoyulmayıb. Dövlət tərəfindən yardım olaraq ödənilmiş vəsaitlər tam olaraq işçilərə, o cümlədən İddiaçı ödənilmişdir. İddiaçıya 2020-ci ilin iyul ayında da ödəniş edilmişdir. Eyni zamanda öz istəyi ilə iş yerini tərk etmiş şəxslərə dövlət işsiz statusu vermir. Bundan başqa işsiz statusu olan şəxslərdən fərqli olaraq iddiaçının xüsusi karantin rejimindən sonra iş yeri var. İddiaçı ona mənəvi ziyanın vurulmasını hər hansı formada əsaslandıra bilməmiş və buna dair hər hansı sübut təqdim etməmişdir.

5. Yasamal Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli, 2(004)-1137/2021 saylı qətnaməsi ilə (hakim T.Xəlilova) iddia təmin edilməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırki iddia tələbi ilə aprel ayında 87 manat, iyul ayında 237,75 manat, avqust ayında 112,30 manat, sentyabr ayında 237,75 manat, oktyabr ayında 237,75 manat, noyabr ayında 237,75 manat olmaqla cəmi 1237,30 manat məbləğində ödənilməmiş əmək haqlarının ona ödənilməsini məhkəmədən xahiş edir. Lakin həmin dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli qərarına əsasən işəgötürənin iradəsindən asılı olmayan səbəbdən işçi işə çıxmamışdır. Beləliklə, əmək haqqının vaxtında verilməməsində işəgötürənin təqsirli olması halı sübut edilməmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1 -ci maddəsi və Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli qərarının 1.4-cü bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2021-ci il tarixli, 2(103)5701/2021 saylı qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

10. Apellyasiya ins tansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı əmək haqqının ödənilməsini tələb etdiyi dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli qərarına əsasən işəgötürənin iradəsindən asılı olmayan səbəbdən işə çıxmamış, lakin, əmək haqqı iki bərabər hissəyə bölünməklə iddiaçıya ödənilmişdir. Bu hal "xxxx" ASC tərəfindən təqdim edilmiş əmək haqqı cədvəlində də (səh. 49) öz əksini tapmışdır. Beləliklə, əmək haqqının vaxtında verilməməsində işəgötürənin təqsirli olması halı sübut edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıx arılmasını xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Belə ki, hazırki iş üzrə yaranmış münasibətlər konstitusion hüquqlar, əmək qanunvericiliyi və digər qanunlarla tənzimlənməlidir. İşçinin xahişləri doğrultusunda onun işdən azad edilməsi birbaşa işçinin hüquqlarının pozulması deməkdir. Aydındır ki, işəgötürən tərəfindən məhdudiyyətlərin qoyulmaması işdən çıxmağa maneə deyil. Ancaq vurğulanan xüsusatlar başqadır. Bu vəziyyətdə işçi işəgötürəndən işdən çıxmağı xahiş etməməli, işəgötürən isə onun əmək hüquqlarına təminat verməlidir. Həmçinin pandemiya zamanı işəgötürənin onunla eyni statusda olmayan işçi ilə özünü müqayisə etməsi absurddur. İşəgötürən işçi ilə aralarında əmək münasibətləri yarandığı üçün əmək qa nunvericiliyinə uyğun hərəkət etməli idi. Məhkəmənin istinad etdiyi Nazirlər Kabinetinin qərarı ilə Konstitusiyaya uyğun olaraq iyerarxiya baxımından Konstitusiya və qanunlardan aşağı hüquqi qüvvəyə malikdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

15. Cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Səfərov Elşən Zakir oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını bildirərək, şikayətin rədd olunmasını xahiş etdilər. Nümayəndə əlavə olaraq qeyd etmişdir ki, Əmək Məcəlləsinin154-cü maddəsinə əsasən, işçiyə gördüyü işə (göstərdiyi xidmətlərə) görə əmək haqqı ödənilir. İddiaçın ın tələb etdiyi müddətdə iş görməmişdir və buna görə də onun həmin dövr üçün əmək haqqı ödənilməsini tələb etməsi əsassızdır. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyası Maddə

35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

17. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə

3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

16. Fərdi əmək mübahisəsi - əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yar anan fikir ayrılığıdır. Maddə

2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə

9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; Maddə

12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllən in və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; Maddə

154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə

155. Əmək haqqının minimum məbləği

1. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə

154. Əmək haqqı

1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (g östərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə

156. Əməyinin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsi

1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Maddə

169. Boşdayanma vaxtı əməyin ödənilməsi

1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. M addə

172. Əmək haqqının verilməsi müddətləri

1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaql a apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

20. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fakt lara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmişdir. Bu baxımdan qətnamə ləğv edilməli və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

24. Apellyasiya instansiyası məhkəməsi iddianın rəddinin əsası kimi qeyd etmişdir ki, “iddiaçı işəgötürənin iradəsində n asılı olmayan səbəbdən işə çıxmamış, lakin əmək haqqı iki bərabər hissəyə bölünməklə iddiaçıya ödənilmişdir. Bu hal "xxxx" ASC tərəfindən təqdim edilmiş əmək haqqı cədvəlində də (səh. 49) öz əksini tapmışdır. Beləliklə, əmək haqqının vaxtında verilməməsində işəgötürənin təqsirli olması halı sübut edilməmişdir. Əmək haqqı iki bərabər hissəyə bölünməklə iddiaçıya ödənilmişdir. Bu hal Xalq Bank tərəfindən təqdim edilmiş əmək haqqı cədvəlində də (səh 49) öz əksini tapmışdır.”

25. Məhkəmə kollegiyası cavabdehin Əmək Məcəlləsinin 154-cü maddəsinə istinadla “işçiyə gördüyü işə görə əmək haqqının ödənilməli olması” barədə dəlili, habelə apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə bağlı qeyd edir ki, nə cavabdehin dəlili, nə də məhkəmənin əsaslandırması, iddiaçını boşdayanma müddətin də qanunla müəyyən olunmuş minimum həddə əmək haqqı almaq hüququndan məhrum etmir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ədalətli məhkəmə araşdırılması prinsipinə uyğun deyildir.

26. Əmək Məcəlləsinin 154-cü maddəsində əmək haqqına verilən anlayışda əmək haqqına: işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ; ona edilən əlavələr və mükafatlar; digər ödənclər aid edilmişdir.

27. Bu normada nəzərdə tutulan əmək haqqı anlayışı, Əmək Məcəlləsinin 169-cu maddəsində bəhs edilən boşdayanma vaxtı ödənilən tarif (vəzifə) maaşını da ehtiva edir.

28. Əmək Məcəlləsinin 169-cu maddəsində boşdayanma müddəti üçün əmək haqqının ödənilməsinin əsasları müəyyən olunur. Həmin normanın birinci hissəsinin məzmunundan irəli gələn əməyin ödənilməsini şərtləndirən “boşdayanma vaxtı”nın mənası – işçinin təqsiri olmadan əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirə bilməməsini ehtiva edir. Yəni bu normada işçinin təqsiri olmadığı halda, boşdayanma müddəti üçün əmək haqqının ödənilməsi işəgötürənin təqsirli olub-olmamasından asılı edilməmişdir. Sözügedən normanın ikinci hissəsində boşdayanma üçün əmək haqqının ödənilməməsi üçün müəyyən olunan yeganə əsas işçinin təqsiri üzündən əmək funksiyası üzrə öhdəliklərin yerinə yetirilməməsidir.

29. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və dig ər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. (Konstitusiya Məhkəməsi Plenumunun “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 aprel 2011-ci il tarixli Qərarı).

30. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur.

31. İş materialları ilə müəyyən edilir ki, İddiaçı fərdi sahibkar X1 məxsus “Gənclik Mall” Ticarət mərkəzində yerləşən, “Koton” mağazasında 27.12.2019-cu il tarixdən satış məsləhətçisi vəzifəsində işləməyə başlamış, onun əmək müqaviləsi üzrə əmək haqqı 250 manat müəyyən edilmiş, tutulmalardan sonra isə ona aylıq əmək haqqı 237 manat olmuşdur.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 nömrəli qərarı ilə Koronovirus (COVİD-19) infeksiyasının yayılmasın ın qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi tətbiq edilmiş və həmin qərarla iri ticarət obyektlərinin fəaliyyətinə, o cümlədən orada yerləşən obyektlərin fəaliyyətinə məhdudiyyət tətbiq edilmişdir. Həmin qərarın 1.4-cü bəndi ilə eyni zamanda fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilmişdir.

33. İddiaçı 2020-ci ilin mart ayından öz ərizəsi ilə işdən azad edildiyi 25.11.2020-ci il tarixə kimi işə çıxmamış və ona işəgötürən tərəfindən aylıq 237 manat olmaqla 1896 manat (8x237=1896) əmək haqqı verilməli idi. Lakin "xxxx" ASC tərəfindən təqdim edilmiş əmək haqqı cədvəlindən (səh. 49) görünür ki, i şəgötürən tərəfindən iddiaçıya müvafiq dövr üçün 1413 manat əmək haqqı ödənilmişdir.

34. Məhkəmə kollegiyası göstərir ki, işəgötürən tərəfindən iddiaçının əmək hüququ pozulmuşdur. Çünki pandemiya ilə əlaqədar karantin tədbirlərinin tətbiq olunması səbəbindən boşdayanma, iddaçıya əmək haqqının ödənilməməsinə əsas vermir. Nazirlər Kabinetinin qərarlarında bu barədə müddəa yoxdur.

35. Baxılan mübahisənin həllində əmək haqqı ilə bağlı məhdudlaşdırıcı norma kimi yalnız Əmək Məcəlləsinin 169-cu maddəsinə istinad oluna bilər. Həmin normaya görə işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Buna görə də iddiaçının tələbi yalnız həmin məbləğlə məhdudlaşdırıla bilər.

36. Azərbaycan Respublikası Əmək Mə cəlləsinin 155.2-ci maddəsinə əsasən minimum əmək haqqı - iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Minimum əmək haqqı 2020-ci il üçün ölkə ərazisində Azərbaycan Respublikası Prezidentinin 18.06.2019-cu il tarixli sərəncamına müvafiq olaraq 250 manat məbləğdə müəyyən edilmişdir.

37. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozuntusu ilə çıxarılmış, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkə məyə göndərilməlidir.

39. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2021-ci il tarixli, 2(103)5701/2021 saylı qətnaməsi ləğv edi lsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar