Məhkəmə qərarları › İş №2(102)-6732/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6732/2019

30.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6732/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli 2(103)6130/2019 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev, iş № 2(011)-75/2019) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair i ddiası qismən təmin edilərək cavabdehlərdən 24 dekabr 2013-cü il tarixli lizinq müqaviləsi üzrə müştərək qaydada cəmi 22.676,60 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev, E.Y.Şamayev və Ş.Ə.Məhərrəmova) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xətai rayon məhkəməsinin 04 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib cavabdehlərdən cəmi 22.734.5 manat tutulub iddiaçıya verilməsinə, qalan hissədə iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilmişdir. İşin halları: 24 dekabr 2013-cü il tarixdə Lizinq şirkəti ilə Cavabdeh1 arasında daxili lizinq müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə 1 ədəd təkərli ekskavator lizinqə verilmişdir. Müqaviləyə əsasən cavabdeh İddiaçı QSC-yə avans kimi 37.000 manat, əsas borc kimi 86.000 manat, lizinq mükafatı kimi 31.381 manat, sığorta haqqı kimi 4124 manat ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. 2017-ci ilin sentyabr ayında lizinq şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onlara lizinq müqaviləsi üzrə cəmi 98.925.40 manat məbləğində ödəniş etməsini, qanunsuz faydalanmaqla əldə etdiyi vəsaitlə birlikdə cəmi 42.714.09 manat məbləğində borcun isə ödənilməməsini əsas göstərməklə həmin borcun Cavabdeh2 və Cavabdeh1 tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək qətnamə ilə müəyyən olunmuş borcun məbləğinin əsaslandırılmamış ekspert rəyinə istinad edilməklə müəyyən olunmasını, ödənişin gecikdirilməsinə görə tələb olunan 2319.48 manatın əsassız olaraq 42 manat müəyyən olunmasını və s. əsas göstərməklə qətnamənin qismən - iddia tələbinin rədd olunmuş hissəsində ləğv edilib iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh1 və vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh1 lizinq müqaviləsi üzrə borcunun müəyyən olunması məqsədi ilə məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin olunmuş və ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, müqavilənin müddətinin bitdiyi 25 dekabr 2016-cı il tarixə cavabdehin şirkətə ol an borcu cəmi 22.576,6 manat, o cümlədən əsas borc 21.449,6 manat, faiz borcu 1127.0 manat təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi ekspertizanın rəyinə qiymət verərək hesab etmişdir ki, həmin rəy qoyulmuş suallara və iş üzrə müəyyən olunmuş sübutlara uyğun olmaqla rəyin düzgünlüyünün şübhə altına alınması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmin nəticəyə gələrkən işin müəyyən olunmuş hallarına və qanunun tələblərinə əsaslanmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik və lizinq münasibətlərini tənzimləyən müddəalarına, 449, 462.1, 467-ci maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası tərəfindən dəbbə pulunun azaldılaraq 100 manat məbləğində müəyyən olunması Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə uyğun olduğundan kollegiya qətnaməni həmin hissədə qanuni sayır. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, iddiaçıya məxsus pul vəsaitindən faydalanmağa görə cavabdehdən 4523 manat tələb edilməsi üçün əsaslar yoxdur. İşdən görünür ki, dayanacaqda baş vermiş yanğın nəticəsində lizinq obyekti yanmış, tərəflər arasında bağlanmış 24 dekabr 2013-cü il tarixli müqavilə üzrə 26 iyul 2016-cı il tarixə ödənilməmiş qalan 22.970 manat məbləğində borcun bir hissəsinin sığorta ödənişi hesabına, qalan hissəsinin cavabdehin hesabına ödənilməsinə iddiaçı razılıq vermişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, pulun ödənilməsinin gecikdirilməsi cəmi 14 gün təşkil etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası tərəfindən gecikmə faizinə görə tələb olunan 2319.48 manat 42 manat həcmində təm in edilmişdir. Göstərilənlərlə əlaqədar kollegiya qətnaməni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələbinə uyğun olduğundan kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar