Məhkəmə qərarları › İş №2(102)-639/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-639/2022

07.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-639/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X5) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba rayon notariat kontoruna (23 saylı notariat ofisinə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, işdə iştirak etməli şəxsin iştirakı olmadan işə baxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən v ə məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(105)1449/2021 nömrəli qətnaməsindən üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Quba Rayon Məhkəməsinin 12 iyun 2006-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 iddiası təmin olunaraq, digər şəxslərlə yanaşı İddiaçı5, X4, İddiaçı2 özlərinə və azyaşlı uşaqları X6 və İddiaçı1 JN 1148 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 1,06 ha. əkin və bağ sahəsinin oktyabr 2014-cü il tarixdə iddiaçı Cavabdeh 1 satılmasına dair alqı-satqı əqdlərin etibarlı hesab edilməsi, həmin torpaq sahələrinə Cavabdeh1 mülkiyyət hüququnun tanınması və adına dövlət qeydiyyatına alınması və reyestrdən çıxarış verilməsinin DƏDRX-nın Xaçmaz rayon idarəsinə həvalə edilməsi qət edilmişdir. Quba rayonunun İ ünvan 1 kəndinə 0,6297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ 09 avqust 2006-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 23 iyul 2012-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı5 və X3 apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 12 iyun 2006-cı il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı5, X4 və ailə üzvlərinin JN 1148 saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini iddiaçı Cavabdeh1 alqı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi hissəsində ləğv edilmiş, iddiaçı Cavabdeh1 iddiası həmin hissədə təmin edilməmişdir. Quba rayonunun İ ünvan 1 kəndinə 0,6297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X4, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyət hüquqları 18 aprel 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Quba rayonu notariat kontorunda təsdiq olunmuş 03 avqust 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh1 Quba rayonu, İ ünvan 1 kəndindəki 0,6297 ha torpaq sahəsini Cavabdeh2 satmış və sonuncunun mülkiyyət hüququ 13 mart 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X7 14 may 2019-cu il tarixdə vəfat etmişdir. Qusar rayonu notariat kontorunda təsdiq olunmuş 05 may 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh2 Quba rayonu, İ ünvan 1 kəndindəki 0,6297 ha torpaq sahəsini X2 və sonuncunun mülkiyyət hüququ 13 may 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X10) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər DƏ DRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba rayon notariat kontoruna (23 saylı notariat ofisinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, İ ünvan 1 kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi üzrə üçüncü şəxs Quba rayonu notariat kontoru tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış AN-İ № ******* saylı, 03 avqust 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzrə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Cavabdeh2 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı, 13 mart 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və qeyd edilən torpaq sahəsinin iddiaçıların sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 23 iyul 2012-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 Quba rayonu, İ ünvan 1 kəndindəki 1,06 ha, o cümlədən 0,6297 ha torpaq sahəsi üzərində qanunsuz tanınmış mülkiyyət hüququna xitam verilsə də, sonuncu saxtakarlıq edərək, sözügedən torpaq sahəsini Cavabdeh2 satmışdır. Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(027)-1270/2020 nömrəli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddianın təmin edilməsi, Quba rayonu, İ ünvan 1 kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Quba rayonu notariat kontorunun xüsusi notariusu X18 tərəfindən 4Ə-2443 r eyestr nömrəsi təsdiq edilərək Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış AN-İ № ******* saylı 03 avqust 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Quba rayonu, İ ünvan 1 kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Cavabdeh2 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı 13 mart 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Quba rayonu, İ ünvan 1 kəndində yerləşən 0,6297 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X5) sahibliyinə qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2, 337.3, 337.4, 340.2-ci, Mülki Prosessual Məcəlləsinin 82.3, 191.3, 233.3-cü maddələrinə istinad edərək hesab etmişdir ki, iddia əsaslıdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(027)-1270/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(105)-1449/2021 nömrəli qərardadı ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və T.Q.Məmmədovdan ibar ət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı4 nümayəndəsi Vəkil1 iddiadan imtina barədə ərizəsi təmin edilmiş, Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(027)-1270/2020 nömrəli qətnaməsi ləğv edilmiş və İddiaçı4 aid iddia tələbi üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(105)-1449/2021 nömrəli qətnaməsi ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və T.Q.Məmmədovdan ibarət tərkibdə) üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, Quba rayonu, İ ünvan 1 kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Quba rayonu notariat kontorunun xüsusi notariusu X18 tərəfindən 4Ə2443 reyestr nömrəsi ilə təsdiq edilərək Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış ANİ № ******* saylı 03 avqust 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Quba rayonu, İ ünvan 1 kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı, 13 mart 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Quba rayonu, İ ünvan 1 kəndində yerləşən 0,6297 ha torpaq sahəsinin İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X10) sahibliy inə qaytarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin Cavabdeh1 adına qeydə alınmasına əsas olmuş 12 iyun 2006-cı il tarixli məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin 23 iyul 2012-ci il tarixli qətnaməsi ilə ləğv edildiyindən və həmin torpaq sahəsinə 18 aprel 2013-cü il tarixdə iddiaçıların mülkiyyət hüquqlarını tanındığından, Cavabdeh1 həmin torpaq sahəsini digər Cavabdeh2 satmasına dair 03 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbinin çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə isə hesab etmişdir ki, qeyd olunan çıxarış alqı-satqı müqaviləsi əsasında verildiyindən və həmin müqavilə də məhkəmə kollegiyası tərəfindən etibarsız hesab edildiyindən, iddia tələbi bu hissədə d ə təmin edilməli və torpaq sahəsi iddiaçıların sahibliyinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinin Cavabdeh2 tərəfindən 05 may 2020-ci il tarixdə Əbülfəz Məmmədliyə satılması və sonuncunun adına 13 may 2020-ci il tarixdə çıxarış verilməsi, bununla da ləğv edilməsi nəzərdə tutulan torpaq sahəsinə dair mülkiyyət hüququnun Cavabdeh2 tərəfindən itirilməsi və bunun gələcəkdə məhkəmə qətnaməsinin icrasını qeyri-mümkün edəcəyi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı hesab etmişdir ki, hazırki iddia tələbi Cavabdeh2la üçüncü şəxs kimi cəlb edilmiş Əbülfəz Məmmədli arasında bağlanmış əqdin və onun nəticələrindən əvvəlki, yəni Cavabdeh1la Cavabdeh2 arasında əqdin hüquqi nəticələrini əhatə etdiyindən, Cavabdeh2 hazırda 05 may 2020-ci il tarixli müqav iləyə əsasən daşınmaz əmlaka mülkiyyət hüququnun itirməsinin əhəmiyyəti yoxdur. Digər tərəfdən, iddiaçıların nümayəndəsi Vəkil1 məhkəmə kollegiyasının iclasında qeyd etdiyi kimi iddiaçılar Cavabdeh2la Əbülfəz Məmmədli arasında bağlanmış 05 may 2020-ci il tarixli əqdi və onun əsasında verilmiş çıxarışı məhkəmə qaydasında mübahisələndirmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(105)1449/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüq uq normalarını pozmuş, işin faktiki halların düzgün müəyyən etməmişdir. Belə ki, Quba rayonu, İ ünvan 1 kəndində yerləşən 0,6297 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən 05 may 2020-ci il tarixli müqavilə ilə X1, həmin müqavilə əsasında torpaq sahəsinə xüsusi mülkiyyət hüququ X8 adına 13 may 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, bununla da ləğv edilməsi nəzərdə tutulan torpaq sahəsinə dair mülkiyyət hüququ Cavabdeh2 tərəfindən artıq itirilmişdir. Odur ki, məhkəmə qətnamə qəbul edərkən Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərini pozmuşdur. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hə dləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir gö stərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitammı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayə t həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 418.4.5-ci maddəsinə əsasən işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı he sab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iş materiallarına əsasən apellyasiya instansiyası məhkəməsi 28 aprel 2021-ci il tarixli iclasında mübahisələndirilən torpaq sahəsinin üzərində hazırda mülkiyyət hüququ qeydə alınmış X11 iş üzrə üçüncü şəxs qismində cəlb etmiş və iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə iclasını təxirə salmışdır. Lakin iş materiallarında olan məlumatlara (DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışına və 05 may 2020-ci il tarixli müqavilənin surətinə) əsasən X14 ünvan 1 ünvanında qeydiyyatda olsa da, sonuncuya ünvanlanmış məhkəmə bildirişləri ünvan 2 ünvanın düz olmaması səbəbi ilə bildirişlər məhkəməyə qaytarılmışdır. Apellya siya instansiyası məhkəməsi məhkəmə iclasını daha bir dəfə təxirə salmış, məhkəmə bildirişini yenidən səhv ünvana göndərmiş və üçüncü şəxsin iştirakını təmin etmədən işə mahiyyəti üzrə baxaraq mübahisələndirilən qətnaməni qəbul etmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi mübahisəli daşınmaz əmlakın hazırki titul mülkiyyətçisinin X8 olmasını, qəbul ediləcək qətnamənin onun hüquq və maraqlarına toxunacağını nəzərə alaraq, işə onun iştirakı ilə baxılmasını zəruri hesab etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, MPM-in 418.4.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassator eyni möv qedən çıxış edərək, apellyasiya instansiyası məhkəməsinə torpaq sahəsinin yeni mülkiyyətçinin olmasını və qəbul edilən qətnamənin icrasının qeyri-mümkün olacağını göstərmişdir. Dolayısı ilə apellyator müqavilə tərəfinin vicdanlılığına hüquqi qiymət verilməsini xahiş etmişdir. Lakin apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, eyni məzmunlu qətnamə qəbul edərkən (bunun səbəbi də qətnamədə açıqlanmamışdır), mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən toplanmış notariat işini tələb edərək öyrənməmiş, torpaq sahəsinin üzərində iddiaçıların mülkiyyət hüquqları 18 aprel 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, 03 avqust 2017-ci il tarixdə Cavabdeh1 həmin torpaq sahəsinin satılmasının mümkünlüyünü araşdırmamış və id diaya MM-in 140-cı maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Bal ani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cav ab vermir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respu blikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(105)-1449/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar