Məhkəmə qərarları › İş №2(102)-703/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-703/2023

07.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-703/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (X10, X6, X11 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlak, qanun və vəsiyyət üzrə vərəsəlik, vəsiyyətnamənin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X10, X6, X11 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və məcburi payın müəyyən edilməsi tələbinə dair m ülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1157/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 07 fevral 2023-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X12 28 fevral 1959-cu il tarixdə X3 ilə nikaha daxil olmuş, bu nikahdan yeddi övladı olmuşdur: İddiaçı, Cavabdeh, X10, X6, X11, X7 və X8. X1 vəfat etmişdir.

2. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə X5 Gədəbəy rayonu, Düzrəsullu kəndində 4396.94 kv.m. həyətyanı torpaq sahəsi ayrılmışdır (əsas: AN 120880 saylı “Torpaq sahəsinin planı və ölçüsü).

3. Gədəbəy rayon Düzrəsullu kənd X9 1991-1995-ci illərə dair 1 nömrəli təsərrüfatbaşına kitabında X4 adına 7 nömrəli şəxsi hesablı təsərrüfat qeyd edilmiş və aşağıdakı ailə üzvləri göstərilmişdir: qızı X13 xx.xx.1972; oğlu Cavabdeh xx.xx.1975. Torpaq sahəsi qrafasında ümumilikdə 0.25 ha torpaq sahəsi və tikili qrafasında ümumi sahəsi 50 kv.m. olan ev qeyd edilmişdir.

4. Reyestrdə 2V-557 nömrə ilə qeyd edilmiş, 21 noyabr 2018-ci il tarixdə tərtib edilmiş vəsiyyətnaməyə əsasən, X12 ona məxsus Gədəbəy rayonu, Düzrəsullu kəndində yerləşən həyətyanı torpaq sahəsinin 0.12 ha hissəsini oğlu İddiaçı (bundan sonra – iddiaçı) vəsiyyət etmiş, qalan vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir.

5. X12 04 may 2021-ci il tarixdə Gədəbəy rayonu, Düzrəsullu kəndində ölmüşdür.

6. İddiaçının atasından qalmış mirasın qəbulu ilə bağlı müraciətinə cavab olaraq Maraqlı şəxs tərəfindən 19 avqust 2021-ci il tarixl i, 408 nömrəli məktubla bildirilmişdir ki, qardaşı Cavabdeh (bundan sonra – cavabdeh) ilə aralarında mübahisə olduğundan ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamış və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atasından miras qalmış Gədəbəy rayonunun Düzrəsullu kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə (vəsiyyətnamə əsasında) qanun üzrə vərəsə kimi tanınması, eləcə də mərhum atasından miras qalmış fərdi yaşayış evindən və digər həyətyanı torpaq sahəsindən vərəsə olaraq ona düşən məcburi payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onu nla əsaslandırılmışdır ki, valideynlərinin Gədəbəy rayonunun Düzrəsullu kəndində özlərinə məxsus fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi olmuşdur. Onlar ailədə 7 övlad olmuş, qardaşı olan cavabdehlə münasibətləri əvvəllər normal olmuşdur. O, müntəzəm olaraq ata mülkünə gələrək onların sağlamlıqları ilə maraqlanmış və onlara lazımi köməkliklər göstərmişdir. Atası xx.xx.2021-ci il tarixdə vəfat etmiş, ölməmişdən öncə xx.xx.2018-ci il tarixdə Gədəbəy rayon notariat kontoru tərəfindən öz adına olan həyətyanı torpaq sahəsinin 0.12 ha hissəsini digər vərəsələrini vərəsəlik hüququndan məhrum etməklə ona vəsiyyət etmişdir. Vəsiyyətnamənin qüvvədə olması xx.xx.2021-ci il tarixdə Notariat Kontoru tərəfindən təsdiq edilmişdir. 2018-ci ildə həmin torpaq sahəsinin ətrafına metal setka çəkmiş və to rpaq sahəsini istifadə etmişdir. Lakin cavabdeh 2021-ci ildə metal setkanı sökərək, torpaq sahəsindən istifadə etməsinə maneçilik törətmiş, eyni zamanda bir ton kartof məhsulunu zay edərək yarasız hala salmışdır. Bundan başqa, həmin torpaq sahəsi Gədəbəy rayon AİK-nın qərarı əsasında atasının adına verilmiş, lakin atası vəfat etdikdən sonra cavabdeh həmin sənədi könüllü olaraq ona verməkdən imtina etmişdir. Atası tərəfindən vəsiyyət edilmiş 0.12 ha torpaq sahəsinin öz adına keçirilməsi ilə əlaqədar notariat kontoruna, eləcə də DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciətlər etmiş, lakin notariat kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə imtina məktubu verilərək, qardaşı ilə aralarında mübahisə olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

9. Cavabdeh məhkəmə iclasında verdiy i izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, Gədəbəy rayonu, Düzrəsullu kəndində yaşayır. Onlar ailədə 7 övlad olmuş, bacısı Azadə vəfat etmişdir. İddiaçı 1980-cı il tarixdən ata mülkündən köçərək başqa ünvanda yaşamışdır. Atasından miras qalmış evin sənədi yoxdur. Atası iddiaçıya vəsiyyətnamə verərkən 89 yaşı olmuşdur ki, onun bu yaşda vəsiyyətnamə verməsi inandırıcı deyildir.

10. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(042)-953/2021 nömrəli, 13 oktyabr 2021-ci il qətnaməsi ilə (hakim Marif Kazımov) iddia təmin edilərək, iddiaçının Gədəbəy rayonu, Düzrəsullu kəndində yerləşən atasından miras qalmış həyətyanı torpaq sahəsinin 0.12 ha hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınmış, həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilmiş, Gədəbəy rayonu, Düzrəsullu kəndində yerləşən atasından miras qalmış ümumi sahəsi 50 kv.m olan fərdi yaşayış evinə və onun yerləşdiyi 0.25 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ tanınmış, həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilmiş və həmin əmlakdan 1/6 hissədə payı müəyyən edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, miras qoyanın adına 0.12 ha və 0.25 ha torpaq sahələri və ümumi sahəsi 50 kv.m. olan fərdi yaşayış evi qeyd edilmişdir. Həmin fərdi yaşayış evi və torpaq sahələri ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənədlər olmasa da, onların mərhuma məxsusluğu mübahisələndirilmir və sözügedən fərdi yaşayış evi və torpaq sahələri barəsində onun mülkiyyətə dair qanuni gözləntisi olmuşdur. Ona görə də, həmin əşyalar ondan qalmış miras kütləsinə daxil edilməlidir.

12. Məhkəmə mərhumdan qalmış miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab etmişdir ki, mərhum tərəfindən iddiaçının adına həyətyanı torpaq sahəsinin 0.12 ha hissəsində vəsiyyətnamə qoyulduğundan həmin əmlakla bağlı vəsiyyətnamə üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Belə ki, miras qoyan reyestrdə 2V-557 nömrə ilə qeyd edilmiş, 21 noyabr 2018-ci il tarixdə verilmiş vəsiyyətnaməyə əsasən, ölən günədək ona məxsus Gədəbəy rayonu, Düzrəsullu kəndində yerləşən həyətyanı torpaq sahəsinin 0.12 ha hissəsini iddiaçıya vəsiyyət etmişdir. Qalan vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. Həmin əmlak iddiaçı tərəfindən idarə edilmiş, faktiki olaraq qəbul edilməs i nümayiş etdirilmişdir.

13. Ümumi sahəsi 50 kv.m. olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.25 ha torpaq sahəsinə münasibətdə isə vəsiyyətnamə qoyulmadığından qanun üzrə üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. İddiaçı atasının ölümünədək həmin evə mütəmadi olaraq gəlib-getmiş, lakin atası vəfat etdikdən sonra cavabdehlə aralarına olan münasibət pozulmuş, buna görə də, qeyd edilən tələblə məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin, mirasın qismən qəbulu mümkün deyildir. Mirasın hər hansı hissəsi qəbul edilmişdirsə, miras tam olaraq qəbul edilmiş hesab edilir. Miras vəsiyyətnamə qoyulan hissədə iddiaçı tərəfindən qəbul edildiyindən, o, qanun üzrə vərəsə olaraq digər əmlakı da qəbul etmişdir. Odur ki, iddiaçının ümumi sahəsi 50 kv.m. olan fərdi yaşayış evi və onun yerləşdi yi 0.25 ha torpaq sahəsinə də qanun üzrə vərəsəlik hüququ tanınmalı və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir.

14. Məhkəmə payları müəyyən edərkən qanun üzrə vərəsəlik zamanı miras almağa çağırıla biləcək qanun üzrə vərəsə 6 nəfər olduğundan hər birinin miras əmlakda 1/6 hissədə payının olduğunu nəzərə alaraq, hesab etmişdir ki, iddiaçının sözügedən fərdi yaşayış evindən və onun yerləşdiyi 0.25 ha torpaq sahəsindən ibarət əmlaka 1/6 hissədə qanun üzrə vərəsəlik payı müəyyən edilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 1151.1, 1133.1, 1133.2, 1166, 1243.1, 1243.2, 1243.3, 1246, 1291-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni "iddiaçının ümumi sahəsi 50 kv.m. olan fərdi yaşayış evinə və onun yerləşdiyi 0.25 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququnun tanınması, həmin mirasın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlakdan 1/6 hissədə payının müəyyən edilməsi hissəsində ləğv edilərək, mərhumdan qanun üzrə miras qalmış əmlakın (torpaq sahəsinin) 1996.94 kv.m-dən ibarət olmasının müəyyən edilməsi, həmin hissədə, o cümlədən torpaq sahəsində yerləşən fərdi yaşayış evindən iddiaçının məcburi payının müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə atasına Gədəbəy rayonu, Düzrəsullu kəndində 4396.94 kv.m həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə AN-120880 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü" sənədi tərtib edilmişdir. O, ailə üzvləri ilə birlikdə atasının təsərrüfatında yaşamışdır. Atası ilə birgə yaşadığı üçün və atasına verilmiş həyətyanı torpaq sahəsində zəbt torpaq sahəsi olduğuna görə ona ayrıca pay torpağı ayrılmamışdır. Eyni zamanda, onun 0, 12 ha pay torpağı atasına AN-120880 seriyalı "Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə məxsus olan 4396.94 kv.m həyətyanı torpaq sahəsinin tərkibində olmuşdur. Bu fakt Düzrəsullu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 76 nömrəli arayı şla təsdiq edilir. Atası sağlığında digər oğlu iddiaçının adına vəsiyyətnamə qoyaraq özünə məxsus torpaq sahəsinin 12 sot hissəsini ona vəsiyyət etmişdir, lakin həmin 12 sot torpaq sahəsi atasına verilmiş torpaq sahəsinin tərkibində olan və ona məxsus olan 0.12 ha pay torpaq sahəsi ola bilməzdi. Məhkəmə bu hala diqqət yetirmədən, atasının adına verilmiş 4396.94 kv.m həyətyanı torpaq sahəsinin tərkibindən 0.12 ha hissəni vəsiyyətnamə üzrə miras kütləsinə daxil etmiş və iddiaçının vəsiyyətnamə üzrə vərəsəlik hüququnu tanımışdır. Halbuki, qalan torpaq sahəsindən (4396.94 kv.m - 1200 kv.m=3196.94 kv.m) onun 0.12 ha pay torpaq sahəsi çıxılmaqla 1996.94 kv.m (3196.94 kv.m - 1200 kv.m=1996.94 kv.m) torpaq sahəsi atasından qalmış miras olmalı idi. Həmçinin, iddiaçı iddia tələbində atasından qalmış fərdi yaşayış evi və digər torpaq sahələrindən ibarət miras əmlakdan məcburi paylarının müəyyən edilməsini istəsə də, məhkəmə iddia tələbinin həcmindən kənara çıxaraq həmin mirasın onun tərəfindən qəbul edilməsi faktını müəyyən etmiş və 1/6 hissədə payını müəyyən etmişdir.

18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi də qətnamə ilə maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Mübahisə predmeti olan əmlak isə dö vlət reyestrində mərhmun adına qeydiyyata alınmamışdır. Buna görə də, həmin əmlak barəsində sərəncam verilə bilməz.

20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1157/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Hüseynzadə (sədrlik edən və məruzəçi), L.Süleymanov və İ.Həsənov) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin apellyasiya şikayəti rədd, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi “iddiaçının Gədəbəy rayonu, Düzrəsullu kəndində yerləşən atasından miras qalmış ümumi sahəsi 50 kv.m. olan fərdi yaşayış evinə və onun yerləşdiyi 0.25 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququnun tanınması, həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlakdan 1/6 hissədə payın müəyyən edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq, miras qalmış AN-120880 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 4396.94 kv.m torpaq sahəsinin 3196,94 kv.m hissəsi və həmin torpaq sahəsində yerləşən 50 kv.m. sahədən ibarət fərdi yaşayış evi üzərində iddiaçının 1/6 hissədə payı müəyyən edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin apellyasiya şikayətini əsassız sayaraq qeyd etmişdir ki, mübahisə predmeti olan əmlaklardan 4396.94 kv.m. torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1 998-ci il tarixli, 02 nömrəli qərarı ilə mərhumun mülkiyyətinə verilmiş, həmin torpaq sahəsi üzərində yerləşən 50 kv.m. sahədən ibarət olan fərdi yaşayış evi isə təsərrüfatbaşına kitabda qeydə alınmış, bununla da dövlət tərəfindən həmin əmlaklar mərhumun mülkiyyəti kimi qəbul edilmişdir. Buna görə də, həmin əmlaklar miras əmlaka daxil olmaqla, üzərlərində mirası payının müəyyən edilməsi qanuni və əsaslı hesab olunur.

22. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, miras qoyandan Gədəbəy rayonu, Düzrəsullu kəndində 4396.94 kv.m. həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 50 kv.m. sahədən ibarət fərdi yaşayış evi miras qalmış, mərhum xx.xx.2018-ci il tarixdə Gədəbəy rayonu, Düzrəsullu kəndində yerləşən həyətyanı torpaq sahəsinin 0.12 ha hissəsini övladı olan iddiaçıya vəsi yyət etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsinə dair ərizə ilə notariusa müraciət etməklə mirası qəbul etmişdir. İşin mübahisə edilməyən halı kimi 6 nəfər vərəsə qalmış və onların hər biri miras əmlakı qəbul etmişdir.

23. Birinci instansiya məhkəməsi mərhumun Gədəbəy rayonu, Düzrəsullu kəndində yerləşən miras qalmış həyətyanı torpaq sahəsinin 0.12 ha hissəsində vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınmasını və həmin mirasın iddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktını müəyyən etmiş, cavabdeh isə qətnamənin həmin hissəsindən şikayət verməmişdir. Birinci instansiya məhkəməsi qətnaməsinin nəticə hissəsini vəsiyyət edilmiş 0,12 ha torpaq sahəsi üzərində iddiaçının payının tam müəyyən olunması kimi deyil, 0,12 ha torpaq sahəsi üzərində vərəsəli k hüququnun tanınması kimi qət etmişdir ki, məhkəmənin əsaslandırmasından və cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçının vəsiyyətnamə üzrə 0,12 ha torpaq sahəsi üzərində payının tam olması qəbul edilmişdir.

24. Buna görə də, məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinin qalan 3196,94 kv.m. (4396,94 kv.m-1200 kv.m=3196,94 kv.m) hissəsində payın müəyyən edilməsi ilə bağlı mübahisəyə baxaraq, hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan AN 120880 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Gədəbəy rayon Aqrar İslahat komissiyasının 08 yanvar 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə mərhumun mülkiyyətinə verilmiş 4396.94 kv.m həyətyanı torpaq sahəsinin olmasına və Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışa ə sasən Gədəbəy rayon Düzrəsullu kənd X9 19911995-ci illərə dair 1 nömrəli təsərrüfatbaşına kitabında mərhumun adına qeydə alınmış 0.25 ha torpaq sahəsinin həmin 4396.94 kv.m həyətyanı torpaq sahəsinin tərkibində olmasını aydınlaşdırmadan, 0.25 ha torpaq sahəsi üzərində payı müəyyən etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, mərhumun vəfatından sonra ondan 4396.94 kv.m həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 50 kv.m sahədən ibarət fərdi yaşayış evi miras qalmış, Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışda göstərilən 0.25 ha torpaq sahəsi isə həmin 4396.94 kv.m həyətyanı torpaq sahəsinin tərkibində olmuşdur.

25. Cavabdeh apellyasiya şikayətinə əlavə etdiyi Gədəbəy Rayon İcra hakimiyyəti Başçısının Düzrəsullu kənd İƏD üzrə nümayənədəliyinin 02 iyu n 2021-ci il tarixli, 76 nömrəli arayışına istinad edərək, atasından miras qalmış 4396.94 kv.m. torpaq sahəsinin 0,12 ha hissəsinin əslində onun payı olduğunu iddia etmişdir ki, kollegiya qeyd olunan dəlili əsassız hesab etmişdir. Belə ki, hər hansı bir səhvlikdən olmuş olsa belə, hazırda qüvvədə olan və hüquqmüəyyənedici sənəd olan AN-120880 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü" sənədində yalnız hüquq sahibi kimi mərhumun adı göstərilmişdir. Elektron subyekt siyahısı isə mötəbər sübut olmamaqla, hüquq müəyyənedici sənəd kimi qəbul edilə bilməz.

26. Bundan başqa, iddiaçı miras qalmış torpaq sahəsinin vəsiyyət edilmiş 0,12 ha torpaq sahəsindən əlavə olan hissəsində və fərdi yaşayış evi üzərində ona düşən məcburi payın müəyyən edilməsini xahiş etmiş, həmçinin, cavabdeh də apellyasiya şikayətində vəsiyyətnamədən kənar qalan torpaq sahəsi üzərində iddiaçının məcburi payının müəyyən edilməsini xahiş etmişdir ki, məhkəmə kollegiyası iddiaçının və cavabdehin həmin tələbini qanun üzrə vərəsəlik zamanı çatan payın müəyyən edilməsi kimi qəbul etmişdir. Belə ki, iddiaçının özü vəsiyyətnamə üzrə vərəsə olmuşdur. Məcburi pay isə yalnız vəsiyyət edilmiş əmlak üzərində müəyyən edilə bilər.

27. Kollegiya öz mövqeyini, Mülki Məcəllənin 1133.1, 1133.2, 1151.1, 1159.1, 1243.1, 1243.2, 1246, 1274-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək ə ldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin təsdiq edən sənədlərin Siyahısının 2.3-cü bəndinə və MPM-in 14.2, 76, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

29. Şikayətin dəlilləri ondan ibarətdir ki, apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi, cavabdeh yalnız torpaq sahəsinin 1996,94 kv.m. hissəsində payın müəyyən edilməsini, 0,12 ha hissədə onun pay torpağının olması əsası ilə, digər 0,12 ha hissədə isə vəsiyyətnamənin etibarsızlığı əsası ilə iddiaçının pay tələ binin rədd olunmasını tələb etmişdir. Lakin apellyasiya məhkəməsi vəsiyyət edilmiş 0,12 ha torpaq sahəsini mübahisələndirmədiyini qeyd edərək, həmin hissədə qanuni olmayan qətnamə çıxarmışdır. Eyni zamanda, ona məxsus pay torpağı ilə bağlı mərhum atasının və onun adına olan KOD 50513080, JN 0047 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktını məhkəməyə təqdim etsə də, məhkəmə bu sənədi nəzərə almamış, həmin aktla mübahisəli torpaq sahəsinin plan və ölçüsü sənədinin nömrələrinin eyni olmasına diqqət etməmiş, torpaq sahəsinin plan və ölçüsü sənədinin hansı dövlət aktı və s. sənəd əsasında verilməsini araşdırmamışdır.

30. Bundan başqa, atasının iddiaçıya vəsiyyətnamə verməsinin inandırıcı olmadığını, daimi olaraq onun yanında yaşadığını, iddiaçının 1982-ci ildən Rusiyada yaşadığını və qeyd olunanlara əsasən vəsiyyətnamənin etibarsızlığına əsaslı şübhələr olduğunu bildirsə də, işə baxmış məhkəmələr bu hallara da əhəmiyyət verməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

33. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

34. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passiv i) toplusu daxildir.

35. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar.

36. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

37. Maddə 1225.1-1225.3. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

38. Maddə 1243.1. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir.

39. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

40. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir.

41. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya ş ikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyi şdirilməsi üçün əsas yoxdur.

50. Belə ki, hazırki iş üzrə hər iki tərəfin miras qoyanın birinci növbədə vərəsələri olmaları, miras qoyan tərəfindən torpaq sahəsinin 0,12 ha hissəsinə vəsiyyətnamə qoyulması, miras əmlakın digər hissəsinə vəsiyyətnamənin olmadığı işin mübahisəsiz hallarıdır.

51. Gədəbəy Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il qətnaməsi ilə iddia təmin edilərək, iddiaçının Gədəbəy rayonu, Düzrəsullu kəndində yerləşən atasından miras qalmış həyətyanı torpaq sahəsinin 0.12 ha hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınmış, həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin hissə üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, digər hissədə qətnaməni ləğv edərək qalan torpaq hissə si və həmin torpaqda yerləşən tikilinin 1/6 hissəsinə iddiaçının qanun üzrə vərəsəlik hüququnun olması nəticəsinə gəlmişdir.

52. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır və qeyd edir ki, hazırkı kassasiya şikayətində cavabdeh yeni sübuta (kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair dövlət aktına) istinad edir. Halbuki, baxılan iş üzrə mübahisə predmeti həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ilə bağlıdır. Digər tərəfdən hətta istinad olunan sübutun mümkünlüyü halında belə onun qiymətləndirilməsi mümkün deyil, çünki həmin sübut işin faktki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrə deyil, kassasiya instansiyası məhkəməsinə təqdim edilmişdir.

53. Kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kol legiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, işdə olan sənədlərə əsasən baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi tam olaraq mərhumun mülkiyyətində olmuşdur. Kassator həyətyanı torpaq sahəsinin paylı mülkiyyətdə olduğunu göstərsə də, bununla bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu təqdim etməmişdir. Odur ki, apellyasiya məhkəməsi tərəfindən qeyd olunan torpaq sahəsinə tam olaraq həm vəsiyyət, həm də qanun üzrə vərəsəlik hüquqlarının tanınması MM-in 139 və 1151.1-ci maddələrinə uyğun olmuşdur.

54. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərə flər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2022-ci il tarixli, 2(104)-1157/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar